Qadınlar dövlətimizin,
dövlətçiliyimizin,
müstəqilliyimizin, bu günümüzün,
gələcəyimizin dayağıdır
Yaradılışdan kişi ilə bərabər hüquqlar qazanan qadının bugünkü cəmiyyətdə rolu xeyli artıb. Amma bu bir həqiqətdir ki, bütün dövrlərdə qadına münasibət məsələsi heç də həmişə birmənalı olmayıb. Zaman-zaman qadınların hüquqları tapdalanaraq, onların cəmiyyətə inteqrasiyasına müxtəlif əngəllər yaradılıb.
Tarixə
nəzər salsaq görərik ki, XX əsrin 60-cı illərinin
sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan məhrum dövlət xadimi Heydər Əliyev qadın
azadlığına, qadınların bütün
sahələrdə irəli çəkilməsinə xüsusi diqqət verib. Hələ o zamanlar Heydər
Əliyev ali məktəb və texnikumlarda təhsil alan
qadınların sayının artırılmasına və onların
elmlə məşğul olmasının
stimullaşdırılmasına diqqət verməyi vacib məsələ kimi
qarşıya qoyurdu. Məhz Heydər
Əliyevin uğurlu fəaliyyəti sayəsində
və onun siyasi xətti
nəticəsində Azərbaycanda qadınlar həmişə
özlərini sözün həqiqi mənasında
cəmiyyətin bərabərhüquqlu üzvü
hiss ediblər.
Bu mənada artıq «Hər bir kişinin arxasında güclü qadın dayanır” fikri də müasir zəmanənin
tələblərində özünü
doğrultmur. Çünki
indi qadınlar kişinin
arxasında deyil, onunla
birgə addımlayırlar. Kişilərlə yanaşı
qadınlar da idarəetmədə birgə
fəaliyyət göstərir, yüksək vəzifələr
tuturlar. Elə rəqəmlərə
baxsaq görərik ki,
qadınlar vəzifə bölgüsündə heç də kişilərdən geri qalmırlar. Əvvəllər zərif cinsin cəmiyyətdə əldə etdiyi nailiyyətlər həkim və müəllim
peşəsinə yiyələnməklə məhdudlaşırdısa,
zaman keçdikcə müxtəlif peşə sahələri üzrə
qadınların cəmiyyətdəki rolu
artmağa başladı. İndi
qadınlarımız təkcə həkim, müəllim kimi deyil, həm də millət
vəkili, nazir müavini,
Milli Məclisin spikeri,
icra hakimiyyəti
başçısının müavini kimi öz sözlərini
deyirlər.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə,
hazırda Azərbaycanda elmi işçilərin
51,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat
və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi
olan qadınların sayı 1,8 dəfə,
fəlsəfə elmləri doktoru dərəcəsi
olan qadınların sayı isə 1,6 dəfə
artıb. Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvlərindən
11-i, akademiklərdən 3-ü qadındır. Dövlət qulluğunda çalışanlar arasında
qadınların xüsusi çəkisi
28 faiz, sahibkarlar
arasında isə 17 faizdir. Bədən tərbiyəsi
və idmanla məşğul olanların
39,7 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin
sayı da artır. Əgər 1990-cı
ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini
qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində
qadınların xüsusi çəkisi
16 faizə çatıb.
Bələdiyyə
üzvü seçilmiş
qadınların sayı əvvəlki seçkilərə
nisbətən son bələdiyyə
seçkilərində 5 dəfə artaraq
4194 nəfərə çatıb və bələdiyyə
üzvləri arasında onların xüsusi
çəkisi 26,1 faiz olub.
Əvvəlki bələdiyyə seçkilərində bu göstərici
4 faiz təşkil edib.
Bundan başqa, Azərbaycanda parlament sədrinin 3 müavinindən 1-i, Auditorlar Palatasının 3 sədr müavinindən
1-i, 1 dövlət komitəsinin sədri, 1 dövlət
komissiyasının sədri, 3 nazir müavini, İnsan
Hüquqları üzrə müvəkkil, Naxçıvan MR
Nazirlər Kabinetinin sədr müavini, Konstitusiya Məhkəməsinin sədr müavini qadındır.
Mövzu ilə bağlı fikirlərini
bölüşən millət vəkili Məlahət
İbrahimqızı deyir ki,
Azərbaycan cəmiyyətində qadınlara geniş
iştirakçılıq hüququnu mərhum
prezident Heydər Əliyev verib.
Onun sözlərinə görə, məhz
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ölkəmizdə
qadınlara münasibət tamamilə dəyişib:
«Qeyd
etmək yerinə düşər ki, mərhum
Heydər Əliyevin müəllifliyi ilə qəbul olunan Azərbaycan Respublikası
Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu
olması təsdiq edilib. Bununla
demokratik cəmiyyət quruculuğunda
qadınların iştirakının hüquqi
bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi
həyatımızın bütün
sferalarında gender siyasətinin güclənməsinə
gətirib çıxarıb.
Bundan başqa 1995-ci ilin iyununda Azərbaycan
Birləşmiş Millətlər Təşkilatının
“Qadınlara münasibətdə bütün
ayrı-seçkilik formalarının ləğv olunması
haqqında” Konvensiyasına qoşuldu. Azərbaycanda
mərhum prezident Heydər Əliyevin
imzası ilə Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin təsis
edilməsi isə görülən işlərin zirvə
nöqtəsi sayıla bilər».
Millət vəkili həmçinin
vurğulayıb ki, “Azərbaycan
Respublikasında dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında” fərman da
Heydər Əliyevin adı ilə bağlıdır:
«Təqdirəlayiq
haldır ki, həmin sənəd 2001-ci
ildə bütün dünya
dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd
kimi qəbul olunub.Bütün
bunlar onu göstərir
ki, Azərbaycanda qadın problemləri daim dövlət qayğısındadır və gender
proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.
Azərbaycan bu sahədə problemlərin
həllinin tərəfdarıdır. Təbii ki,
Heydər Əliyevin qadınlarla bağlı yürütdüyü
siyasət hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində isə
qadınlarımız dünya səviyyəsində
öz sözünü
deyirlər».
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban
Zeynalova isə düşünür
ki, Azərbaycan cəmiyyətində
qadınlara münasibətdə hələ də müəyyən
problemlər mövcuddur:
«Bəziləri bunu şərqli olmağımızla əlaqələndirirlər.
Lakin bunu yalnız Azərbaycan, yaxud
da Şərq problemi kimi qabartmaq düz deyil. Çünki bu məsələ
qlobal xarakterli məsələdir
və təsadüfi deyil ki,
hələ ötən əsrin 70-ci illərindən BMT gender tədqiqatlarına xüsusi
diqqət ayırır. Bu qurumun təşəbbüsü
ilə 1975-ci ilin dünya
səviyyəsində Beynəlxalq qadın ili
kimi qeyd edilməsi də
bu fikri bir daha təsdiqləyir.Azərbaycan
Konstitusiyasında isə qadınların kişilərlə bərabər
hüquqlu olması təsdiq edilib və demokratik
dövlət quruculuğu prosesində
onların fəal iştirakının hüquqi
bazası yaradıb. Eyni zamanda, Konstitusiyanın 25-ci maddəsində
deyilir ki, kişi ilə qadının eyni
hüquqları və azadlıqları var.
İrqindən, milliyyətindən, dinindən, dilindən,
cinsindən, mənşəyindən, əmlak vəziyyətindən,
qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq,
hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə dövlət təminat
verir. Konstitusiyanın 55-ci maddəsində
göstərilir ki, Azərbaycan vətəndaşlarının,
eləcə də qadınların dövlət orqanlarına
seçmək və seçilmək hüququ,
eləcə də referendumda iştirak etmək hüququ
var».
Ekspert bildirir ki, Azərbaycan qadınlarının yüksək
vəzifələrə irəliləyə bilməməsinin
səbəbi milli mentalitetimizdir.
Onun sözlərinə görə, bu məsələdə kişilər də
qadınlara müəyyən maneələr yaradır:
«Açığını
desək, vəzifəli, bir sözlə, güclü qadınları kişilər sevmir. Bax, bu
düşüncə də bizim
qadınlarımızı hər zaman
kişilərdən asılı edir. Biz hər hansı bir
qadını nazir vəzifəsinə
namizəd kimi irəli sürməkdə aciz deyilik. Azərbaycanı
beynəlxalq dünyada təmsil edən,
ölkəmizdə baş verən bütün proseslərlə yaxından maraqlanan qadınlarımız kifayət qədərdir.
Sadəcə, kişi həmrəyliyi və
qadınların irəli getməsinə onların birmənalı
baxmaması qadınlarımıza mane olur. Əslində qanunvericilik
hər bir qadına istənilən vəzifəyə
keçmək üçün imkan yaradır. Amma
kişilərin müqaviməti imkan vermir ki, qadınlar irəli
getsin. Bizim qadınlar
da kişilərin rəyi ilə daha çox
razılaşdığı üçün
özlərini qiymətləndirməyi bacarmır. Bizim ən böyük problemimiz budur".
Mehriban Zeynalova onu da qeyd
edir ki, nazirliklərdə,
icra hakimiyyətlərində, xüsusən
də güc strukturlarında yüksək
vəzifə tutan, yəni nazir
postuna namizəd ola
biləcək qadınların sayı çox
azdır: «Bir çox
qadınlar yüksək vəzifələrdə təmsil olunmaqdan qorxur. Çünki Azərbaycan kişilərinin əksəriyyəti
qadınların yüksək vəzifədə
çalışmasına yaxşı baxmır. Hələ bir qadın güc strukturunda çalışırsa, bu, Azərbaycan kişisi üçün faciə deməkdir.
Qadınlar da hər zaman
sıxılır ki, ataları buraxmaz, qardaşları icazə verməz.
Əslində bizim qadınlar bu cür stereotipləri
qıra bilsələr, daha çox sayda yüksək
vəzifələrdə təmsil oluna bilərlər».
Sevinc Osmanova
Bu yazı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda elan etdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Həftə
içi.- 2014.- 23 aprel.- S.7.