Mobil cihazların qeydiyyatında yeni qayda
Bundan sonra itirilmiş telefona qısa mesaj göndəriləcək
Azərbaycanda mobil cihazların qeydiyyatı yeni qaydalarla aparılacaq. Qeyd edək ki, Nazirlər
Kabineti bununla bağlı «Mobil cihazların
qeydiyyatının aparılması
Qaydası”nda dəyişikliklər
edib.
Xatırladaq ki, ölkəmizdə
mobil cahazların qeydiyyatı prosesinə ötən ilin martın 1-dən başlanıb.
Nəticədə mobil cihazların
İMEİ nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik
olaraq mərkəzi baza sisteminə təqdim olunub. Qeydiyyat sistemi istismara başladığı tarixədək
şəbəkədə istifadə
edilən bütün
mobil cihazların
İMEİ nömrələri qeydiyyata alınmış
hesab edilib və onların şəbəkədə maneəsiz
işləməsində heç
bir problem yaşanmayıb.
Qeydiyyat sistemi istismara
verildikdən sonra şəxsi istifadə
məqsədi ilə ölkə ərazisinə gətirilərək
istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları
vasitəsilə) hər bir mobil telefonun İMEİ
nömrəsi həmin cihazın şəbəkədən
xidmət almağa başladığı
tarixdən ən gec 30 gün müddətində
qeydiyyata alınıb. Bu
qayda Azərbaycana gələn xarici qonaqlar, turistlər tərəfindən
xarici ölkə operatorunun
SİM kartı ilə rouminq xidmətindən
istifadə edilən cihazlara şamil olunmayıb. Yəni onlar
xarici ölkə operatorlarının
SİM kartları ilə işləyən cihazlardan
maneəsiz olaraq istifadə edə biliblər.
Həmçinin istehlakçılar qurğuların
İMEİ nömrələrini www.imei.az
saytına daxil olmaqla da yoxlamaq imkanına
malikdilər. Burada onlar
həmçinin mobil cihazların qeydiyyat sistemi barədə
ətraflı məlumat əldə edə bilirlər.
Onu da deyək ki, indiyədək Azərbaycanda mobil telefonların IMEI-şifrələrin məlumat
bazasında 13 milyondan artıq mobil telefon qeydiyyata
alınıb. Mobil telefonlarla
yanaşı, sistemə GSM standartlı (naviqatorlar,
məişət texnikası və digərləri) cihazlar daxildiir.
Bəs, görəsən,
mövcud qaydalardakı yeni
dəyişikliklər nədən ibarətdir? Bu addım mobil telefon bazarına nə vəd edir?
Qeyd edək ki, indiyə qədər
şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə
gətirilən mobil cihazın qeydiyyata alınması üçün
həmin mobil cihazı ölkəyə gətirən
şəxs və ya onun
səlahiyyətli nümayəndəsi tərəfindən
bilavasitə qeydiyyat mərkəzinə və
ya mobil operatorların müştəri xidmətlərinə,
yaxud poçt
şöbəsinə müraciət edilib.
Müraciət
edən şəxs şəxsiyyətini təsdiq edən sənədin
əslini (xarici ölkənin vətəndaşı
olduqda isə pasportunun
əslini) qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə
və ya poçt
şöbəsinə) baxış üçün
təqdim edib, gətirdiyi mobil
cihazın markasını, modelini və
İMEİ nömrəsini
bildirməklə yanaşı, mobil
cihazının qeydiyyata alınması üçün ərizə formasını
(3 nömrəli əlavə) doldurub. Qeydiyyat mərkəzinin
(mobil operatorların müştəri xidmətlərinin
və ya poçt
şöbəsinin) nümayəndəsi müraciət edən
şəxsin şəxsiyyətini təsdiq edən sənədin
surətini çıxarıb və həmin surətə “əsli
ilə düzdür” möhürünü
vurub.
«Elektron hökumət» portalında qeydiyyat mümkün olacaq
Dəyişikliyə
əsasən, bundan sonra
hüquqi və ya fiziki şəxslər mobil
telefon cihazlarından Mobil
Cihazların Qeydiyyat Sistemi
(MCQS) tərəfindən mobil (sellülar) telekommunikasiya
operatorları ilə birgə təşkil edilmiş
vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə, mobil cihazların İMEİ nömrələrinin
mövcud statusu barədə məlumat alacaqlar. Şəxsi istifadə məqsədi
ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata
alınması şəxsin istəyinə uyğun
olaraq həm elektron, həm
də yazılı müraciət etmə üsulları ilə
aparılacaq. Elektron müraciətetmə
üsulu “Elektron
hökumət” portalına daxil olaraq müvafiq avtorizasiya prosesini
keçməklə, mobil cihaza
dair məlumatların daxil
edilməsi yolu ilə yerinə yetiriləcək.
Yazılı müraciət etmə üsulu mobil cihazı
ölkə ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli
nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların
müştəri xidmətlərinə, yaxud
poçt şöbəsinə müraciət
edilməklə yerinə yetiriləcək. Müraciət edən şəxs şəxsiyyətini
təsdiq edən sənədin əslini qeydiyyat
mərkəzinə (mobil operatorların
müştəri xidmətlərinə və ya
poçt şöbəsinə)
baxış üçün təqdim edib, gətirdiyi mobil cihazın
markasını, modelini və İMEİ
nömrəsini bildirməklə yanaşı, mobil
cihazın qeydiyyata alınması üçün ərizə formasını dolduracaq.
Satış
və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə
mobil cihazları ölkəyə idxal edən hüquqi və
fiziki şəxslər tərəfindən
təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən
araşdırılması üçün
müəyyənləşmiş 3 iş
günü 2 iş gününə endirilib.
Bu məlumatlar 2 iş
günü ərzində Dövlət Gömrük Komitəsi tərəfindən
MCQS-ə elektron formada
göndərilən İMEİ nömrələri ilə
müqayisə ediləcək. Sənədlərdə
çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq
aşkar edilmədikdə ərizədə
göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə daxil
ediləcək və bu barədə ərizəçiyə
qeydiyyat mərkəzi tərəfindən
yazılı məlumat veriləcək.
Şəxsi
istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən
mobil cihazın qeydiyyata
alınması üçün həm elektron, həm də yazılı müraciət
etmə üsullarında təqdim edilmiş
məlumatların qeydiyyat mərkəzi tərəfindən
araşdırılması da 3 iş günündən 2 iş
gününə endirilib. Sənədlərdə
çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq
aşkar edilmədikdə və bu Qayda ilə müəyyən
olunmuş tələblərə riayət
edildikdə, ərizədə göstərilmiş
İMEİ nömrələri dərhal ağ
səhifəyə və ya
uyğunlaşdırılmış ağ səhifəyə daxil
edilir və bu barədə
abunəçiyə qısa mesajla məlumat
veriləcək.
Digər
tərəfdən indiyə qədər mobil
cihaza mobil
operatorların şəbəkələrindən xidmət
göstərilməsinin məhdudlaşdırılması üçün müraciət edən şəxs
tərəfindən verilmiş məlumatlar
qeydiyyat mərkəzində MCQS-də qeydiyyatda olan məlumatlarla
müqayisə olunub və uyğunsuzluq aşkar edilmədiyi
halda, mobil cihazın
İMEİ nömrəsi dərhal qara səhifəyə
daxil edilib. Bundan sonra əgər mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda İMEİ nömrəsi
qara səhifəyə daxil
edilməzdən əvvəl, həmin İMEİ nömrəli
mobil telefon cihazı
ilə istifadə edilən nömrəyə “bu
mobil cihaz itirilmişdir, yaxınlıqdakı polisə könüllü surətdə təqdim
etməyiniz xahiş olunur”
qısa mesajı da göndəriləcək.
Prosedur asanlaşır
Məsələyə
münasibət bildirən «Multimedia» İnformasiya Texnologiyaları Mərkəzinin
rəhbəri Osman Gündüz
deyib ki, yeni dəyişikliklər qeydiyyat
prosedurlarını müəyyən qədər
asanlaşdırıb: «Ümumiyyətlə, insanların
keyfiyyətli telefonlardan istifadə etməsi
vacib məsələdir. Etiraf edək ki, insanlar indiyə qədər
şəxsi nömrələrinə daha çox diqqət yetirirdilərsə, artıq
aparılan təbliğat nəticəsində
telefonlarının zavod nömrələrinə
önəm verirlər. Hansı ki, biz ona İMEİ kodu deyirik. Hər bir telefon aparatı zavodda istehsal edilib buraxılanda onun
yaddaşına bir nömrə daxil olur. Bu
15 rəqəmli nömrə unikaldır – yəni başqa heç bir telefon aparatında belə
bir nömrə yoxdur.
Vətəndaş hər hansı bir operatordan telefon nömrəsi
alıb, onu telefon
aparatına qoşaraq, «OKEY» düyməsini
basdıqda mobil operatorun
antenası onun nömrəsini deyil, telefon
aparatının nömrəsini tutur. Operator öncə bilir ki, bu kodlu
telefon onun dairəsindədir.
Hazırda hökumət tərəfindən atılan addım
isə bu işi bir qədər də asanlaşdırıb. Yəni,
istifadəçilər ölkəyə gətirdikləri
telefonları artıq «Elektron hökumət»
portalı vasitəsilə qeydiyyata sala biləcəklər. Bu
həm də insanların vaxt itkisinin qarşısını alacaq».
Mobil telefonların qeydiyyatının əhəmiyyətinə
toxunan ekspert
vurğulayıb ki, bu
həm də oğurluğun
qarşısının alınmasına hesablanmış bir addımdır: «Düzdür,
ola bilər ki, bəzən
sistemi idarə edənlər müəyyən
anlaşılmazlıq olan telefonlarla
bağlı mobil operatordan
informasiyalar istəsinlər. Amma bu qanunsuzdur.
Məhkəmə qərarı olmadan hər
hansı vətəndaşa malik olan informasiya başqasına
verilə bilməz. Lakin ümumilikdə mobil cihazların qeydiyyatı
istehlakçıların xeyrinə olan məsələdir.
Bu prosesin təkmilləşdirilməsi
isə mövcud sistemi
daha da möhkəmləndirə
bilər».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 15
aprel.- S.6.