Bakıda “Qarabağ maarifçiləri” konfransı
Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olan Rəhim bəy Novruzbəyovun adının əbədiləşdirilməsi istənilir
Dünən Mətbuat Evində Azərbaycanda Milli Mədəniyyətin Təbliği İctimai Birliyi tərəfindən “Qarabağ maarifçiləri” elmi-praktik konfrans keçirildi. Azərbaycan maarifçiliyin inkişafında böyük xidmətləri olan Rəhim bəy Novruzbəyovun xatirəsinə həsr olunmuş konfransda ziyalılar, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.
“Həftə
içi”nin məlumatına
görə, Azərbaycanda Milli Mədəniyyətin
Təbliği İctimai Birliyinin
sədri Jalə Cəfərova Rəhim bəy Novruzbəyovun Qarabağda böyük maarifçi, elm xadimi kimi
tanındığını deyib Onun sözlərinə görə, Rəhim bəy
ilk təhsilini
Şuşa Realni Məktəbində
alıb. Daha sonra Qori
Müəllimlər Seminariyasının, Peturburq
Darfüfununun məzunu olub.
Əmək fəaliyyətinə Gorusda
müəllimliklə başlayan Rəhim
bəy bir qədər sonra
Qubadlıda və ən nəhayət, doğulub
boya-başa çatdığı
Ağcabədinin Hüslü kəndində
çalışıb. Xanımı ilə birgə ömrünün sonuna qədər
maarifçilik, xeyriyyəçilik
işləri ilə məşğul olan böyük maarifçi öz biliyi ilə kənd
camaatının xidmətində dayanıb: “Rəhim bəyin
xidmətləri bu gün
də sevə-sevə xatırlanır. Bu
şəcərəyə mənsub neçə-neçə
ziyalı, alim, ən başlıcası əsl
vətəndaş qürur
ünvanımızdır”.
Jalə Cəfərova
bildirib ki, Rəhim bəy
Novruzbəyovun 1903-cü ildə inşa etdirdiyi məktəb hazırda 7 saylı musiqi məktəbi kimi fəaliyyət
göstərir. Amma həmin təhsil
ocağı qəzalı vəziyyətdədir. “Ümid edək ki, böyük insanın böyük
əməlləri layiqincə qiymətləndiriləcək. Bir əsrdən artıq xalqın xidmətində
olan və bu gün də musiqi məktəbi
kimi fəaliyyət göstərən bina əsaslı təmir olunaraq
Rəhim bəyin adını daşıyacaq”.
Filologiya elmləri doktoru, professor Ənvər Əhməd isə hələ
orta məktəbdə oxuduğu
dövrdə Rəhim bəy haqqında eşitdiyini
deyib. Özünü
də Rəhim bəyin nəticəsi hesab
edən alim bildirib ki, onun Azərbaycan təhsilinin
formalaşmasında və inkişafında böyük xidmətləri olub:
“Rəhim bəy 21 yaşında Çingiz
İldırıma dərs deyib. 1800-cü
illərdə Azərbaycanda bir neçə
məktəb olub. Onlardan
biri də Rəhim bəyin Hüslüdə
tikdirdiyi məktəbdir. Bundan
əvvəl isə Rəhim bəy Hüslüdə içməli
su üçün kəhriz
də qurub. Amma sovet dövründə həmin kəhrizi də
ləğv etdilər. İndi o kəhrizin xatirələri qalıb
yaddaşımda. Uşaq vaxtı o kəhrizin içiylə gedib
balıq tutardıq”.
Ənvər Əhməd
məşhur “Ölülər” əsərindəki Kefli İsgəndərin də Rəhim bəy
Novruzbəyovun yaxın dostu olduğunu söyləyir. Onun sözlərinə
görə, dövrünün savadlı
adamlarından olan Kefli
İsgəndər Fransada şərabçılıq
texnologiyası ixtisası üzrə təhsil alıb. Üzümçülüyün və şərabçılığın
inkişafında xidmətləri olan Kefli İsgəndərin qəbri də
Hüslüdədir: “Bu kənd böyük tarixə malikdir.
Kənddəki uçuq məktəbdə
böyük şəxslər,
maarifçilər yetişib. Rəhim bəy
Qori Seminariyasından müəllim gətirərək
qızlarımıza elm verib,
onlara corab, xalça toxumaq öyrədib.
O, həm də Mircəfər Bağırovun müəllimi olub”.
Rəhim bəyin nəticəsi,
tanınmış memorial Bəhriz Səfərəliyev
isə Bakıda ali təhsil
aldığı dövrdə Rəhim bəyin 1-ci Sverdlovski küçəsi-159A
ünvandakı mənzildə yaşadığını
xatırlayıb: “Tələbəlik illərim o evdə keçib.
Ümumiyyətlə, o dövrdə
Bakıda qohum evləri çox
az olduğunda rayondan gələn dost-tanışlar Mahtavan nənəmgildə qalardılar. Mahtavan nənəm Rəhim bəy haqqında
danışanda babamın təmizliyi və səliqəni sevən
maarifçi bir insan olduğunu deyirdi. Nənəmin dediyinə görə, Rəhim
babam Qaçaq Nəbi
ilə də dostluq edərmiş”.
Yazıçı-publisist
İnqilab Nadirov isə
deyib ki, Rəhim bəy
təkcə Hüslü kəndinin,
Ağcabədinin deyil, Azərbaycanın fəxr
ediləsi övladlarından biri olub: “Mən xoşbəxtəm ki, Rəhim bəyin tikdirdiyi
məktəbdə təhsil almışam. Onun
xidmətləri çox olub.
Rəhim bəy nəslindən olduğuna
görə sovet dövründə onun haqqında bir iş görə bilmədik. Hətta onun adını sovet
ensiklopediyasına da salmadılar. Çox çalışdım ki, Rəhim bəyin tikdirdiyi
məktəb onun adına verilsin,
muzey kimi fəaliyyət
göstərsin. Amma bu
müraciətlərim də boşa
çıxdı”.
Ağcabədi 1
saylı orta məktəbin müəllimi
Nərminə Əkbərova isə onda böyük mütəfəkkir Rəhim bəy
haqqında zəngin materialların olduğunu
söyləyib və deyib ki,
bu materiallar üzə
çıxmalıdır. O, sovet rejiminin repressiyası dövründə sürgün edilən Rəhim bəy Novruzbəyovun
adının əbədiləşdirilməsinin də vacibliyini önə çəkib.
Toplantının
sonunda Rəhim bəy Novruzbəyovun vaxtilə
Ağcabədinin Hüslü kəndində
tikdirdiyi məktəbin təmir edilməsi,
məktəbə, eləcə də Ağcabədinin rayon mərkəzindəki küçələrin
birinə onun adının verilməsi barədə
Milli Məclisə müraciət
ünvanlanıb.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2014.- 12 fevral.- S.7.