Sabunçu rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Bakının
ən qədim məkanlarından biri sayılan, tarixən
«qara qızıl»la zəngin olan Sabunçu rayonu həm də
paytaxtın mühüm iqtisadi və sənaye mərkəzlərindən
biri hesab olunur. Çünki Bakıxanov, Sabunçu, Ramana,
Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı,
Maştağa, Nardaran və Bilgəh qəsəbələrini
və digər yaşayış məntəqələrini
özündə birləşdirən Sabunçu həmçinin
intensiv işlərin getdiyi, iri sənaye potensialının
toplaşdığı bir rayondur.
Bu rayonun ərazisində sənaye, tikinti, nəqliyyat,
kənd təsərrüfatı və ticarət obyektləri,
həmçinin «Balakhanı Operating Company» LTD, «Azgerneft» MMC,
emal sənayesi ilə məşğul olan «Bakı Neft
Maşınqayırma» TASC, «Bakı Fəhləsi» TASC,
«Neftqazmaş» ASC, «Sərham» MMC, «Sun tea» MMC, «Şirin» MMC,
«Bakı fındıq emalı» MMC və digərləri fəaliyyət
göstərir. Üstəlik, onların hər birinin Azərbaycanın
istehsalında özünəməxsus yeri və payı var. Məsələn,
təkcə ötən il bu rayondakı sənaye müəssisələri
və idarələri tərəfindən istehsal edilmiş sənaye
məhsullarının, yerinə yetirilmiş işlərin
ümumi həcmi 396,5 milyon manat təşkil edib və bu da
2012-ci ildəkindən 80,3 milyon manat və ya 25,4 faiz
çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin
həcmi 2,1 dəfə artaraq 475,6 milyon, əsas kapitala yönəldilən
investisiyaların həcmi 304,7 milyon, pərakəndə əmtəə
dövriyyəsi isə 610,6 milyon manat olub. Üstəlik,
Sabunçuda fəaliyyət göstərən şirkət,
müəssisə və təşkilatlarda neçə-neçə
insanın çalışması bu rayonda məşğulluq
səviyyəsinin artırılmasında, işsizlik probleminin
həllində və yoxsulluğun səviyyəsinin
aşağı düşməsində mühüm rol
oynayıb. Təkcə bir faktı qeyd etmək kifayətdir
ki, 2013-cü ildə bu rayonda 2395 yeni iş yeri
açılıb və onların hamısı daimidir.
Hazırda Sabunçudakı idarə və müəssisələrdə
çalışanların ümumi sayı 30 min 350 nəfərdir.
Bundan əlavə, 2012-ci illə müqayisədə
2013-cü ildə bir işçiyə düşən orta
aylıq əməkhaqqının 6,7 faiz artaraq 432, sənaye
sahəsində çalışanların əməkhaqqının
isə 7,8 faiz artaraq 560,4 manat olması da Sabunçu rayonunda
sosial-iqtisadi inkişafın ən yüksək səviyyədə
olduğunu göstərir. Üstəlik, bu rayonda müasir
corab istehsalı fabrikinin, müasir ət kəsimi müəssisəsinin,
eləcə də kiçik həcmli zeytunçuluq və
istixana təsərrüfatlarının yaradılması ilə
bağlı layihələrin İqtisadiyyat və Sənaye
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
maliyyələşdirilməsi də yeni iş yerlərinin
yaranacağından, yeni müəssisə, fabrik və təsərrüfatların
yaranması isə rayonun sosial-iqtisadi inkişafının daha
da sürətlənəcəyindən xəbər verir.
Qeyd edək ki, istənilən məkanda əhalinin
sosial rifahı və istirahəti ilə bağlı
görülən hər bir iş insanların
rahatlığının təminatçısıdır. Bu
baxımdan «2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı» çərçivəsində
Sabunçu rayonunda tikinti-quruculuq işlərinin həyata
keçirilməsi, çox mühüm iqtisadi və sosial əhəmiyyətə
malik obyektlərin tikilməsi, mənzil fondunun təmir-bərpası,
yaşayış məntəqələrinin, küçələrin,
meydanların və istirahət guşələrinin
abadlaşdırılması, müasir standartlara uyğun
yolların çəkilməsi, Bakının
keçmişini özündə əks etdirən binalara
verilən yeni görkəm və digər abadlıq-quruculuq
işləri də təqdirəlayiqdir. Bunlardan əlavə,
uzun zamandır ki, Sabunçu rayonunun yaşayış məntəqələrindəki
binaların həyətlərində nümunəvi, abad məhəllə
layihəsinə uyğun geniş abadlıq-quruculuq işləri
aparılır. Məsələn, bu rayonda darvazalar, həyət
qapıları təzələnib, müasir hasarlar çəkilib.
Binalar müasir materiallarla üzlənib, pəncərələr
cari qaydada təmir edilib, pilləkən qəfəslərində
və binaların girişlərində əsaslı təmir
işləri aparılıb, liftlər əsaslı təmir
olunub və yeniləri ilə əvəz edilib.
Abadlaşdırılma məqsədilə məhəllələr
oturacaqlarla, uşaq əyləncə yerləri ilə təmin
olunub, səkilər salınıb, yaşıl otlar
döşənib. Bütün bunlar isə bina və məhəllə
sakinlərinin rahatlığının təminatında
mühüm rol oynayıb. Sabunçu rayonunun sosial həyatına
rəng verən, onu gözəlləşdirən, əhalinin,
xüsusən də yaşlı təbəqənin nümayəndələrinin
və azyaşlıların sevimli istirahət məkanlarına
çevrilən parklar da zövqləri oxşayır. Yeni
salınan və bərpa olunan parklar həmçinin ekoloji
mühitin sağlamlaşdırılmasında da əhəmiyyətli
rol oynayır. Onu da qeyd edək ki, bu ilin sonunadək bir
sıra küçələrin və yolların genişləndirilməsi,
yeni səkilərin salınması, yaşayış
binalarının aqlayla üzlənməsi, dam örtüklərinin
və qapı-pəncərələrin yeniləşdirilməsi,
müasir küçə işıqlarının
quraşdırılması, yaşıllıq
zolaqlarının salınması və digər abadlıq
işlərinin aparılması planlaşdırılıb ki,
bütün bunlar da Sabunçu rayonunun və onun qəsəbələrinin
görkəmini əsaslı surətdə dəyişəcək.
Yol mədəniyyət, insanların
rahatlığı və könül dincliyi deməkdir.
Çünki hər kəs rahat yolla getməyi arzulayır və
xoşlayır. Ona görə də əhalinin rahatlığını
təmin etmək üçün Sabunçu rayonunda
“2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar
olaraq məhəllədaxili yolların asfaltlanması sahəsində
xeyli iş görülüb, məhəllədaxili
yolların təmiri davam etdirilib. Təkcə ötən il
Sabunçu rayonunun qəsəbədaxili yollarında 380 min
kvadratmetrdən çox yeni asfalt örtüyü vurulub və
ətraf sahələr abadlaşdırılıb.
Əvvəllər
Sabunçu rayonundakı
yaşayış obyektlərindən və həyətyanı
sahələrdən bəzilərini su
basırdı. Məsələn, Maştağa
qəsəbəsində mərkəzi kanalizasiya
sisteminin olmaması ucbatından 2012-ci ilin əvvələrində qrunt
suları kritik səviyyəyə
qalxmışdı və 530-dan yuxarı ev və həyətyanı sahələr həmin
suların altında qalmışdı. Amma
Fövqəladə Hallar Nazirliyinin
mütəxəssisləri ərazilərə baxış
keçirəndən sonra qəsəbədə
yaranmış vəziyyətlə əlaqədar kompleks tikinti işlərinin
aparılmasına və boru xətlərinin
quraşdırılmasına
başlanıldı. Həmin proses isə
2013-cü ilin noyabr
ayında başa
çatdırıldı. 9 ədəd mövcud
nasos stansiyası yenidən quruldu, hər bir nasosxana 2 ədəd nasos-motorla
təchiz olundu. Ərazidə 50-yə yaxin yeni drenaj
quyu qazıldı, quyular
5 kubmetrdən 10 kubmetrə qədər suvurma
gücü olan qnom nasoslarla
təchiz edilərək boru xətləri
vasitəsilə yerüstü anbarlara istiqamətləndirildi və digər
tədbirlər həyata keçirildi. Nəticədə
qrunt sularının və subasmaların
qarşısının alınması mümkünləşdi.
Bunlardan əlavə, əvvəllər
yağışlar yağdıqdan sonra «Xəyal»
Ticarət Mərkəzinin və ATS-in
qabağında, İstirahət parkında, Ax.Ş.Hüseyn
və B.Bağırov küçələrində gölməçələr
yaransa da, görülən
tədbirlər nəticəsində həmin problemlər də
artıq öz həllini tapıb.
Hər bir məkanda təhsil ocağı
rahatlığa və dinamik inkişafa, əqli və zehni
tərəqqiyə xidmət edir. Bu baxımdan dövlətimizin xüsusi
diqqət ayırdığı sahələrdən biri olan müəllimlərə
və şagirdlərə qayğının göstərilməsi
Sabunçu rayonunda ənənəyə
çevrilib. Bu rayonda məktəblərin əsaslı təmirinin
aparılması, yeni məktəblərin
tikilməsi, təzə sinif
otaqlarının yaradılması və sair
tədbirlərin həyata keçirilməsi sözügedən
ənənənin bariz nümunəsidir. Bundan başqa, Sabunçu rayon İcra Hakimiyyəti (RİH) rəhbərliyinin
birbaşa iştirakı ilə gələcəyimiz
və sabahımız olan uşaqlarla
bağlı görülən işlərin miqyası da geniş və şaxəlidir.
Məsələn, rayonda 3000 şagird yerlik 1 məktəb
və 5 tədris korpusu, 1 uşaq
bağçası və 1 səhiyyə müəssisəsi inşa olunub. Eyni zamanda 18 orta və 3 peşə məktəbində, 12
uşaq bağçasında, 3 səhiyyə
müəssisəsində əsaslı təmir işləri başa çatdırılıb və onlar müasir
avadanlıqla təchiz edilib. Hazırda 1 uşaq bağçasının, Muğam evinin və Gənclər
evinin tikintisi, 4 məktəbin,
4 uşaq bağçasının, 1 səhiyyə
və 1 mədəniyyət evinin əsaslı
təmir işləri davam etdirilir.
Məhz təhsil sahəsinə ayrılan xüsusi diqqət və qayğının nəticəsidir
ki, 2012-2013-cü tədris ilində rayon üzrə ümumtəhsil məktəblərini
bitirən 2298 nəfər məzundan 1961 nəfəri ali məktəblərə sənəd verib və onlardan 1043 nəfəri
və ya 59,18 faizi
daxil olub. Üstəlik,
ali məktəblərə qəbul
olunanların 61 nəfəri 600-dən, 210 nəfəri isə
500-dən yuxarı bal toplayıb.
Sabunçu rayonunda gənclərin
fiziki sağlamlığı da daim diqqətdə
saxlanılır. Gənclərin
sağlamlığının qorunması, idman
kütləviliyinə nail olunması, bədən
tərbiyəsi və idmanın inkişafında keçirilən
tədbirlər də xüsusi diqqətin
təzahürüdür. Maştağa-Nardaran
və Pirşağı-Kürdəxanı qəsəbələrinin
ərazisində tikilmiş 3 mini futbol və idman meydançalarının istifadəyə
verilməsi də yeniyetmələrin və gənclərin fiziki hazırlığına və
sağlamlığına yönəldilib.
Bir zamanlar Sabunçu
RİH-ə ünvanlanan müraciətlərin
sayı, rayon sakinlərinin qəbula gəlmələri
xeyli azalmışdı. Çünki
insanlarda inamsızlıq, ruh
düşkünlüyü
yaranmışdı. Onlar
düşünürdülər ki, bu quruma edilən müraciətlərin
faydası olmayacaq. Amma son zamanlar qəbula
gələnlərin, Sabunçu RİH-ə
müraciət edənlərin sayı hər ay
artır. Üstəlik, rayon sakinləri təkcə
şəxsi problemlərinin həlli ilə bağlı deyil, həm də yeni təşəbbüslərlə
və səmərəli təkliflərlə yerli
icra hakimiyyətinin inzibati
binasına gəlirlər. Bir sözlə, yerli sakinlər rayonun idarəçiliyində, nəcib və
xeyirxah əməllərin həyata
keçirilməsində yaxından və könüllü
iştirak edirlər. Çünki
Sabunçu RİH-in
başçısı Adil Vəliyev qəsəbələrdə
və məhəllələrdə sakinlərlə tez-tez görüşməyə, onları
qəbul etməyə və dinləməyə üstünlük verir və
mütəmadi olaraq keçirilən
görüşlərdə yerli sakinlərin
problemləri ilə yaxından maraqlanır, hətta bəzi
müraciətlər yerindəcə həllini tapır. Adil Vəliyev bu
görüşlərdə sakinləri narahat
edən bəzi nöqsanlarla və
çatışmazlıqlarla tanış olur.
Rayon rəhbəri sakinlər tərəfindən
qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə
müvafiq tapşırıqlar verir. Təkcə bir faktı qeyd etmək
yerinə düşər ki, 2013-cü ildə
Adil Vəliyev tərəfindən Sabunçu RİH-də keçirilmiş
qəbullarda 181 nəfər, rayon üzrə
keçirilmiş 43 səyyari
görüşlərdə 10 min 500-ə
yaxın sakin iştirak
edib və həmin görüşlərdə
241 məsələ qaldırılıb. Vətəndaşların
müraciət və ərizələrinə yerindəcə
baxılaraq müvafiq tədbirlər görülüb, yazılı və şifahi izahatlar verilib. Zəruri hallarda hər
cür köməkliklər göstərilib.
Qaldırılmış məsələlərin 222-si öz həllini tapıb, yerdə qalan 19 məsələ üzrə
aidiyyatı təşkilatlara müraciətlər olunub və icrası nəzarətə götürülüb.
Sabunçu rayonunda görülən
dövlət əhəmiyyətli işləri, məqsədyönlü
tədbirləri və onların nəticələrini sadalamaqla bitməz. Ona görə də əminik
ki, dövlət
başçısının 17 yanvar
2014-cü il tarixli 232
nömrəli sərəncamı ilə təsdiq edilmiş «2014-2016-cı illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası
çərçivəsində həyata keçiriləcək tədbirlər və infrasturktur
layihələri nəticəsində Sabunçu
rayonu yeni-yeni nailiyyətlərə
imza atacaq, iqtisadi-sosial potensialının dövriyyəyə
cəlb edilməsi yolu ilə bu rayonun ölkə
iqtisadiyyatında və onun sosial həyatında rolu ən
əlverişli səviyyəyə qalxacaq.
Təbriz VƏFALI
Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Həftə
içi.- 2014.- 15 aprel.- S.7.