İnternetdə
uşaqların təhlükəsizliyi necə qorunur?
Ekspertlər hesab edirlər ki, bu istiqamətdə müvafiq addımların atılmasına baxmayaraq, kifayət qədər görüləsi işlər var
Müasir cəmiyyətdə informasiya texnologiyaları sahəsində əldə olunan yeniliklər insanların həyatında sürətlə yer tutmağa başlayır. Müşahidələr göstərir ki, hazırda İKT sahəsində mövcud yenilikləri izləməkdə uşaqlar böyüklərdən xeyli irəlidədirlər. Bu məsələ öz növbəsində uşaqların internetin mənfi təsirlərindən necə qorunmasını gündəmə gətirib. Belə ki, alimlərin apardıqları araşdırmalara görə, insanların həyatında mühüm yer tutmağa başlayan müxtəlif sosial şəbəkələrdən uşaqların istifadəsi onları təhlükələrlə üz-üzə qoyur.
Bəs görəsən
Azərbaycanda internetdə uşaqların təhlükəsizliyi
ilə bağlı hansısa sistem mövcuddurmu? Ümumiyyətlə, bu istiqamətdə hansı addımların
atılmasına ehtiyac var?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
Elektron Təhlükəsizlik Mərkəzinin
(ETM) şöbə müdiri Rəşad
Əliyev deyir ki,
uşaqların internetin mənfi təsirindən
qorunması üzrə təkliflər hazırlanıb. Onun sözlərinə görə, təkliflər
əsasən orta məktəblərin
müəllim heyəti və şagirdlərin valideynləri
arasında maarifləndirici tədbirlərin keçirilməsini
nəzərdə tutur: "Təkliflər
baxılması üçün nazirliyə
təqdim olunub. Bizim mərkəz
daha yüksək səviyyədə mövcud problemlərin həlli ilə məşğul
ola biləcək təşkilatın
yaradılması təşəbbüsü ilə də
çıxış edib».
Rəşad Əliyev
qeyd edib ki, təşkilat Daxili
İşlər Nazirliyi, həmçinin
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin iştirakı ilə
yaradıla bilər. Onun sözlərinə görə, bununla
əlaqədar "Parental Control"
("Valideyn nəzarəti") həllərinin
istifadəsi üzrə treninqləri keçirilməsi nəzərdə
tutulur. Şöbə müdirinin
fikrincə, "Parental Control"
proqram həlli qadağan
edilmiş internet saytlara və proqramlara
çıxışı bloka almağa, hesabatlar və
kompüterdən istifadənin cədvəlini tərtib
etməyə imkan verir.
Nazirlik rəsmisi onu da deyib ki,
sözügedən qurumun mütəxəssisləri
"Parental Control"
həllini internetə çıxış imkanı olan məktəb və ictimai
yerlərdə tətbiq etməyi təklif edir:
"Biz bu
proqram həllərin istehsalçı
şirkətləri ilə sıx əməkdaşlıq etmək,
saytların monitorinqlərini aparmaq və
böyüyən nəslin onlara
çıxışının qarşısını almaq niyyətindəyik. İnternet
klublarda "Parental Control" modullarının tətbiqi
uşaqların arzuolunmaz kontentə
çıxışının qarşısını almaqla yanaşı, kiberhücumlarla
mübarizəni gücləndirməyi nəzərdə tutur".
Valideynlərin İKT bilikləri aşağıdır
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Həftə içi”nə
açıqlamasında bildirib ki, hazırda dünyada
uşaqların internetdə təhlükəsizliyi məsələsinə
fərqli baxışlar mövcuddur. Onun sözlərinə görə, elə
ölkələr var ki,
buna tamamilə sərt yanaşırlar. Bəzi
ölkələr məsələyə bir
qədər yumşaq yanaşırlar, amma onlar uşaqların təhlükəsizliyi
ilə bağlı ciddi addımlar
atır: “Amerika, Fransa
və digər inkişaf etmiş
ölkələrin əksəriyyətində uşaqların
internetdə təhlükəsizlik məsələsinə yanaşma çox ciddidir. Ölkəmizdə uşaqlarla
bağlı bu sahədə vəziyyət
bir qədər yumşaqdır. Bu istiqamətdə müxtəlif ölkələrdə
fərqli addımlar atılır. Məsələn, uşaqlarla bağlı müxtəlif informasiyalar yayan resurslara, müxtəlif çatlarda
uşaqlara təsiredici informasiyalar
yayan şəxslərə qarşı
addımları göstərmək olar. Elə ölkələr var ki, onlarda uşaqların təhlükəsizliyini
qorumaqla bağlı oturuşmuş
informasiya sistemləri formalaşıb.
İnternetdə uşaqlara psixoloji təsir edən informasiyaların
qarşısını almaq, onların tərbiyəsinə
təsir edən informasiyalardan qorumaq və s. tədbirlər
də var».
Ekspert deyib ki,
zaman-zaman Azərbaycanda da
uşaqların internetdə təhlükəsizliyi ilə
bağlı müxtəlif tədbirlər görülüb.
Osman Gündüz buna misal olaraq,
təhsil sistemində təhlükəsizlik sisteminin
qurulduğunu söyləyir. Onun sözlərinə görə, internet, təhsil sistemində, müəssisələrdə
filtrasiya-süzgəcdən keçirilib verilir: “Həmin informasiya
sistemində zərərli informasiyalar, ekstremizm, terrorçuluğa
çağırış, pornoqrafik, erotik mövzular avtomatik olaraq süzgəcdən
keçirilib təhsil müəssisələrinə
təqdim edilib. Burada qanunverici baza
formalaşıb ki, hansı informasiyalar internet üzərindən
təhsil müəssisələrinə verilə bilər,
hansı yox. Beləliklə,
təhsil sistemində təmiz internetlə bağlı problem
99 faiz həll olunub. Amma digər müəssisələrdə,
evlərdə, internet klublarda belə problemlər
qalmaqdadır. Bu istiqamətdə bizim qurum tərəfindən
müxtəlif ictimai, dövlət və özəl
qurumların xətti ilə iş aparılıb. Məsələn,
“Microsoft”, RİTN, TN xətti ilə bu istiqamətdə tədbirlər
keçirilib. Broşuralar təqdim edilib, müəllimlər
üçün seminarlar keçirilib».
Osman Gündüz onu da qeyd edib ki,
uşaqların internetdə təhlükəsizliyi ilə
bağlı yaranan problemlər həm də valideynlərin
İKT sahəsində biliklərinin aşağı olması
ilə əlaqədardır. Onun fikrincə,
hazırda şəxsi mənzillərdə vəziyyət elədir
ki, valideynlərin əksəriyyəti uşaqlara normal
kompüter alıb verirlər, internetə qoşulurlar, sonra isə
nəzarət etmirlər, burada ciddi problemlər var. O hesab edir
ki, valideynlərin bu sahədə bilikləri aşağı
olduğundan aidiyyəti qurumlar həm də şəxsi mənzillərdə
vəziyyətə nəzarət etməlidirlər.
Kompüter
uşaqlarda asılılıq yaradır
Məsələyə münasibət
açıqlayan psixoloq Kəmalə Baxış isə deyib
ki, kompüter uşaqlarda asılılıq yaradır. Onun sözlərinə
görə, internetdən asılılıq uşağın
şifahi və yazılı nitq mədəniyyətinin
inkişafını ciddi şəkildə əngəlləyir:
«İnternetin öz ifadə üslubu var və həmin
üslub ədəbi üslubdan xeyli fərqlənir ki, bu da təbii
olaraq bir çox məsələlərdə və ələlxüsus
təlim-tədris prosesində ciddi problemlərə səbəb
olur. Digər tərəfdən, vaxtının böyük
hissəsini sosial şəbəkələrə və
kompüter oyunlarına sərf edən uşaq və yeniyetmələrin
özünə qapalı, özünə inam hissi az, sosial əlaqələri və ünsiyyət
qurma imkanları zəif, utancaq və küsəyən
olduqları təsbit olunub. Belə ki,
asılılıq nəticəsində virtual aləmdən
uzaqlaşmaq istəməyən uşaq kompüterdən
asılı fərdə çevrilir. Beləliklə,
həmyaşıdlarından, ailəsindən, sosial mühitdən
uzaqlaşan yeniyetmə-uşaq yalnızlaşır və
sosiallaşması, bir başqa ifadə ilə cəmiyyətə
uyğunlaşması getdikcə çətinləşir».
Psixoloq bildirib ki, bu məsələdə xüsusilə
valdeynlər ilk növbədə övladlarını bu
cür şəbəkələrin təhlükələri və
riskləri haqqında məlumatlandırmalı, xüsusilə
şəxsi informasiyalarını bölüşməmələri
mövzusunda diqqətli olmalarını, hər verilən
informasiyaya inanmamalarını onlara təlqin etməlidirlər:
"Bunun üçün ilk növbədə valideynlərin
özlərinin kifayət qədər məlumat sahibi
olmaları vacibdir. Eyni zamanda yaxşı olar ki,
valideynlər övladlarının internetdə keçirilən
müddətini əvvəlcədən öz aralarında
razılaşdırsınlar. Onlara daxil olduqları hər
səhifəni kompüterə yüklədikləri xüsusi
filtr proqramlarla nəzarət altında saxlamalı və nəzarət
altında olduqlarını uşaqlar özləri də hiss
etməlidirlər. Eyni zamanda yaxşı olar ki,
internetə bağlı olan kompüter evin qonaq otağı
kimi ümumi bir yerində olsun".
Kəmalə
Baxış əlavə
edir ki, uşaqları internet aludəçiliyindən
xilas etmənin ən yaxşı yollarından biri onların yaradıcılıq
imkanlarını inkişaf
etdirməkdir. Onun sözlərinə
görə, hazırda
uşaqların dərsdənkənar
vaxtlarda və xüsusilə də tətil aylarında maraqlarını təmin edəcək başqa məşğuliyyət sahələri
azdır. Belə
ki, əvvəllər
mövcud olan uşaqlar üçün
sənət emalatxanaları
və dərnəkləri
gözə dəymir,
eləcə də oyun sahələrinin darlığı və bəzi yerlərdə hətta yoxluğu da problemin bir
başqa tərəfini
təşkil edir: “Eyni zamanda, düzgün
ailə mühiti də əsas şərtdir. Bunun üçün də valideynlər övladları ilə daha çox vaxt keçirməli və açıq havada oyun oynamaları
üçün onlara
şərait yaratmalıdırlar.
Bu işdə əlaqədar qurumlarda bilavasitə tədbirlər
həyata keçirməlidirlər.
Yəni uşaqların boş vaxtının qalmasına
imkan verilməməlidir
və onların boş vaxtının səmərəli təşkil
olunması üçün
konkret addımlar atılmalıdır".
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 12 fevral.- S.6.