Əli bəy Hüseynzadə və Türk Dünyası 

 

«Mətbuat milləti özünə tanıtmalıdır»

Əli bəy Hüseynzadə

 

Dünyanın bir çox ölkələrinin ensiklopediyalarında haqqında geniş yer ayrılmış, millətimizin adını dünyaya yaymış dahiböyük filosof, ustad şair, mahir rəssam, incə musiqiçi, dərin mütəfəkkir, əvəzsiz həkim, kamil natiq, alovlu publisist, orijinal tərcüməçi və pedaqoq-ideoloq Əli bəy Hüseynzadə XX əsrin türk fikir dünyasına çox önəmli və möhtəşəm bir şəxsiyyət kimi daxil olub. Onun həyat və yaradıcılığında mətbuat özünəməxsus yer tutub. Amma mətbuat aləminə qədəm qoyması və jurnalist-publisist kimi fəaliyyətə başlaması, öz peşə borcunu layiqincə yerinə yetirməsi Əli bəy üçün həddən artıq çətin və məşəqqətli olub. Ancaq buna baxmayaraq, o, üzləşdiyi bütün çətinliklərə mərdliklə sinə gərməyi və öz ideyalarını mətbuat vasitəsilə yaymağı layiqincə bacarıb.

Məlum olduğu kimi XIX əsrdə türk xalqları tarixində milli mətbuat olmayıb. Amma XX əsrin əvvəlində mətbuatda xüsusi inkişaf başlayıb və həmin illərdə Azərbaycan dilində 12 yeni mətbuat orqanı meydana çıxıb. Ötən əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında əhəmiyyətli rol oynayan milli mətbuat nümunələrindən biri də məhz «Füyuzat» jurnalı olub. Füyuzatçılıq xətti-hərəkatını və «Füyuzat» jurnalistikası məktəbini yaradan Ə.Hüseynzadə ilk publisistik fəaliyyətə XIX əsrin 80-ci illərindən başlayıb. O, XIX əsrin sonunda Ömər Xəyyam haqqında topladığı faktları və özünün təhlillərini sistemə salıb və onları A.Cövdət bəyin «Rəmazan bağçası» məcmuəsində «Ə.H.» imzası ilə dərc etdirib.

Həmin dövrlərdə Bakıdakı vəziyyətin ağırlığı və çarizm tərəfindən qızışdırılan ermənilər tərəfindən həyata keçirilən türk-müsəlman soyqırımıları ziyalılar arasında həmrəyliyin lazımi səviyyədə olmamasını üzə çıxarıb. Ona görə də Əli bəy özünün əsas vəzifəsini xalqı həmrəyliyə və birliyə səsləyən milli ruhlu məqalələr yazmaqda görürdü. Bu məqsədlə Ə.Hüseynzadə Bakıda rus dilində nəşr edilən “Kaspi” və digər qəzetlərlə əməkdaşlıq etməyə başlayıb. 1881-ci ildə rus dilində nəşrə başlayanKaspi” həmin dövrdə rus dilində təhsil alan azərbaycanlı ziyalıların qismən də olsa milli ruhda köklənməsində müəyyən rol oynayırdı. 1881-ci ilin yanvar ayından 1919-cu ilin mart ayına qədər 10 min 65 nömrəsi ilə mətbuat tarixində müəyyən yer tutan, uzunömürlü qəzetlərdən olan «Kaspi»də redaktorluq edən Əli bəy həmin qəzetdə yazdığı məqalələrində türkçülük ideyalarının təbliğini önə çıxarırdı. O, cəsarətlə çarizmin milli xalqları ətalət və əsarət altında saxlamasını ifşa edirdi. Bu baxımdan “Kaspi”də onun dərc etdirdiyi “Gənc türkçülük nədir?” adlı məqaləsi, o dövrün ziyalıları arasında böyük əks-sədaya səbəb olaraq, müəllifinə böyük şöhrət gətirdi. Əli bəy bu məqaləsi ilə Azərbaycanda türkçülük ruhunu dirçəldə və onu yeni müstəvidə bərpa edərək, bu ümummilli ideyaya, obrazlı şəkildə desək, təzə nəfəs gətirdi.

Sonra Bakıda «Kaspi» mətbəəsində ana dilində çap edilən, ilk nömrəsi 7 iyun 1905-ci ildə, son nömrəsi 3 sentyabr 1906-cı ildə və cəmi 325 nömrəsi çıxan «Həyat» qəzetində, daha sonra isə «Füyuzat» jurnalında redaktorluq edən Ə.Hüseynzadə türk xalqlarının problemlərini mətbuat vasitəsilə həll etməyə çalışırdı. Türkçülüyün böyük ideoloqu, bütün türk dünyasında ilk dəfə «Türkləşmək, Islamlaşmaq və Müasirləşmək» ideyasının əsasını qoyan Əli bəyin rəhbərlik etdiyi «Füyuzat» jurnalı XX əsrin əvvəlində mətbuat meydanına yeni bir nəfəslə, milli oyanış ideyaları ilə, Azərbaycanın özünüdərk aktı və faktı kimi daxil oldu və xalqımızın mədəni inkişafında dövrün tarixi rolunu ifadə etdi. Cəmi 32 nömrəsi çap edilən bu dərgi diliüslub keyfiyyətləri ilə ədəbi dil tariximizdə mütərəqqi rol oynadı. «Füyuzat»da «Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!» yazan Əli bəyin bu uzaqgörən çağırışı tarixin müxtəlif dövrlərində hərbi, ideoloji təzyiqlərə məruz qalan xalqımız, eləcə də türk dünyası üçün bir nicat yolu, qurtuluş düsturu idi. Müasirlərinin “Qafqaz müsəlmanlarının atası”, “Türk xalqlarına kimliyini bildirən dahi”, “Bütün türk dünyasının mücahidi”, “Türkçülüyün babası (atası)” adlandırdıqları, aktuallığını bu günsaxlayan yuxarıda qeyd olunan fikirlərin müəllifi Ə.Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr etməyi özünə şərəf bilirdi. O, «Füyuzat» jurnalın səhifələrində türk dillərinin quruluşu, keçmişi, bu günü, gələcəyi, xarakterik xüsusiyyətləri, dünya mədəniyyətində yeri, etnogenezisair məsələləri daim işıqlandırırdı.

Xatırladaq ki, bütün türk dünyasına ittihad və mədəniyyət dilinin, yüksək ideyaların daşıyıcısı kimi daxil olan «Füyuzat» jurnalı 1 noyabr 1906-cı ildə ilk məqaləsi «Həyat» və meyli-Füyu-zat»la fəaliyyətə başlayıb və bu dərgidə 1 noyabr 1907-ci ildə «Pərdə eniyor» adlı son məqalə çap olunub. Həmin müddətdə Ə.Hüseynzadə dövrün ictimai-siyasi hadisələri, Azərbaycan tarixi, mədəniyyəti, xalqımızın dili, dini, adət-ənənələrivə sair məsələlərindən bəhs edən xeyli sayda məqalələr çap etdirdi. Onun çoxsaylı ədəbi bədii yazıları, tərcümələri o dövrün mətbuat orqanlarında işıq üzü gördü.

Əli bəyin publisistik fəaliyyəti daha çox «Həyat» qəzeti və «Füyuzat» jurnalı ilə bağlı idi. Həmin mətbuat orqanları türkçülük ideyalarının oyanmasında, anadilli mətbuatın inkişafında Azərbaycan ədəbi dilinin yüksəlişində çox böyük rol oynayırdı. Ə.Hüseynzadənin «Kaspi» qəzetində azərbaycanlıların haqlarını tələb və müdafiə edən yazıları, «Həyat» qəzeti və «Füyuzat» jurnalında türk mövzusundakı yazıları və Azərbaycandan Türkiyəyə getdikdən sonra «Türk yurdu», «Xalqa doğru», «Məlumat», «Yeni məcmuə» və digər mətbuat orqanlarındakı məqalələri onun bu sahədə əsas məqsədini göstərən nümunələrdir. Onun əməyinin nəticəsi olan «Həyat» və «Fyüzat» kimi nəşrlər söz, mətbuat azadlığının formalaşmasında böyük rol oynayıb. O, «Həyat» qəzetinin səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb. Ə.Hüseynzadənin təmsil etdiyi mətbuat orqanlarında onun ictimai-siyasi hadisələrə, doğma xalqının tarixinə, mədəniyyətinə, dilinə, dininə, adət-ənənəsinə dair çoxsaylı məqalələri, həmçinin dünya ədəbiyyatından tərcümələri yer alıb. Əli bəyin publisistikası ictimai-siyasi və mədəni mühitə yeni nəfəs gətiribş, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirib. Onun Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuatımızın tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni söz və mətbuat azadlığı uğrunda mübarizədir. Ə.Hüseynzadə bəzən azadlığı obrazlı təqdim edib, azad sözü “pəriyi-hürriyyət” adlandırıb, “Kuhi-QafSimurq” məqaləsində azadlığı Qaf dağlarına zəncirlə bağlanmış Prometeyə bənzədib.

Əli bəy jurnalistlikpublisistlik fəaliyyəti boyu və xüsusilə də «Füyuzat» jurnalındakı yazıları ilə Azərbaycanda türkçülük ideyalarının yaranıb inkişaf etməsinə və bütün türk dünyasında bu ideyaların yayılmasına xidmət edib, mənsub olduğu xalqın hüquqlarını müdafiə edən maraqlı yazılarla tanınıb. Milli şüurun yetişməsində mətbuatın böyük rolunu Ə.Hüseynzadənin redaktoru olduğu «Həyat» və «Füyuzat»ın sismasında mükəmməl şəkildə görmək olar.

Mətbuatı çörək ağacı deyil, xalqın həyat tarixi, nicat yolu hesab edən Əli bəy düşünürdü ki, mətbuat xalqa xidmət vasitəsi, həqiqətlər məxəzi, türkçülüyün carçısı olmalıdır. O, mətbuatı tutduğu məsləkə görə qiymətləndirir və «fikrin sönməsinə», «insaniyyənin məhv olmasına» xidmət edən, «qərəzkaranə məqalələr» çap edən mətbuatın zərərindən danışaraq onu «əfyun» (tiryək) adlandırırdı. Əli bəy mətbuat üçün bir sıra vəzifələr müəyyənləşdirmişdi. Onun fikrincə, mətbuat millətin inkişafını ləngidən səbəblərə qarşı mübarizə aparmalıdır. Mətbuatın borcu millətimizi qələmlə müdafiə və bu yolda mücahidədir. Mətbuat sağlam dilə (etidali-lisan) və sağlam fikrə (etidali-əfkar) malik olmalıdır. Mətbuat tərəqqiyə xidmət etməlidir. Mətbuat milləti özünə tanıtmalıdır. Mətbuat ana dilində millətin maariflənməsinə çalışmalıdır. Mətbuat təmiz əxlaqlı millətə səy eyməlidir. Mətbuatın dili sadə olmalıdır. Mətbuat «lisani-milli»sini qorumalıdır və «öz lisani-millisinin qədrini bilən hər bir fərd» dilini «əcnəbi lüğətlərlə» doldurmamalıdır. Mətbuat yalan məlumatlar dərc etməməlidir, əksinə onların cavabını verməlidir. Mətbuat «maarifə, təməddünə, təkamül və təaliyə» çalışmalıdır. Qəzet «müsavat, hürriyyət və ələlxüsus hürriyyəti-milliyyə» tərəfdarı olmalıdır və sair.

Əli bəy hər bir milli mətbuatı «xətvəyi-tərəqqi» (tərəqqi addımı) hesab edirdi. O, dil məsələsini mətbuatın əsas problemi hesab edirdi. Məqalərində qeyd edirdi ki, hər bir xalq öz hiss və fikirlərini, təbiət və cəmiyyəti, idrak prosesindəki kəşflərini dil vasitəsilə ifadə edir və başqalarına çatdırır. Beləliklə, dil xalqları bir-birinə yaxınlaşdırır. Dilin məhz ümumbəşəri hadisə olması bu prosesin nəticəsidir. Müxtəlif bölgələrdə yaşayan türklərin dilləri arasındakı fərqlərin aradan qaldırılması Ə.Hüseynzadənin ən böyükmüdrik məqsədi idi. «Türkün türkü anlamaması onun faciəsidir» deyən Əli bəy türk mətbuatının dilinin asanlaşmasında, türklərin bir-birini anlamasında mətbuatın elmlərə ciddi əhəmiyyət verməsini istəyirdi. Onun nəşr etdirdiyi mətbuat orqanları xalqın mənəvi baxımdan faydalanmasında böyük görüb. Xalqın tarixi, dili, gələcəyi, maarifi onu dərindən düşündürdüyü üçün Əli bəy başında durduğu mətbuat orqanları ilə dilimizin inkişafına yüksək dərəcədə kömək edib.

Millətin dili, tarixi və mədəniyyəti daha çox mətbuat vasitəsilə qorunub inkişaf etdiyi üçün Ə.Hüseynzadə mətbuat məsələlərinə ciddi fikir verirdi. Çünki o, mətbuatın qüdrətinə inanır, onun rolunu ədəbiyyatın bir qolu olan publisist ədəbiyyatının xidmətinə bərabər tutur və cəmiyyətdəki dəyişikliklərin onların sayəsində mümkün olacağını göstərirdi. Əli bəyin nəzərində mətbuat milli şüurun oyanma prosesini gücləndirən və dilin bütün imkanlarını üzə çıxaran ən mühüm vasitə idi. Ə.Hüseynzadə yenidən Türkiyəyə gedənə qədər «Irşad», «Tərəqqi», «Həqiqət» qəzetlərində də müxtəlif yazılarla iştirak edib. Azərbaycandan Türkiyəyə döndükdən sonra 1911-ci ildə «Türk yurdu» jurnalının təsisinə başlayıb.

Əli bəy bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etdivə türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb.

Əli bəy 1940-cı ildə İstanbulda vəfat etsə də, onun ideyaları hələ də ölməyib. Çünki böyük bir millətin gələcəyinə xidmət edən türkçülük ideyaları heç vaxt ölə bilməz.

 

Təbriz Vəfalı

 

Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy Hüseynzadə və Türk Dünyası” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur 

 

Həftə içi.- 2014.- 24 aprel.- S.7.