Azərbaycanda planşet istehsal olunacaq 

 

 Ekspertlər hesab edirlər ki, yerli zavodun bu ideyası ölkə daxilində tələbatın ödənməsinə imkan verə bilər

 

Bu gün informasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etməsi yeni texnologiyalarla işləyən cihazların bazara çıxmasına şərait yaradıb. Elə bu səbəbdəndir ki, vaxtilə hər kəsin marağına səbəb olan stolüstü kompüterlər artıq tarixin arxivinə çevrilməkdədir. İndi insanlar ən son texnologiyalarla işləyən planşetlərdən, smartfonlardan istifadə edirlər. Yeri gəlmişkən, yaxın vaxtlarda Azərbaycanda da planşet kompüterlərin istehsalına başlanılacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, «Kür» kompüter texnikası istehsalı zavodu öz brendi ilə bu cihazların istehsalına hazırlaşır.

Bəs görəsən yerli şirkətə məxsus planşetlər bazarda rəqabət qabiliyyətinə malik ola biləcəklərmi? Ümumiyyətlə, dünya əhalisi nə vaxtdan planşetlərdən istifadə edir?

«Kür» şirkətinin baş direktoru Rizvan Osmanov məsələ ilə bağlı danışarkən bildirib ki, hazırda Azərbaycanın kompüter bazarında eniş müşahidə olunur: «Bu da alıcıların prioritetlərinin dəyişməsi ilə bağlıdır. Əhali planşetlərə daha çox üstünlük verir. Bu baxımdan planşet kompüterlərin istehsalı daha çox aktuallaşıb».

Bu sahədə dünya vendorları ilə rəqabət aparmağın onlar üçün bir qədər çətin olduğunu önə çəkən Rizvan Osmanov bunun səbəbini Azərbaycan bazarında əlverişli qiymətə qurğuların sayının kifayət qədər olmasında görür: «Buna baxmayaraq, «Kür» planşet kompüterlərin reallaşdırılması üçün platforma qismində yeni internet layihə ilə çıxış edə bilər. Biz həmin layihəni yaxın gələcəkdə həyata keçirməyi düşünürük».

Xatırladaq ki, «NPD Display Search»in baş analiti Riçard Şimin sözlərinə görə, yaxın bir neçə il ərzində planşetlərin orta qiyməti 311 dollardan 296 dollaradək azalacaq. Onun fikrincə, məhz qiymətin aşağı düşməsi planşetlər seqmentinin artımının əsas amillərindən biridir. Bundan başqa, tələbatın artması texnologiyaların inkişafına və rəqabətin sürətlənməsinə zəmin yaradacaq.

Onun sözlərinə görə, 2013-cü ilin ikinci yarısının istehsalçılar üçün gözlənilmədən zəif olması səbəbindən onlar cari il üçün noutbukların buraxılışı üzrə proqnozu 7 faiz azaldıblar. Ötən il 155 milyon noutbuk və 26 milyon ultrabuk istehsal olunub. Üç ildən sonra mütəxəssislər bu göstəricinin müvafiq olaraq 105 və 57 milyon ədəd səviyyəsində olacağını proqnozlaşdırırlar.

 

Planşetlər ilk dəfə filmlərdə nümayiş olunub

 

Qeyd edək ki, dünyada planşet kompüterlərin tarixi ötən əsrin 60-cı illərinə təsadüf edir.Planşet formasında hazırlanmış elektron cihazlar ilk dəfə filmlərdə nümayiş olunub. İlk əvvəl "Ulduz yolu" teleserialında PADD adlanan planşet göstərilib.

1968-ci ildə isə Alan Key adlı mühəndis uşaqlar üçün nəzərdə tutulmuş KiddiComp adlanan planşet kompüter ideyasını irəli sürüb. Planşet kompüter sənayesinin təqvimi məhz bu tarixdən aparılır. Alan Key dörd il sonra artıq Dynabook adlanan ilk planşetin tam işlənmiş konsepsiyanı təqdim edibo, yalnız uşaqlar üçün deyil, həm də böyüklər üçün nəzərdə tutulmuşdu.

1987-ci ildə Apple şirkətinin direktoru Con Skalli öz "Odyssey: Pepsi to Apple" kitabında Knowledge Navigator adlanan elektron fərdi köməkçinin konsepsiyasını təsvir edib. Bu qurğu özündə elektron katib konsepsiyası daşıyırdı və şirkətin gələcək inkişafında çox kömək oldu, çünki müasir jestlərlə idarə olan multi-touch funksiyası ilk dəfə elə bu qurğuda tətbiq olunub. Amerika şirkəti altı il sonra imkanlarına görə sözügedən cihaza oxşar MessagePad Newton adlanan qurğu istehsal edib. Lakin bu qurğu planşet deyil, cib fərdi kompüteri kimi tanıdılıb.

Amma tezliklə planşet kompüteri yaratmaq arzusu yalnız özəl şirkət rəhbərlərinin deyil, həm də beynəlxalq təşkilatların direktorlarının ağlına hakim kəsilir. 1994-cü ildə Klarkın kitabı və rejissor Kubrikin çəkdiyi filmdən ilhamlanmış Avropa Birliyi OMI-NewsPAD təşəbbüsünü irəli sürüb.

Acorn Computers şirkəti layihə çərçivəsində böyük sensor ekran və ARM prosessorla təchiz edilmiş elektron qurğu hazırlayır. Məhz Acorn NewsPAD tarixdə ilk kommersiya planşeti hesab edilir, çünki əvvəlki həllər yalnız konseptprototip olub. Lakin layihənin ömrü uzun olmayıb, artıq üç il sonra Acorn NewsPAD planşetinin istehsalı və texniki dəstəyi dayandırılıb.

Acorn NewsPADAvropa Birliyinin təşəbbüsü əsasında yaradılmış ilk kommersiya yönümlü planşet kompüteridir

Beləliklə, planşet kompüterləri dövrünün əsası qoyulur. Belə ki, 1996-cı ildə ağ-qara rəngli sensor ekranstilusla təchiz edilmiş DEC Lectrice adlanan planşet istehsal edilib. 1999-cu ildə isə Intel korporasiyası internetə çıxış imkanına malik WebPAD adlanan ilk planşet kompüterini təqdim edib. O, şirkətin Strong ARM prosessoru ilə təchiz edilmişdi. 2000-ci ildə 3Com şirkəti Audrey adlanan elektron qurğusunu təqdim edib. 3Com Audrey internet-planşeti iki rəngdə (qara) əlçatan idi. Bundan başqa, tədarük dəstinə xarici klaviatura daxil idi.

2002-ci ildə planşet kompüterləri bazarında ilk mikroinqilab baş verib: Microsoft şirkəti Windows Tablet PC Edition əməliyyat sistemini, onun tərəfdaşları isə bu əməliyyat sistemi ilə işləyən onlarla qurğu təqdim ediblər. Lakin Microsoft Tablet PC xəttinə məxsus planşetlər yalnız korporativ sektorda populyar olub.

2009-cu ildə planşet kompüterləri bazarında böyük dəyişikliklərə Apple şirkəti imza atıb iPad planşet kompüterini təqdim edib. Enerjiyə qənaətcil ARM prosessoru, mobil əməliyyat sistemi barmaqla idarə etmə xüsusiyyəti onu rəqiblərindən çox fərqləndirirdi. Beləliklə, planşet kompüter bazarında ikinci inqilab baş verdi bu şirkət indi tətbiq etdiyi yeniliklərə görə bütün rəqiblərindən öndə dayanır.Onu da bildirək ki, proqnozlara əsasən, 2017-ci ilədək Apple planşet kompüterlər bazarının 43.5 faizinə, Google isə 46 faizinə sahiblənəcək.

 

Rəqabət artacaq

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, ölkədə planşet istehsalına hazırlıq zamanın tələbidir. Onun sözlərinə görə, artıq Azərbaycanda köhnə model kompüterlərə, noutbooklara təlabat azaldığından yerli şirkət yeni texnologiyalara əsaslanan cihazlar istehsal etmək məcburiyyətindədir: «Hazırda bütün dünyada, eləcə Azərbaycanda İKT sahəsi çox sürətlə inkişaf edir. Demək olar ki, bu sahədə yeniliklər bir-birini izləməkdədir. İnsanlar da bu yeniliklərdən geri qalmaq istəmir. Məsələn, əgər vaxtilə ölkəmizdə stolüstü kompüterlərə, noutbooklara təlabat daha böyük idisə, indi insanlar planşetlərə, tabletlərə, smartfonlara üstünlük verirlər. Yerli şirkət istər-istəməz bazarı öyrənir istehsalı da bazar tələblərinə uyğun müəyyənləşdirir».

Ekspert həmçinin bildirib ki, yerli şirkətin planşet istehsalına hazırlaşması bazarda bu tipli məhsullara təlabatın tam ödənilməsinə imkan yaradacaq. Onun fikrincə, bu addım həm də bazarda rəqabət mühitinin artmasına imkan verəcək: «Bu həm də şirkətin özü üçün böyük məsuliyyətdir. Çünki hazırda dünyada planşet bazarı sahəsində ixtisaslaşmış kifayət qədər iri şirkətlər var ki, onlarla çox az kompaniyalar rəqabət apara bilir. Bu baxımdan elə məhsul istehsal etmək lazımdır ki, həm rəqabətə davamlı olsun, həm də əhalinin cibinə münasib olsun».

Osman Gündüz onu da vurğulayıb ki, yerli planşetlərin istehsalı bazarda qiymətlərin ucuzlaşmasına da təsir göstərə bilər. Amma bunun planşet bazarı sahəsində ixtisaslaşmış şirkətlərin məhsullarının qiymətinə bir o qədər də təsiri olmayacaq.

 

Sevinc

 

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 13 fevral.- S.6.