«Azerspace-1»in bir yaşı tamam oldu 

 

Müşfiq Əmirov: «Peykimizn BMT-də beynəlxalq qeydiyyata alınması üçün sənədlər hazırdır»

 

Azərbaycanda iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə məhz informasiya və kommunikasiya texnologiyalarının (İKT) tutduğu yer və onun inkişafı dayanır. Bu səbəbdən də İKT sahəsi respublikamızda prioritet sahə və ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan edilib, bu sahədə bir çox iri layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Ona görə də uzun illərdir İKT sahəsinin ölkə iqtisadiyyatında xüsusi çəkisi yüksələn xətlə inkişaf edir. Bu baxımdan peyk rabitəsi özünün xüsusi əhəmiyyəti ilə seçilir.

Məsələn, 2013-cü ilin fevral ayının 8-də (Kuru kosmodromunda fevralın 7-də) Azərbaycanın müstəqillik tarixinin ən əlamətdar və tarixi hadisələrindən birinə çevrilən - Azərbaycanın ilk telekommunikasiya peyki olan «Azerspace-1»in uğurla orbitə çıxarılması respublikamızın parlaq gələcəyini təmin edəcək İKT sahəsinin inkişafı istiqamətində atılan əhəmiyyətli bir addım kimi qiymətləndirilməlidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «Həftə içi»nə açıqlamasnıda bildirir ki, hələ bir neçə il öncə yüksək texnologiyaların tətbiqi istiqamətində kosmik sənayenin yaradılması mühüm bir məqsəd kimi qarşıya qoyulub. «Azerspace-1»in uğurla orbitə çıxarılması da 5 il ərzində aparılan işlərin son nəticəsidir. Yəni bu proses 2008-ci ildə dövlət başçısının «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» sərəncamı ilə başlayan, 2009-cu ildə ölkədə «Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi ilə davam etdirilən işlər, dünyanın 10-dan çox inkişaf etmiş ölkəsi ilə beynəlxalq əməkdaşlıq nəticəsində, eyni zamanda yerli kadrların hazırlanması və aktiv iştirakı sayəsində mümkün olub: «Azərbaycan artıq bir kosmos ölkəsidir, kosmik klubun üzvüdür. Milli peykin orbitə çıxarılması onun yaratdığı texniki imkanlarla yanaşı, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına da səbəb olub».

 

Peykimiz informasiya təhlükəsizliyini təmin edir

 

Nazirlik rəsmisi bildirir ki, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatlarının və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması baxımından xüsusi və strateji əhəmiyyətə malikdir: «Məlumdur ki, ölkə ərazisinin yarıdan çoxu dağlıq ərazilərdən ibarətdir. Dağlıq ərazilərin, dağlarda yerləşən ucqar yaşayış məntəqələrinin yerüstü kabel şəbəkəsi vasitəsilə rabitə əlaqəsi ilə təmin edilməsi müəyyən çətinliklər yaradır. Bu baxımdan «Azerspace-1» vasitəsilə ölkəmizdə təmin ediləcək yüksək səviyyəli peyk rabitəsinin köməyi ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkənin bütün ərazisi yüksək keyfiyyətli rabitə ilə təmin olunacaq. Peyk rabitəsi həm də mövcud yerüstü fiber-optik kabel şəbəkəsinin alternativi kimi qiymətləndirilməlidir. Çünki peyk rabitəsi yerüstü şəbəkənin həddən artıq yüklənməsinin qarşısını alır, təbii fəlakətlər nəticəsində yerüstü şəbəkənin zədələnmələri zamanı onun əvəz edilməsini təmin edir. Bu məqsədlərlə xarici dövlətlərin deyil, öz milli peykimizdən istifadə edilməsi informasiya təhlükəsizliyi baxımından da vacib bir məqamdır».

 

Peykimizdən 650 milyon dollar gəlir əldə etməyi planlaşdırır

 

Müşfiq Əmirov vurğulayır ki, peykin istismara verilməsi nəticəsində ölkə ərazisinin, xüsusilə ucqar yaşayış məntəqələrinin internet xidmətləri ilə təmin edilməsi, televiziya yayımının daha yüksək keyfiyyətli təşkili xeyli dərəcədə yaxşılaşacaq. Həmçinin yaxın gələcəkdə yüksək dəqiqlikli televiziya (HD) yayımı ilə təmin edilməsi mümkün olacaq. Onun sözlərinə görə, «Azerspace-1» ən ucqar məntəqələri belə əhatə etməklə, dövlət ilə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılmasına və «Elektron hökumət»in daha üstün keyfiyyətlə təşkilinə, həmçinin məsafədən (distant) təhsil və e-səhiyyə xidmətlərinin genişləndirilməsinə əlavə dəstək verəcək: «Milli peykimiz həmçinin mürəkkəb geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə hadisələrin daha effektiv idarə edilməsinə töhfə verəcək».

Həmsöhbətimiz deyir ki, peyk sənayesi həmçinin ən innovativ və texnoloji cəhətdən inkişaf etmiş və dünya üzrə rentabelli sənaye sahələrindən biri hesab edilir. Bu baxımdan, Azərbaycanın peyk rabitəsinə olan daxili tələbatını təmin etməklə yanaşı, peykin istismara verilməsinin digər məqsədi dünya səviyyəsində peyk rabitə xidmətlərinə artan tələbatın ödənilməsi üzrə ixtisaslaşmış gəlirli bir biznesdə iştirak edərək qazanc əldə etməkdir: «ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən hazırlanan və 230 milyon dollar başa gələn peykin kosmosa buraxılmasını Fransının «Arianspace» şirkəti həyata keçirib. Ağırlığı 3,2 ton olan peykimiz ən azı 15 il ərzində telekommunikasiya xidmətləri göstərəcək. Bu peykin texniki imkanlarının 20 faizi Azərbaycanın ehtiyaclarını qarşılayacaq, 80 faizi isə digər ölkələrə və şirkətlərə kirayə veriləcək. Azərbaycan həm yerli, həm də xarici şirkətlərə kirayələnən peykdən 650 milyon dollar gəlir əldə etməyi planlaşdırır.

Müşfiq Əmirov «Azərspace-1»in ona yatırılmış investisiyanı öz istismarının 7-ci ilində doğruldacağı nəzərdə tutulduğunu da söyləyir. Onun dediyinə görə, ötən ilin may ayının 1-dən etibarən «Azərkosmos» ASC-nin kommersiya fəaliyyətinə, həmçinin «Azerspace-1»in tutumlarının 40 faizinin satışına başlanılıb. İlk milli peykimizdən əsasən Şimali Afrika üzərində olan operatorlar istifadə etməyə başlayıblar: «Ümumiyyətlə, «Azerspace-1»in təkmil texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən 1/3 hissəsini əhatə edir və bu da onu göstərir ki, milyonlarca insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. İlk telekommunikasiya peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda, yəni Qafqaz, Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya və Yaxın Şərq regionlarında mühüm iqtisadi rol oynayacaq. Həmin regionlardakı dövlətləri əhatə edəcək peykimiz həmçinin ölkəmizin bütün ərazisində internet və digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək».

 

«Azerspace» ilə 60 kanal yayımlanır

 

RİTN rəsmisi qeyd edir ki, Azərbaycan televiziya kanallarının xarici ölkələrə məxsus peyklərdən yayımının təşkil edilməsi üçün ildə təxminən 5 milyon dollardan çox xərc çəkilir. Yaxın gələcəkdə bu xərcin azı 2 dəfə artması gözlənilir: «Ona görə də milli peykin istismara verilməsi nəticsində həmin vəsait ölkə iqtisadiyyatına yönəldiləcək və əlavə gəlir mənbəyinə çevriləcək. Ötən ilin iyulun 1-dən etibarən Azərbaycan paketinin «Türksat 3A» peykindən mövcud yayımı dayandırılıb. Həmin paketə daxil olan televiziya və radio kanalları «Azerspace-1 / Africasat-1a, 460 E» peykinə keçirilib. Hazırda paketə daxil olan TV və radio kanallar («AzTV», «İdman Azərbaycan», «Mədəniyyət TV», «İctimai TV», «ATV Int.», «Xəzər TV», «Azad Azərbaycan TV») «Azerspace 1 / Africasat 1a» peykindən yayımlanır. 2013-cü ilin iyul ayından etibarən isə «Azerspace-1» vasitəsilə kommersiya fəaliyyəti həyata keçirilir və Azərbaycan peyki üzərindən 60-dan çox yerli və xarici kanal yayımlanır».

Xidmət rəhbəri qeyd edir ki, «Azərkosmos»da «ISO 9001:2008» auditi keçirilərək «Bureau Veritas»-ın beynəlxalq keyfiyyət standartına uyğunluq sertifikatı əldə edilib. Peykin BMT-də beynəlxalq qeydiyyata alınması üçün isə sənədlər artıq hazırdır. Müşfiq Əmirovun sözlərinə görə, «Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı»na və «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yeri müşahidə peyklərinin orbitə çıxarılması nəzərdə tutulub.

Yeri gəlmişkən, hələ ötən ilin avqust ayında «Azərkosmos» və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında «Azərspace-2» ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair Qrant Müqaviləsi imzalanıb, müsabiqə keçirilib və «Global Resources» şirkəti qalib elan edilib. İkinci telekommunikasiya peykinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına 2014-cü ildən başlanılması nəzərdə tutulur.

«Azerspace-2»nin 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır. 2015-cı ildə isə aşağı orbitli peykin, yəni ilk milli Yerin Müşahidə Peykinin istismara verilməsi gözlənilir. Eyni zamanda, 2017-ci ildə Azərbaycana məxsus yüksək ayırdetməli optik peykin orbitə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə də danışıqlar aparılır. Bundan başqa, 2016-cı ildə yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində istehsalçı şirkətlərlə müzakirələr gedir.

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 11 fevral.- S.6.