«Türkdilli dövlətlər qarşılıqlı

əməkdaşlıqdan çox məmnundurlar» 

 

Bəxtiyar Məmmədov: «Qarşılıqlı münasibətlər Azərbaycanın İKT üzrə inkişafında mühüm rol oynayır»

 

Müasir qloballaşma şəraitində Avrasiya coğrafiyasında geniş məkanı əhatə edən türkdilli dövlətlərin bir-birilə əlaqələri genişləndirməsi mühüm əhəmiyyət daşıyır. Xüsusən bu əməkdaşlıq iqtisadi sahədə qlobal problemlər fonunda türkdilli dövlətlərin sürətli inkişafına kömək edə bilər. Müsbət haldır ki, son illərdə türkdilli dövlətlər müxtəlif istiqamətlərdə əməkdaşlığa daha böyük maraq göstərirlər. Bu əməkdaşlıqda Azərbaycanın özünəməxsus yerirolu var. Türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin müxtəlif sferalarda inkişafına TÜRKSOY, Türkdilli Dövlətlərin Parlament Assambleyası, Türk Akademiyası da xidmət göstərir.

Son illərdə türkdilli dövlətlər arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də müəyyən əməkdaşlıq qurulub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Hüquqkadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədovla söhbətimiz İKT üzrə qarşılıqlı əlaqələrin türkdilli dövlətlərin iqtisadi inkişafına təsiri və gözlənilən perspektivlər barədədir:

- Türkdilli dövlətlərin İKT üzrə qurumları arasında qurulmuş əlaqələr və iqtisadi münasibətlər necə qurulur?

- İKT sahəsi Azərbaycanda əsas prioritet sahələrindən biridir və ölkə iqtisadiyyatının inkişafında önəmli yer tutur. Bu sahənin inkişafının daha da sürətləndirilməsi üçün bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirilir. Bu baxımdan da RİTN dünyanın ayrı-ayrı qitələrində yerləşən dövlətlərlə və o cümlədən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurmaqda və ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Ona görə də uzun illərdir ki, bizim nazirliyimizlə beynəlxalq təşkilatların və xarici ölkələrin rabitə və İKT üzrə qurumları əməkdaşlıq haqqında sazişlər imzalanıb. Hökumətlərarası sazişlər ikitərəfli iqtisadi münasibətlərin tənzimlənməsində mühüm rol oynayıb. Rabitə və İKT üzrə beynəlxalq çərçivədə əlaqələrin qurulması prosesində türkdilli dövlətlərin sözügedən sahə üzrə qurumları da fəallıq nümayiş etdirirlər. Bu gün bizim nazirliyin türkdilli dövlətlərin aidiyyəti qurumları ilə yüksək səviyyədə qurulmuş sıx münasibətləri və əlaqələri mövcuddur. Həm Azərbaycan, həm də türkdilli dövlətlər qarşılıqlı əməkdaşlıqdan çox məmnundurlar.

- Sizcə, türkdilli dövlətlərin İKT üzrə vahid qurumun yaradılmasına ehtiyac varmı?

- Əvvəlcə qeyd etmək istəyirəm ki, İKT üzrə beynəlxalq təşkilat mövcuddur. Həmin qurumda həm türkdilli dövlətlər, həm də qeyri-türkdilli ölkələr üzv kimi daxil ediliblər. Üstəlik, həmin dövlətlər arasında rabitə və İKT sahəsi üzrə əməkdaşlıq əlaqələri qurulub. Həmin əməkdaşlıq sərgilərin, konfransların, beynəlxalq tədbirlərin təşkilində, müxtəlif sazişlərin imzalanmasında da özünü büruzə verir. Bunlardan əlavə, Azərbaycan rabitə və İKT sahəsində bir sıra beynəlxalq layihələrdə sözügedən dövlətlərlə birlikdə iştirak edir. Digər tərəfdən, Azərbaycanın rabitə və İKT üzrə Qafqaz regionunda regional nüfuzu da xüsusi önəm daşıyır və bu nüfuza görə də ölkəmizlə təkcə türkdilli dövlətlər deyil, həm də digər ölkələr də sıx əməkdaşlıq qurmaqda maraqlıdırlar. Azərbaycanın bu uğuru da türkdilli dövlətlərin uğuru kimi qiymətləndirilməlidir. Təklifinizə gəlincə, maraqlı təklif olsa da, beynəlxalq çərçivədə əməkdaşlıq kifayət qədər yüksək səviyyədə qurulduğundan belə bir qurumun yaradılması məsələsi hələlik gündəmdə deyil. Çünki Azərbaycanla türkdilli dövlətlər arasında iqtisadi-siyasi və başqa sahələrdə münasibətlər həddən artıq yaxşıdır və bu əməkdaşlıq hər bir türkdilli ölkənin iqtisadi maraqlarının təmin edilməsinə yönəlib. Bu sahədə uğurlu nəticələr əldə edildiyindən yeni birliyin, yaxud mərkəzin yaradılmasına hələlik ehtiyac yoxdur.

- İqtisadi əlaqələrdən söz düşmüşkən, türkdilli dövlətlərin İKT üzrə mal və məhsullarının birgə satışı, onların birgə sərgilərinin keçirilməsi mümkündürmü?

- Adətən beynəlxalq sərgi və konfranslarda hər bir ölkənin, o cümlədən, Azərbaycanın və türkdilli dövlətlərin rabitə və İKT sahəsində əldə etdiyi nailiyyətlər, yeni texnologiyaların və avadanlıqların prinsipləri, onların mexanizmləri və sair barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması nəzərdə tutulur. Bu günədək istər Bakı şəhərində, istərsə də dünyanın digər böyük şəhərlərində keçirilən sərgi-konfranslarda qeyd etdiklərimin dəfələrlə şahidi olmuşuq. Bunlarla yanaşı, sözügedən sərgi-konfranslarda iştirak edən hər bir ölkənin rabitə və İKT üzrə istər özəl, istərsə də dövlət şirkətləri öz mal və məhsullarının nümayişini təşkil edirlər. Bütün bunlar da həmin mal və məhsulların təbliğatının və satışının yüksək səviyyədə həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan da sərgi-konfranslarda iştirak edən şirkətlər ilbəil öz mal və məhsullarının çeşidlərini və həcmini artırmağa nail olurlar. Sualınıza gəlincə, təbii ki, türkdilli dövlətlərin rabitə və İKT üzrə şirkətlərinin öz mal və məhsullarının birgə satışının və sərgilərinin təşkili mütləq vacib məsələdir. Amma dünya bazarında birgə satış məsələsi beynəlxalq ticarətin prinsipləri əsasında reallaşdırılmalıdır. Söhbət ondan gedir ki, haqqında danışdığımız ticarətin, yəni satışın reallaşdırılması üçün ticarət qaydaları müəyyənləşdirilməlidir və həmin qaydalar türkdilli dövlətlər, eləcə də onları təmsil edən şirkətlər arasında razılaşdırılmalıdır. Bunun üçün də beynəlxalq hüquq çərçivəsində danışıqların aparılmasına, müzakirələrin keçirilməsinə və fikir mübadiləsinin gerçəkləşdirilməsinə ehtiyac var. Şübəsiz ki, istər Azərbaycan, istərsə də digər türkdilli dövlətlər ilk növbədə özlərinin beynəlxalq iqtisadi münasibətlərinin tənzimlənməsində və dövlət maraqlarının təmin olunmasında maraqlı olduğundan, mal və məhsulların satışı üzrə şəxsi təşəbbüslərini irəli sürməyə və buna nail olmağa çalışırlar. Ona görə də hər bir dövlət ilk növbədə öz şəxsi bazarını qurmaqda maraqlı olduğunu nümayiş etdirir.

- Qazaxıstanla Azərbaycan arasında informasiya məhsulları və xidmətləri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilir. Sizcə, bu cür görüşlər rabitə və İKT sahəsinin inkişafına hansı dəstəyini verə bilər?

- Qazaxıstan “Milli Elmi-Texniki İnformasiya Mərkəzi” Səhmdar Cəmiyyətinin (METİM) nümayəndə heyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinə (EİM) səfəri elmi-texniki ictimaiyyət üçün informasiya məhsulları və xidmətlərinin inkişaf etdirilməsi sahəsində gələcək əməkdaşlıq və təcrübə mübadiləsinin müzakirə edilməsi məqsədini daşıyır. Bu baxımdan da Azərbaycanla türkdilli dövlətlər arasında sərgi-konfransların, istərsə də görüşlərin keçirilməsi bu ölkələrin iqtisadi maraqlarına xidmət edir. Hazırda davam edən görüş METİM və EİM arasında əlaqələrin möhkəmləndirilməsinə və gələcəkdə münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir. Digər tərəfdən, bu görüş qarşılıqlı informasiya mübadiləsinin aparılması və təcrübələrin bölüşdürülməsi baxımından mühüm rol oynadığından əldə edilən nəticələrin praktikada tətbiqi də çox önəmlidir. Ümumiyyətlə, Azərbaycanın və türkdilli dövlətlərin İKT və rabitə üzrə dövlət qurumları, özəl və dövlət şirkətləri, eləcə də onların elmi-tədqiqat mərkəzləri və ali təhsil qurumları arasında bu cür görüşlərin keçirilməsi sözügedən ölkələrdə nəzəri biliklərin və praktiki təcrübələrin qarşılıqlı formada mübadiləsinə gətirib çıxaracaq. Bu da həmin dövlətlərin rabitə və İKT üzrə inkişafını daha da yüksəldəcək.

- Türkdilli dövlətlərin İKT üzrə qarşılıqlı münasibətləri fonunda Azərbaycanın gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

- Təkcə türkdilli dövlətlərlə deyil, eləcə də digər ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, qarşılıqlı münasibətlərin davam etdirilməsi Azərbaycanın iqtisadi qüdrətini daha da gücləndirəcək. Bundan əlavə, yeni texnologiyaların və avadanlıqların tətbiqi də ölkə iqtisadiyyatının yüksək templi inkişafına təkan verəcək. Üstəlik, bu cür əlaqələrin davam etdirilməsi türkdilli dövlətlərdə yaşayan xalqları da bir-birilərinə daha da yaxınlaşdıracaq, onların inkişafına, rabitə və İKT üzrə nəzəri biliklərinin və təcrübələrinin təkmilləşdirilməsinə səbəb olacaq.

 

Təbriz VƏFALI

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 7 fevral.- S.6.