Tibbi sığorta: səhiyyəmizin immun
çatışmazlığı
İşləyə bilən hər kəsə iş yeri tələbi 15 il əvvəl qəbul olunmuş qanunun icrasını yubadan əsas səbəblərdəndir
Bakı şəhər sakini
Tofiq Əliyevin hələ iki il əvvəl dövlət
xəstəxanalarından birinə qarşı
qaldırdığı məhkəmə iddiası şikayətçinin
uduzması ilə nəticələnib.
Daha doğrusu, uzun fasilələrlə
hüquqi müstəvidə davam edən bu çəkişmənin
sonunda məhkəmə iddiaçı Tofiq Əliyevin
şikayətinin əsaslı olmadığına dair qərar
çıxarıb. Çünki o, 2012-ci ildə böyrək xəstəliyindən
vəfat edən atasının iddia etdiyi kimi, həkimlərin
səhlənkarlığı üzündən
dünyasını dəyişdiyinə dair
kifayət qədər sübutlar təqdim
edə bilməyib. Halbuki Tofiqin
dediyinə görə, 2012-ci ildə mərhum atası Bəhram
Əliyevin öd kisəsindəki daş əməliyyat yolu
ilə çıxarılıb. Əməliyyatdan az sonra xəstənin vəziyyəti
yenidən ağırlaşıb və o,
təkrar xəstəxanaya gətirilib. Lakin
həkimlər xəstənin sağlıq durumunda
təhlükəli bir şey
olmadığını əsas gətirərək onu xəstəxanaya qəbul etməyib. Ertəsi
gün isə xəstə
dünyasını dəyişib. Bundan bir neçə ay sonra Tofiq Əliyev mərhum
atasını əməliyyat edən və onun
ölümündə günahkar bildiyi həkimi məhkəməyə versə
də, şikayəti təmin edilməyib.
Həkimin xəstəyə
düzgün diaqnoz
qoymaması, müalicə və ya əməliyyatı
düzgün aparmaması, həkim məsuliyyətsizliyi
kimi amillər bütövlükdə
ölkədə tibb sahəsinə ictimai inamın azalmasına səbəb olur. Bu isə icbari tibbi sığorta sisteminin Azərbaycanda tətbiqi məsələsini
yenidən aktuallaşdırır. Son bir ayda əhalinin kütləvi
şəkildə tibbi müayinəyə
cəlb edilməsi bağlı başlanmış
kampaniyaları hökumətin tibbi
sığorta sisteminin tətbiqinə
hazırlığı kimi qiymətləndirənlər
də var. Tofiq
Əliyev isə hesab edir
ki, icbari tibbi sığorta sistemi
Azərbaycanda işləsəydi atası kimi
minlərlə insanı həkim məsuliyyətsizliyinin
qurbanına çevrilməkdən xilas
etmək olardı.
“Tibbi sığorta sistemi tətbiq
olunsaydı, xəstəxanalarda belə hallar
nə yaşanardı, nə həkimlər hansısa maddi maraq naminə xəstələri
lüzumsuz cərrahi əməliyyatlara məruz
qoyub özlərini və
çalışdığı müəssisəni təhlükə
altına atar, nə də xəstələr
və onların
yaxınları tibb işçiləri
haqqında belə bədgüman olmazdı”.
Dövlətin də öhdəliyi var
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, xəstənin ölümü ilə nəticələnən
əməliyyat və müalicələrin məsuliyyətini
təkcə həkim daşımamalıdır. Onun fikrincə, belə hallarda
cəzalanan tərəf təkcə həkimlər
olmamalı, dövlət özü də
vətəndaşın tibbi xidmət hüququnun pozulmasına görə məsuliyyət
daşımalıdır:
“Çünki
dövlətin hər kəsin keyfiyyətli tibbi
xidmətlərə əlçatanlığı üçün öhdəlikləri var. Ona görə də əvvəlcə xüsusi
müddəalar qəbul edilməlidir ki,
hansı hallarda həkim, hansı hallarda dövlət orqanı özü
məsuliyyət daşıyır. Əgər konkret
olaraq belə bir
müddəa yoxdursa, günahı həkimdə
axtarmaq olmaz.
Ölümlə nəticələnən hər hansısa
əməliyyatı müəyyən edilmiş
həmin komissiyalar
araşdırmalıdır. Amma Azərbaycanda
bunu çox vaxt hüquq-mühafizə orqanları
araşdırır. Onların çıxardıqları qərarda
isə bir çox məqamlar
nəzərə alınmır və çıxarılan qərarlar
obyektiv olmur”.
Professor bildirir ki, ölkədə keyfiyyətli tibbi xidmətin təşkili üçün
hər şeydən əvvəl səhiyyə sistemində ciddi islahatlar
aparılmalı, mövcud maliyyələşdirmə
mexanizmi dəyişməlidir. Bu isə icbari tibbi sığorta sisteminin
tətbiqini şərtləndirən vacib
amillərdəndir. Onun sözlərinə
görə, bu məsələdə vacib olan elementlərdən
biri tibbi müalicə
protokolların hazırlanmasıdır ki,
bunsuz tibbi
sığortanın tətbiqi mümkün
deyil. Həmçinin müalicə olunan ayrı-ayrı xəstəliklərin
növlərinin dəyəri müəyyən
olunmalıdır: “Növbəti mühüm
məsələ baza xidmətlər paketin müəyyən olunması, müxtəlif
sosial təbəqələrin
sığortaya cəlbi ilə bağlıdır. Yəni
müəssisələrin və təşkilatların,
işçilərin və vətəndaşların bu prosesdə iştirakı konkret
müəyyən olunmalıdır”.
Bəs, uzun illərdir beynəlxalq təcrübədə,
hətta dost və qardaş
Türkiyədə uğurla tətbiq olunan tibbi sığorta sisteminin Azərbaycanda da
gerçəkləşməsinə nə mane
olur?
Bəri başdan deyək ki,
ölkəmizdə icbari tibbi
sığorta sisteminin tətbiqi üçün lazım olan
bütün hüquqi
əsaslar var. Belə ki, 1999-cu ildə “Tibbi
sığorta haqqında” qanun qəbul edilib. Üstəlik “Tibbi
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası prezidentinin fərmanı (30
dekabr 1999-cu il) da var. “2008-2012-ci illərdə
Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və icbari
tibbi sığortanın tətbiqi
Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər
Planı” da isə Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli 179 saylı qərarı
ilə təsdiq olunub. Tədbirlər
Planında həmin icbari tibbi
sığortanın tətbiqi Konsepsiyasının həyata
keçirilməsi üçün
görülməli olan işlərin bölgüsü və icraçı
qurumların adları konkret şəkildə
göstərilir. Bu Tədbirlər
Planı adı çəkilən dövlət orqanları
qarşısında 6 əsas vəzifə qoyur:
Səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin
qiymətləndirilməsi; maliyyələşdirilməsinin
islahatı prosesinin normativ
hüquqi tənzimlənməsi;
qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin
potensialının inkişafı; səhiyyənin maliyyələşdirilməsi
sisteminin təkmilləşdirilməsi; tədris
və maarifləndirmə; monitorinq və
qiymətləndirmə.
Klinik protokollar hazırdır
Nazirlər
Kabinetinin bu sənədində
səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin
monitorinqindən tutmuş hazırkı əməkhaqqı
sisteminin qiymətləndirilməsi, səhiyyənin
maliyyələşdirilməsini tənzimləyən qanunvericilik aktlarının monitorinqinin
aparılması, onların təkmilləşdirilməsi
üzrə təkliflərin hazırlanmasınadək ən müxtəlif tədbirlər
əksini tapıb. Hətta Tədbirlər
Planına uyğun olaraq
2009-2011-ci illərdə yeni maliyyələşdirmə
sistemi pilot rayonlarda sınaqdan keçirilməli, tibbi xidmətlərin dəyərinin qiymətləndirilməsi
üzrə tədqiqatların və baza zərfinin
pilot rayonlarda
sınaqdan keçirilməsinin nəticələri əsasında
baza zərfinin dəqiqləşdirilmiş
strukturu müəyyən edilməli idi. Buna paralel olaraq
Nazirlər Kabineti yanında İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi
və Səhiyyə Nazirliyinə pilot rayonlarda əldə edilmiş
təcrübə əsasında yeni maliyyələşdirmə
üsullarının və baza zərfinə
daxil olan xidmətlərin
alınması proseduralarını təkmilləşdirmək
və tədricən genişləndirilməsi üzrə
tədbirlər görmək həvalə olunub.
Nəzərdə tutulan tədbirlərin
icraçısı rolunda Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi,
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti yanında İcbari
Tibbi Sığorta üzrə Dövlət
Agentliyi çıxış edir.
Bununla belə, “Həftə içi”nin mövzu ilə
bağlı apardığı arşdırmalar zamanı məlum
olub ki, hökumətin
hələ 10-12 il əvvəl müəyyən
etdiyi bu tədbirlərin
də böyük əksəriyyəti
indiyədək icra edilməyib. Səhiyyə Nazirliyinin
mətbuat xidmətində bildirirlər ki,
bu qurum öz səlahiyyəti çərçivəsində
ilkin hazırlıq işlərinə başlayıb:
“Ancaq bir çox məsələlər Nazirlər Kabineti səviyyəsində həll edilməlidir
ki, tibb müəssisələri
öz fəaliyyətini “Tibbi
sığorta haqqında” qanunun tələblərinə
uyğunlaşdıra bilsin. Bunun üçün isə
hər şeydən əvvəl tibbi
sığorta sisteminin maliyyə təminatı
həll edilməlidir”.
Nazirlikdə onu da bildirirlər ki, İctimai Səhiyyə
İslahatları Mərkəzində (İSİM) beynəlxalq
layihə çərçivəsində
hazırlanmış kliniki tibbi sığorta protokollarının
hamısı müvafiq qaydada
təsdiq olunub. Burada konkret xəstəliklər üzrə tibbi xidmətlərin şərtləri, onun icbari tibbi
sığorta əsasında işlənmə mexanizmləri də
müəyyənləşib. Hazırda isə
ayrı-ayrı xəstəliklərin növlərinin dəyərinin
müəyyən edilməsi məqsədilə İSİM-də
Dünya Bankı ilə birgə layihə
həyata keçirir. Həmin layihə
çərçivəsində işçi
qrup ayrı-ayrı xəstəliklər
üzrə müalicəsinin dəyərinin müəyyən
olunması istiqamətində müvafiq iş aparır.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən isə
bildiriblər ki, aidiyyəti qurumlar öz səlahiyyəti
çərçivəsində “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və icbari
tibbi sığortanın tətbiqi
Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər
Planı”nda nəzərdə
tutulan hazırlıqları görür. Belə ki, Səhiyyə
Nazirliyi tibb müəssisələrinin
fəaliyyətinin tibbi
sığortanın tələblərinə
uyğunlaşdırılması, eləcə də müvafiq sənədlərin
hazırlanması məqsədilə bir
neçə layihə həyata keçirir.
Bu layihələr çərçivəsində
görülən işlərin nəticəsi isə ilin sonlarında açıqlanacaq.
İslahat qurban tələb edir?
Göründüyü kimi, tətbiqi üçün lazım olan
bütün hüquqi
əsasların olmasına baxmayaraq, müvafiq dövlət orqanlarında icbari tibbi sığorta məsələsinə
soyuq və bir qədər
də ehtiyatlı yanaşıldığı diqqət
çəkir. Hətta Nazirlər Kabinetinin
2008-ci ildə özünün təsdiq etdiyi Tədbirlər Planının belə,
icrasında sanki maraqlı görünmür.
Müstəqil ekspertlər isə 15 il əvvəl hüquqi
bazası yaradılan tibbi sığorta sisteminin indiyədək tətbiq
olunmamasını hökumətin səhiyyə islahatlarına
hazır olmamasının göstəricisi kimi
dəyərləndirirlər. İqtisadi Təşəbbüslərə
Yardım İctimai Birliyinin
rəhbəri Azər Mehtiyev
deyir ki, icbari tibbi sığorta sistemi ilə bağlı beynəlxalq təcrübədə
kifayət qədər uğurlu nümunələr
var və Azərbaycan bu
nümunələrdən bəhrələnməklə səhiyyə
sistemindəki problemləri birdəfəlik həll edə bilər.
Onun
sözlərinə görə, qabaqcıl təcrübəyə
əsasən, sığortalanmada həm dövlət, həm
də özəl şirkətlər iştirak
edir. Üstəlik, sosial
sığortaya əsaslanan pensiya təminatı
sistemində olduğu kimi,
işləyənlərin özləri də bu
prosesə qoşula bilər: “Sadəcə
hökumət icbari tibbi
sığortanın dərəcələrini, ödəniş
şərtləri və sığorta şirkətlərin
prosesdə iştirakı qaydalarını müəyyən
etməlidir. Burada həmçinin işləyən vətəndaşların
tibbi sığortaya cəlbi, işləməyən
əhalinin - pensiyaçılar, uşaqlar,
əlillər, işsizlərin tibbi
sığorta təminatında dövlətin
iştirakının nədən ibarət olacağı
aydınlaşmalıdır.
Ekspert hesab edir
ki, Azərbaycanda icbari
tibbi sığorta sisteminin
tətbiqinə mane olan
ən vacib məsələ mövcud səhiyyə sisteminin
qalmasında maraqlı olan qüvvələrdir.
Onun fikrincə, müəyyən dairələr
səhiyyə sistemində islahatların aparılmasını
istəmir: “Təbii ki, başqa
səbəblər də var. Məsələn,
bu islahatlar ilkin dövrdə müəyyən qədər
narazılıqlar doğura bilər. Ortada olan ən mühüm arqumentlərdən biri də odur ki, iqtisadi imkanlar
getdikcə artır. Belə bir şəraitdə
bəzi maraqlı tərəflər düşünür
ki, icbari tibbi sığorta sisteminin
tətbiqdənsə, səhiyyənin dövlət maliyyələşdirilməsinin
qalması daha məqsədəuyğundur.
Ancaq hətta mövcud
maliyyələşmə sistemini
alqışlayanlar özləri də etiraf
etməlidirlər ki, əhali dövlət
büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərdən
faydalana bilmir. Bu gün bir
sıra səhiyyə müəssisələri və təşkilatları
yalnız mövcud olduqlarına görə
büdcədən maliyyələşir. Halbuki
bu, keçmiş
SSRİ-dən qalma sistemdir.
İndi isə dövr
dəyişib, müasir texnologiyalar
daha çevik və səmərəli
idarəetmə tələb edir. Təəssüf ki, tibb müəssisələri işinin
nəticəsinə görə maliyyələşmədiyindən
dövlət büdcəsindən səhiyyəyə
ayrılan vəsaitlər səmərəsiz xərclənir, əhali
bu vəsaitlərdən faydalana
bilmir”.
“Görüləsi işlər hələ çoxdur”
Milli Məclisin iqtisadi
siyasət komitəsinin üzvü Vahid Əhmədov isə deyir
ki, “Tibbi
sığorta haqqında” qanunun tətbiqi
üçün hələ çox işlər görülməlidir. Onun fikrincə,
səhiyyə sahəsində islahatlar
aparılmayınca, tibbi
sığortanın maddi bazasını təmin
etməyincə, insanların iş yeri və əməkhaqqı sistemindəki
problemləri, xüsusilə də ayrı-ayrı idarə və
müəssisələrdə, səhiyyə sektorunun
özündə şəffaflıq və açıqlıq
məsələləri həll edilməyincə icbari tibbi sığorta sisteminin tətbiqinə başlamaq
mümkün deyil:
“Bunların hamısı çox ciddi məsələlərdir və qanunin işləməsi üçün
ən kiçik detallaradək hər bir məsələ tam
aydınlaşmalıdır. Təəssüf ki,
qanunun qəbulundan keçən 15 il ərzində aidiyyəti qurumlarda
bu istiqamətdə real
addımlar atılmayıb”.
Vahid Əhmədov deyir ki, tibbi sığorta sisteminin tətbiqinin yubanmasında əsas məsuliyyət
Nazirlər Kabineti və Maliyyə Nazirliyinin üzərinə düşür.
Onun fikrincə, bu
istiqamətdə real işlərə başlamaq üçün
hər şeydən əvvəl icbari tibbi sığortanın maliyyə təminatı
həll olunmalıdır: “Maliyyə təminatı isə həm
dövlətin imkanlarına, həm də insanların normal iş yerləri ilə
təminatına bağlıdır. Yəni təkcə səhiyyə
sistemi deyil, iqtisadi şərait də bu
sistemə uyğunlaşmalı, ölkədə geniş spektrli iqtisadi və sosial islahatlar aparılmalıdır. Amma görünür, bunun mexanizmini tapa bilmirlər.
Elxan Salahov
Həftə içi.- 2014.- 23 aprel.- S.5.