Sabunçu rayonunun
sosial-iqtisadi inkişafı:
real vəziyyət və
perspektivlər
Sabunçu rayonu paytaxtın mühüm iqtisadi və sənaye mərkəzlərindən sayılır. Elə bu səbəbdəndir ki, gündən-günə yeniləşən, abadlaşan Bakının infrastruktur yeniliklərindən danışılanda paytaxtın ilk yada düşən rayonlarından biri də Sabunçu olur.
Məlumat
üçün deyək ki, “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”və
həmin proqrama əlavələr çərçivəsində
bu rayonda çox mühüm iqtisadi və sosial əhəmiyyətə
malik obyektlər tikilib, yollar salınıb, əhalinin elektrik
enerjisi, qaz, su, istilik təchizatının
yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin
qurulması, ekoloji layihələrin həyata keçirilməsi,
mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin,
küçə və meydanların, istirahət guşələrinin
abadlaşdırılması üzrə böyük işlər
görülüb.
94 yaşlı rayon
Yeri gəlmişkən,
6 ildən sonra 100 illiyini qeyd edəcək Sabunçu rayonunun əsası
1920-ci ildə qoyulub. Bu inzibati-ərazi vahidi 1958-ci ildən
müstəqillik illərinin əvvəllərinədək
Lenin rayonu adlanıb. 29 aprel 1992-ci ildən etibarən inzibati-ərazi
vahidinin adı dəyişdirilib və Sabunçu rayonu
adlandırılıb. Hazırda Sabunçu rayonu 10 inzibati qəsəbəni
özündə birləşdirir. Bunlar Bakıxanov,
Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı,
Pirşağı, Maştağa, Nardaran, Bilgəh qəsəbələridir.
Əhalisinin sayı 234387 nəfərə çatan rayonun ərazisi
244,3 kvadratkilometrə bərabərdir. Burada 4608 ailə olmaqla
20807 nəfər məcburi köçkün və 1635 ailə
olmaqla 8318 nəfər qaçqın soydaşımız məskunlaşıb.
Rayonda 46 məktəb, 3 internat və 24 səhiyyə müəssisəsi
var. Həmçinin, rayonun ərazisində müxtəlif
mülkiyyət hüququna məxsus 76 sənaye, 49 tikinti, 8 nəqliyyat,
5 kənd təsərrüfatı və 317 ticarət obyekti və
sair fəaliyyət göstərir.
Qeyd edək ki, 94
yaşlı bu rayon ötən illər ərzində çox
böyük inkişaf yolu keçib. Son illərdə
tanınmayacaq dərəcədə simasını dəyişən
rayon ölkənin ümumi inkişaf strategiyasının tərkib
hissəsi olaraq aparılan abadlıq və quruculuq işləri
sayəsində gündən-günə gözəlləşir.
Məsələn, elə təkcə rayonun yol infrastrukturunun
yenilənməsi istiqamətində son illər atılan ciddi
addımlar bunun bariz nümunəsidir. Ümumilikdə rayon ərazisində
599.2 kilometrlik yol şəbəkəsi var ki, bunun 130.6
kilometrini mərkəzi, 468.6 kilometrini isə məhəllədaxili
yollar təşkil edir. Ötən ilin sonlarına olan məlumata
görə, 45.000 metrə yaxın mərkəzi və məhəllədaxili
yollarda təmir-bərpa işləri aparılaraq yollara asfalt
örtüyü döşənib. Hazırda bu istiqamətdə
davam etdirilən fəaliyyət sırasında ən önəmli
olanı keçmiş Sabunçu dairəsindən Zabrat
istiqamətində yolun genişləndirilməsidir. Bu vaxta qədər
ikitərəfli hərəkət zolağı olsa da,
sözügedən yolun ensizliyi xüsusilə günün pik
saatlarında kilomettlərlə uzanan tıxaclara səbəb
olurdu. Üstəlik nəzərə alsaq ki, Nardaran, Bilgəh
bağlarına, dəniz sahilinə getmək üçün
bu yoldan istifadə olunur, o zaman mövsüm vaxtı bu yolda
yaranan mənzərəni təsəvvür etmək çətin
deyil. Hazırda kənarlarındakı irili-xırdalı
zövqsüz və səliqəsiz obyektlərin sökülməsi
hesabına sözügedən yolun xeyli genişləndirilməsi
işlərinin sürətlə həyata keçirilməsi
çox keçmədən bu problemin birdəfəlik həllini
tapacağını düşünməyə ciddi əsas
verir. Bundan əlavə, rayonun "Koroğlu" metrostansiyası,
Bakıxanov qəsəbəsi istiqamətində çəkilən
müasir standartlara uyğun avtomobil yolları üzərində
salınmış yol ötürücüləri və
körpülər dizayn və arxitektura baxımından
göz oxşamaqla yanaşı, həm də
sürücü və piyadaların rahat hərəkətini
təmin edir.
Onu da vurğulayaq ki,
Sabunçu rayonu həm də ərazisində sənaye obyektlərinin
çox olması ilə diqqət çəkir. Bu isə
rayonunun ölkə iqtisadiyyatında nə qədər önəmli
rol oynamasından xəbər verir. Belə ki, rayon ərazisində
76 sənaye obyekti fəaliyyət göstərir ki, bunlardan ərazisinə
və işçilərinin sayına görə ən
böyüyü Balaxanı Operetinq Compani LTD-dir. Bu şirkətdə
hazırda 1438 işçi çalışır. Bunlarla
yanaşı, rayon ərazisində 49 tikinti, 8 nəqliyyat, 5 kənd
təsərrüfatı və 317 ticarət obyekti fəaliyyət
göstərir ki, bunlar da həm əhalinin işlə təmin
olunmasında öz sözünü deyir, həm də ölkə
iqtisadiyyatına və ölkədə qeyri-neft sektorunun
inkişafına öz töhfəsini verir.
Dövlət Proqramı uğurla icra olunur
Hazırda həm
paytaxtın, həm də bölgələrin sürətli
inkişafında ölkə prezidentinin sərəncamı ilə
təsdiq olunan Dövlət Proqramlarının xüsusi rolu
var. Elə bu mənada “2011-2013-cü illərdə Bakı
şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və
həmin Proqrama “Əlavə Tədbirlər Planı”nı
Sabunçu rayonunda da böyük inkişafa səbəb olub.
Belə ki, Dövlət Proqramı və “Əlavə Tədbirlər
Planı” çərçivəsində indiyədək
Sabunçu rayonunda 3000 şagird yerlik 1 məktəb, 5 tədris
korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi
tikilib, 18 orta və 3 peşə məktəbində, 12 uşaq
bağçasında, 3 səhiyyə müəssisəsində
əsaslı təmir işləri başa
çatdırılaraq hamısı müasir avadanlıqlarla
təchiz edilib. Hazırda 1 uşaq bağçasının,
muğam evinin və Gənclər evinin tikintisi, eləcə də
4 məktəb, 4 uşaq bağçası, 1 səhiyyə və
1 mədəniyyət evinin əsaslı təmiri davam
etdirilir.
Bundan başqa, Bilgəhdəki
Müharibə və Əmək Əlilləri
üçün Pansionatın (Qocalar evinin) əsaslı təmiri
və yeni korpusun tikintisi başa çatdırılaraq
Prezident İlham Əliyevin iştirakı ilə oktyabr
ayında istifadəyə verilib. Yetkinlik yaşına
çatmayanlar üçün 50 yerlik
ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin
və sosial sığınacağın tikintisi, gözdən
əlillər üçün tədris-bərpa mərkəzinin
inşası isə başa çatdırılmaq üzrədir.
Maştağa-Nardaran və Pirşağı-Kürdəxanı
qəsəbələrinin ərazisində tikilmiş 3
mini-futbol və idman meydançaları 2013-cü ildə gənclərin
istifadəsinə verilib.
Bununla yanaşı, rayonda mərkəzi dövlət orqanları və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlərin və inzibati binaların tikintisi və təmir-bərpa işləri həyata keçirilib. Belə ki, 2013-cü il dekabr ayının 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra dövlət başçısının iştirakı ilə oradakı sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 saylı məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir 3 mərtəbəli məktəb binası inşa edilərək martın 16-da Fondun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Müraciətlər operativ həllini tapır
Vətəndaşların
müraciətlərinə operativ baxılması və
qaldırılan məsələlərin həllinə
vaxtında nail olunması isə rayon İcra Hakimiyyətinin
gündəlik fəaliyyətinin əsasını təşkil
edir. Qeyd edək ki, ötən il İcra Hakimiyyəti
aparatına 5395 ərizə və 2533 məktub daxil olub. Belə
bir faktı vurğulamaq yerinə düşər ki, il ərzində
rayon İcra Hakimiyyəti başçısı tərəfindən
keçirilmiş 43 səyyar görüşdə 10500-ə
yaxın sakin iştirak edib və həmin görüşlərdə
241 məsələ qaldırılıb.
Qaldırılmış bu məsələlərin 222-si
öz həllini tapıb, qalan 19 məsələ üzrə
isə aidiyyəti təşkilatlara müraciətlər
olunaraq icrası nəzarətə götürülüb.
Bu yaxınlarda isə
Sabunçu Rayon İcra Hakimiyyətinin
başçısı Adil Vəliyevin Balaxanı qəsəbəsi
sakinləri ilə keçirilən görüşdə bir məmuru
işində yol verdiyi nöqsanlara görə vəzifəsindən
kənarlaşdırması faktı vətəndaşların
müraciətlərinə operativ
yanaşıldığının bariz nümunəsi kimi qiymətləndirilə
bilər. Belə ki, həmin görüşdə qəsəbə
sakinləri uzun zamandır həll olunmayan problemlərindən
gileyləniblər. Onlar əsasən qəsəbənin
yollarının bərbad halda olmasından, kanalizasiya xəttinin
olmamasından və bəzi sənədləri almaq
üçün qəsəbə icra nüməyəndəsi
olan Fərhad Qurbanovun onlardan rüşvət tələb etməsindən
şikayətləniblər. Nəticədə icra
başçısı sakinlərin problemlərini dinlədikdən
sonra icra nümayəndəsini vəzifəsindən kənarlaşdırıb.
Həllini gözləyən məsələlər var
Bu gün tikinti
meydançasını xatırladan Sabunçu rayonunda
aparılan quruculuq işləri ölkə
başçısının da diqqətindədir. Elə təkcə
yola saldığımız 2013-cü ildə Prezident İlham
Əliyev Sabunçu rayonuna 6 dəfə səfər edib ki,
bunun da səbəbi burada inşa olunan müxtəlif təyinatlı
obyektlərin təməlqoyma və açılış mərasimləri
olub. Bu günlərdə isə ölkə
başçısının rayon ərazisinə daha bir səfəri
reallaşıb ki, bu da Bakının ev sahibliyi edəcəyi
2015-ci il Avropa Olimpiya Oyunlarına hazırlaq çərçivəsində
metronun "Koroğlu" stansiyası
yaxınlığında tikilməkdə olan Olimpiya futbol
stadionunda aparılan işlərin gedişatı ilə
tanış olmaq xarakteri daşıyıb. Bunlardan əlavə,
son illərdə dövlət başçısının
birbaşa nəzarəti və himayəsi altında rayonda bir
çox önəmli layihələr həyata keçirilib
ki, bunlardan biri də Balaxanı qəsəbəsində illərdən
bəri Bakının tullantı poliqonu kimi tanınan ərazidə
Bakı Məişət Tullantılarının
Çeşidlənməsi Zavodunun və Sənaye
Parkının yaradılmasıdır. "Təmiz şəhər"
layihəsi çərçivəsində gerçəkləşdirilən
bu işlər həm böyük Bakının məişət
tullantıları ilə çirklənməsinin qarşısını
almaq məqsədilə onların utilizasiyasını təkmilləşdirmək,
həm də tullantılardan təkrar xammal
alınmasını stimullaşdırmağı
qarşıya məqsəd qoyub.
Amma qazanılan
uğurlar heç də rayon rəhbərliyində
arxayınlıq yaratmayıb. “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və
həmin proqrama əlavələri uğurla icra edən rayon rəhbərliyi
indi də ölkə prezidentinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı
ilə təsdiqlənmiş “2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nı müvəffəqiyyətlə yerinə
yetirməyi hədəfləyib. Ümid edirik ki, sayca 3-cü
olan bu Dövlət Proqramında Sabunçu rayonunda
bütün sahələri əhatə edən 68 bənddən
ibarət tədbirlərin həyata keçirilməsi nəticəsində
qalan məsələlər də öz həllini
tapmış olacaq.
Sevinc Osmanova
Yazı Sabunçu rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Həftə içi.- 2014.- 17
aprel.- S.7.