“Müsabiqədən
çıxmağım
hələ də mənə qaranlıq qalır”
Mustafa Mustafayev:
“Qədir Rüstəmovdan mənə bir qaval,
qəlyan,
bir də ki möhürünü vurduğu mahnılar
qaldı”
Gənc muğam ifaçısı Mustafa Mustafayevin səsini, oxu tərzini çoxları Qədir Rüstəmovun səsinə oxşadır. Xüsusilə də “Sona bülbüllər”i indi haqq dünyasında olan Qədir Rüstəmovun ifasından fərqləndirmək çətindir. Sanki bu səslər də əkizdir. Elə xarakterində də ustadı Qədir Rüstəmova çox bənzəyir, Mustafa. Bu gənc xanəndə çox inadkar, mərhum Qədir Rüstəmovun dediyi kimi, “çətin adam”a oxşayır. Elə bu inadkarlığına görə müsahibə vermirdi, “müsahibə mənlik deyil” deyib qaçmağa, söhbətdən yayınmağa çalışırdı: “Ustad sənətkarların yanında mən kiməm ki, jurnalistə müsahibə verim?!”...
Çətinliklə
də olsa, razı sala bildik. Əvvəl ustadı Qədir
Rüstəmovdan danışdı.
Deyir ki, yaxınları onun səsinin olduğunu hələ 4-5 yaşlarında ikən
hiss edibmiş. Sonra tale ona
Qədir Rüstəmovun
tələbəsi olmaq
şansı verib.
Beləliklə, “Həftə
içi”nin “Seçilənlər” rubrikasında
budəfəki qonağı
Mərhum Qədir Rüstəmovun tələbəsi
və davamçılarından
biri, gənc ifaçı, III Muğam
Müsabiqəsinin iştirakçısı
Mustafa Mustafayevdir:
- Qədir əminin
lent yazılarına o qədər
qulaq asmışdım
ki, 5 yaşım olanda artıq onun səsini beynimə köçürüb
öz-özümə zümzümə
edirdim. Çox utancaq uşaq
olmuşam, yaxın qohumlarım, doğmalarım
evdə oxumağı
çox təkid etsələr də, oxumurdum. Gördülər ki, oxumuram, məni pulla şirnikləndirdilər, hərdən
4-5 “məmmədəmin” verib
səsimə qulaq asdılar. Səsim ustadımın səsinə
oxşadığına görə
qohumlarım mənə
“Bala Qədir” deyə müraciət edirlər. Bu gün də bəziləri məni bu adla çağırırlar.
- Muğamın sirlərini kimdən öyrəndiniz?
Kimlər daha çox
dəstək olub sizə?
- Qədir Rüstəmovun ilahidən,
qeybdən gələn
səsi olmasaydı, bəlkə də mən xanəndə olmazdım. Uşaq vaxtı
onun səsinə qulaq asdıqca muğama marağım artırdı. Özümü Qədir Rüstəmova oxşatmaq istəyirdim.
Elə bu ruhla, bu
amalla böyüyürdüm.
9-cu sinifi bitirəndən
sonra musiqi təhsilimi artırmaq üçün İncəsənət
Gimnaziyasına daxil oldum, Firuz Səxavətin
sinifində oxudum.
Amma Arif Babayev və
Alim Qasımovun da yanına gedib onlardan muğamın sirlərini öyrənməyə çalışırdım.
Bir sözlə, sənətə
gəlməyimdə adlarını
çəkdiyim ustad sənətkarların böyük
xidmətləri olub.
2011-ci ildə muğam müsabiqəsinin
keçiriləcəyini eşidəndə
münsiflər heyətinin
üzvlərinin yanına
gəlib özümü
təqdim etdim. Səsimə
qulaq asıb, bəyənən münsiflər
heyəti məni müsabiqəyə qəbul
etdilər. Müsabiqənin 1-ci turu keçiriləndə
Nadir Axundovun təkidi
ilə “Sona bülbüllər”i ifa etdim. Ustad sənətkar Qədir
Rüstəmovla bərabər
tamaşaçıların da dəstəyini qazandım. Münsiflər heyətinin ən
yüksək qiymətini
də elə onda gördüm. Xalq artisti Əlibaba Məmmədov üzünü
münsiflər heyətinə
tutub demişdir ki, bu ifa
ilə Mustafaya ya 1-ci yeri verməliyik,
ya da onu
müsabiqədən çıxartmalıyıq,
onu o cür oxumağa qoysaq, bütün turları yüksək balla keçəcək.
- Amma siz
birinci yeri yox, müsabiqəni tərk etməli oldunuz..
- Bu, hələ də mənə qaranlıq qalır. Bu sualın cavabını
münsiflər heyətində
axtarmaq lazımdır.
Müsabiqədə Arif Babayevdən
və Nadir Axundovdan böyük dəstək aldım. Amma müsabiqəni tərk edəndə haqsızlığı
görən Arif Babayev dedi ki,
tamaşaçıların bu alqışları ilə müsabiqəni tərk etmək özü bir qalibiyyətdir. Lakin yenə də
peşman deyiləm.
Münsiflər heyətinin bütün
üzvlərinə, mənə
dəstək olan xalqıma təşəkkür
edirəm, onlar məni ictimaiyyətə tanıtdılar.
- Ustadın Qədirlə
tanışlığınız nə vaxtdan başlayıb?
- Muğam müsabiqəsinə
qədər Qədir Rüstəmovla şəxsi
tanışlığım olmayıb. Müsabiqənin 1-ci turu bitəndən
sonra gördüm ki, tamaşaçılar Muğam Mərkəzinin foyesində Qədir Rüstəmovun başına
toplaşıblar. Məni müəllimim
Firuz gətirib Qədir əmi ilə görüşdürdü.
Ustad məni Alim Qasımovun sinifində gördüyünü
dedi. İlk dəfə Qədir əmi ilə həmin gün tanış oldum. O gündən sonra onunla isti
münasibətimiz yarandı.
Qədir
əmi hər vaxt mənə dəstək olurdu. Az keçmədi,
oğlu Rüstəmin
toyuna dəvət etdi. Toyda müğənni Elnarə xanımla birgə “Sona bülbüllər”i oxuyurduq,
rəhmətlik özü
də bizə qoşulub səsimizə səs qatdı. Vaxtilə mayesto Niyazi “Qədir Rüstəmovun ifasında “Sona bülbüllər”i dərk
etməyə bir ömür azdır” fikrini əbəs yerə söyləməyib.
Xoşbəxtəm ki,
“Sona bülbüllər”dən
mənə də az da olsa pay düşüb. Qədir Rüstəmovun böyüklüyü
onda idi ki, o heç kəsin dalınca danışmazdı. Ustaddan çoxlu
öyüd-nəsihətlər aldım. Qədir əmidən mənə
yadigar bir qaval, qəlyan, bir də ki
möhrünü vurduğu
ifalar qalıb.
- Toylara gedirsənmi?
- Sizə Qədir əmidən bir xatirə danışacağam. Bəlkə də
bir çoxlarının
baxışdan sərt
tanıdığı Qədir
əmi ünsiyyətdə
çox sadə idi. Duzlu-məzəli söhbətləri ilə ürəkləri fəth edərdi. O, tamamilə fərqli bir insan idi.
Mənə zarafatla “Ə Musdu,
toylara gedəndə camaata çox baha qiymət demə, onda ayaqlarını geri atırlar. Amma toylara get ki,
cibində pulun olsun, gedib rayonda
oturma, qal Bakıda inkişaf elə”, - deyirdi. Mən də onun dediyinə
əməl edirəm.
Dövlət nümayəndələrindən
də dəstək, qayğı görürəm.
Amma doğulduğum İsmayıllı
Rayon İcra Hakimiyyəti
mənimlə maraqlanmır.
Mədəniyyət və Turizm
Nazirliyi də həmçinin, nazirlik məni tədbirlərə
də dəvət eləmir.
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2014.- 26-28 aprel.- S.7.