“Nərimanov öz evində
Rəsulzadə
ilə Şaumyanı
görüşdürmüşdü...“
"...Həqiqətən
görəsən, hal-hazırda Azərbaycanda Azərbaycanı
təmsil edən partiya vardırmı? Mən təsdiq edirəm
ki, belə bir partiya yoxdur. Və mirzoyanlar öz iyrənc siyasətlərindən,
Azərbaycanı simasızlaşdırmaq siyasətindən əl
çəkməyincə olmayacaqdır..." Bu sətirlər
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra Respublika Xalq Komissarları Sovetinin ilk sədri
olmuş görkəmli dövlət xadimi, həkim və
yazıçı Nəriman Nərimanovun 1923-cü ildə
bolşevik Rusiyasının rəhbərlərindən biri
İ. Stalinə yazdığı məktubdandır.
Hazırda Rusiyanın
işğalçılıq iştahasının yenidən
baş qaldırdığı bir zamanda bu mövzu
aktualdır. Uzun illər bizlərə ziddiyyətli bir şəxsiyyət
kimi təqdim edilən N. Nərimanovun Azərbaycani
işğal etmiş Rusiya bolşevikləri və onların
erməni və azərbaycanlı əlaltıları ilə
münasibətləri barədə müəyyən məqamlara
aydınlıq gətirmək üçün "Dəyirman"ımızı
Nəriman Nərimanovun ev muzeyində "işə
salası" olduq. Bu dəfəki "dəyirman"çılarımız
isə həmin muzeyin direktoru, tanınmış ictimai-siyasi
liderin qardaşı nəvəsi Kamilə Hüseynova və
muzeyin baş elmi işçisi Rəna Qəhrəmanova
oldu...
-
Kamilə xanım, sovet dövründə "Azərbaycanda
sovet hakimiyyətinin alovlu müdafiəçisi" kimi
tanıtdırılan Nəriman Nərimanovun qohumu və onun
ev muzeyinin direktoru kimi 28 aprel tarixini necə
qarşılayırsız?
- Bütün Azərabaycan necə
qarşılayırsa, mən də elə... Hamıı bilir
ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan Nərimanova
"millətçi" damğası vurub gözümçıxdıya
salıblar. Və onun ömrü daim Azərbaycana və
özünə qarşı bu haqsızlıqlarla mübarizədə
keçib. Nərimanov həmişə düşmən əhatəsində
olub: bir yandan ruslar, bir yandan ermənilər, o biri yandan da Azərbaycanın
öz içindəki iküzlü və riyakarlar... Rəhmətə
getdiyi 1925-ci ildən 1956-cı ilədək bu insanın
adı yasaq olunubdu. Bütün ailə üzvləri,
bütün nəsli "xalq düşməninin
qohumları" damğası altında yaşayıb.
1956-cı ildə bəraət almasına baxmayaraq 1970-ci ildə
Nərimanovun 100 illik yubileyi keçirilməsinə də təzyiqlər
olub. Rəhmətlik Heydər Əliyev o zaman bu yubileyin
keçirilməsi üçün çox əziyyətlər
çəkib. Eləcə də onun heykəlinin qoyulması,
muzeyinin açılması da Heydər Əliyevin zəhmətinin
nəticəsidir. Ona Rusiyada heykəl qoyulub. Heydər
Əliyevin təklifi ilə Özbəkistanda bir şəhərə
Nərimanov adı verilib. Bütün bunlara rəğmən
Azərbaycan müstəqilliyini bərpa etdiyi 1991-ci ilədək
bütövlükdə sovet təbliğatı N.Nərimanovu
millətçi bir insan kimi tanıtmağa
çalışıb. Müstəqillik illərində isə
nədənsə Nərimanovu ruslara xidmət edən "xalq
düşməni" kimi qələmə verməyə
çalışıblar. Tanınmış türk
diplomatı Rza Novruz öz xatirələrində yazır ki,
Qars müqaviləsinin imzalanması ərəfəsində Nərimanovla
görüşəndə o dedi ki, bolşevikliyin bizim
münasibətlərə dəxli yoxdur, biz türkük...
- Yəqin
ki, Nərimanov o illərdən daşnak ermənilərin Azərbaycana
münasubətini də duyurdu?
- Bəli. Nərimanov 1922-ci ldə
"Zarya Vostoka" jurnalındakı məqaləsində
yazırdı:"1917-ci ildə Birləşmiş Zaqafqaziya
hokuməti tərəfindən türk dilində bir sıra
mühazirələr oxumaq üçün Tiflisə dəvət
almışdım. Ramişvilinin kabinetində gürcülərlə
ermənilərin Peterburqakı son
çıxışlarına necə reaksiya vermək məsələsini
müzakirə etdik. Həmin çıxışda ermənilər
"Böyük Ermənistan" ideyası barədə
danışırdılar. Başqa sözlə, Azərbaycanın,
Gürcüstanın və Rusiyanın az qala Rostovadək bir
sıra ərazilərini tutmaq istəyirdilər. Mənim rəyimi
soruşanda dedim ki, bu məsələ bizimkiləri
"Böyük Azərbaycan", sizləri isə
"Böyük Gürcüstan" haqqında
düşünməyə vadar edəcək...
-
"Azadlıq" radiosuna mühasibənizdə deyirsiz ki, Nərimanov
Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) güclənməsinə
çalışır, eyni zamanda Azərbaycanın ingilislərin
müstəmləkəsi olmasını istəmirdi. O
dövrdə baş nazir olan N.Yusifbəyliyə məktubunda
isə ölkədə ingilis kəşfiyyatının apardığı
işlərdən yazırdı. Belə çıxır ki,
Nərimanov AXC-nin ingilislərin təsiri altında
olmasından ehtiyat edirmiş?
- Yox, belə də düşünmək
olmaz. O dövr çox mürəkəb idi. Birincisi, biz AXC-ni
yaradanların qarşısında baş əyməliyik ki,
heçdən bir dövlət yaratdılar. Nərimanov da bunu
başa düşürdü. Onun sosial-demokrat
ideyalarını daşımasının Azərbaycanı
müstəqil görmək arzusuna dəxli yox idi. 1904-cü
ildən yaradılmış "Hümmət" təşkilatında
Məhəmmədəminlə bərabər olanda hər
ikisinin məqsədi Azərbaycanı çarizm əsarətindən
qurtarmaq olmuşdu... Nərimanov 1918-1920-ci illərdəki
prosesləri izləyirdi və görürdü ki, çox
çətin vəziyyətdir, ingilislər də Qafqazdan əl
çəkmirlər. Bəli, Rusiya Azərbaycanın müstəqilliyini
tanımırdı. Amma Nərimanov deyirdi ki,
görürsüz, ermənilər həm Rusiya ilə
münasibət saxlayır, həm də öz işlərini
görürlər. Bu baxımdan o, Rusiyaya kəskin şəkildə
arxa çevirməyin əleyhinə idi. Çünki
yaxşı bilirdi ki, Rusiya siyasəti çox
güclüdür...
- Bəs
rus bolşevikləri ilə çarizmə qarşı eyni cəbhədə
olan dövrdən Nərimanov onların Azərbaycana,
türk-islam dünyasına qarşı hansı münasibətdə
olduğunu hiss etmirdi?
- Nərimanov
sovet Rusiyasının bu dərəcədə
azğınlıq edəcəyinə inanmırdı.
Düzdü o, bolşevikləin arasında olan bir siyasətçi
kimi bilirdi ki, Azərbaycanı işğal etmək planı
quran qüvvələr var. 1918-1919-cu illərdə
bolşeviklər bəzi məsələləri Nərimanovdan gizlədiblər. Bu
sənədlərdə də var. Amma o, meydandan çəkilməyərək
bu prosesin qarşısını almağın yollarını
düşünürdü... Qızıl Ordu Bakıda bir həftə
soyğunçuluqla, quldurluqla məşğul olanda Nərimanov
xüsusi tapşırıqla Şimali Qafqaza
yollanmışdı. Xəbər tutan kimi Bakıya gəldi.
Və gördü ki, vəziyyət o
düşündüyü kimi deyil...
- Belə çıxır ki, sovet imperiyasını qurucuları Nərimanovun səmimiliyindən istifadə edərək onu aldadıb güc və nüfuzundan yararlanıblar ?
- Yox, elə də demək olmaz. Çünki artıq Nərimanov bir çox proseslərdən,
çətinliklərdən keçmiş təcrübəli
siyasətçi idi. Aldadılmış, sadəlöhv
adam bir günə Qarabağı qaytara
bilməzdi. 1923-cü ildə artıq
Qarabağı protokollaşdırıb ermənilərə
vermişdilər. Nərimanov bir gecədə
o sənədləri dəyişdirtdirib buna imkan vermədi.
O, bu mürəkkəb vəziyyətdə yalnız
düşünürdü ki, necə etsin, Azərbaycan
üçün nəsə qazana bilsin. Naxçıvan
kimin hesabına qalıb Azərbaycanın tərkibində?
Nərimanovun səyi nəticəsində
imzalanmış Qars müqaviləsinin bağlanması nəticəsində.
O dövrdə bütün Avropa Rusiyadan qorxurdu. Atatürk kimi bir lider Leninlə danışıqlara
getməyə məcbur olmuşdu. Tanınmış
tədqiqatçı Firdovsiyə Əhmədova 1990-cı illərdə
arxiv sənədləri əsasında Nərimanovun fəaliyyəti
haqqında geniş araşdırma aparıb və Nərimanovu
olduğu kimi göstərməyə çalışıb.
O yazır:"Nərimanov fəaliyyətə başlayarkən
Azərbaycan artıq İrəvan və Dərbənd ərazilərini
itirmişdi. Zaqatala, Qarabağ, Zəngəzur və
Bakının taleyi isə mürəkkəb olaraq
qalırdı. Onun qətiyyəti sayəsində
Zaqatala və Qarabağ Azərbaycanın tərkibində
qalmışdı. Bakı Azərbaycanın
paytaxtı kimi tanınmışdı. O,
Naxçıvanın Azərbaycandan təcrid olunmaması
üçün Mehridən yol almaqdan ötrü
ardıcıl mübarizə aparmışdı. Bu barədə arxivdə sənədlər var. Zəngəzurun
isə Azərbayacandan ayrılmasının
qarşısını ala bilməmişdi.
Çünki artıq Zəngəzuru de-fakto ermənilər
idarə edirdi..."
- 1918-ci il mart soyqırımı zamanı N.Nərimanov
Bakıda proseslərin içində olmuşdu və Bakı
kommunasının rəhbəri S.Şaumyanın, eləcə
də digər bolşeviklərin müsəlmanların qətlində
daşnaklarla əlbir olduğunu bilməmiş deyildi. Bəs nədən sovet Rusiyası ilə əməkdaşlığı
birdəfəlik kəsmirdi?
- Həmin hadiəsələrdən sonra
artıq Nərimanov Şaumyan və ətrafındakılarla əməkdaşlıq
etmədi, çıxdı getdi Həştərxana...
Muzeyin
baş elmi işçisi Rəna Qəhrəmanova:
- Mart soyqırımı haqqında
yalnız Nərimanov səsini qaldırmışdı. Bu barədə o, Stalinə məktubunda da
yazırdı. Bolşeviklərin məqsədi
bütün Şərqi və Avropanı sosialistləşdirmək
didi. Amma Nərimanov deyirdi ki, Şərqlə
ehtiyatlı davranmaq lazımdı. Nərimanovun bir
idealı vardı: insanın insan tərəfindən
istismarına son qoymaq. Həmin idealı da
bolşeviklərin proqramında tapdığı
üşün onlara qoşulmuşdu. Və
Leninə də məsləhət görürdü ki, inqilaba
Şərqdən başlayaq. Ancaq Şərq
insanının xarakterini bilərək ona uyğun davranmaq
lazımdı. Ona təzyiq etmək, milli
heysiyyatına, adət-ənənəsinə toxunmaq olmaz.
Ona görə də Lenin də bir dəyərli
məsləhətçi kimi Nərimanovu dəvət
etmişdi Moskvaya. Nərimanov Xalq Xarici
İşlər Komissarlığının Şərq
şöbəsində işləyirdi. Amma
Çiçerin kimi xarici işlər naziri gələndən
sonra hər şey alt-üst oldu.. Nərimanovun məqsədi Rusiyanın bütün
Şərqi işğal etməsi deyildi. O, Şərq
insanının azad olmasını istəyirdi...
K.Hüseynova:
- Məhz
ona görə də Şərqin ingilis müstəmləkəsi
olmasını da istəmirdi.
R.Qəhrəmanova:
- Mart qırğını zamanı da o, Leninə etiraz
etdi ki, siz Bakıda idarəçiliyi Şaumyana və onun ətrafına
verdiniz, o isə daşnaklara Bakıda milli qırğın
törətməyə şərait yaratdı. Mart
qırğınından sonra isə o, həm əsəbdən-filandan
xəstələndiyi üçün, həm də bolşeviklərin
hərəkətlərinə etiraz olaraq Həştərxana
getmişdi. O demək istəyirdi ki, mən bu çirkin
işlərdə sizinlə bir yerdə qalmaq istəmirəm. Siz inqilab pərdəsi altında milli
qırğın salıb ermənilərin mənim millətimi
qırmasına imkan verirsiz. Yalnız məntiqlə bunu
düşünmək gərəkdi ki, əgər Nərimanov
doğrudan da sidqi-ürəkdən Rusiya bolşevizminə
xidmət edən bir insan idisə, onda nəyə görə
onu tez bir zamanda çıxdaş etdilər...
-1920-ci il aprelin 28-də Nərimanov nəyə görə
Bakıda deyildi?
R.Qəhrəmanova:
- Çünki Nərimanov
Leninə öz şərtlərini diqtə edirdi ki, mənim
respublikam müstəqil olmalı, öz sərvətlərindən
özü bildiyi kimi istifadə etməlidir. Ordunun
Bakıya gəlməsinin isə Nərimanovla qətiyyən əlaqəsi
yoxdur...
K.Hüseynova:
- Tədqiqatçı Fərid
Ələkbərli açıqlayır ki, Atatürklə
Lenin arasında danışıqlar olub ki, Xİ Qızıl
Ordunun Azərbaycana girməsinə Türkiyə mane olmayacaq. Atatürk də buna məcbur idi. Çünki neçə Avropa dövləti ilə
müharibə vəziyyətində idi. Və Lenindən
Nərimanovun vasitəçiliyi ilə nə qədər pul,
silah alırdı...
R.Qəhrəmanova:
- Nərimanov Bakıya gələndən
bir ay sonra, yəni, təxminən 1920-ci il
iyunun ortalarında istefa ərziəsi yazıb. Nərimanov
Azərbaycanda kifayət qədər böyük nüfuz və
sosial bazaya malik idi. Rəsulzadə ona əbəs
yerə "böyük Nəriman" demirdi. Tanınmış tarixçi Solmaz Tohudi yazır ki,
Nərimanov respublika içində respublika idi. Ona görə də Azərbaycanı işğal
etmiş bolşeviklər onunla hesablaşmağa məcbur idilər.
Nərimanovun istefa ərizəsi bolşeviklərə
qarşı bir təzyiq vasitəsi idi. Yəni,
onlar başa düşürdülər ki, Nərimanova o məqamda
güzəştə getməsələr, xalq kütlələri
ayağa qalxa bilər. Ona görə də
Nərimanov da bu situasiyadan Azərbaycanın mili maraqları
xeyrinə, tanınmış siyasi xadimləri qorumaq
üçün nəsə etməyə
çalışırdı. Mikoyan Moskvaya deyirdi ki, Nərimanovu
göndərin, amma biz onu mühasirəyə alaq, ona öz
bildiyi kimi hərəkət etməyə imkan verməyək...
Bir anlığa fikirləşək ki, Nərimanov
həmin dövrdə olmayaydı, yaxud çəkiləydi kənara.
Onda Azərbaycan nə qazanacaqdı?..
K.Hüseynova:
- Nərimanov bilirdi ki, onu öldürəcəklər.
Türk diplomatı Rza Nur xatırlayır ki, Nərimanov bir dəfə
açıqca dedi ki, bolşevizm bir rəzalətdir. Amma
Rusiyadan çox ehtiyat edirdi... Nərimanov, sadəcə,
özünü oda atdı. Atmaya da bilərdi, gedib həkimiyini
edərdi...
- Bəs Nərimanovun Leninin Şaumyana vurduğu
Bakını nəyin bahasına olursa-olsun götürmək
barədə teleqramlarından xəbəri yox idi?
R.Qəhrəmanova:
- Həmin yazışmaların çoxun
məxfi olduğundan Nərimanovun onlardan xəbəri olmurdu. Bilsəydi də, çox şey edə bilməzdi.
Ancaq bacardığını edib. Mart qırğınının
qarşısını almaq üçün öz evində Rəsulzadə
ilə Şaumyanı görüşdürüb. Bir həftə
evə gəlməyib ki, bəlkə nəyəsə nail
olsun...
K.Hüseynova:
- Ermənilər Nərimanovu elə
1918-ci ildən aradan götürmək istəyirdilər. Çünki bilirdilər ki, onlara həmişə
mane olacaq. İltifat nənəm danışırdı
ki, 1918-ci il martın 14-15-də artıq dəniz
kənarında atışmalar başlayanda Nərimanov evdən
çıxıb gedib. Bir neçə gün
sonra ermənilər gəlib ki, evdə axtarış
aparmalıyıq. Nərimanovun
qardaşı çıxıb qoymayıb. Deyiblər ki, onda biz Nərimanı
aparmalıyıq. O da deyib ki, Nəriman mənəm.
Aparıblar, amma erməni dilini bildiyinə görə,
qarışıqlıqda təsadüfən sağ
qalıb...
Martın
31-də isə ermənilər üzbəüz binadan Nərimanovun
evini də atəşə tutanda Nərimanovun xanımı
Gülsüm xanım Bakı Sovetinə xəbər verib ki,
bizi atəşə tuturlar. Şaumyanın oğlu Suren gəlib
nənəmgili aparıb Şaumyanın evinə. İki
gün qalıblar. Mikoyan
da, Çaparidze də orada olub. Tədqiqatçı F.Əhmədova
deyir ki, ermənilər Nərimanova öz şərtlərini
diqtə etmək üçün ailəsini girov aparıblar.
Bilirsiz, sovet dövründə nənəm də çox
şeyi danışa bilmirdi...
- Bəs ölümündən on illər sonra N.Nərimanovun adını kimlər ləkələməyə çalışırdı?
- Mikoyan və
Şaumyanın oğlu Suren Şaumyan Moskvada işlədiklərindən
həmişə Nərimanova qarşı kampaniya təşkil
ediblər. Hətta 1972-ci ildə Bakıda Nərimanovun heykəli
qoyulanda buradan öz alimlərimizin əli ilə teleqramlar
vurulub ku, Azərbaycanda millətçiyə heykəl
qoyurlar... Buna baxmayaraq Heydər Əliyev N.Nərimanov
üçün çox işlər gördü. Bu gün
demək olar ki, Azərbaycanın bütün rayonlarında Nərimanovun
adına prospektlər, küçələr, məktəblər,
parklar var...
Sultan Laçın
Həftə
içi.- 2014.- 29 aprel.-S.4.