Məhkumlara internet güzəşti
Cəzaçəkmə müəssisələrində məhbuslara bütün internet vasitələrindən nə vaxt istifadə imkanı yaradılacaq?
Bu gün əksər Avropa ölkələrində həbsxana həyatı yaşayan məhkumlara yüksək sürətli internetdən istifadə etməyə icazə verilir. Amma bəzən məhkumlar yeni texnologiyalara yaradılan çıxış imkanlarından razı qalmayaraq əlavə tələblər irəli sürürlər. Məsələn, dünyanın ən müasir həbsxanalarından sayılan Norveç həbsxanasında məhkumluq həyatı yaşayan və 77 nəfərin ölümünə səbəb olan terrorçu Anders Breyvik təxminən 1 il bundan əvvəl ona fərdi kompyuter verilməsi ilə bağlı aclıq aksiyası keçirmişdi. Onun tələbləri sırasında “Playstation-2” oyun aparatının üçüncü nəsillə əvəzlənməsi, eləcə də “böyüklər üçün oyuna giriş hüququ” verilməsi tələbi də var idi.
Bəs, Azərbaycanda
məhbusların bu sahədə hansı
hüquqları var? Məhbus hansı texniki vasitələrdən yararlana
bilər?
Məsələyə
münasibət açıqlayan Azərbaycan Vəkillər
Kollegiyasının üzvü Müzəffər
Baxışov deyib ki,
hazırda ölkəmizin cəzaçəkmə müəssisələrində
müasir texniki vasitələrdən
istifadə qaydaları «Həbs yerlərində saxlanan şəxslərin hüquq
və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan
Respublikasının qanunu ilə tənzimlənir.
Bu qanunun 15.2.7. maddəsinə
görə, həbs edilən şəxslərin “Daxili intizam qaydalarında
nəzərdə tutulmuş qaydada televiziya verilişlərinə
baxmaq” hüququ var. Həmin qanunun
19.7. maddəsinə görə isə “tutulmuş
və ya həbs edilmiş
şəxs həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun
üçün qanuni
maraq doğuran digər
şəxslərə bu barədə məlumat
vermək üçün bir
dəfə telefonla zəng etmək hüququna malikdir: “Həbs edilmiş şəxsin
həftədə iki dəfə 15 dəqiqəyədək
telefonla danışmaq hüququ
var. Şəhərlərarası və mobil telefon
danışıqlarının haqqı həbs edilmiş şəxsin, onun
yaxın qohumlarının və ya əlaqə
saxlaması onun üçün
qanuni maraq doğuran digər şəxslərin vəsaiti
hesabına ödənir. Yəni, qanun
məhbusa yalnız televiziya verilişlərinə
baxmağa, bir də həftədə
2 dəfə 15 dəqiqəyədək mobil
və ya şəhərlərarası
danışıqlara icazə verir. Qanunda müasir zamanda özünə yer
eləmiş internet, kompüter,
MP3 qurğu kimi vasitələrin
adı hallanmır. Qanunda hətta radio dinləmək imkanı belə qeyd olunmayıb».
Məhbusların cəmiyyətə
inteqrasiyası sürətlənə bilər
Müzəffər
Baxışov vurğulayıb ki, əslində
Azərbaycanın cəzaçəkmə müəssisələrini,
məhbusların saxlanma şəraitini Avropa ölkələri ilə müqayisə
etmək düzgün deyil.
Onun fikrincə, bu sahədə
həllini gözləyən xeyli məsələlər
var. Onun sözlərinə görə, internet
dövrünün insanına qapalı yaşamaq çətindir. Çünki
insan daima informasiya almaq, dünyada baş verənlərdən
xəbərdar olmaq, texniki
yeniliklərdən istifadə etmək istəyir: “Çox güman ki, gələcəkdə məhkumlara belə
bir imkanın yaradılacağı mümkün olacaq. Çünki ədliyyə
orqanlarında çalışan məmurlar bu
işdə mararqlı görünürlər. Hələ bir neçə il bundan əvvəl Pentensiar
Xidmətin rəisi Mədət Quliyev bildirmişdi ki, məhkumların
internetdən istifadə imkanları araşdırılır. Bildiyim qədər hələlik bu məsələyə baxılmır. Bütün cəzaçəkmə müəssisələrində
kompüter kursları təşkil olunub. Həmin kurslara cəlb
edilmiş mütəxəssislər məhkumlara
kompüterdə işləməyi öyrədir. Lakin hazırkı qanunvericilik
məhkumların internetə çıxışına məhdudiyyət
qoyur. Əslində bir
sıra Avropa ölkələrində bu təcrübədən istifadə olunur. Bu ölkələrin
məhkumları internet vasitəsilə təhsil
alır. Həmçinin, məhkumlar bundan
öz ailələri ilə əlavə əlaqə
vasitəsi kimi istifadə edə bilirlər».
Vəkil bildirib ki, məhkumların
internetə çıxış imkanlarının
yaradılması bu insanların gələcəkdə
cəmiyyətə daha sürətli
adaptasiyasına şərait yarada bilər.
Müzəffər Baxışov güman edir ki, internetə
çıxış imkanları yaradılandan sonra bəzi saytlara qadağa qoyulacaq: “Çünki filtir olmasa bu
çıxış mümkün deyil. Lakin ümumilikdə
məhkumların internetə çıxışı
onların cəmiyyətə inteqrasiyasını sürətləndirə
bilər. Məlum məsələdir ki, bu gün Azərbaycanda məhkumların
cəmiyyətə adaptasiyası məsələsində ciddi problemlər mövcuddur.
Bunun başlıca səbəblərindən
biri də məhkumların daima informasiya almaq, dünyada baş verənlərdən xəbərdar olmaq, texniki yeniliklərdən
istifadə etmək imkanının olmamasıdır. Nəticədə
onlar azadlığa çıxarkən cəmiyyətdə
özlərinə yer tapa
bilmirlər. Həbba bu səbəbdən
bəziləri təkrar cinayət törədərək həbsxanaya
qayıdır».
«İslahatlar gedir»
Milli Məclisin hüquq
siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü, millət vəkili
Çingiz Qənizadə isə bu sahədə islahatların getdiyini
bildirib. O, bu problemlərin
Azərbaycanda tədricən nizamlanacağını düşünür: “Cəzaçəkmə
müəssisələrində müəyyən internet kursları açılıb. Məhbuslar
kompüterdən istifadə qaydasını öyrənir və
nəticədə sertifikat əldə
edirlər. Ümumilikdə yüzlərlə insan
belə kursları bitirib. Əvvəllər
məhkumların televizora baxması qadağan idi. İndi isə televizordan rahat istifadə mümkündür.
Məhkumların öz yaxınları ilə
görüşlərinin vaxtı uzadılıb. Telefon danışıqları iki
dəfə artırılıb, internet və
digər texniki avadanlıqların istifadəsi
məsələsinə də baxılacaq».
Millət vəkili
vurğulayıb ki, yaxın zamanlarda bəzi cəzaçəkmə
müəssisələrinin köçürülməsi
planı var. Müzəffər
Baxışovun sözlərinə görə, artıq Şəkidə,
Naxçıvanda və bir neçə başqa regionda yeni cəzaçəkmə müəssisələri
inşa edilib: “Elə
həmin regional cəzaçəkmə
müəssisələrində yeni qaydalar tətbiq olunacaq.
Bizdə Cəzaların İcra Məcəlləsi
var, sadəcə köhnə, təmirsiz
və yeni standartlara yaramayan cəzaçəkmə müəssisələrində
lazımi şərait düzəltmək mümkün
deyil. Yeni müəssisələrə
keçid zamanı hər cür
imkan yaradılacaq. Bu
isə məhkumlara dünyada baş verənlərlə bağlı daha operativ məlumat almağa imkan yaradacaq».
Xatırladaq ki, Azərbaycanda cəzaçəkmə
müəssisələrində məhbuslara bütün
internet vasitələrindən istifadə
imkanının verilməsi təxminən 1 il
bundan əvvəl gündəmə gəlib.
Belə ki, bununla
bağlı Cəzaların İcrası Məcəlləsinə
və “Həbs yerlərində saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin
edilməsi haqqında” qanuna əlavə və
dəyişikliklərin edilməsi təklif olunub.
Layihəyə əsasən, Azərbaycan həbsxanalarında
vətəndaşlığından asılı olmayaraq, cəza çəkən bütün məhkumlara qanunla
müəyyən olunmuş müddətdən
bir və qanunla tənzimlənəcək
müvafiq nəzarət altında həbsxana
xaricində bütün dünya
üzrə internet resurslarından müvafiq dərəcədə istifadə etmək
imkanı əldə edəcəklər. Bununla
bağlı hər bir məhkum üçün gündəlik internetdən
istifadə üçün limit də müəyyən olunacaq.
Layihədə məhkumların internet
vasitəsilə öz yaxınları və
ailə üzvləri ilə əlaqə saxlaya
bilməsi nəzərdə tutulur. Məqsəd
məhkumları dünyada baş
verən elmi-texniki yeniliklərdən, sivilizasiyadan internet vasitəsilə
operativ agah etməkdir.
Hazırkı qanunvericiliyə əsasən isə məhkumlar
yalnız həbsxana çərçivəsi ilə məhdudlaşan
internet imkanlarından istifadə edə
bilirlər. Amma bu
layihənin nə vaxt parlamentdə
müzakirəyə çıxarılması dəqiq məlum
deyil.
Yeri gəlmişkən, Azərbaycanda mövcud qanunvericilikdə xarici
ölkə vətəndaşlarının “Skype”dan istifadə etməsi ilə bağlı əlavə
maddənin təsdiq olunması da gözlənilir.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 29 aprel.- S.6.