Bu, virus kimi bütün

Azərbaycana yayılıb”

 

Həşim Həsənoğlu: “Yazarlarımız internetə girib yüngül qazanc əldə etmək üçün plagiatla məşğuldurlar”

 

Leninkolxozu, “Qırmızı Əmək Bayrağı” ordeni, “Lenin yolu”... Bunlar həm də sovet dövrünün ictimai həyatında özünə kök salmış kommunizm ideologiyasının təbliğat maşını idi. O dövrün yazıçı və şairləri, söz adamları, qələm əhli özlərini nə qədər kənarda saxlamağa çalışsalar belə ideoloji təbliğatın iştirakçısı olurdu. SSRİ Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, AYB və Mətbuat Şurasının üzvü, “Sahil” qəzetinin baş redaktoru Həşim Həsənoğlu da bu nəslin nümayəndələrindəndir. Ömrünün 40 ildən çox hissəsini Azərbaycan mətbuatına həsr etmiş Həşim Həsənoğlu hələ gənc yaşlarından bu yolun yolçusu olmaq taleyini yaşayıb.

 

Buya digər məsələlərlə bağlı tanınmış yazıçı-publisist Həşim Həsənoğlu “Ədəbi düşüncə” rubrikasında danışır:

- Yaradıcılığa hələ orta məktəbin 7-ci sinifində oxuyanda başlamışam. Doğulub boya-başa çatdığım Ağdamın Qərvənd kəndində fəaliyyət göstərən “Leninkolxozu respublikanın ən qabaqcıl təsərrüfat sahələrindən biri idi. Bu kolxoz hər il keçici “Qırmızı Əmək Bayrağı”na layiq görülürdi. Buna görə bir dəfə “Qızıl Bayraq” adlı bir məqalə yazıb Ağdamda çıxan “Lenin yolu” qəzetinə göndərdim. Aradan bir həftə keçməmiş məqaləm qəzetdə dərc olundu. Məktəbdə müəllimlərim və sinif yoldaşlarım məni təbrik etdilər. Həm də “Lenin yolu” qəzetinin rəhbərliyi poçtla mənə qonorar və təşəkkürnamə göndərmişdi. Sevincimdən gözlərim yaşardı. Bundan sonraLenin yolu” qəzetində əməkdaşlıq etməyə başladım. Məktəb həyatından və kənddə aparılan quruculuq işlərindən daha çox yazılar yazardım.

- Deyilənə görə hələ uşaqlıq illərində özünüzün böyük kitabxananız olub...

- Kənddə ailəmiz varlı olmayıb, atam güc-bəla ilə qazandığı pulla ailəni dolandırardı. Mən orta məktəbdə əlaçı idim, hər həftə “Lenin yolu” və “Pioner” qəzetlərində məqalələrim, hekayələrim çap olunurdu. Bu yazılardan mənə xeyli qonorar göndərərdilər. Qazandığım qonorarı əsasən bədii kitablara, dünya ədəbiyyatına, ensiklopediyalara xərcləyirdim. Beləliklə, evdə özümə böyük bir kitabxana düzəltmişdim. Köhnə yeşik taxtalarından, odun parçalarından özümə kitab rəfləri düzəltmişdim. Evdə 1000-dən çox kitabım vardı. Kənddə kimə kitab lazım olurdusa, mənim üstümə gəlirdilər. Mən kitaba qarşı çox həssas idim, əgər kim oxumağa apardığı kitaba bir xəsarət vursaydı, ikinci dəfə həmin adama kitab verməzdim. Mənə görə mədəniyyətin ilk başlanğıcı kitabla rəftardır. Kitabı yazmaq və cırmaq yox, onu səhifə-səhifə oxuyub həzm etmək lazımdır. Orta məktəbi əla qiymətlərlə bitirsəm də, həmin ili ali məktəbə qəbul olmadım. Ona görə də 2 il hərbi xidmətdə oldum. Amma hərbi xidmətdə də yaradıcılığımı davam etdirdim, “Zabaykalski” qəzetində yazılarım çıxırdı.

- Ali təhsiliniz olmasa da, jurnalist kimi qabiliyyətiniz olub. Hardan gəlir bu yaradıcılıq bacarığı?

- Bəli, jurnalist təhsilim yox idi. Amma “Lenin yoluqəzetində Bəbir Hüseynov, Həsən Qəhrəmanov kimi tanınmış yazarlardan jurnalistikanın sirlərinə yiyələnərdim. Qələm tutmaq qələmçidən qalıbdeyərlər. Bu gün mənə bu sənəti öyrədən həmin o qələm əhlillərinə minnətdaram. Hərbi xidmətdə olarkən məni hərbi hissələrə göndərərdilər, əsgər həyatından maraqlı reportajlar hazırlayardım. Əsgərlik özü bir məktəbdir. Orada həyatın hər bir sifətini görürsən, bərkə-boşa düşürsən. İlk öncə məsuliyyətin olduğunu dərk edirsən. Hərbi xidmət zamanı mərkəzi qəzetlərin birində, özü hərbçilərin həyatından bəhs edən qəzetdə işləmək çətin məsuliyyətli idi. O vaxt qəzetdə bir vergül səhvinin olmasına da ciddi fikir verilirdi. Artıq iki il müddətindəZabaykalskiqəzetində xeyli təcrübə əldə etmişdim, oradakı peşəkar jurnalistlərdən çox şey öyrəndim. Əlimə qələm almamışdan öncə vicdanımı düşündüm. Ona görə tale mənə sevdiyim ixtisas üzrə ali təhsil almaq şansı verdi. 1979-cu ildə indiki Bakı Dövlət Universitetində jutnalistika fakültəsində qiyabi təhsil almaqla yanaşı, Azərbaycan Dövlət Radiosuna işə düzəldim. Uzun müddət Dövlət Radiosunun musiqi şöbəsində çalışdım.Arzumusiqi proqramını 10 il mən hazırlamışam. Heyf o dövrlərdən, baxmayaraq ki, sovet rejimində yaşayırdıq, amma böyük mədəniyyət, ədəb-ərkan vardı. Bu gün çoxları senzuranı pisləyir. Amma senzuranın əhəmiyyəti, üstünlükləri daha çox idi. Əsl istedadlılar, sənət adamları üzə çıxarılardı, milli adət-ənənələri qoruyub saxlaya bilirdik.

- İndi milli adət-ənənələr qorunmur?

- İndi hər şey üzdədir. Hətta abır-həya da. Sovet dönəmində kimin hədd-hüdudu var idi açıq-saçıq, yaxası açıq geyimdə ekrana çıxsın, ağzına gələni oxusun, jarqonu efirə gətirsin. O dövrdə mahnılar da seçilər, münsiflər heyətindən keçəndən sonra efirə buraxılardı. İndi hər yetən meydana çıxıb özünüulduz”, “primadonna”, “əjdahaelan edir.

- Bəs ədəbi mühitdəki vəziyyəti necə dəyərləndirirsiniz?

- Elə ədəbi mühitdə də eyni vəziyyətdir. Sanki hamı yazıçılıq fəaliyyəti ilə məşğuldur. Yazarlarımız göbələk kimi artıb çoxalıb, kimi dindirirsən deyir ki, şairəm, yazıçıyam. Yəni kəmiyyət var, keyfiyyət yoxdur. Yazarlarımız internetə girib yüngül qazanc əldə etmək üçün plagiatla məşğuldurlar. Bu, virus kimi bütün Azərbaycana yayılıb. Hətta hansısa bir “JEK”in mühəndisinə də “Qızıl qələm” mükafatı verirlər. Vəziyyət o həddə çatıb ki, “JEK” rəisinin, taksi sürücüsünün cibindən jurnalist vəsiqəsi çıxır. Bütün bunlar qələmi hörmətdən salır. Təəssüf ki, indinin özündə nə mətbuatda, nə də ədəbiyyatda ciddi mövzularda araşdırma janrında məqalə yazan, nə də jurnalistikada sanballı publisistika ilə məğul olan, oçerklər yazan yazarlarımız var. Mən Azərbaycanın dini tarixi abidələrinin tədqiqi ilə məşğul oluram. O cümlədən ziyarətgahlarımız, seyid və övliyalarımız haqqında sənədli əsərlər yazıram. Bu günə qədər bununla bağlı ikicildlik kitabım işıq üzü görüb. Bu yaxınlarda “Şumernamə” kitabım da çapdan çıxıb.

- Hazırda nə işə məşğulsunuz?

- Qədim Zəngəzur elinin dünəni və bu günü, ağsaqqalları, görkəmli din xadimləri barəsində araşdırmalar aparmaqla məşğulam. Bu barədə kitab hazırlayıram.

 

Qələndər Xaçınçaylı

 

 Həftə içi.- 2014.- 13 fevral.- S.7.