İKT texnologiyası taksafonları da müasirləşdirib 

 

Bakı küçələrində qurulan və internetə çıxışı olan bu

qurğuların əsas istifadəçiləri tələbə və turistlərdir

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtın taksofon parkını yeniləməkdə davam edir. Yeni texnologiyalar əsasında tamamilə yenidən qurulan park ən müasir taksofon aparatları ilə təchiz edilir.

“Həftə içinin məlumatına görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Bakı Avtomat Telefon Qovşağının rəisi Rəfalət Tarverdiyev mətbuata açıqlamasında deyib ki, universal tipli taksofonlar həm kartla, həm də qəpiklə işlədiyindən əhali tərəfindən kütləvi şəkildə istifadə olunur. Buna görə də Birlik daha 50-100 ədəd universal taksofon almaq qərarına gəlib. İdarə rəisinin sözlərinə görə, yeni taksofonlar əsasən şəhərətrafı kənd və qəsəbələrə yerləşdiriləcək ki, bu da BTRİB-in ölkə prezidentinin Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair məlum Fərmanının telekommunikasiya bəndinin icrası istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olacaq.

Xatırladaq ki, Bakıda 2012-ci ilin əvvəlində multimedia taksofonlarının quraşdırılmasına başlanıb. Bu qurğularda zəruri sorğu kitabçası, şəhər və rayonların kodları, operatorun tarif və xidmətləri üzrə informasiya təqdim olunub.

Bu qurğuların üstünlüklərindən biri səs rabitəsindən başqa, informasiya xidmətlərinin göstərilməsidir. Yəni, multimedia taksofonu kompütertaksofonun funksiyalarını birləşdirən aparatdır. Yeni taksafonlar həm telefon, həm də internet xidməti göstərir. Digər tərəfdən bu qurğulardan istifadə etməklə elektron məktub göndərmək, filmlərə baxmaq, musiqiyə qulaq asmaq, elektron mağazalardan kredit kartı vasitəsilə alış-veriş etmək, Bluetooth və digər imkanlardan yaralanmaq mümkündür.

Yeri gəlmişkən, hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-dur. Eyni zamanda, hər nəfərə düşən düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 55-ə bərabərdir. Bu isə o deməkdir ki, ölkə əhalisinin təxminən 70-75 faizinin internetə çıxış imkanları var. İri şəhərlərdə isə virtual məkana qoşulmaq imkanları təqribən 90-95 faiz qiymətləndirilir.

Bəs, görəsən, belə bir şəraitdə bu cür taksafonların quraşdırılması hansı zərurətdən yaranıb? Ümumiyyətlə, bu qurğulardan əhalinin hansı təbəqəsi daha çox istifadə edir?

BTİRB-in baş direktor müavini Xankişi Kişiyev hesab edir ki, bu taksafonlar universal xarakter daşıyır. Onun sözlərinə görə, taksafonlar əsasən tələbələr və əhalinin aztəminatlı hissəsi üçün nəzərdə tutulduğndan bu qurğularda xidməthaqqı evdəki multimedia xidmətlərindən 3 dəfə azdır. Onun sözlərinə görə, bu qurğular vasitəsilə elektron məktublar göndərmək, reklam çarxlarını izləmək, "Bluetooth"la mobil telefona şəkil, musiqi yükləmək və digər elektron xidmətlərdən yararlanmaq olar. Bundan əlavə, taksofonların üzərində ingilis dilində yazılar var ki, ölkəmizə gələn qonaqların bu aparatlardan asanlıqla yararlanması mümkündür. Taksofonların üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köməkçi məlumatlar yerləşdirilib və bütün bunlar istifadəçilərin rahatlığının təmin edilməsinə hesablanıb.

 

«İnternetə əlçatanlığı təmin etməsi müsbət addımdır»

 

Mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov deyib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində taksafonlarda hətta «wi-fi» xidməti də mövcuddur. Onun sözlərinə görə, elektron hökumətə keçid edən bir dövlətin internetə əlçatanlığı təmin etməsi müsbət addımdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda çox sürətlə elektron hökumət qurulur və artıq müvafiq dövlət qurumları kağız üzərində yazışmalardan imtina edirlər: “Demək olar ki, müvafiq orqanlar tərəfindən hər ay yeni elektron xidmətlər istifadəyə verilir. Bunun nəticəsidir ki, tədricən vətəndaş-məmur təmasları azalmağa doğru gedir. Sözsüz ki, əgər hansısa ölkədə elektron hökumət qurulursa, həmin ölkədə internetə çıxış üçün geniş imkanlar olmalıdır. Yəni, vətəndaş evindən, yerindən uzaqlaşanda da internetə çıxış imkanı məhdudlaşmamalıdır. Bu baxımdan düşünürəm ki, paytaxtda müasir texnologiyalarla təchiz olunmuş taksafonların quraşdırılması müsbət addımdır».

Ekspert vurğulayıb ki, bu cür taksafonlardan xüsusilə tələbə və turistlər istifadə edirlər. Qalib Qurbanovun sözlərinə görə, belə qurğular ilk dəfə Bakıda təşkil olunan «Eurovizion» musiqi yarışmasında quraşdırılıb. Həmin taksafonlarda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə taksafonlarda şəhər və rayonların kodları, operatorun tarif və xidmətləri üzrə məlumat və digər lazımi informasiyalar yerləşdirilmişdi. Eyni zamanda paytaxta gələn turistlərin telefoninternet xidmətindən asanlıqla yaralanması üçün bu qurğular ingilis dilində də istifadəyə imkan verirdi: “Yəni bu qurğular paytaxt sakinləri və şəhərimizin qonaqları üçün telefon rabitəsi ilə yanaşı, bir çox vacib internet xidmətləri də göstərir. Bir sözlə, yeni taksofonların olması çox yaxşıdı, əlavə bir xidmət kimi, yəni hər an küçədə olarkən insan internetə girə bilmir, istənilən vaxt, istənilən adam internetə girə bilər».

 

Yeni taksafonları bölgələr üçün daha faydalıdır

 

Qalib Qurbanov həmçinin deyib ki, yeni taksafonları bölgələrdə quraşdırmaqla daha faydalı nəticələr əldə etmək mümkündür. Onun sözlərinə görə, rayonlarda internetə çıxış imkanları Bakıda olduğundan məhduddur. Həmçinin əksər ailələrin ümumiyyətlə, internetə çıxışı yoxdur və belə ailələr hansısa elektron sənəd və ya məlumat göndərəndə müəyyən çətinliklə üzləşirlər: “Ona görə də hesab edirəm ki, bu istiqamətdə işlərin bölgələrdə həyata keçirilməsi daha faydalı nəticələr verə bilər».

Ekspert açıqlamasında vətəndaşların İKT biliklərinin zəif olduğunu xatırladaraq bu yönündə konkret addımlar atılmalı olduğunu da söyləyib: «Hazırda biz müşahidə edirik ki, İKT yeniliklərindən daha çox gənclər bəhrələnməyə çalışırlar. Məsələn, bu gün sosial şəbəkədə olan insanların böyük əksəriyyətini gənclər təşkil edir. Onlar virtual məkanda müxtəlif mövzuları müzakirə edirlər. Amma biz tərəfdarıyıq ki, yaşlı insanlar arasında da internet istifadəçilərinin sayı artsın. Düzdür, bölgələrlə müqayisədə bu sahədə paytaxtda vəziyyət yaxşıdır. Lakin hesab edirik ki, İKT sahəsində bölgələrlə paytaxt arasında mövcud olan fərq aradan qaldırılmalıdır».

Qalib Qurbanov hesab edir ki, bölgə əhalisinin İKT biliklərini artırmaq məqsədilə xüsusi kurslar təşkil oluna bilər. O, buna misal olaraq sovet vaxtı kəndlərdə klubların, mədəniyyət evlərinin fəaliyyət göstərdiyini xatırladır və bildirir ki, həmin yaşayış zonalarında əhalinin asudə vaxtının səmərəli təşkil olunması üçün müxtəlif dərnəklər mövcud idi: “Düşünürəm ki, bu ənənəni indidavam etdirmək mümkündür. Yəni, bölgələrdə yaşayan insanların İKT biliklərini bu yolla artırmaq olar. Digər bir tərəfdən hesab edirəm ki, bu kurslara nəinki yaşlı insanlar, hətta kəndlərdə yaşayan gənclər də cəlb olunmalıdır. Çünki biz bəzən müşahidə edirik ki, insanlar kompyuterdən, internetdən düzgün istifadə edə bilmirlər. Bunun nəticəsi isə o qədər də ürəkaçan olmur. Bu baxımdan əgər biz ölkədə elektron hökumət qururuqsa, paralel olaraq əhalinin İKT biliklərini də artırmalıyıq. Sözsüz ki, əhalinin İKT sahəsində bilikləri mükəmməl olmasa, elektron hödkumət layihəsi çərçivəsində təklif olunan xidmətlərin də effekti olmayacaq».

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 18 aprel.- S.6.