“Naxçıvan şəhəri üzrə 1800-ə

yaxın DTK agenti aşkar etdik”

 

O, milli təhlükəsizlik naziri vəzifəsindən imtina edib. Və iki il sonra həbs edilərək 8 il zindan həyatı yaşayıb. Son prezident seçkiləri öncəsi Milli Şuranın mitinqlərinin təşkili üçün əlindən gələni etsə də, ən həlledici məqamda gözlənilmədən bu qurumdan istefa verib. Yadınızdadırsa, son Həmrəylik Günü ərəfəsində 1989-cu ilin payızında Naxçıvanda məşhur Sərhəd Həratındakı önəmli rolu barədə onunla ətraflı söhbətləşmişdik.

 

Yenicə meydana atılmış “Xalq arzusu” hərəkatının lideri, milli azadlıq hərəkatının fəallarından biri, AXCP sədrinin sabiq müavini Asəf Quliyevlə söhbətdə keçmişimiz-bu günümüzlə bağlı bir sıra ilginc faktlar açıqlandı...

 

- Naxçıvanın Babək bölgəsinin Uzunoba kəndinin çəmənliklərində oynayan balaca Asəfin ürəyindən nə olmaq arzusu keçirdi və həmin arzusuna çatdımı?

- Yox... Orta məktəbdə oxuyanda tarixə böyük marağım olsa da, o dövrdə Azərbaycan tarixi, demək olar ki, keçirilmirdi. Ancaq 8-9-cu siniflərdən içimdə bir Güney Azərbaycan sevdası baş qaldırdı. Bunun da özəl tarixçəsi var. Şahbuzun Keçilli kəndində yaşamış dayımgil 1932-ci ilədək sovet hökumətinə qarşı mübarizə aparıblar. 1932-ci ildə isə oradan Arazın o tayına böyük bir köç olub. 8-ci sinifdə oxuyanda bir dəfə anamın radionu dinləyərək ağladığını gördüm. Səbəbini soruşdum. Əvvəlcə demədi. Sonra dedi ki, radioda oxuyan sənin dayındı. Oxuyan təbrizli aşiq Yədulla imiş. Dayımın da adı Yədulla olduğundan anam elə bilib ki, o aşıq dayımdı. Amma az sonra Şahbuzdakı qohumlardan öyrəndim ki, dayım həqiqətən sağdır və Cənubi Azərbaycanda yaşayır. Onda uşaq duyğularımla hiss etdim ki, bizi bölüblər; yarımız Arazın bu tayında, yarımız o tayında qalmışıq. O zaman istər-istəməz qəlbimdə SSRİ-yə qarşı bir nifrət, Cənuba qarşı isə məhəbbət oyandı. Həmin vaxt Bakıda oxuyan qardaşımın gətirdiyi rəhmətlik Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması bu Cənub eşqini daha da alovlandırdı. Bütün bu duyğu və düşüncələr 70-ci illərin sonunda məni Naxçıvanda gizli “Azadlıq” təşkilatına gətirib çıxardı və rəhmətlik Asif Kələntərli, Arif Rəhimov, Kazım Teymurlu, İbrahim İbrahimli və b. ilə birgə aktiv fəaliyyətə başladım.

- Asəf bəy, yəqin “Azadlıq” təşkilatı da “KQB”nin toruna düşüb, təzyiqlərə məruz qalıb?

- İşlər tam məxfi, həddən artıq gizli gedirdi. “Üçlük” sistemində işləyirdik. Mən əlaqələr və konspirasiya üzrə işləri idarə edirdim. DTK-nın əlində əsas ola biləcək hansısa bir iz qoymurduq. Amma bəzi üzvlərimizə, məsələn, Asif Kələntərliyə, İbrahim İbrahimliyə müxtəlif təzyiqlər olmuşdu. Bir dəfə Naxçıvan Tarix Muzeyində işləyəndə üç gün ərzində DTK əməkdaşları bütün işçiləri dindirərək əleyhimə nəsə ifadə almağa çalışmışdılar. Amma onlar hamısı haqqımda yalnız müsbət fikirlər söyləmişdi...

- 1986-cı ildə Naxçıvan Tarix Muzeyində işləyərkən yaratdığınız “Yurd” birliyi ilə deyəsən, həm də 1988-ci ilin noyabrında Bakıdakı Meydan hərəkatından sonra daha çox parlayan eyniadlı birliyin bünövrəsini qoymusuz?

- O vaxt Naxçıvanda və ümumiyyətlə, Azərbaycanda öz tərəfdarlarımızın sayını artırmaq, Azərbaycan tarixini, ədəbiyyatını qanuni şəkildə təbliğ etmək üçün bir təşkilat qurmaq fikrində idik. Bu minvalla 1984-cü ildə “Məktəbli gənclərin axtarış ekspedisiyası” adı altında bir qurum yaratmağı təklif etdim. Biz o vaxtkı mədəniyyət naziri Fəttah Heydərovla da bu barədə danışdıq. O da razılaşdı. Beləliklə, həmin qurumu yaratdıq. Tarixi əşyaları toplamaq, Azərbaycan tarixinin təbliği, tarixi abidələrin qorunması və s. ilə məşğul idik. Təxminən iki ilə yaxın bu ad altında çalışdıq. Uğurlu nəticələr oldu. Biz əsas gücümüzü orta məktəblərə yönəltmişdik.

- Yəqin bacarıqlı, istedadlı şagirdləri siyasi mübarizə üçün yetişdirirdiniz?

- Elədir. Şagirdlər arasından istedadlı uşaqları, xüsusən ədəbiyyata, şeirə həvəsi olanları seçib onlarda milli duyğuları inkişaf etdirməyə çalışırdıq. Məsələn, Fazil Mustafa (hazırkı deputat), Heydər Oğuz (hazırda Ədalət Partiyası mətbuat xidmətinin rəhbəri) məhz orta məktəbdən şeir demək istedadları ilə seçilən uşaqlardan idilər, onların üzərində işləyib yönləndirirdik. Və o illərdə yuxarı sinif şagirdləri olan Fazil Mustafa da, Heydər Oğuz da artıq siyasi cəhətdən tam hazırlanmışdılar...

1985-ci ildən Qorbaçovun yenidənqurma ideyalarını ortaya atmasının verdiyi fürsət bizə şərait yaratdı ki, həmin “axtarış ekspedisiyası”nın bazasında daha geniş istiqamətlərə yönəlmiş “Yurd” birliyi yaradaq. Və 1986-cı ilin yanvarında bu birliyi rəsmi olaraq qeydiyyatdan keçirdik. Muzeyin yaxınlığındakı bir yararsız sahəni öz gücümüzlə təmizləyib, 40-50 nəfərlik bir zal tikdik. Orada tariximizlə, ölkədəki siyasi proseslərlə bağlı görüşlər keçirməyə başladıq...

- “Yurd” birliyinin formalaşmasında tanınmış ziyalılar sizə dəstək verirdimi?

- Bəli. Naxçıvanın tanınmış ziyalıları da bizim tədbirlərdə iştirak edirdilər. Bakıdan da görkəmli ziyalıları, o cümlədən, rəhmətlik Elçibəy və Xəlil Rza Ulutürkü də görüşlərə dəvət edir, siyasi müzakirələr aparırdıq. Təxminən 6 aya yaxın bu cür fəaliyyət göstərdik. Sonradan partiya və DTK rəhbərliyinin təzyiqlərinə rəğmən bizYurdbirliyini qoruya bildik. 1986-cı ilin sonunda “Yurd” kooperativi də yaratdıq. Orada gördüyümüz ilk işlərdən biri üzərində üçrəngli bayrağımızın təsviri olan lövhələrin istehsalı idi. Birini 10 manatdan satırdıq. Və ilk olaraq həmin bayraq-lövhəni Sərdar Cəlaloğlu almışdı...

Təbii ki, Fazil Mustafa və digərlərininNaxçıvandakı “Yurdbirliyində iştirakı sonradan Bakıda da eyniadlı birliyin formalaşıb, fəal şəkildə hərəkata qoşulmasının səbəblərindən biridir. O zaman mən Naxçıvanda olsam da, Fazillə mütəmadi əlaqə saxlayır, müəyyən məsələləri koordinasiya edirdik...

- Mərhum Əbülfəz Elçibəylə ilk dəfə nə vaxt, kimin vasitəsilə tanış oldunuz?

- Elçibəylə ilk dəfə 1980-ci ildə Bakıda rəhmətlik professor Mirəli Seyidovun vasitəsilə tanış oldum. Şahbuz bölgəsində daş üzərindəki yazılar tədqiq edilməmiş abidələrdən idi. Bununla əlaqədar Mirəli müəllimlə görüşdüm. O, məni evinə dəvət etdi. Tarixi və siyasi mövzularda xeyli söhbət etdik. Millətimizin taleyi ilə bağlı fikirlərimi dinləyən Mirəli müəllim dedi ki, səni bir maraqlı adamla tanış edəcəm. Axşamçağı birgə dəniz kənarında rəhmətlik Elçibəylə görüşdük və orada onunla yaxından tanış oldum. Təşkilatın işləri ilə əlaqədar bəzi tövsiyələr verdi, anlamadığımız məsələləri başa saldı. O vaxtdan da biz mütəmadi əlaqə saxlamağa başladıq. 1984-cü ildə Asif Kələntərli, İbrahim İbrahimli ilə birgə Kələkidə Elçibəylə 3-4 saat ətraflı müzakirələr apardıq...

- Mərhum eks-prezident Heydər Əliyev 1991-1992-ci illərdə Naxçıvan Ali Sovetinin sədri olarkən sizə milli təhlükəsizlik naziri olmağı təklif etmişdi, sizsə imtina etmişdiniz. Bəlkə həmin vəzifəyə getsəydiniz, Vətənə daha çox faydanız olardı?

- Yox... Bunun faydası ola bilməzdi. Çünki Heydər Əliyevlə aramızda hələ 1991-ci ildə Türkiyədən pulla silah gətirilməsi məsələsi ilə bağlı münaqişə olmuşdu. Həm də mən Naxçıvan DTK əməkdaşlarının səviyyələrinə, peşəkarlığına bələd idim. Odur ki, açığı, o sahədə təcrübəsi olmayan bir adam kimi onlara rəhbərlik etməyi özümə rəva bilmədim. Bu barədə özlərinə də dedim. DTK zabitləri dedilər ki, narahat olma, biz sənə kömək edərik. Amma razı olmadım. Heydər Əliyev də dəfələrlə təkid etdi, imtina etdim. Düşünmürəm ki, təhlükəsizlik naziri işləməyimin nəsə faydası ola bilərdi.

- 1992-ci ildə AXC hakimiyyətə gələn günlərdə Naxçıvanda keçmiş DTK arxivlərinə girib agentlərin sənədlərinə baxmışdınız. Və orada Naxçıvanın bir sıra tanınmış adamlarının adını görmüşdünüz. Hətta hazırda xalqa vəkillik edən üç MM üzvünün də adına rast gəlmişdiniz. Ancaq onların adını açıqlamaqdan imtina edirsiz. Bu, cinayəti bilib gizlətmək anlamına gəlmir ki?

- Yox, bu, tamam başqa məsələdir. Sovet dövründə hətta ən tanınmış ziyalılar belə, hökumət orqanları ilə əməkdaşlıq etməyəcəyi halda vəzifələrini itirə bilərdilər... Bəli, biz arxivləri açan zaman yalnız Naxçıvan şəhəri üzrə 1800-ə yaxın DTK agenti aşkar etdik ki, onlar, “KQB” təbirincə desək, “doverennoye litso”, yəni tam etibar qazanmış şəxslər idi. DTK belələrinin verdiyi məlumatları heç yoxlamırdı.

Onların arasında kifayət qədər tanınmış ziyalılar, nazirlər, müəssisə rəhbərləri və s. var idi...

- Amma yenə də keçmiş “KQB” agenti olmuş deputatların adlarını çəkmirsiz?

- Hələ 1993-cü ildə AXC hakimiyyətdə olduğu dövrdə öz silahdaşlarımız arasında “KQB”yə qulluq etmiş bir nəfərin adını çəkdim. Amma AXC rəhbərliyi özü məni ittiham etdi ki, belələrinin adını açıqlamaq düzgün deyil, onların ailəsi, övladları var. Tutaq ki, mən bir neçə nəfərin adını açıqladım, bunun faydası olmayacaq. Bunları dövlət özü açıqlamalıdır. Belələri dövlət vəzifələrindən kənarlaşdırılmalı və siyasi fəaliyyətlərinə məhdudiyyət qoyulmalıdır.

- Həmin sənədlərin bəzilərinin surətlərini özünüzdə saxlamamısız ki?

- Yox, qanunla surətləri götürmək olmazdı. Mən də qanunu pozmadım.

- 8 il həbsxanada oldunuz. Bu müddətdə keçmiş silahdaşlarınızdan, hərəkat və müxalifət liderlərindən kimlər ziyarətinizə gəlirdi?

- Ayrı-ayrı şəxslər gəlirdilər. Amma Elçibəy rəhmətə gedənədək...

- Konkret hansı liderin adını çəkə bilərsiz?

- Məhkəmə vaxtı - 1994-1995-ci illərdə gəlirdilər. Zindanda isə tanınmış liderlərdən yalnız rəhmətlik Nəcəf Nəcəfov vəfat etməmişdən bir həftə öncə məni ziyarət etmişdi. Sanki ürəyinə danmışdı. Dedi ki, gəldim, sonuncu dəfə səni ziyarət edim. Xeyli söhbət etdik. Böyük və gözəl insan idi. Allah rəhmət eləsin...

- Necə oldu ki, həbsdən çıxandan bir müddət sonra məhz Əli Kərimlinin cəbhəsinə qoşuldunuz?

- 2002-ci ildə həbsxanadan çıxdım ki, Naxçıvanda cəbhənin “klassik” qanadının adamları var, sədr təyin olunub. Təxminən 6 ay siyasi proseslərə qoşulmadım. Ümumiyyətlə, cəbhənin parçalanmasının əleyhinə idim. Bu barədə o dövrkü çıxışlarımda da demişəm. Amma bir mövqe seçməli idim. 2005-ci ilədək KXCP-də oldum, 2005-ci ildən isə AXCP-yə keçdim.

- Sizin “siyasi labirint”dəki yolunuzun ən qaranlıq döngələrindən biri də 2013-cü il prezident seçkilərinə çox az qalmış gözlənilmədən AXCP-dən və Milli Şuradan istefa verməyinizdi... Sizə qarşı bir nəfərin yox, neçə-neçə üzdə olan siyasət adamının ittihamları istər-istəməz şübhə doğurur. Məsələn, Rauf Arifoğlu deyir ki, Asəf Quliyevin istefasının açıqlaya bilmədiyi özəl səbəbi onu kimlərinsə əlində oyuncağa çevirib...

- O vaxt mən cavab verdim ki, kiminsə nəsə arqumenti varsa, qoysun ortaya. Cəmiyyətdə acınacaqlı bir tendensiya yaranıb. İqtidar, ya müxalifət öz ətrafından gedəni satqın, düşmən elan edir... Mən hələ prezident seçkisi günündə öz tənqidi fikirlərimi ortalığa qoymuşdum. Əslində elə həmin gün Milli Şuradan istefa verməli idim. Sadəcə, səhv elədim, yenə qaldım...

- Maraqlıdır ki, müxalifətə, AXCP-yə hazırda heç bir aidiyyəti olmayan, hətta həmin qüvvələrlə ziddiyyətdə olan və müstəqil politoloq hesab edilən Zərdüşt Əlizadə də sizə qarşı ittiham irəli sürdü: guya iqtidar sizə rüşvət verib...

- Mənimlə yaxın olanlar maddi vəziyyətimi də bilir. Kiminsə nə deməyi məni maraqlandırmır. Mənim öz düşüncəm, öz məqsədim var. Və bu düşüncələrlə də öz məqsədimə doğru gedirəm...

- Sizi Rəsul Quliyevlə də bağlayanlar oldu. Onunla tanışlığınız varmı?

- Xeyr. Şəxsi görüşümüz olmayıb. Ancaq 2005-ci ildə parlament seçkiləri öncəki siyasi proseslərlə bağlı Rəsul Quliyevlə telefon danışığımız olub. Bir də 2013-cü il prezident seçkilərindən əvvəlki mitinqlər zamanı o, Sülhəddin Əkbərlə telefonla danışarkən mənimlə də bir neçə dəqiqəlik fikir mübadiləsi aparıb...

- “Elçibəy yolunu davam etdirə bilmədik”, - deyən “Xalq arzusu” hərəkatının lideri Asəf Quliyev xalqı öz arzusuna necə çatdırmağı düşünür?

- Mən təkbaşına nəyəsə söz verə bilmərəm. Bunu paytaxt və bölgələrdəki görüşlərimdə də deyirəm. Hər hansı bir məqsədə çatmaq üçün güclü ideya və komanda lazımdır. Açığı, heç bir maliyyəmiz də yoxdur. Yalnız üzvlərin topladığı 5-10 manat vəsait hesabına çalışırıq. Həm də cəmiyyətin özü mübarizə yolunu seçməlidir. Əgər cəmiyyət haqsızlığa qarşı mübarizə aparmayacaqsa, mən olmayım, başqası olsun, heç nə edə bilməyəcək. Bu mənada istəyim odur ki, monoloq deyil, dialoq tipli bir təşkilat yaransın. Hamı orada özünü sərbəst hiss edib fikirlərini söyləyə bilsin... Cəmiyyətdə qəribə fikir var ki, kimsə düşsün qabağa və hər şeyi həll etsin.

 

Sultan Laçın

 

Həftə içi.- 2014.-  22 aprel.- S.3.