Holi – yaxşının pis üzərində qələbəsi
İnsanları rənglərə boyayan Holi
mahiyyətcə Novruz
bayramının oxşarıdır
Bu
günlərdə eşitdim ki, aprelin 19-da Bakının
tanınmış əyləncə mərkəzlərindən
birində Hindistan-Azərbaycan Dostluq Assosiasiyası hind
xalqının milli bayramlarından olan Holini qeyd etmək
üçün bayram mərasimi keçirəcək. «Holi nədir» sualını verə bilərsiniz,
ona görə də cavabını tapmağa çalışdım.
Hələ uşaqlıq illərimdə hind
filmlərində seyr etdiyim bu milli el şənliyinin mahiyyətini
məhz Hindistan-Azərbaycan Dostluq Assosiasiyasının
prezidenti Ronald D.Mello ilə söhbət əsnasında
açmağa cəhd elədim. Yeri
gəlmişkən, söhbətimiz zamanı cənab D.Mellonun ömür-gün
yoldaşı, Azərbaycanda çoxlarının
tanıdığı məşhur həkim xanım Racani də bu gözəl
bayramın məziyyətlərindən söz
açdı.
Cənab D.Mello bildirdi ki, Hollinin yaşı elə
Hindistanın tarixi qədər qədimdir:
«Holi bayramının yaranma
tarixini dəqiq demək mümkün
deyil – bu iki min il
də ola bilər, beş
min il də. Bizə o məlumdur ki, hind xalqı tarixin bütün etaplarında bu
bayramı qeyd edib. Holi Hindistanda payızda – oktyabrda qeyd olunan Divali bayramından sonra ikinci möhtəşəm
el şənliyidir». Müsahibimizin
sözlərinə görə, bayramın əsas mahiyyəti
budur ki, insanlar Holinin
tğimsalında baharı qarşılayır. Təbiət
oyanır, hər yan müxtəlif rənglərə
boyanır və sair. «Tarixən
Hindistan aqrar ölkə
kimi məşhur olub.
Əkilən sahələrdən bol məhsul
yığılır və bu zaman insanlar bayram edir» deyən müsahibimizin sözlərinə görə,
bu şənliklərdə adamlar bir-birinin üzərinə
müxtəlif rənglər atırlar, üz-gözlərini
boyayırlar. Maraqlıdır, rənglər paltara ləkə salaraq
sıradan çıxa bilərmi? D.Mellounun
sözlərinə görə, xeyr. Çünki həmin rənglərin tərkibində
yağ qarışığı
olmadığı üçün paltara və ya dəriyə
yapışıb, ləkə salmır, adi
su ilə yuyan kimi təmizlənir.
Yeri gəlmişkən, Holi şənliklərində
istifadə olunan rənglərin
özünəməxsus mənaları var.
Əslində, hər bir rəng təbiətin
ünsürlərini – gülü-çiçəyi,
yarpağı, çəməni, torpağı və sair tərənnüm etsə də, bəzi mənbələrə
görə, məsələn, qırmızı rəng məsumiyyəti,
yaşıl rəng canlanmanı, enerjini, mavi rəng sakitliyi,
rifahı, sarı rəng isə dindarlığı, Allaha bağlılığı xarakterizə edir.
Hind ənənələrinə görə
bayram günü
şəhər və kəndlərdə küçə-meydanlara
axışan insanların bir-birilərinin
üst-başını rənglərə boyaması heç kimdə inciklik
yaratmır. Bu yerdə söhbətə
qarışan doktor Racani
bildirdi ki, bayramın
özəlliyi elə ondadır ki, həmin
gün insanlar sevinməli
və ətrafdakıları da şənləndirməlidirlər.
Yəni küçənin ortasında bir
nəfər əlindəki rəngi hətta
tanımadığı kiminsə üzərinə atarsa, həmin şəxs bunu
normal qarşılayır və qətiyyən
incimir. Çünki Holinin mənası budur.
R.D.Mello isə bildirdi ki, bayramın özülündə mifoloji amillər dayandığından müqəddəs
sayılır və burada insanların səmimi
olması lazımdır. Yeri gəlmişkən,
Holli barəsində rəvayətdə nələr
deyilir? Müsahibimizin
dediklərindən: «Festivalın tarixi
kökündə dayanan əfsanə və
miflərə əsasən, pisliklərin kralı olan Hiranyakaşipu Hind tanrısı Brahma tərəfindən
ölümsüzlüklə mükafatlandırılandan
müəyyən müddət sonra sonra çox böyük günahlar
işləməyə başlayır. O, hər kəsdən
yalnız ona itaət etməsini istəyir.
Buna görə etiraz əlaməti
olaraq öz doğma oğlu Prablah ona itaət etməkdən
boyun qaçırır. Təbii ki, Hiranyakaşipu qəzəblənərək
bir neçə dəfə oğlunu öldürmək isitəyir, amma digər allah Vişnu Prablahı xilas edir. Buna baxmayaraq,
fürsət gözləyən Hiranyakaşipu
oğlunu bacısı Holikanın
qucağında yatarkən yandırıb, öldürməyə
qərar verir. Ancaq bu dəfə də bacısı
qardaşını yanmayan şalına bürüyüb, xilas edir, özü isə
yanıb kül olur. Hind tanrısı Vişnu
bunu bilən kimi Hiranyakaşipunu öldürür
və oğlu Prablahı onun
yerinə gətirir…». Yaxşının pisə qalib gəlməsinin simvolu
sayılan Holika adının
qısaldılmış forması olan Holi beləcə minillər boyunca
insanlar tərəfindən qeyd edilir.
R.D.Mellonun sözlərinə görə, Holi bayramı eynən Azərbaycanda qeyd edilən Novruz
bayramına bənzəyir. Belə ki, hər
iki bayram baharla əlaqədardır. Məsələn,
Novruz bayramında tonqal
qalanır, adamlar «azarım-bezarım,
çətinliklərim, əziyyətim, kədərim-qəmim
bu odda yansın» deyərək
alovun üstündən tullanır. Holi şənliklərində də tonqal çatılır və şeytanın simvolu seçilən bir oyuncaq, bütün pisliklər,
bəlalar məhv olsun deyə alova atılır və ardıyla da hamı bir
ağızdan “Holi-hai!” deyərək
qışqırır. Hətta Holinin sonunda insanlar yanan alovdan bir
az götürüb
evlərinə aparırlar ki,
yaşadıqları mənzili və öz
bədənlərini pisliklərdən xilas
etsinlər.
Müsahibimiz onu da
əlavə etdi ki, Holi də Novruz bayramı kimi martda, daha
konkret desək. martın 18-də qeyd olunur. Bu
bayram günü Hindistanda qeyri-iş günüdür və hətta ola bilər ki, məktəblilər
daha bir neçə gün artıq dincəlsinlər. Necə ki. Azərbaycanda da Novruz günləri qeyri-iş
günü elan olunub.
Novruz bayramından söz
düşmüşkən, bizim bayramlarda açılan süfrəyə xüsusi şirniyyatlar və
xorəklər düzülür. Bəs
Holidə nə edirlər? Müsahibimiz dedi ki, Holi
günləri daha çox
şirin yeməklər hazırlanır. Nazik vermeşil, düyü və sairi şirin süddə bişirirlər. Müxtəlif
çeşidlərdə halvalar
hazırlanır. Xüsusilə də Hindistanda
mung adlanan
yaşıl rəngli xırda noxud
növündən bişirilən halva
mütləq olmalıdır. Bundan əlavə,
çiçəklərdən və otlardan
- daturadan hazırlanmış xüsusi içki növü olur ki, onu içəndə adam bir qədər keflənir.
Hətta içikinin təsirindən adam yerli-yersiz gülə
və ya ağlaya bilər.
Yəni insani qeyri-iradi
davranmağa sövq edir.
Bəs Bakıda təşkil
olunan Holidə necə, yenə də insanlar bir-birilərini rənglərə
boyayacaqlarmı? R.D.Mello bildirdi
ki, əslində Bakıda da
bayram şənliyində mill
adətlər nəyi tələb edirsə, yerinə yetirəcəklər.
Amma rənglərdən istifadə
zamanı məhdudiyyətlər olacaq. Çünki ən azından mərasim
keçiriləcək zalların rəhbərlikləri
döşəmənin, divarların boyalarla
ləkələnməsini istəmirlər. Həm də insanlar Hindistandakından fərqli olaraq tədbirə xüsusi
geyim-kecimlərdə gələcəklər ki,
onlar da
üst-başlarının təmiz qalmasını istəyirlər.
Buna baxmayaraq,
Bakıda fəaliyyət göstərən hind
restoranlarına bir çox
çeşidlərdə yeməklər sifariş
olunacaq və adıçəkilən
şənlikdə iştirakçılara Hindistanın milli mətbəxinin təamları təqdim
ediləcək.
Vüsal Tağıbəyli
P.S. Bir türk dostum danışır ki, Holi günlərində təsadüfən Hindistanda – Caypurda olub. Deyir ki, şəhər küçələri, meydanları və onları dolduran insanları ilə birlikdə böyük bir rəngarənglik nümayişi idi: «İlin bu bayram günündə ətrafda rəngarəng, boyalar içində gəzib-dolaşmaq insanlar üçün normal haldır. Bütün dükanlarda bir həftə əvvəldən müxtəlif növ boyalar, su tapançaları və sair satılırdı. Bayram günü isə hamı səhər saat 8-9-da yuxudan qalxır, mümkün qədər ağ rənglərdə paltarlar geyinir və küçələrə axışırlar. Şəhərdə kanadalısından avstraliyasınadək, yaponlar, ruslar, fransızlardan braziliyalısınadək, hər kəs bayram əhvalında olur. Kimsə rənglərə boyanarsa, bunu özünə hindlinin sevgisi kimi başa düşür. Çünki gün ərzində üst-başı rənglərə boyanmış insanlar həyatın mənasını həmz həmin boyada görürlər...
Həftə
içi.- 2014.- 18 aprel.- S.3.