Heydər Əliyev
strategiyası regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının
uğurlu icrasının təminatçısıdır
“Məqsədimiz Azərbaycanın hər bir bölgəsini inkişaf etdirməkdir”
Heydər Əliyev, ümummilli lider
Keçmiş SSRİ dövründə Azərbaycan özünün zəngin yeraltı və yerüstü sərvətləri ilə təkcə
Sovetlər İttifaqında deyil, onun hüdudlarından kənarda da kifayət qədər
tanınmışdı. Üstəlik, Azərbaycanın iqtisadi potensialının 50 faizdən çoxu regionlarda yerləşdiyindən və ölkə əhalisinin
50 faizə qədəri bölgələrdə
yaşadığından regionların və rayonların sosial-iqtisadi potensialının dövriyyəyə
cəlb edilməsi yolu ilə inkişaf etdirilməsi üçün
bir sıra məqsədli proqramlar
hazırlanmışdı. Məsələn, «Dağ
rayonlarının inkişafı», «Azərbaycan
kəndinin inkişafı və onun şəhərlə
müqayisədə inkişafının sürətləndirilməsi»
və digər proqramlar sosial
problemlərin həllində, əhalinin dağ
rayonlarında və sərhədyanı ərazilərdə məskunlaşmasında,
yaşayışın təmin olunmasında mühüm
rol oynayırdı. Ancaq
sovetlər dönəmində digər sovet respublikalarında olduğu
kimi, Azərbaycanda da
dövlət əhəmiyyətli tədbirlərin əksəriyyəti
mərkəzləşdirilmiş qaydada həyata
keçirilirdi və mərkəzləşdirilmə
sistemi üzündən ölkəmiz öz sərvətlərindən yetərincə
faydalana bilmirdi. Düzdür, SSRİ dağıldıqdan və
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmiz öz sərvətlərinin
yeganə sahibi oldu. Amma müstəqilliyin
ilkin dövrlərində iqtisadi
və siyasi gərginlik və elan olunmamış Qarabağ
müharibəsi davam etdiyindən, həmçinin
müəssisələr arasında mövcud
əlaqələr pozulduğundan Azərbaycan
özünün zəngin iqtisadi
potensialından, xüsusilə də bölgələrdəki
sosial-iqtisadi potensialdan
yetərincə faydalana və inkişaf edə bilmədi. Bölgə
sakinləri üçün lazımi sosial-iqtisadi şəraitin və mühitin yaradılmaması, yeni
iş yerlərinin açılmaması və
digər vacib məsələlərin həll
olunmaması ucbatından regionlardakı işçi
qüvvəsi öz əmək qabiliyyətindən
maksimum faydalanmaq və
işlə təmin olunmaq üçün
Azərbaycanın müxtəlif bölgələrinə,
hətta Bakı şəhərinə və xarici
ölkələrə üz tutmağa başladı. Nəticədə
bölgələrdə istehsal azaldı,
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına süni maneələr
yarandı, regionların sosial-iqtisadi
inkişafında tarazlıq pozuldu. Ona görə
də regionların inkişaf etdirilməsi,
bölgələrdə yeni istehsal və sənaye müəssisələrinin
yaradılması, iqtisadi inkişafın əsas
meyarlarından biri olan
yoxsulluğun, həmçinin işsizliyin səviyyəsinin
azaldılması, əhalinin məşğulluq səviyyəsinin
artırılması, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin
inkişafının daha da
sürətləndirilməsi, bazarların və
yarmarkaların bol və keyfiyyətli məhsullarla
təminatı, bolluğun və ucuzluğun yaradılması, eləcə də
digər önəmli işlərin görülməsi üçün yeni tədbirlər
planının hazırlanması və həyata
keçirilməsi hökmən vacib idi. Amma bunun
üçün siyasi
və iqtisadi sabitlik,
həmçinin kifayət qədər maliyyə vəsaiti tələb
olunurdu. Ancaq
acınacaqlı durum uzun
sürmədi. Xalqın təkidi və tələbi
ilə yenidən hakimiyyətə qayıdan ümummilli
liderimiz və ulu
öndərimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində atəşkəs
elan edildi, 1994-cü il sentyabrın 20-də dünyanın
tanınmış neft şirkətləri
ilə Xəzər dənizinin Azərbaycan
sektorundakı «Azəri», «Çıraq» və «Günəşli»
yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş
- «Əsrin müqaviləsi» imzalandı. Bundan
sonra Azərbaycan neft
və qaz, həmçinin digər mədən
sənayesi sahələri üzrə bir
sıra xarici şirkətlərlə
müqavilələrə imza atdı. Bununla da həmin sahələrin
inkişafına investisiyaların yatırılmasına və
ölkəmizə kapital axının
sürətlənməsinə start verildi. Nəticədə əldə
edilən gəlirlərin həcmi ilbəil artdı. Həmin
gəlirlərin iqtisadiyyatın müxtəlif sahələrinə
yönəldilməsinə və həmin sahələrin inkişaf etdirilməsinə
başlanıldı. Lakin neft-qaz
sektorundan asılılıqdan qurtulmaq, ölkənin gələcək və
davamlı inkişafını təmin etmək üçün regionların tarazlı və
davamlı inkişafının təmin edilməsi və
bölgələrdəki potensialdan səmərəli
istifadə olunması həmin dövrün
əsas tələblərindən biri idi. Bu səbəbdən də ulu
öndərin təşəbbüsü və rəhbərliyi
ilə 1995-ci ildən başlayaraq,
iqtisadiyyatın bazar münasibətləri
əsasında qurulmasına, aqrar
islahatların həyata keçirilməsinə, sovxoz və kolxozlara məxsus
torpaqların, mal-qaranın və əmlakın kəndlilərə
paylanmasına, qiymətlərin sərbəstləşdirilməsinə
və sair məqsədyönlü tədbirlərin
həyata keçirilməsinə başlanıldı. Nəticədə
kənd təsərrüfatının 1990-cı illərin əvvəllərindəki
böhranlı vəziyyətdən xilas
olması, özəlləşdirilmiş torpaqlarda
səmərəli təsərrüfatçılığın,
sahibkarlığın inkişafının təmin
olunması məqsədilə kənd təsərrüfatı
məhsulları istehsalçılarının əvvəlki vergi borclarının silinməsi, onlara uzunmüddətli vergi
tətillərinin verilməsi regionların inkişafında yeni mərhələnin əsasını qoydu.
Həmin
dövrlərdə Heydər Əliyevin müəyyən etdiyi və onun rəhbərliyi
ilə uğurla həyata keçirilən
sahibkarlığın inkişafı strategiyası və qəbul
olunmuş dövlət proqramları
çərçivəsində sahibkarlıq infrastrukturunun
formalaşdırılması, sahibkarlara
maliyyə dəstəyinin, məsləhət, informasiya
və digər zəruri texniki yardımların
göstərilməsi, sahibkarların vergi
yükünün azaldılması üçün mənfəət və əlavə
dəyər vergisinin dərəcələrinin
aşağı salınması, kiçik
sahibkarlıq subyektlərinə vahid vergi sisteminin tətbiqi də
regionların inkişafında, həmçinin bölgələrdə kiçik və
orta sahibkarlığın
inkişafının təmin edilməsində mühüm
rol oynadı. Bu
baxımdan da 1995-2003-cü illəri
regionların sürətli sosial-iqtisadi
inkişafına hazırlıq mərhələsi kimi qəbul etmək olar.
Ancaq həmin
illərdə çoxsaylı uğurların
qazanılmasına baxmayaraq, müharibə
şəraitində olan, 20 faizdən
artıq torpaqları zəbt edilən, bir
milyondan artıq qaçqın və məcburi
köçkünü olan
Azərbaycanda qeyri-neft sektoru,
xüsusilə də regionlar ləng inkişaf edirdi. Üstəlik,
bölgələrin inkişafını əngəlləyən
və çözülməsi gərəkən xeyli problem mövcud
idi. Ona görə də
regionlara münasibəti dəyişdirmək
zamanın tələbi idi. Başqa
sözlə, regionların davamlı inkişafı təşkilati
problemlərin həllindən, investisiyanın cəlbindən,
regionlarda kiçik və
orta sahibkarlığın
inkişafının sürətləndirilməsindən,
bölgələrdəki əmək ehtiyatlarından, həmçinin
regionlardakı təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsindən, bölgələrdə
yeni iş yerlərinin
yaradılması yolu ilə əhalinin məşğulluğunun
artırılmasından, ölkədə işsizliyin
və yoxsulluğun səviyyəsinin
azaldılmasından və digər məsələlərdən
asılı olduğundan sadalanan
məsələlərin həlli üçün
elmi əsaslandırılmış
dövlət proqramlarının hazırlanması və həmin
proqramların icrası mütləq vacib idi.
Bütün bunları nəzərə alan ölkə prezidenti İlham Əliyev 11 fevral
2004-cü ildə 2004-2008-ci illəri əhatə edən «Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı»nı təsdiq etdi. İcrasına 16 milyard
manat vəsait yönəldilmiş birinci proqramın əhatə etdiyi
2004-2008-ci illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində 27,5 mindən çox
yeni müəssisə yaradıldı,
547,5 min daimi yeni iş yeri
açıldı. Yoxsulluğun səviyyəsi
13,2 faizədək azaldı. Ümumi Daxili Məhsulun (ÜDM) real
həcmi 2,6, əhalinin gəlirləri isə 4 dəfə
artdı.
Unutmayaq ki, güclü
region güclü iqtisadiyyat, ölkə iqtisadiyyatının
dayağı və inkişafı deməkdir. Bu baxımdan 2004-2008-ci illərdə
həyata keçirilən tədbirlər ölkə
iqtisadiyyatının yüksələn templə
inkişafını, eləcə də potensialından səmərəli
istifadə etməklə regionların dirçəlməsi və
güclənməsi üçün kifayət
etmədi. Ona görə də dövlət
başçısı 14 aprel 2009-cu ildə
«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı»nı təsdiq etdi.
Üstəlik, ikinci proqramın
icrasına birinci proqramdakından 18,7 milyard manat çox,
yəni 34,7 milyard manat
vəsait yönəldildi. İkinci
proqramın uğurlu icrası nəticəsində
də ölkənin makroiqtisadi göstəricilərinin
səviyyəsində yüksək artım əldə edildi. Sosial-iqtisadi inkişaf sahəsində nəzərdə
tutulmuş tədbirlərin həyata
keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində
mühüm rol
oynadı. Hər iki dövlət
proqramının əhatə etdiyi 10 il ərzində regionların sosial-iqtisadi
inkişafı sahəsində həyata keçirilən
siyasət ölkənin makroiqtisadi
göstəricilərinin sürətlə
yaxşılaşmasına səbəb oldu.
2004-2013-cu illər üzrə ÜDM 3,2, adambaşına ÜDM-in həcmi 2,8, qeyri-neft
sektoru isə 2,6 dəfə artdı. Azərbaycanda
orta illik iqtisadi artım 12,9 faiz təşkil
etdi. Son 10 ildə strateji valyuta ehtiyatları 31, xarici
ticarət dövriyyəsi 6,6, ixrac 9,3, idxal 4,1, qeyri-neft ixracı
4,7, dövlət büdcəsinin gəlirləri 16, orta aylıq əməkhaqqı 5,5, pensiyalar 9,6, əhalinin əmanətləri isə
27 dəfə artdı. Son 10 ildə
ölkədə minimum əməkhaqqının
məbləği 11,7 dəfə artdı,
2013-cü ildə yoxsulluğun səviyyəsi
2003-cü ildəki 44,7 faizdən 5,3 faizə düşdü.
Ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində ölkədə 1,2 milyondan
çox yeni, o cümlədən, 900 min
daimi iş yeri açıldı. Yeni
açılmış iş
yerlərinin 80 faizə yaxını regionların payına düşdü. Bundan əlavə,
son 10 ildə regionlarda
500-dən çox sənaye müəssisəsi
fəaliyyətə başladı. 2004-2013-cü illərdə
ölkə üzrə 55 min 615 yeni müəssisə yaradıldı və onun 22 min 159-u bölgələrdədir.
Qeyd etmək yerinə düşər ki,
son 10 ildə Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri
hesabına 19 mindən çox
sahibkarın ümumi dəyəri 2 milyard manat olan
layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit
verilib.
Bu layihələrin icrası nəticəsində
110 minədək yeni iş
yeri yaradılıb. Regionlarda
isə Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitləri hesabına 18 minə
yaxın sahibkara 945,9 milyon
manat verilib. Güzəştli
kreditlər hesabına yaradılmış 110 minədək yeni iş yerinin
94 minə qədəri məhz bölgələrin payına düşüb. Son 10 ildə
regionlarda ümumi məhsul
buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə
xidmətləri 6,1, vergi ödənişləri
isə 14,2 dəfə artıb. Hətta 5 şəhər və
rayonda xərclərin yerli
gəlirlər hesabına maliyyələşdirilməsi də
sözügedən dövlət proqramlarının icrası
nəticəsində mümkünləşib.
Yuxarıda
sadaladığımız faktlar göstərir
ki, əvvəlki dövlət
proqramları çərçivəsində görülən
genişmiqyaslı işlər qarşıdakı illərdə
də regionların inkişafı üçün
möhkəm zəmin yaradıb. Bu
baxımdan “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasından bir çox nəticələr
gözləmək mümkündür. Məsələn, bu proqram bölgələrdə qeyri-neft
sektorunun, xüsusilə də aqrar və turizm
sektorlarının inkişafına, kənd təsərrüfatının,
aqrar-sənaye və emal komplekslərinin müasir istehsal prosesinin tələblərinə uyğun yenidən qurulmasına və
genişləndirilməsinə, yeni istehsal sahələrinin
yaranmasına, yeni və daimi
iş yerlərinin açılmasına,
yüksək təminatlı peşələrin və ixtisasların
hazırlamasına, yeni və yüksək
texnologiyaların tətbiqi ilə məhsuldarlığın
yüksəldilməsinə, rəqabət qabiliyyətli və
ixracyönümlü ekoloji
təmiz məhsulların istehsal olunmasına, qablaşdırılmasına, emal edilməsinə və onların Azərbaycan
brendi altında xarici bazarlara çıxarılmasına, milli istehsalçıların xarici
bazarlarda mövqelərinin möhkəmləndirilməsinə,
həmçinin ölkə əhalisinin ərzaq təhlükəsizliyinin
təmin edilməsinə təkan verəcək. Həmin
proqram şəhər və rayon mərkəzləri ilə yanaşı,
kəndlərin də sosial iqtisadi infrastrukturunu tamamilə
yeniləşdirəcək. Bunlardan əlavə, üçüncü
proqramın icrası çərçivəsində əhalinin,
xüsusilə kənd əhalisinin məşğulluq səviyyəsinin
artırılması və yoxsulluğun səviyyəsinin
azaldılması üçün regionlarda iri sənaye mərkəzlərinin
yaradılması və regiondakı şəhərlərin və
şəhərətrafı bölgələrdə böyüktutumlu iş
yerlərinin açılması, əhalinin
kommunal xidmətlərlə təminatının
daha da
yaxşılaşdırılması, sahibkarlığın
inkişafının sürətləndirilməsi, kəndlərdə
mədəniyyət mərkəzlərinin və istirahət
yerlərinin yaradılması, kəndlərdə müasir kompüter şəbəkəsinin
tətbiqi üçün hər cür şəraitin yaradılması bölgələrdən,
xüsusilə də kəndlərdən insanların
Bakıya axınının qarşısını alacaq. Bir sözlə, “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirilməsi,
əhalinin yaşayış və rifah
halının yüksəlməsi və bütövlükdə
ölkə əhalisinin illik gəlirlərinin
orta göstəricilərinin Avropa dövlətləri səviyyəsinə
qaldırılması ilə nəticələnəcək.
Təbriz VƏFALI
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
Həftə
içi.- 2014.- 16 aprel.- S.7.