Milli elektron tərcümə
proqramlarının
imkanları genişlənir
"Dilmanc"
tərcüməçisinin mobil versiyası artıq
"Google Play Store"da
Azərbaycanda peşəkar elektron tərcümə
proqramlarının hazırlanması istiqamətində bu
vaxta qədər bir sıra ciddi işlər həyata
keçirilib.
Bu işdə təbii ki, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin fəallığı
xüsusi olaraq qeyd edilməlidir. Bu cür
layihələrdən biri məhz Dilmanc layihəsidir.
“Dilmanc” tərcüməçisinin
mobil versiyası artıq “Google Play Store”da "Dilmanc
Translator" axtarmaqla “Android” bazasında işləyən
smartfonlara yüklənə bilər. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin “Dilmanc” layihəsi
çərçivəsində yaradılmış “Dilmanc”
mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni
və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər
dillərə və əksinə tərcümə etmək
mümkündür.
Proqrama tərcümə nəticəsində
alınmış mətni səsləndirmək imkanı da əlavə
edilmişdir. Tək söz daxil etdikdə, həmin
sözün lüğətdəki tərcüməsi, nitq
hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda
alınmış mətn redaktə edilə bilər.
“Dilmanc Conversation” - söhbət rejimində əcnəbi
ilə canlı söhbət üçün tərcümə
aləti işə düşür. Bu zaman
müvafiq düymələri basmaqla Azərbaycan dilində
danışdıqda xarici dildəki tərcümə, xarici
dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə
səsləndirilir.
Proqram tamamilə ödənişsiz yayılır və
“Google Play Store”da "Dilmanc Translator" axtarmaqla “Android”
bazasında işləyən smartfonlara yüklənə bilər.
Layihə rəhbəri Əbülfət Fətullayev
gələcəkdə proqramın digər mobil platformalar
üçün də hazırlanacağını qeyd edib.
Bundan əlavə, o, layihədə böyük
mətnləri Azərbaycan dilindən rus və ingilis dillərinə
və əksinə əvvəlkindən daha yüksək
keyfiyyətlə tərcümə edən internet
saytının yaradılması üzərində işlər
getdiyini bildirib.
Qeyd edək ki, bir neçə ay əvvəl
layihə çərçivəsində şifahi nitqi mətnə
çevirən sistem istifadəyə verilmişdi. “Dilmanc İmla” adlanan bu sistemlə keyfiyyətli
mikrofondan istifadə edildikdə klaviaturada yığmaqdan bir
neçə dəfə sürətli mətn daxil etmək
mümkündür. Bu proqram da pulsuz olaraq
layihə saytından yüklənə bilər. İnformasiya texnologiyalarının dinamik
inkişafı insanlarla kompüterlər və texnoloji vasitələr
arasındakı informasiya mübadiləsinin daha sürətli
olması zərurəti yaradır. Bu zərurəti
aradan qaldırmaq üçün nitqin tanınması ən
mühüm vasitələrdən biri hesab olunur. Bu sistem informasiyanı - mətni kompüterə
klaviaturadan istifadə etmədən birbaşa mikrofona
danışmaq vasitəsiylə daxil etməyə imkan verir.
Bu həm mətni sürətlə yazmağa, həm
də qurğuları səslə idarə etməyə imkan
yaradır.
Azərbaycan dili üçün nitqin
tanınması sisteminin yaradılmasına 2007-ci ildən Rabitə
və İnformasiya Texnolgiyaları Nazirliyinin dəstəyilə
Dilmanc layihəsi çərçivəsində
başlanmışdır. Bu
müddətdə Azərbaycan dilinin fonem tərkibi (nitq vahidləri,
səslər və s.) bir daha tədqiq edilmiş, sözlərin
tələffüz qaydaları araşdırılaraq tələffüz
bazası yaradılmışdır. Fonemlərin
akustik modellərinin yaradılması üçün Azərbaycan
dilinin nitq korpusu yaradılmışdır. Nitq korpusunun yaradılması üçün 2500 nəfərdən
çox müxtəlif yaş kateqoriyasından insanların səsləri
yazılmışdır. Bundan əlavə,
nitqin tanınması sisteminin komponentlərindən biri olan dil
modelinin yaradılması üçün Azərbaycan dilinin mətn
korpusu yaradılmışdır. Bu mətn
korpusunun yaradılması üçün isə, internetdə
Azərbaycan dilli saytlarının əksəriyyətinin
kontenti serverlərimizə
köçürülmüşdür.
Nitq və mətn korpuslarının
üzərində modellərin öyrədilməsi və
istifadəçinin nitqinin tanınması üçün
mövcud alqoritmlər ətraflı tədqiq olunaraq
paylanmış nitqin tanınması sistemi
yaradılmışdır. Paylanmış
sistem dedikdə çoxlu istifadəçilərin səsini
eyni zamanda emal edə bilən onlayn servis nəzərdə
tutulur.
Hal-hazırda dilmanc nitqin tanınması
sistemi 1 milyona yaxın söz-forma tanıya bilir. Keyfiyyətli mikrofondan istifadə edildikdə sistemin
dəqiqliyi 92%-dən artıqdır. Sistemin
əsas xüsusiyyətlərinin biri də istifadə edildikcə
keyfiyyətin yaxşılaşmasıdır. İstifadəçilər proqramdan istifadə edən
zaman yüksək ehtimalla tapılmış cümlələr
və onlara uyğun səs faylları serverə
yazılır. Bu səslər
vaxtaşırı olaraq sistemin nitq korpusuna əlavə edilir
və sistem yenidən öyrədilir. Nitq
korpusu artdıqca tanıma keyfiyyəti də artır. dilmanc.az
saytında yerləşdirilmiş Dilmanc nitqin tanınması
sistemi eyni zamanda çoxlu istifadəçilərin səsini
emal edə bilən, çoxlu serverlər üzərində
paylanmış arxitekturaya malik olan sistemdir. Sistemdəki serverlər
3 qrupa ayrılır: yönləndirmə serverləri
(front-end), tanıma serverləri (back-end) və məlumat
serverləri (data-server).
İstifadəçinin səsi saytdan
yönləndirmə serverlərindən birinə göndərilir. Yönləndirmə
serveri ən az yüklənmiş
tanıma serverini seçərək səsi ona göndərir.
Nitqin tanınması prosesi bu serverdə yerinə
yetirilir. Bu zaman həmin server məlumat
serverlərinin birindəki dil modelindən də istifadə
edir.
Mətnin səsləndirilməsi və ya
nitqin sintezi sistemi kompüterə daxil edilmiş mətni
şifahi insan nitqinə çevirən proqram təminatıdır. Mətnin səsləndirilməsi sistemi istifadəçilərin
kompüterlə və digər sistemlərlə daha təbii
yolla ünsiyyət qurmasını təmin edən vasitələrdən
biridir.
Mətnin səsləndirilməsi sisteminin tətbiq edilməsi
bir çox yeni imkanlar yaradır:
1. Məlumat-sorğu sistemlərində insan
operatorların əvəzinə mətnin səsləndirilməsi
sistemi lazımi məlumatı istifadəçiyə
şifahi oxuya bilər. Bununla həm xərclərin
azaldılması, həm də sistemin 24 saat ərzində
fasiləsiz işləməsi təmin olunur.
2. Avtomatlaşdırılmış məlumat sistemlərində
isə bütün mümkün cavablar əvvəlcədən
studiyada diktorun səsi ilə yazılır. Məlumatlar
dəyişdirildikdə və ya yeni cavablar əlavə
olunduqda hər dəfə diktorun səsinin yazılmasına
ehtiyac duyulur. Mümkün cavablar çox
olduqda isə, hər bir variant üçün diktorun səsinin
yazılması praktik olaraq mümkün olmur. Mətnin səsləndirilməsi sistemi hər iki
problemi effektiv həll edir.
3. İstifadəçinin diqqətinin
yayınmamasının kritik olduğu hallarda mətnləri
oxumaq əvəzində oxunuşuna qulaq asmaq imkanı
yaradır. Misal üçün, avtomobili idarə
edən zaman, telefona gələn mesajlar mətnin səsləndirilməsi
zamanı səslə oxunur. Bu sistem xarici
dillər üçün bəzi yeni avtomobillərdə
artıq tətbiq edilmişdir.
4. Görmə qüsuru olan insanlar mətnin səsləndirilməsi
sisteminin inteqrasiya olunduğu xüsusi proqram təminatı
vasitəsilə kompüterdən istifadə edir, kitabları
oxuyur, internetdə işləyirlər.
Xarici dillərin əksəriyyəti
üçün mətnin səsləndirilməsi sistemləri
mobil telefonlarda, kompüterlərdə, avtomobillərdə,
naviqasiya sistemlərində, məlumat-sorğu sistemlərində,
hərbi sənayedə, robot texnikasında və digər sahələrdə
geniş istifadə olunmaqdadır. Azərbaycanda
mətnin səsləndirilməsi sistemi ilk dəfə Dilmanc
layihəsi çərçivəsində
hazırlanmış və ilk versiyası 2012-ci ildə istifadəyə
verilmişdir.
Qeyd edək ki, Dilmanc layihəsi çərçivəsində
Azərbaycan dili üçün linqvistik texnologiyaların
yaradılması və tətbiqi sahəsində işlər
həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat
istiqamətləri aşağıdakılardır:
• Azərbaycan dilindən digər dillərə və əksinə
tərcümə sistemlərinin yaradılması
• Azərbaycan dili üçün nitqin tanınması
sisteminin yaradılması
• Azərbaycan dili üçün mətnin səsləndirilməsi
sisteminin yaradılması
• Telefon danışığını Azərbaycan
dilindən digər dillərə və əksinə tərcümə
edə bilən sistemin yaradılması
Layihənin əsas prioritetlərindən
biri də bu texnologiyaların istifadəçilər tərəfindən
praktik istifadəsini təmin etmək üçün proqram təminatının
hazırlanmasıdır.
Hazırda layhədə nəzərdə
tutulmuş elmi tədqiqat istiqamətlərinin hər biri
üzrə praktik nəticələr əldə olunmuş və
onların keyfiyyətinin artırılması üzərində
işlər gedir. Layihə çərçivəsində
Azərbaycan dili üçün aşağıdakı
texnologiyalar yaradılmışdır:
• Azərbaycan-İngilis, İngilis-Azərbaycan və
Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə
sistemi yaradılıb istifadəyə verilmişdir və
keyfiyyətin artırılması üzərində işlər
gedir
• Azərbaycan-Rus və Rus-Azərbaycan istiqaməti
üzrə tərcümə sistemi yaradılmış və
istifadəyə verilmişdir
• Azərbaycan dili üçün nitqin tanınması
sistemi yaradılmış və keyfiyyətin
artırılması üzərində işlər gedir
• Azərbaycan dili üçün verilmiş mətni səslə
oxuyan mətnin səsləndirilməsi sistemi
yaradılmış və istifadəyə verilmişdir
• Telefon danışığını Azərbaycan
dilindən digər dillərə və əksinə tərcümə
edə bilən sistemin keyfiyyətinin artırılması
üzərində işlər gedir
Layihə çərçivəsində
yaradılmış texnologiyalar bir çox beynəlxalq sərgilərdə
uğurla təqdim olunmuşdur. İsveçrədə
keçirilən ITU Telecom World, Almaniyada keçirilən
CeBIT, Türkiyədə CeBIT Bilişim, Rusiyada keçirilən
Svyaz Ekspokomm, Bakıdakı Bakutel və digər sərgilərdə
bir çox nüfuzlu dövlət rəsmiləri, beynəlxalq
təşkilatların nümayəndələri, şirkət
rəhbərləri və digər qonaqlar bu texnologiyalarla
tanış olmuşlar. Bu şəxslər arasında Azərbaycan
prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva, BMT baş katibi Pan Gi-Mun, Beynəlxalq Telekommunikasiya
İttifaqının sədri Hamadun Ture və digər şəxslər
olmuşdur.
Sevinc
Həftə
içi.- 2014.- 1-3 fevral.- S.6.