Əlillərin İKT-yə çıxış imkanları genişlənir 

 

Bəybala İbadullayev: «Yeni layihəmiz fiziki qusurlu insanların “Elektron

Hökümət Xidməti” portalından maneəsiz istifadəsinə imkan yaradacaq»

 

Məlum olduğu kimi, görmə qabiliyyəti qüsurlu olan insanların yazması və oxuması üçün Brayl şriftindən istifadə edilir. Lakin Massaçusets Texnologiya İnstitutunun (MTİ) tədqiqat komandası daha əlverişli alternativ həll hazırlayıb. "Hi-news.ru" saytının xəbərinə görə, Brayl şrifti nə qədər əlverişli olsa da, kitab, qəzet, jurnal və başqa çap nəşrlərinin əksəriyyəti bu formatda əlçatan deyil. MTİ-nin "Media Labs" tədqiqatçılar komandasının hazırladığı qurğu isə üzük kimi barmağa taxılır və çap mətnini danışığa çevirir.

Gözdən qüsurlu şəxs üzüyü şəhadət barmağına taxdıqdan sonra barmağını sətrə yaxınlaşdıraraq mətnin səslənməsinə qulaq asa bilər. Hazırda mətni oxuyan səs daha çox robot səsinə oxşayır. Bununla belə, sözügedən qurğu olduqca perspektivli hazırlanma hesab edilir.

Qeyd edək ki, Roy ŞilkrotYohan Xuberin rəhbərliyi ilə işləyən alimlər komandası artıq səsli oxuma texnologiyasının təkmilləşdirilməsi üzərində çalışırlar. "FingerReader" adlanan cihaz 12 şriftlə yazılmış mətni "tanıya" bilir. Bunun üçün qurğuya kamera quraşdırılıb. Bundan başqa, daxili ötürücü barmağın hərəkətini izləyir və oxucu barmağını sətirdən çox uzaqda saxladıqda səs siqnalı çalır.

Bəs, görəsən, Azərbaycanda əlillərin İKT-yə çıxış imkanları hansı səviyyədədir? Ümumiyyətlə, ölkəmizdə yaşayan əlillər yeni texnologiyalardan yararlana bilirlərmi?

Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayev “Həftə içi”nə deyib ki, sözügedən təşkilat ötən ilin sonlarında www.eliller-ikt-tmt.com internet layihəsinin təqdimatını keçirib. Hazırda layihə üzrə texniki əsaslandırma işlərinin aparıldığını bildirən həmsöhbətimiz vurğulayıb ki, bu portal 2014-cü ilin oktyabr ayında tam formatda fəaliyyətə başlayacaq: « Bu internet layihəsinin əsas mahiyyəti əllillik problemləri, əlillərin sosial inkişafı, əlillik üzrə xidmət göstərən müəssisələr, şəxslər və təşkilatlar üçün ümumiləşdirilmiş informasiya bazası yaratmaqla yanaşı, sağlamlığı məhdud şəxslər üçün zəruri elektron sosial xidmətlər üzrə sistemin formalaşdırılmasını özündə əks etdirməkdədir. Düşünürük ki, məhdud sağlamlığı olan şəxslər və sosial sahədə çalışanlar üçünElektron Sosial Xidmətlər” təqdim edən internet layihəsi ölkəmiz üçün milli, mədəni, intellektual inkişafa təkan verəcək».

 

Müvafiq qurumlardan müsbət cavab alınıb

 

Bəybala İbadullayev bildirib ki, ilk dəfə Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən Regional İnformasiya Mərkəzləri yaradılaraq sağlamlığı məhdud şəxslərin informasiya məkanına qoşulmaları təmin edilib. Onun sözlərinə görə, Regional İnformasiya Mərkəzlərində kitabxana, texnologiyalar və tədbiq edilən proqramlar gözdən əlillərin bütün növ Elektron Sosial Xidmətlərdən faydalanmasına və yararlana bilməsinə imkan verir: “Heydər Əliyev Fondu ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sağlamlığı məhdud şəxslərin Elektron Hökümətə inteqrasiya olunmaları baxımından bir neçə layihə gerçəkləşdiriblər. Bu layihələr də uğurlu nəticələr verib. Belə ki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə “Dilmanc” və www.e-eye.az (Elektron Göz) layihələrini həyata keçiriblər. Hər iki layihə görmə məhdudiyyətli şəxslərin internetə çıxışını təmin etmək məqsədilə reallaşdırılıb».

Bəybala İbadullayev onu da qeyd edib ki, yeni internet layihəsi ilə bağlı həm Rabitə və Yüksək Texnologiyalar, həm də Əmək və Əhalinin Sosial Müadiəsi nazirliklərinə rəsmi şəkildə müraciət ediblər: «Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aidiyyatı üzrə mütəxəsislərinin görüşlərində layihəmiz müzakirə edilibbizim təkliflərə çox həssaslıqla yanaşıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə məktubumuza cavab olaraq bildiriblər ki, layihənin texniki əsaslandırılması hazırlanmalı və bundan sonra ümumi sənəd nazirliyə təqdim olunmalıdır. Hesab edirik ki, layihə bazasında formalaşacaq Elektron Sosial Xidmətlər sistemi üzrə laboratoriyanın yaradılması üçün tələb olunan ofis avadanlıqları və xərcləri, elektron dərslər üçün tələb olunan zəruri studiya avadanlıqları, surdo materialların və daisy elektron kitabxana fondunun yaradılması, işçi qrupunun əmək haqlarına dövlət tərəfindən maddi dəstəyin verilməsi Əmək və Əhalinin Soial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməlidir. Digər hallar , internet xidmətləri, kompyuter texnologiyaları, kompyuter proqramları və layihədə nəzərdə tutulmuş digər texnologiyalar üzrə daimi dövlət dəstəyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilməlidir».

 

İlk dəfə olaraq səsli kitabxana fondu yaradılacaq

 

Nəzərdə tutulan layihənin özəlliklərinə də toxunan həmsöhbətimiz deyib ki, onlar sənədi hazırlayarkən maksimum dərəcədə beynəlxalq təcrübədən yararlanıblar. Bəybala İbadullayevin sözlərinə görə, təqdim edilən layihədə informasiya kommunikasiya texnologiyaları, təhsil, mədəniyyət, turizm, reabilitologiya və ölkəmizdə yaradılmış digər elektron xidmətlərə keçid imkanları əldə etmələri üçün beynəlxalq təcrübənin tətbiq edilməsi və ölkəmiz üçün nümunəvi elmi-tədqiqat laboratoriyasının formalaşdırılması məqsəd olaraq qarşıya qoyulub. Bundan əlavə, ölkəmizdə xüsusi təyinatlı kitabxana sistemləri (daisy kitabxana, audio kitabxana, surdo informasiyaelektron kitabxanaya dair adaptasiya kanalları haqqında) və bu sistemlərin təqdim etdiyi xidmətlər haqqında geniş məlumat almaqla yanaşı, intellektual inkişaf məqsədi ilə ehtiyac duyulan bütün sahələr üzrə informasiyaların əldə olunmasına dair müəssərliyin yaradılması baş verəcək. Eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq daisy səs formatında səsli kitabxana fondu yaranacaq.

Vitse-prezident həmçinin bildirib ki, portal fəaliyyətə başlayandan sonra dünyada ilk dəfə olaraq bütün hallar üzrə sağlamlığı məhdud şəxslərə bir mərkəzdən informasiya xidmətləri həyata keçiriləcək: «Ölkəmizdə ilk dəfə olaraq sağlamlığı məhdud şəxslərə və xüsusi qayğıya ehtiyacı olan hər kəsə virtual dərslər və elektron xidmətlər bütün ehtiyac sahələri üzrə vahid mərkəzdən reallaşdırılacaq. Respublikamızda ilk dəfə olaraq ixtisaslı mütəxəssislərdən və dünyada uğur qazanmış texnologiyaproqramlardan ibarət nümunəvi tədqiqat laboratoriyası layihənin bazasında təşkil ediləcək. Bundan başqa ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyatı üzrə surdo elektron lügətin yaranması və surdo informasiyaların dövrü olaraq yayınlanması təmin ediləcək. Bütün bu xidmətlər

24 saat online şəkildə həyata keçiriləcək. Digər tərəfdən bu portalın fəaliyyətə başlaması həm də Azərbaycanda ilk dəfə olaraq sağlamlığı məhdud şəxslərin peşə bacarıqları və qabiliyyətləri üzrə əmək bazarına inteqrasiya olunmaları imkanı yaradacaq. Eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq xüsusi kompyuter proqramları və texnologiyaları əldə etmək üçün marketinq xidmətinin fəaliyyət göstərməsi mümkün olacaq. “Elektron Hökümət Xidməti” portalı çərçivəsində “Elektron Sosial Xidmətlər”sektorunun formalaşması da ölkədə ilk addım olacaq».

 

Səslə idarə olunan mini kompüterlər hazırlanıb

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə “Həftə içi”nə bildiriblər ki, ölkədə məhdud fiziki imkanlı insanların cəmiyyətdə rolunun artırılması, İKT-dən istifadə imkanlarının yaradılması mütəmadi olaraq diqqət mərkəzindədir. Belə ki, Heydər Əliyev FonduRYTN-yi tərəfindən Naxçıvan, Gəncə və Yevlax şəhərlərində əlillər üçün Regional İnformasiya Mərkəzləri yaradılıb. Müasir texnologiyalarla təchiz olunmuş mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter mərkəzi mövcuddur. Oxu maşınının vasitəsilə müxtəlif dillərdə nəşrləri səsləndirmək mümkündür. Burada əlil arabası ilə gələnlərin maneəsiz hərəkəti üçün bütün şərait yaradılıb. Regional İnformasiya Mərkəzinin internet saytı yaradılır. Burada fiziki qüsurlu insanlar lazım olan informasiyanı əldə etməklə yanaşı, saytdakı “Tanışlıq” bölməsində biri-biriləri ilə ünsiyyət qura bilirlər.

Nazirlikdə deyirlər ki, gözdən əlil və görmə qabiliyyəti zəif olan insanlara İKT-dən bərabərhüquqlu istifadəni təmin etmək məqsədilə Azərbaycanın «NeyroTex» şirkəti dünyada ilk dəfə olaraq səslə idarə edilə mini kompüterlər hazırlayıb.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 22 aprel.- S.6.