“Siyasətə Elçibəylə yox, orta məktəb vaxtı gəlmişəm”

 

Hafta.az-ın yeni layihəsi “Özünütənqid” adlanır. Rubrikada ilk müsahibimizi təqdim edirik. Bu layihə çərçivəsində müxtəlif mövqeli ictimai-siyasi xadimlər verilən suallar əsasında özlərini tənqid edəcək. İlk müsahibimiz Elçibəyin müavini olmuş, hazırda Böyük Qurtuluş Partiyasının sədri və millət vəkili olan Fazil Mustafadır. F.Mustafa özünü belə tənqid etdi:

- Özünüzü tənqid edirsinizmi?

- Mən hər günün axırında nəyisə etmək haqda özümlə mübahisə aparıram. Nəyisə doğru etmədiyim barədə analiz aparıb, daha effektli edə bilərdim deyə düşünürəm. Məsələn, yazı işləmək imkanım vardı onu boşuna buraxdım, hansısa vacib görüşüm olmalıydı, yaxud kiməsə baş çəkməliydim və s. Bunlar mənim həyatımda daima var və onlar olmasa maraqsız olar. Nəyisə etmədiyim zaman özümü qınamaq düşüncəsi mənə hakim olur. Axşam işi yekunlaşdıranda düşünürəm ki, bu günü boş, yoxsa faydalı keçirdim?

- Daha uğurlu mövqeyə çatmaq üçün nə edərdiniz?

- Mən bu məsələyə tənqidi əlavə etmirəm. Həyata tale kimi baxıram, doğrusu və yanlışı ilə birlikdə. Fikirləşirəm ki, bu bir ömür yoludu və belə olmalıdı. Çünki mən 10-15 il öncəni görə bilməzdim. Amma hesab edirəm ki, yenidən geri qayıtmaq mümkün olsaydı, mən məmnuniyyətlə rus məktəbində oxuyardım. Rus dilini mükəmməl öyrənmək, daha böyük bilgilər əldə etmək baxımından deyirəm. İngilis dilini orta məktəb illərindən daha fərqli oxuyardım. Bu yönləndirmə ilə bağlıydı, heç kim məni yönləndirmədi ki, bu zəruri olacaq. Bunlar mənim həyatımda ala biləcəyim biliklərin səviyyəsini aşağı saldı. Bu kontektsdə nəyəsə peşman oluram. Yoxsa filan addım atsaydım həbs olunmazdım, filan addım atsaydım əsgərliyə göndərməzdilər, filan cür etsəydim bu gün deputat yox, nazir olardım və s. Bu tip duyğulardan çox uzağam. Bunları heç müzakirəyə də çıxarmıram. Çünki bu mənim həyatımdı və həyatın sıxıntısına da, faciəsinə də, yaxşısına da sahib çıxmağı bacarmalısan. Qeyd etdiklərimizə üsyan etmək taledən qaçmaq kimidi və məndə belə bir hiss yoxdu. Amma bəlli boşluqlar var ki, onları zamanında doldurmaq düzgün olardı. Mən bu gün dizimi yerə qoyub ingilis dili öyrənmək əvəzinə bədii, yaxud fəlsəfə ədəbiyyatına da daha çox vaxt ayırmalıyam. Vaxtımın müəyyən bir qismini 20 il əvvəl etməli olduğum məsələyə həsr etsəm, bu mənim üçün itki olar.

- Bir zamanlar ciddi, yalnız məxfi təşkilat kimi tanınan Yurdun qurucunun siz olduğu bildirilirdi. Bu təşkilatın xalq cəbhəsini parçalamasında özünüzü nə qədər günahkar hiss edirsiz?

- Burada günahkar olmaq məsələsi deyil. Ya siyasətdən getməli idin, ya da prosesin içində olmalı idin. Və bir məqam gəlir ki, oradan konkret mövqe ortaya qoymalısan. Bəlkə cəbhə ondan da əvvəl dağılmalı idi? Bəlkə cəbhənin uzantıları onun xarakterini yaşaya bilmədilər? Bəlkə cəbhənin qısamüddətli olması xalq üçün daha yaxşı olardı? Mən bu cür düşünərək o addımları atdım. Cəbhə bir müddət sonra Elçibəylə simvollaşan bir qurum oldu. Cəbhə Azərbaycan cəmiyyətinə təsir edə bilən bir təşkilat kimi qalmadı. Cəbhənin daha əvvəl dəfn olunması və yerinə yeni bir yaşıllığın salınması daha doğru idi. Bir dövr olur ki, mən sərt, barışmaz reaksiya göstərirdim. İndi isə hadisələrə baxışım ideoloji olmaqdan uzaqlaşıb. Vaxtilə mən Xalq Cəbhəsi, Yurd üzvü olmayan adama etibar etmirdim. Amma bu gün YAP-ın üzvü, yaxud bizim partiyanın üzvü olsun, hər kəsə insanlıq dəyərinə görə yanaşıram. Bugünkü baxışımı daha doğru hesab edirəm. Bu da görünür, həyat təcrübəsi, dindən gələn formulların doğru mənimsənilməsi və Peyğəmbər sisteminə daha yaxından tanış olmaqdan irəli gələn qazanclar, Elçibəyin həyatından qalan bəzi əxlaq davranışları nəticəsidi. Əvvəl qəbul etdiyim siyasi baxışları indi qəbul etmirəm. Qəbul etsəydim durğun, inkişaf etməyən adama çevrilərdim. Bu baxımdan mən o dövrdə atdığım addımların tənqidi yönünü yaxına buraxmıram. Amma insani münasibətlərinin pozulmasını istəməzdim. Konkret olaraq başqa bir cinahda qalan insanla mənim münasibətimin pozulmasını istəməzdim. Yəni siyasət heç də həyatın hamısı demək deyil. İnsan münasibətlərindən uca olan heç nə yoxdu. Dünən Elçibəyə, cəbhəyə xəyanət saydığım bir şey, bu gün mənim üçün çox mənasızdı.

- Mövqeyini 180 dərəcə dəyişən adamlara tolerant yanaşa bilirsinizmi?

- Əksinə mövqeyini dəyişməyənə münasibətim mənfidi. Burada mən nəyə baxıram? 15 il öncə bir partiyadan digərinə keçmək daha çətin idi. Bu gün ideologiyalarda o ağırlıq yoxdu. Bu gün siyasət mənim üçün xidmət sferasıdı. Cəmiyyətə daha geniş, daha güclü xidmət etmək üçün deputat olmaq lazımdısa, mən başqa tərəfləri bir kənara qoyub xidmət sferasına gələ bilirəm. Ədalətli insan olmaq lazımdı, ideoloji insan yox. Müxalifətdə olan ədalətsiz insanın iqtidarda olan ədalətli insana irad tutmağa mənəvi haqqı yoxdu. Çünki onun imkanları bunda olsa, daha böyük fəsadlar törədəcək.

- Elçibəyin yanında olmaq siyasi kariyeranızda maneçilik yaratdımı?

- Mən siyasətə Elçibəylə yox, orta məktəb vaxtı gəlmişəm. Onda bizim gizli təşkilatlarımız vardı. Xalq Cəbhəsi dönəmində isə onun müşaviri və müavini olmuşam. Bu isə daha çox Elçibəyin seçimi olub. Mənim üçün də o bir həyat məktəbi olub. Amma müavini olduğum vaxtda da onun qəbul etmədiyim fikirləri olub, tənqidi fikirlərimi də demişəm. Elçibəylə bağlı məsələdə rahatlığım budur ki, mən vicdanlı davranmışam. Sona qədər onunla bağlı siyasi ləyaqətli davranış addımlarının hamısını atmışam və vəfatından sonra da onun adından istifadə etməyən 3-4 adamdan biri olmuşam. Siyasi partiya yaradan da onun mirası üzərində qurmamışam. Mən indi Elçibəyin mövqeyini və baxışlarını Azərbaycan üçün real saymıram. Digər cinahda olan insanlar Elçibəylə bağlı tənqidi söz deməyə qorxurlar. Amma mən bunu da rahatlıqla deyə bilirəm. Bu gün o dövrdən qazandıqlarım da var. Vaxt baxımından o dövrdə itirdiklərim də olub. Amma bunlara kompleks bir siyasi təhlilin tərkibi kimi yanaşdığıma görə burada tənqidi mövqe göstərmirəm. O dövrə yanlışı və doğrusu ilə sahib çıxmaq məcburiyyətindəyəm.

- Ən qüsurlu çıxışınız hansıdı?

- Bu günə kimi verdiyim heç bir müsahibənin arxasından qaçmamışam. Hətta səhv də verilib. Bəzən olub irad bildirmişəm ki, dediyim mətndə olmayan bir fikri başlığa çıxarmısan. Siyasətin şıltaqlıqlarına dözməyi bacarmalısan. Xüsusi peşmançılıq keçirdiyim yazı, açıqlama, status və s. olmayıb. Keçmişə qayıtsaydım, hərbi xidmətə gedəndə etdiyim sərt açıqlamaları etməzdim. Bu gün əsgərliyə getməyi daha soyuqqanlı qarşılayardım. Bəzən adamlara qarşı sərt, hüdudsuz mübarizə aparmışam, indi heç buna əhəmiyyət verməzdim.

- Şəxsi xarakterinizdə olmasını istəmədiyiniz yönlər hansılardı?

- Xarakterdə çatışmayan çox şeylər var. Amma mən bunu dəyişməyi doğru saymıram. Məsələn, futbol oynayanda gənclər sonda deyir ki, üstümüzə o qədər qışqırırsan özümüzü itiririk. Amma mən ona görə çığırıram ki, mənəvi haqq bilirəm. Ən azından qələbə qazanmaq üçün bütün fədakarlığımı ortaya qoyuram. Amma onlar qələbəyə laqeyd yanaşır. Sadəcə 1 saat oynayıb vaxtını keçirmək istəyir. Mən bunu sevə bilmərəm. Oyun vaxtı bəzən sərt davranıram, söyüş olmasa da, sərt sözlər də işlədirəm ki, zəkan yoxdu, ağlın yoxdu topu belə atmalısan. Cavab qaytarmasalar belə sonda deyirlər ki, oynaya biləcəyimiz budu, niyə çığırırsan? Mən bu xarakteri sevmirəm. Cavanlığımda da belə idi. İndi də futbol oynayıram və hələ də eyni cür reaksiya verirəm. Siyasətdə daha soyuqqanlı davranıram, amma elə olur ki, söz götürmürəm. İstər spiker olsun, istər başqası olsun, mən öz şəxsiyyətimə toxuna biləcək məqamda nə deputat mandatı, nə başqa statusu düşünmədən lazımi addım ataram. Amma əvvəlkindən fərqli olaraq daha çox kompromisə meyilliyəm.

Bundan başqa, ola bilsin anama münasibətdə bəlkə daha az qayğıkeşəm. Dostları arayıb-axtarmaqda soyuqqanlılığım var. Kiminsə sevincində, kədərində daha aktiv rol almalıyam. Qayğı göstərən insanlara eyni cavabı vermirəm. Mən məişət zəminində fədakarlığı çox sevmirəm. Kiminsə yasında 3-4 saat oturmaq təmənnası olanda, mən yarım saat qalıram.

- Ən səhv seçiminiz hansı olub?

- Mən filoloq, ədbiyyatçı olmalı idim. İki il haqsız konkursa düşdüm. Bəlkə də mən ədəbiyyatçı olacaq, şeir yazacaqdım, şair olacaqdım. Bəlkə də şeirlərim çap olunacaq və ədəbiyyat sahəsində şair kimi böyük bir populyarlıq qazanacaqdım. Amma təsadüfən hüquqşünas oldum. Hüquqşünaslığa münasibətim müsbət deyil. Heç vaxt polis olmağı, prokurorluqda işləməyi, məmur olmağı arzulamadım. Hüququ qurtadıqdan sonra birdən-birə siyasətin içində gəlib Prezident Aparatında şöbə müdiri oldum. Bu seçim çox vaxt öz əlində olmur. Mən həmişə düşünürəm ki, hansı sahədə olsan formada olmalısan ki, sənə daim ehtiyac olsun. Futbolçusansa, ehtiyatda olanda oynayan oyunçudan daha çox məşq etməlisən. Düşünməlisən ki, komanda uduzduğu halda son 10 dəqiqədə sən qol vurub komandanı məğlubiyyətdən qurtaracaqsan. Siyasət də elədi. Mən deputat olmağı seçməmişəm. 90-cı illərdə tələbə olduğum vaxt iki dəfə deputat seçildim, məni deputatlığa qoymadılar. Seçim üzərində çox düşünmək lazım deyil. Həyat bəlkə də gözləmədiyimdən də gözəl bir seçim verəcək. Həyatda da belədi. Heç vaxt planlaşdırmamışam ki, oğlum filan yerdə oxumalı, qızım filan həyatı seçməlidi. Bunu proqnozlaşdırmaq olmur.

- Hazırda şeir yazırsınızmı?

- Xeyr.

- Amma şeir yazmaq qabiliyyətiniz var da yəqin?

- Onu bilmirəm, qabiliyyətim var, ya yox.

- Qabiliyyətiniz yoxdursa, niyə şair olmaq istəyirsiz?

- Mənim şeirlərim vaxtilə maraqla qarşılanan olub. Malı-malı qatmağı xoşlamıram. Siyasətin içində şeirlə məşğul olmağa yabançı baxıram. Siyasi fəaliyyətdə duyğusallıqdan kənar durmağa çalışıram.

- Özünüzə bağışlamadığınız ən böyük səhv nədir?

- Özümə bağışlamadığım ən böyük səhv ayrı-ayrı insanların qəlbini qırmaqdı. Hansısa bir dostuma, mənə müraciət edən insana, hansısa bir qadına deyilməsi lazım olmayan bir sözü deməklə böyük bir faciə olmayıb, amma onun qəlbində qırıntı o zamandan qala bilər. Mən onların əzabını indi də çəkirəm. Ən böyük şey könül qırmaqdı.

- Bunun səbəbi nədir?

- Aqressiv olmağım. Və həyat təcrübəmin olmaması. Mən bu gün birbaşa heç kimə söz demərəm. Dolayı yolla aydınlaşdıraram ki, səhv hərəkət edib.

- Dostlarınızdan xarakterinə görə qüsurlu hesab etdiyiniz olubmu?

- Paxıllıq duyğusu və ictimai davranışı ilə həyat tərzi üst-üstə düşməyən adamlardan uzaq durmağa çalışmışam. Bir dostum olub, onun məclisdə içki içib kefləndiyini görəndən sonra ondan uzaqlaşmışam. Mən bunu həzm etməmişəm. İbadət edirəm, amma içən dostlarım da çoxdu. Mənim üçün içki içən yox, həyatlarında əlxaq baxımında bəlli bir həddi aşıb-aşmamaları önəmlidi. Ailəsinə qayğı göstərməyən adama sevgi ilə yanaşa bilmirəm. Fikirləşirəm ki, adam ictimai xadim, böyük insan ola bilər, amma ailəsinə olan davranışı məni iyrəndirir. Bu tip adamlar yaxşı insan ola bilməz. Yaxud ailəsini çətin vəziyyətdə qoyub, özü üçün ikili yaşam seçən adamı qəbul edə bilmərəm. Bu şeylərdə dostluqdan uzaqlaşa bilərəm.

- Hansı dərsi zəif oxumusuz?

- Texniki fənnləri zəif oxumuşam. Amma oxumuşam ki, qiymət alım. Müəllimlər də digər fənlərdən yaxşı oxuduğuma görə nəzərə alıblar. Fizika, riyaziyyat, həndəsə kimi fənlərdə təsəvvürlərim çox geniş deyil.

- Xarici dil bilgiləriniz necədi?

- Orta məktəbdə alman dilini öyrənmişəm. Yaxşı da danışırdım. Rus dilini orta səviyyədə öyrənmişəm, sonra hərbi xidmətdə olmuşam. Sonra rusca ədəbiyyat oxuyub ədəbi dili öyrənmişəm. Danışıq dilində həmişə problemim olub. İndi isə ingilis dili ilə hər gün məşğul oluram. Müəyyən biliklər əldə etmişəm, sərbəst danışa bilirəm.

- Yemək bişirmək bacarığınız necədi?

- Bacarığım var, amma bişirməyi xoşlamıram. Yeməyə vaxt sərf etməyi xoşlamıram, ona görə də yeməyi çox sürətlə yeyirəm. Yeməyə sərf edilən vaxtı itki sayıram. Kiminləsə görüşəndə çalışıram çay süfrəsi arxasında olsun. Yemək süfrəsi arxasında maraqlı olmur. Çünki mən 10 dəqiqəyə yeyib qurtarıram. Evdə də nə bişirsələr yeyirəm. Buna görə də evdə məndən həmişə razıdırlar. Yataqxanada qaldığım üçün öz yeməyimi özüm bişirmişəm. Əlacsız qalanda özüm bişirirəm, amma yoldaşım evdədirsə, başımı kəssən gedib yemək bişirmərəm.

- Geyim və aksessuarlarla bağlı zövqünüz necədi?

- Heç bir seçimim yoxdu. Bu saatı 12 ildir taxıram. Qızıl saatım da var, xeyli saat da hədiyyə ediblər. Amma onların heç birini taxa bilmirəm. Çox mühafizəkaram. Bir daraq məndə 10 il qala bilir. Bir kostyumu yoldaşım götürüb başqasına verməyincə, qarderobumda saxlayıram. Xüsusi zövqüm yoxdu. Baxıram ona-buna, uyğunlaşdırıb alıram. Geyimə xüsusi önəm vermirəm. Səliqəli, təmiz geyinməyi sevirəm, amma xüsusi bir markalı paltar geyinmək zövqüm yoxdu. Maşınım “Hundai Santafe”di, özüm sürürəm, sürücüm yoxdu. Altı ildir bu maşını sürürəm, ən sadə maşınlardan biridi. Tez-tez deyirlər maşını dəyiş, maddi gücüm də çatar. Amma deyirəm nə vaxt məni yolda qoysa, dəyişərəm.

- Əks cinslə münasibətlərdə ünsiyyət qurmaqda kompleksiniz varmı?

- Təbii ki, kompleksim var. Uşaq bağçasına gedəndən bəri cəmiyyətdə məşhur olmuşam. Altı-yeddi yaşlarımda Naxçıvan televiziyasında ayda bir dəfə çıxış edirdim. Çoxlu şeir bilirdim. Birinci, ikinci sinifdə oxuyanda məktəbdə bütün tədbirlərdə mənə söz verilirdi. Çox tanınmış adam idim. Bu məşhurluğun problemi məndə erkən başlayıb. Məsafə saxlamağı çox sevən adamam. Hansı niyyətlə, hansı münasibəti qurmaqdan çox şey asılıdı. Xanım jurnalist, yaxud başqa sahənin əməkdaşı ilə səmimi münasibət qura bilərəm. Niyyətimdə bir pislik yoxdusa, kompleks də olmamalıdı. İnsanların nəyisə doğru anlamaması baxımından məsafə saxlayırsan. Məsələn, liftdə bir qadınla qalxanda çalışıram ki, ünsiyyət qurmayım. Özü salam verməyincə, salam vermərəm. Bu kompleksi yaşayıram. Amma tanıdığım insanlarla istər qadın, istər kişi olsun, sərbəst münasibət qura bilirəm.

 

Murad Əhməd

 

Həftə içi.- 2014.- 13 fevral.- S.4.