Beynəlxalq siyasi proseslərdə qlobal
maraqlar
Bu gün
enerji təhlükəsizliyindən
söhbət düşəndə ilk
növbədə dövlətlərin yanacaq
idxalından asılılığını azaltmaq
başa düşülür.
Qərbin ortaya atdığı bu termin fikrimizcə, birbaşa Rusiyanın ünvanına işlədilib.
Çünki hazırda Avropa
böyük miqyasda «Qazprom»un diqtələri ilə
oturub-durur. Xüsusilə də
qitənin ən böyük gücü sayılan Almaniya
iqtisadiyyatı Rusiya qazından
asılıdr və bunun nəticəsidir
ki, Moskva istənilən
vaxt şəxsi maraqları naminə həm
almanlara, həm də Avropanın digər
xalqlarına öz qərarını qəbul
etdirir.
Yaxud da götürək Belarusu, hazırda
müharibə vəziyyətində qalan Ukraynanı. Kreml istədiyi kimi
asanlıqla Minsk hökumətini boyunduruğa sala bilir. İstehlakının yarısını Rusiya qazı hesabına ödəyən Ukraynadan isə danışmağa dəyməz,
çünki ruslar bu ölkəni ikiyə bölüblər, indi isə üçüncü
və sair parçalara
ayırmağa çalışırlar. Bu günlərdə
«Qazprom» Ukraynanı Kremlin
siyasi məqsədləri naminə
çökdürmək üçün
qiymətləri iki dəfəyədək
qaldırdı. Yaxud da
eyni vəziyyəti Türkiyə yaşaya bilməzmi? Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin 6-7 il əvvəl
elan etdiyi məlumata
görə, bu ölkə
ehtiyacının təxminən 64 faizini Rusiyadan aldığı təbii qaz hesabına ödəyir. Bir
mərkəzdən bu dərəcədə
təhlükəli asılılığı azaltmaq
məqsədilə rəsmi Ankara, Azərbaycan
da daxil olmaqla, yeni mənbələrə
üz tutdu. Bunun nəticəsində hazırda qardaş ölkə 6 dövlətdən 8 fərqli
üsulla təbii qaz idxal etməkdədir.
Enerji təhlükəsizliyinin təminatı
məsələsində Azərbaycan da
özünəməxsus siyasət yürütməkdədir.
Təsəvvür edin ki,
Azərbaycan müstəqilliyini qazandığı günədək
neft ixrac etmək üçün sərəncamında
Bakı-Novorossiysk kəməri vardı (Eyni
zamanda, nəqletmə gücü
az olsa da,
Bakı-Poti kəməri – V.T.). Ancaq müstəqil Azərbaycan «Bakı-Novorossiysk»inin
timsalında Rusiyadan asılı qala bilməzdi və bu səbəbdən
də 1996-cı il martın 8-də mərhum
prezident Heydər Əliyev bütün
siyasi risklərə rəğmən
Tiflisdə gürcüstanlı həmkarı Eduard
Şevardnadze ilə Bakı-Supsa neft kəmərinin tikintisinə dair saziş
bağladı. Yeri gəlmişkən,
1999-cu ildə fəaliyyətə başlayan
bu xətlə dünya
bazarına «Azeri light"
markalı neft çıxarılıb. Hətta
demək olar ki,
Bakı-Supsa xəttinin inşası cənub enerji
dəhlizinin təməlini atmış oldu.
Bu yerdə
bir müqayisəli faktı da nəzərə çatdıraq ki, dövlətin dünya
bazarına çıxması üçün
alternativ enerjidaşıyıcılarına
sahib olması onun sadəcə
uğurudur və bunu
hətta əlində hər cür geniş imkanları olan
digər ölkələr də edir.
Məsələn, Rusiya əsas qazanc yeri və siyasi təzyiq rıçağı olan enerji ixracatını
yönləndirmək üçün zaman-zaman fərqli marşrutlar
yaradır. Səbəbi isə budur ki, həmin marşrutlardan
birində problem yarananda
digərlərinin vasitəsilə həm pulunu
qazansın, həm də təzyiq etməyə əlinin
altında ölkə olsun. Hələ sovet dövründən «Dostluq»
kəməri vasitəsilə Rusiya
qazı Avropaya satılır. Amma Moskva nə etdi, alternativ olaraq Almaniya ilə Baltik dənizinin altı ilə yeni boru xəttin tikilməsinə
dair saziş
bağladı və reallaşdırdı. Sonra
isə Yunanıstan və Bolqarıstan ərazisindən Avropaya qaz nəql edən başqa marşrutu seçdi. Daha sonra da Türkiyəyə
qaz nəqlinə başlanıldı və
sair. Ümumiyyətlə, 12 trilyon dollarlıq qaz
ehtiyatına malik Rusiya
düşünülmüş və
ehtiyatlı addımlar ataraq öz qlobal
maraqlarını güdməkdədir. Bu halda yenicə müstəqilliyinə qovuşan ölkəmiz niyə geniş boru xətləri
şəbəkəsinə malik olmasın?
Bu mənada 2006-cı ildə istifadəyə
verilən “Bakı-Tiflis-Ceyhan” neft kəməri
(BTC) ölkəmizin milli maraqları
üzərində qurulan, müstəqilliyini
möhkəmləndirən neft ixracı
strategiyası çərçivəsində ən vacib hadisədir. Elə bunun
göstəricisidir ki, BTC-nin
rəsmi açılış mərasimində
dünyanın 98 ölkəsinin yüksək səviyyəli
dövlət və hökumət rəsmiləri
qatılmışdı.
Dağlıq
Qarabağ uğrunda
müharibə, torpaqlarımızın Ermənistan ordusu tərəfindən parça-parça
işğal olunması Azərbaycanın
özünə mütləq mənada siyasi
kömək axtarması zərurətini yaratmışdı. Bu mənada BTC sırf siyasi
məqsədin nəticəsi sayıla bilər. Çünki
bu kəmərlə bağlı 26 aprel 1998-ci il tarixində
Azərbaycan, Gürcüstan və
Türkiyə prezidentlərinin Trabzonda bir araya gəlməsi,
1999-cu il noyabrın 18-də ATƏT-in zirvə
toplantısında onların yenidən görüşərək
saziş bağlanması, elə həmin gün əlavə olaraq
Qazaxıstan və Türkmənistan neftini də BTC ilə daşımaq üçün ABŞ-ın da
iştirakı ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan
rəsmiləri arasında İstanbul bəyannaməsinin
imzalanması dediklərimizə sübutdur.
Üstəlik, BTC layihəsinin ortaqları, başda
«bp» olmaqla, dünya iqtisadiyyatına və maliyyə
sektoruna nəzarət edəcək
qüvvəyə malik 10 ən iri şirkətinin də Azərbaycana investisiya qoyması, de-fakto
dövlətimizin gələcəyinə təminat demək idi.
Azərbaycan eyni zamanda, neftlə birlikdə
təbii qaz istehsalı və
ixracını hədəf götürən siyasət yürüdür. Məlumat üçün deyək ki,
Bakı-Supsa neft kəmərinin tikintisindən
sonra Azərbaycan qazını Türkiyəyə
daşımaq üçün rəsmi
adı Cənubi Qafqaz Boru
Xətti olan, amma daha çox
“Bakı-Tiflis-Ərzurum” qaz xətti kimi tanınan layihənin icrasına start verilib. Xəttin
tikintisinə 2004-cü ildə başlanılıb və
2006-cı ilin sonunda başa çatdırılıb. İllik gücü 30 milyard kubmetr olan kəmərlə ilkin
etapda 7,7 milyard kubmetr qaz ixrac
olunmaqdadır. Türkiyə 15 il ərzində
həmin kəmərlə Azərbaycandan 91 milyard
kubmetr qaz
almalıdır. Təbii ki, gələcəkdə
Azərbaycandan qaz ixracının həcminin
artırılması qardaş ölkənin
Rusiyadan asılılığını xeyli azaldacaq.
Bir ara «Nabucco»
layihəsi ortaya atılmışdı, amma uzun illər gündəmdə
qalmasına baxmayaraq, reallaşmadı. Buna baxmayaraq, həmin layihəni
dəstəkləməklə Azərbaycan mənbə, eləcə
də tranzit ölkə olaraq
daha böyük
güzəştlər əldə etmək məqsədilə
mövqeyini xeyli gücləndirə bilmişdi.
2010-cu ildə
Bükreşdə qəbul edilən AGRİ layihəsi də böyük uğurlardandır. Bu layihə əsasında Azərbaycan
qazının Gürcüstandan keçməklə,
sıxılmış formada tankerlərlə
Qara dəniz vasitəsilə Rumıniyaya
çatdırılması nəzərdə tutulur.
Yeri gəlmişkən, həmin kəmərlə
mövcud imkanlar
daxilində 2 milyard kubmetr,
gələcəkdə tranzit hesabına 8
milyard kubmetr qaz ixracı nəzərdə tutulur.
2012-ci il
iyunun 27-də prezident
İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında “Trans
Anadolu” Təbii Qaz Boru Xəttinin – TANAP-ın tikintisinə dair saziş imzalanıb.
Müqaviləyə əsasən, "Şahdəniz"dən
çıxarılan qazın ildə 16 milyard
kubmetri məhz həmin kəmərlə
Türkiyəyə axıdılacaq. Həmin rəqəmin 6 milyard kubmetri Türkiyəyə,
qalan 10 milyard kubmetri isə Avropa ölkələrinə
ixrac olunacaq. Göründüyü kimi, ilkin tikinti işləri 2018-ci ildə tamamlanaraq ildə 16 milyard
kubmetr qaz ötürəcək
və 2026-cı ildə tam gücü ilə çalışaraq illik nəqletmə qüvvəsi 31 milyard kubmetrə çatacaq,
gələcəkdə TAP layihəsinin icrası nəticəsində
(bu layihənin icrasına dair
saziş 2013-cü il iyunun
28-də Bakıda – Four Seasons
otelində ARDNŞ-lə «bp» arasında
imzalanıb – V.T.) Balkanlardan keçərək
İtaliya ərazisinədək uzanacaq kəmər Azərbaycanın, eləcə
də bölgəmizin siyasi sabitliyinə
töhfə vermiş olacaq.
Yeri gəlmişkən,
bu kəmərin istifadəyə verilməsi
qardaş Türkiyənin də Rusiya qazından
asılılığını təxminən 12-15 faiz azaltmalıdır. Üstəlik, TAP layihəsi
təkcə Azərbaycanla qardaş
Türkiyəni deyil, eləcə də
araları xeyli sərin olan
Türkiyə ilə Yunanıstanı da
rəmzi olaraq birləşdirəcək.
Xatırladaq ki, TAP-ın start nöqtəsi
Yunanıstanın Soloniki şəhəridir
və bu kəmər vasitəsilə gələcəkdə
Yunanıstan, Albaniya və İtaliyadan
başqa Bolqarıstan, Sloveniya,
Bosniya və Hersoqovina,
Xorvatiya, Monteneqro, hətta
Makedoniyanın da qaz almaq imkanları olacaq. Bu yerdə bir faktı da xatırladaq ki,
TAP-ın qaz daşıma gücü
maksimum ildə 60 milyard
kubmetrdir. Hansı ki, ilk etapda ildə 10 milyard, daha sonra
isə 21 milyard kubmetr
qaz nəqli planlaşdırılır.
Bu
layihənin siyasi önəmini qeyd edən beynəlxalq müşahidəçilərin
qənaətincə, TAP başda Azərbaycan
olmaqla, bütün tranzit ölkələrin milli
maraqlarına xidmət etsə də, Rusiyanın «Cənubi
axın» layihəsinə alternativ
olmasına baxmayaraq, qətiyyən Moskvanı
ziyana salmır. Bu yerdə
xatırladaq ki, Rusiya ilk başdan «Nabucco»ya qarşı
çıxır, bu layihənin məhz siyasi məqsədə xidmət etdiyini bildirirdi. Amma TAP-ın ortaya
çıxdığı ilk gündən
Moskva bir dəfə də
olsun etiraz bildirməyib.
Əksinə, Rusiya bu
layihəyə qarşı bitərəf mövqe
sərgiləməkdədir. Hansı ki,
TAP Bolqarıstanı «Qazprom»dan asılılığına son verəcək. Ona
görə də Avropa Birliyi
sevincini gizlətmir və Rusiyadan
enerji asılılığı azaltmaq üçün yeni layihələrin
axtarışındadır.
Yeri gəlmişkən, Azərbaycan da TAP layihəsindən məmnundur. Ona görə
ki, tikiləcək bu
kəmər nəzərdə tutulan «Nabucco»dan 450 kilometr qısa olacaq və
təbii ki, xərcləri də azdır.
Əsas odur ki, Azərbaycan
bu kəmər vasitəsilə öz təbii qazını birbaşa
Avropaya nəql edə biləcək və
bununla da Rusiyaya bazar
bağlılığından qurtulacaq.
Beləliklə, həm Avropanın enerji təhlükəsizliyi
müəyyən mənada təmin olunacaq,
həm də Azərbaycan Rusiya ilə
münasibətləri korlamamaq şərti
ilə öz milli
maraqlarını qoruyacaq. Yəni TAP layihəsi
rəsmi Bakı üçün iqtisadi mənfəətlə yanaşı, həm
də diplomatik uğurdur.
Əslində, bu cür milli
maraqlarını qoruyan ölkələr çoxdur. Bir neçə
misal göstərək: bir
müddət əvvəl Birləşmiş Ştatlar
istədi ki, qonşu Meksikadan ucuz qiymətə
neft alsın və boru
kəməri vasitəsilə idxal etsin. Amma Meksika
qəti razılaşmadı və öz milli maraqlarından irəli gələn şərtlərini
ortaya qoydu. Sonda udan da
elə Meksika hökuməti oldu. Yaxud da
Braziliyanı götürək. Bu ölkədə fəaliyyət göstərən
və dünyanın ən nəhəng əlvan metal istehsalçısı sayılan, ABŞ-a məxsus «Anakonda»
şirkəti Braziliyanın təbii sərvətlərini istədiyi
qiymətə alıb, daşıyırdı. Nəticədə
Braziliya hökuməti həmin şirkəti
milliləşdirməklə sərvətlərinin talan olunmasının qarşısını
aldı və bu gün
Braziliya dünyanın 10 ən iri dövlətindən biri
sayılır. Yaxud da
Çindən sitat gətirək: Nəhəng
istehsal qüvvəsi ilə dünya iqtisadiyyatını istiqamətləndirmək
gücünə malik Çinin
ən zəif yeri enerji
təhlükəsizliyini hələ də təmin edə bilməməsidir.
Bunun üçün Pekin
qısa müddətdə neft və qaz nəqli ilə bağlı müxtəlif
layihələr icra etməyə
başladı. Rusiyadan, Qazaxıstandan,
Türkmənistandan yanacaq nəql edən
layihələri varkən, Çin
hazırda İran qazını da boru kəməri vasitəsilə
idxal etməkdə israrlıdır. Əlbəttə, bu Çinin qlobal
marağından irəli gəlir, amma Qərbin
də öz mənafeyi var
axı. Onlar Çin-İran
sövdələşməsinə əngəl olmaq üçün İranla Pakistanın sərhədində yerləşən
və adıçəkilən iki
dövlət tərəfindən bölünən Bəlucistanda
milli zəmində toqquşmalar
səhnələşdirdilər. Bununla da
ismarış verildi ki,
bu ərazidən qaz kəmərinin
tikilməsi risklidir və ümumiyyətlə,
mümkünsüzdür. Əlavə edək
ki, Əfqanıstanda da
qeyri-sabitlik hökm
sürdüyündən, bu ölkənin
ərazisi də belə bir tranzit daşımaya uyğun
deyil. Yeri gəlmişkən,
xatırladaq ki, Çin
İrandan alacağı qazı Pakistan ərazisindən boru
xətti vasitəsilə tranzit etmək
istəyirdi…
Vüsal Tağıbəyli
Yazı Azərbaycan Mətbuat Şurasının «Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusundakı müsabiqəsinə təqdim edilir
Həftə
içi.- 2014.- 22 aprel.- S.4.