Neft pulları
Bakını necə dəyişir?
Bakı şəhərinin simasını dəyişən dəbdəbəli binaların böyük əksəriyyəti xarici memarlar tərəfindən layihələndirilir.
Azərbaycanda iqtisadi
inkişafdan, neft pullarının xərclənməsi istiqamətlərindən
söhbət düşəndə adətən, ilk ağla gələn
tikinti layihələridir. Bu da təsadüfi deyil, neft
pullarının axını başlanandan Azərbaycanda,
xüsusən də Bakıda həyata keçirilən iri
maliyyə tutumlu nəhəng tikinti layihələrinin sayı
müqayisəedilməz dərəcədə artıb. Məhz
neft gəlirlərinin Azərbaycana daxil olmasından sonra həyata
keçirilən tikinti layihələri Sovet
Bakısının görkəmini əməlli-başlı dəyişib.
Xüsusilə də son 10-15 il ərzində paytaxtda tikilən
onlarla körpü və tunellər, piyada keçidləri,
mehmanxana kompleksləri, idman arenaları, mədəniyyət
sarayları, yüzlərlə göydələnlər
Bakının simasına müasirliklə yanaşı, Avropa
memarlıq üslubunun çalarlarını da gətirib.
Bəs dövlət
müstəqilliyini əldə etdikdən sonra sonrakı 20 il ərzində
paytaxtın görkəmini dəyişdirən, sovet
Bakısını müasir dövrün şəhərinə
çevirən tikinti layihələri harada və necə
hazırlanır? Neft gəlirləri hesabına müasirləşən
Bakını kim tikir?
“Həftə
içi” bu və ya digər suallara aydınlıq gətirmək
məqsədilə neft gəlirlərinin Azərbaycana daxil
olmasından sonra paytaxtda inşa edilən, Bakının
ümumi panoramasına yenilik gətirən nəhəng tikililərlə
bağlı kiçik bir araşdırma aparıb. Müasir
memarlıq üslubunda inşa edilmiş və ya tikilməkdə
olan binaların layihələrinin harada və necə
hazırlandığına dair topladığımız
materiallar olduqca maraqlı nəticələr ortaya
çıxarıb. Məlum olub ki, son 10-15 ildə paytaxt
Bakıda reallaşdırılan nəhəng tikinti layihələrinin
mütləq əksəriyyətinin müəllifləri
xarici memarlardır. Onların arasında hətta
dünyanın ən tanınmış tikinti menecmentləri də
var. Ən mühüm məsələlərdən biri odur
ki, bu layihələrin heç biri Azərbaycanın
özündə hazırlanmır və həmin layihələrin
işlənməsi bir qayda olaraq xarici memarlara həvalə
olunur. Üstəlik xarici memarların hazırladıqları
bu tikinti layihələrinin icrası da əsasən xarici
şirkətlərə tapşırılır.
Paytaxtı dəyişən İnkişaf Planı
Xatırladaq ki, faktiki
olaraq yenidən qurulan Bakıda bu tip tikinti layihələri Azərbaycan
dövlətinin sifarişləri əsasında
hazırlanır. Bu layihələr isə sonradan Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən
hazırlanan “Böyük Bakının regional inkişaf
planı”na daxil edilir. Həmin plana əsasən, yaxın illərdə
məhz müasir üslublu çoxmərtəbli binaların
sayı bir neçə dəfə artırılmaqla Bakı
şəhərinin siması inanılmaz dərəcədə
dəyişəcək. Bu plana Bakı ilə yanaşı,
Sumqayıt və Xırdalan şəhərləri, hətta
Abşeron rayonunun yarımadada yerləşən hissəsi də
daxildir.
Beləliklə,
“Böyük Bakının Regional İnkişaf Planı” layihəsi
üzərində işlər hələ tam başa
çatdırılmasa da, paytaxtda inşa edilən unikal
tikinti layihələrinin bir çoxunun icrası artıq
yekunlaşıb. Elə son illər Azərbaycanda
reallaşdırılan ən iri maliyyə tutumlu layihələr
sırasında öndə olanlar da məhz bu tip layihələrdir.
Bu layihələr arasında tikintisi başa çatanlar,
inşası davam etdirilən və hələ növbə
gözləyənlər də var.
Paytaxtda həm unikal
görünüşünə, həm də maliyyə
tutumuna görə ciddi şəkildə fərqlənən
tikinti layihələrindən biri Heydər Əliyev Mərkəzidir
ki, onun tikintisinə 2007-ci ilin sentyabrında başlanıb.
Heydər Əliyevin adını daşıyan prospektin başlanğıcında
inşa olunan layihənin sifarişçi Azərbaycan
hökuməti, layihənin memarı Zaha Hadid (Böyük
Britaniya), icraçısı isə “DİA Holdinq” Azərbaycan-Türkiyə
Müştərək Müəssisəsidir. Mərkəz
kompleksi ümumilikdə 15,25 hektar ərazini əhatə edir.
Ərazinin 9 hektarı təkcə istirahət parkının
payına düşür. Dünyanın nadir memarlıq incilərindən
biri olacaq kompleksdə möhtəşəm sərgi və
konsert zalları, muzey, elmi mərkəz, kitabxana və digər
xidmət sahələri yaradılıb.
Artıq istifadədə
olan Dövlət Bayrağı Meydanı da büdcədən
maliyyələşən iri maliyyə tutumlu layihələrdən
sayılır. Azərbaycan hökumətinin sifarişi əsasında
ABŞ-ın “Trident Support” memarlıq şirkətinin layihəsi
əsasında inşa edilmiş meydanın tikintisini “Azenko”
şirkəti (Azərbaycan) icra edib. 2008-ci ilin mayında təməli
qoyulan, 2010-cu ilin sentyabrında tikintisi başa
çatmış layihənin dəyəri 32 milyon dollar təşkil
edib.
Heydər Əliyev
prospektində reallaşdırılacaq daha bir iri maliyyə
tutumlu tikinti layihəsinin sifarişçisi isə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ).
ARDNŞ-nin özü üçün 42 mərtəbəli
yeni inzibati binanın tikintisini nəzərdə tutan bu layihəsinin
müəllifi Cənubi Koreyanın “Heerim Architects & Planners
Co LTD” şirkəti (memar Jong Sook Yoon), icraçı isə
Türkiyənin “Tekfen Construction” firmasıdır. İlkin dəyəri
235,4 milyon dollar olan layihə üzrə inşaat işlərini
2010-cu ilin iyununda başlanıb. İki binanın birləşərək
dəniz pinqvinini xatırladan kompleks 2000 işçiyə
xidmət etməlidir.
2010-cu ilin yayında təməli
qoyulan Bakı Olimpiya Stadionu da ən iri layihələr
sırasındadır. Metronun “Məşədi Əzizbəyov”
stansiyası yaxınlığında, “Böyük Şor
gölü” adlanan ərazidə tikilən bu stadionun səs-küyü
hətta Azərbaycan sərhədlərindən
çox-çox uzaqlarda eşidildi. Səbəb təkcə
FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel
Platini, eləcə də dünya futbol ictimaiyyətinin
görkəmli nümayəndələrinin stadionunun təməlqoyma
mərasiminə qatılması deyildi. Həm də 65 min nəfərlik
stadionun layihəsinin Türkiyənin məşhur TOCA (The
Office of Contemporary Architecture) şirkətinin iki
tanınmış memarı - Erdinc Çiftçi və Semih
Goralın bu layihəyə müəlliflik edir. Layihənin
ilkin dəyərinin isə 1 milyard dollar olduğu bildirilir.
Bakının
memarlıq simasının dəyişməsində xüsusi
rol oynayacaq Azərbaycan Mərkəzi Bankının yeni
inzibati binası da Heydər Əliyev prospektində yerləşəcək.
Avstriyalı memar Harmut Hankın müəlliflik etdiyi layihə
Mərkəzi Bankın yeni binası 123 metr və 140 metr
hündürlüyündə olan iki qüllənin birgə
yaratdığı kompozisiyada həllinin tapıb. Heydər
Əliyev prospekti 109-11 ünvanda inşa olunan bina
Bakının hər yerindən görünəcək və
tək dayanan “fiqur” formasında olacaq.
“Qara Şəhər” Ağ Şəhərə çevrilir
Bakı Şəhər
İcra Hakimiyyətinin sifarişi ilə “WS Atkins”, “Foster +
Partners” (B/Btitaniya) və “F+A Architects” (ABŞ) şirkətlərinin
birgə hazırladığı “Baku White City” (“Ağ Şəhər”)
layihəsi isə sözün həqiqi mənasında
paytaxtın simasını dəyişdirilməsinə yönəlib.
Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbovun 11 iyun 2007-ci
il tarixli sərəncamına əsasən, bu layihə
hazırkı “Qara Şəhər”in bərpası və yenidən
qurulmasını nəzərdə tutur. Sahəsi 221 hektar olan
bu ərazi, şəhərin müasir mərkəzi kimi bir
anlayışı tamamilə dəyişərək və
genişləndirərək, yeni bir sima alacaq. “Bakı Ağ
Şəhər” layihəsinin baş planı öz sakinlərinə
yaşayış, iş, istirahət və əyləncələr
üçün ən yaxşı şərait təqdim edəcəyi
10 şəhər tipli universal kvartalın
yaradılmasını, Bakı bulvarının
abadlaşdırılması və genişləndirilməsini
nəzərdə tutur. Paytaxt əhalisinin ən çox
sevdiyi küçələrdən biri olan Neftçilər
prospekti isə Yeni Bulvar boyu davam edəcək. Hətta
“Bakı Ağ Şəhər”in mərkəzi meydanına
çıxışı olan metro stansiyasının
inşası, habelə avtobus nəqliyyatı şəbəkəsinin
inkişaf etdirilməsi planlaşdırılır.
Daha bur maraqlı məqam
odur ki, Bakı meri Hacıbala Abutalıbov bir neçə il
paytaxt küçələrində sökdürdüyü
tramvay xəttini Ağ Şəhərdə bərpa etmək
niyyətindədir. Belə ki, ingilis və amerikan memarlar –
S.Behling, R.Coyeks və N.Fosterin hazırladığı bu nəhəng
layihədə bütün sahil boyu tramvay xəttinin çəkilməsi,
su nəqliyyatından istifadə edilməsi üçün
bulvar boyunca dəniz yolunun salınması nəzərdə
tutulur.
Dənizkənarı
Milli Parkda artıq inşası başa çatmaqda olan
Xalça Muzeyinin də memarı xarici ölkədən
seçilib. Belə ki, yarıbükülmüş xalça
formasında inşa olunan 4 mərtəbəli binanın
tikintisi Avstriya şirkətinin layihəsi əsasında
aparılır. Memarlar Frans Yans və Valter Marinin layihələndirdiyi,
təməli 2008-ci ilin mayında qoyulan Xalça Muzeyinin bu
ilin sonundək istifadəyə verilməsi planlaşdırılır.
Heydər Əliyev
prospekti-108 ünvanda inşa olunan Gimnastika Kompleksi də
müasir dizaynı ilə paytaxtdakı digər tikililərdən
əhəmiyyətli dərəcədə fərqlənəcək.
Serbiya şirkətini təmsil edən memar Brodway Maylanın
layihəsi əsasında tikilən Gimnastika Kompleksində 6
000 yerlik tamaşaçı tribunası, VİP tribuna, hakimlər,
məşqçilər, işçi heyət
üçün otaqlar, informasiya zalı, trenajor zalları,
mağazalar, restoran, bar və digər istirahət-əyləncə
mərkəzinin inşası nəzərdə tutulur.
Ümumi sahəsi 42 min 179 kvadratmetr olan kompleksin ərazisində
həmçinin 300 yerlik yeraltı avtomobil dayanacağı da
tikiləcək.
“National Gymnastics Arena”
adlı kompleksdə artıq beton, üzləmə,
kommunikasiya işləri demək olar ki, yekunlaşıb.
Kompleksin tavanı da qurulub və tam hazır vəziyyətdədir.
Kompleksdə tamaşaçıların
rahatlığını təmin etmək üçün
istirahət guşələri, kafe və restoranlarda da işlərin
görülməsinə başlanılacaq. Avtomobillə gələnlər
isə kompleksin altındakı iki mərtəbəli qarajdan
istifadə edə biləcəklər. Gimnastika kompleksində
bədii, idman gimnastikaları, həmçinin digər idman
növləri üzrə yarışlar təşkil ediləcək.
Dəniz üzərində asma körpü:
maliyyədən asılı qalan layihə
Son illər Azərbaycanda
həyata keçirilən və ya planlaşdırılan
layihələr arasında Xəzər dənizi üzərində
asma körpü diqqəti daha çox cəlb edir. “Dong Sung
Enginering” və Koreya beynəlxalq əməkdaşlıq
agentliyinin (KOİKA) Nəqliyyat Nazirliyinin sifarişi ilə
layihələndirdiyi körpünün əsas hissəsinin
uzunluğu 14,5 kilometrdir. Bakının Şıx qəsəbəsindən
Zığ qəsəbəsinə qədər dənizin
üzərindən salınacaq körpünün bir hissəsi
dor ipləri, digər hissəsi isə dayaqlar üzərində
tikiləcək. Bundan başqa, körpünün altından
40 min tona qədər dedveydi olan gəmilər keçə
biləcək. Layihənin icraçısı olan Cənubi
Koreyanın “Dong Sung Enginering” şirkəti körpünün
ilkin dəyərinin 1,6 milyard dollar həcmində
hesablandığını açıqlayıb. Lakin bu
hesablanma 2009-cu ildə aparılıb və indi layihənin
ümumi dəyərinin bir neçə dəfə
bahalaşdığı deyilir.
Nəqliyyat Nazirliyindən
“Həftə içi”nə verilən məlumata görə,
hələ 2010-cu ilin martında bu layihəyə dair nazirliklə
Koreya Fondu arasında müqavilə də imzalanıb. Həmin
müqaviləyə əsasən, Koreya Fondu
körpünün tikintisinin texniki-iqtisadi əsaslandırılması
layihəsinin hazırlanmasına 1,5 milyon dollar ayırır.
Bu layihə 2 il ərzində hazırlanmalı və bundan
sonra tikintiyə başlanmalıdır. Bununla belə Azərbaycan
tərəfi Xəzər dənizi üzərində asma
körpü layihəsinin baha olması səbəbindən
onun icrasına tələsmir.
Neft pullarının
ölkəyə axını şəraitində Bakıda həyata
keçirilən iri maliyyə tutumlu layihələrdən biri
də “Qış Bulvarı”dır. Artıq istifadəyə
verilmiş “Qış Bulvarı” son illər Bakıda inşa
olunan nəhəng tikinti komplekslərindən bir mühüm
cəhətinə görə fərqlənir. Belə ki,
“Qış Bulvarı” yeganə layihədir ki, o Azərbaycanın
öz mütəxəssislərin tərəfindən
hazırlanıb. Tanınmış memar, Bakı Dövlət
Layihə İnstitutunun direktoru İlqar İsbatovun müəllifi
olduğu bu layihə çərçivəsində köhnə
Bakının simasını özündə əks etdirən
yüzlərlə bir və ikimərtəbəli
yaşayış evləri sökülüb. Məhz həmin
binaların yerində salınan nəhəng park kompleksi Heydər
Əliyev Sarayından “Füzuli meydanı”nadək
böyük bir sahəni əhatə edir. Parkın kənarlarında
4 zolaqlı geniş yollar, alt hissədə avtomobil
dayanacağı tikilib. Yaxın illərdə isə park
boyunca hər iki tərəfdən müasir üslubda,
yüksək dizaynla layihələndirilmiş
yaşayış binaları inşa olunacaq.
Son illərin ən
böyük tikinti layihələrindən olan və artıq
istifadəyə verilmiş Beynəlxalq Muğam Mərkəzi,
“Eurovision-2012”nin keçirildiyi “Crystal Hall Baku”nun binaları
paytaxın memarlıq üslubuna yeni çalarlar qatır.
Bütün bu nəhəng tikinti layihələrinin
hamısı dövlət vəsaitləri hesabına maliyyələşib
və ya maliyyələşməkdə davam edir. Bundan
başqa, Sənaye və Energetika Nazirliyi, İqtisadi
İnkişaf Nazirliyi, “Azal” Hava Yolları Dövlət Konserni
üçün yeni inzibati binaların tikintisi də iri maliyyə
tələb edən layihələr sırasındadır.
Bakını
dünyanın müasir meqapolis şəhərlərindən
birinə çevirən layihələr arasında özəl
biznes şirkətlərinin müstəqil şəkildə
hazırladığı layihələr də var. Məsələn,
“Alov qüllələri” (“DİA Holdinq”in layihəsi əsasında
“Parlament prospekti”ndə inşa olunan şüşəli
binalar), “Yeddi Zirvə” (Danimarkanın “Bjarke Engels Group” şirkətinin
memarları tərəfindən layihələndirilən bu
proyekt Zirə adasında ənənəvi enerjinin ekologiyaya
sıfır təsiri olan yalnız külək, günəş
və su enerjisindən qidalanan əyləncə-istirahət
zonasının tikintisini nəzərdə tutur), “Aypara
sarayı” (Cənubi Koreyanın “Heerim Architects” şirkətinin
hazırladığı bu layihədə Bakı buxtasında
bir-birini tamamlayan iki lüks otelin tikintisi
planlaşdırılır) kimi layihələr də
Bakının simasını, xüsusən də Xəzər
dənizi tərəfdən amfiteatrını ciddi şəkildə
dəyişəcək.
Beləliklə,
böyük əksəriyyəti neft pulları, dövlət
vəsaitləri hesabına Bakının faktiki olaraq yenidən
qurulmasına yönəldilən bu layihələrdən
yalnız birinin – “Qış Bulvarı” layihəsi yerli mütəxəssislər
tərəfindən hazırlanıb. Yerdə qalan
bütün layihələr isə xarici memarlara məxsusdur.
- Bəs bütün bunlar qədim tarixi, milli memarlıq üslubunu və mədəniyyət tarixini özündə əks etdirən Bakının xarici memarların əli ilə yadlaşdırılması demək deyilmi?
- Bakı şəhərinin simasını dəyişən tikinti layihələrinin hazırlanması üçün sifarişlər niyə yerli mütəxəssislərə deyil, xarici memarlara verilmir?
- Azərbaycanda bu tip memarlıq layihələrini hazırlaya bilən mühəndis-kadrlar yoxdurmu? Varsa, onlar Bakıda reallaşdırılan nəhəng tikinti layihələrinin hazırlanmasında fəal iştirak etmir?
- Azərbaycanın tanınmış memarları yerli mütəxəssislərin Bakının görkəmini, infrastruktur təsərrüfatını dəyişən bu tip tikinti-memarlıq layihələrindən kənarda qalmasına necə baxır?
Bu və ya digər sualların cavabı növbəti araşdırmalarımızda.
Elxan
Salahov
Həftə
içi.- 2014.- 8-10 fevral.- S.5.