“İsmət Qayıbov həbsim barədə

sanksiyaya imza atmamışdı”

 

1994-cü il mayın ortaları... Azərbaycan tarixində ən gərgin dövrlərdən biri. O vaxtkı spiker Rəsul Quliyev Bişkekdə Rusiyanın vasitəçiliyi ilə Ermənistanla atəşkəs sazişinə imza atıb. Keçmiş daxili işlər naziri “Ədalət” qəzeti redaksiyasında bu hadisə ilə bağlı mətbuat konfransı keçirir. Sual verənlər arasında bu sətirlərin müəllifi də var. Sonuncu görüşümüz isə 1995-ci il martın 16-da daxili işlər nazirinin keçmiş müavini Rövşən Cavadovun “OMON” bazasındakı son mətbuat konfransında oldu. Ertəsi gün o, həbs edildi.

Onun uşaqlıq dostu və keçmiş müavini R.Cavadovla hansı məqsədlə görüşməsi barədə inşallah, gələn yazılarda. Hələlik “Labirint”də Azərbaycan “bozqurd”larının lideri İsgəndər Həmidovun macəralarla dolu həyat və fəaliyyətinin digər maraqlı məqamlarına işıq salmağa çalışacağıq.

 

- İsgəndər bəy, 19 illik kəşməkəşlərdən sonra sizinlə ilk dəfə “Labirint”də qarşılaşmağımız maraqlıdır...

- Görüşməyimizə sevinir və “Labirint” rubrikanızı da alqışlayıram. “Labirint”imiz varsa, yəqin oradan çıxmaq üçün “Tesey”imiz də olacaq, “ip”imiz də. Bilirsiz də, qədim Yunanıstanda çox sirli bir labirint var imiş, kimi oraya salırmışlarsa, çıxa bilmirmiş. Nəhayət, Tesey adlı bir qəhrəman oraya girəndə bir nazik ipi girişə bağlayır və çıxanda da həmin ipin köməyi ilə çıxır. Beləliklə, labirintdə qalanlar xilas olurlar.

- 21-ci ildir ki, yolları üzümüzə bağlı olan doğma Bağlıpəyə kəndinizin adı niyə belə idi?

- Çox qəribə bir sualdı. Elə bil ki, tale özü o adı qoymuşdu kəndimizə. İki dağın arasında yerləşirdi və dağları aşmamış oraya girmək olmazdı. Sonra kəndin adını dəyişmək istəyiblər, ağsaqqallar imkan verməyib. Düzdü, 21-ci ildir ki, Bağlıpəyənin yolları bağlıdır. Fəqət, o yollar, bizim üçün bağlıdır, ermənilər üçün yox. Allahın yazdığı taleyimdən şikayətlənmirəm. Amma dünyada ən ağır şey vətənsiz yaşamaq imiş. İndi anlayıram ki, o zaman mühacirətdə yaşayanlar nələr çəkirmiş. Biz isə bu gün böyük vətənimizdə yaşaya-yaşaya ata-ana yurdumuza gedə bilmirik.

- Bağlıpəyədən çıxaraq Bakıya gəlib yeni bir dünyaya bağlanmağınız yəqin sizi sevindirdi?

- Əslində mən Tərtərdə doğulmuşam. Bakıya Tərtərdən gəlmişəm. Amma çox qəribədir, mənim də, qardaş-bacılarımın da doğum şəhadətnaməsində anadan olduğumuz yer kimi Kəlbəcər rayonu, Bağlıpəyə kəndi göstərilib. Mən də övladlarımın şəhadətnaməsinə “Bağlıpəyə” yazdırmışam, oğlum da öz övladının, yəni, mənim nəvəmin sənədinə kəndimizin adını qeyd etdirib. Həyatımın ən gözəl günlərini yay vaxtı getdiyimiz o Bağlıpəyədəki yaşıl, şehli çəmənlikdə ayaqyalın qaçdığım vaxtları hesab edirəm. Soyuqlayanda rəhmətlik seyid Mənsimə nənəmin qantəpəri qara qəhvədanda qaynadaraq içirdib məni tərlətməyini, Nərgiz bibimin bizə qaymaq yedirtməyini unuda bilmərəm. Bir dəfə məndən soruşdular ki, özünü nə vaxt xoşbəxt sanarsan. Cavab verdim ki, Allahın altında bir gün Laçından keçəm Kəlbəcərə, Kəlbəcərdən gedəm Bağlıpəyəyə, Bağlıpəyədən də qalxam Murova, Taqqıldaq yaylağında Göybulaqdan əyilib su içəm...

- İlk iş yeriniz hara olub?

- 1967-1968-ci illərdə universitetin hüquq fakültəsində oxuyarkən bizim bir gizli tələbə dəstəsi vardı. Tanınmış jurnalist Hidayət Elvüsal da jurnalistikada oxuyurdu. Çayxanada-filanda oturub azadlıqdan, müstəqillikdən danışardıq. Bundan xəbər tutanda dəstənin başçısı kimi məni universitetdən xaric etdilər. Qayıtdım Tərtərə, oradan əsgərliyə getdim. Əsgərlikdən sonra 6 ay Kəlbəcər məktəbində tərbiyəçi işlədim. Sonra yenidən universitetə daxil olub təhsilimi başa vurdum.. 1971-ci ildə Gəncədə milis orqanlarına işə girdim. 1972-1974-cü illərdə Mərdəkan milis məktəbini qırmızı diplomla bitirdim. Təyinatımı Bakı Baş Milis İdarəsinə (BBMİ) verdilər. Rəhmətlik nazir Arif Heydərov məktəbi qırmızı diplomla bitirdiyimə görə məni birbaşa mərkəzi aparata göndərdi. Daha sonra Rostovda Moskva Milis Akademiyasının filialını bitirdim. SƏDM-də (Sosialist Əmlakını Dağıdanlara Qarşı Mübarizə şöbəsi, rusca “OBXSS” - S.L.) əməliyyat müvəkkili işlədim. Sonra da DİN-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi oldum. 1987-1988-ci illərdə mən DİN-də şöbə rəisi olsam da, artıq xalq hərəkatına qoşulmuşdum...

- Yəqin loru dildə desək, “abexeyes”də işləyəndə rüşvət almağa məcbur olmusuz?

- Bu sualı bir dəfə mənə Ali Sovetdə çıxış edəndə verdilər, güldüm. Soruşdular ki, niyə gülürsən. Dedim ki, sovet dövründə “pullu” yerdə işləyib “alıb-verməmək” mümkün olardı heç, bir gün də qoymazdılar işləməyə. Heç dayanmışam? Bir əlim “alıb”, o biri əlim “veribdi” Kommunist Partiyasına. “Alıb-verməsəm”, pillə-pillə yüksələ bilməzdim. Amma mənə rütbələri Bakıya sovet qoşununun girməyinə görə verməyiblər, mən vəzifələri öz əməyimlə, bacarığımla qazanmışam. Ən ağır sahələri mənə tapşırmışdılar: Bakı bazarları, “Kubinka”, “Yəhudi məhəlləsi” və s. Həmin yerlərdə yaşamış kimdən istəsəz, soruşa bilərsiz, İsgəndər necə işləyib. Kim deyirsə ki, o vaxt babat vəzifədə işləmişəm, amma “alıb-verməmişəm” –cəfəngiyyat danışır. Mən isə açıq deyirəm, sovet vaxtı pulum da olub, evim də, maşınım da. Hərəkata da pulla gəlmişəm, ehtiyac üzündən gəlməmişəm. Amma 1992-ci ildə hakimiyyətə gələndə dedim ki, indi artıq müstəqil dövlət qurmuşuq, gəlin korrupsiyaya imkan verməyək.

- Bəs nazir olanda necə, yenə “alırdınız”?

- O vaxt biz müftəxorlardan “alıb” xalqa verirdik. Hakimiyyətə gələndə Azərbaycanın 60 milyon rubla yaxın daxili borcu var idi. 6 ay idi, fəhlələr maaş almırdı. Elçibəyin rəhbərliyi ilə iki ay ərzində həm daxili, həm də xarici borcumuzu ödədik. Rüşvətxorları tanıyırdım, çağırıb deyirdim ki, dövlət bankına filan qədər pul ödə, camaat çörək tapmır, sizsə rüşvət alıb kef edirsiz. Kasıblar aylarla ət yemirdi, rüşvətxorun birinin soyuducusunda 10 kilo ət var idi. Biz o ədalətsizliyi, natarazlığı aradan götürməyə çalışırdıq.

- Hərəkata kimlərin təsiri ilə qoşuldunuz?

- Həyatımda rəhmətliklər Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və Nurəddin Rzayev böyük iz qoyublar. Onları 70-ci illərin əvvəlindən tanıyırdım. 1988-ci ildə ermənilər Xankəndidə ayağa qalxanda Bəxtiyar müəllim məni çağırtdırdı. Getdim ki, Yasamalda üçü də yığışıb. Bəxtiyar müəllim xalqa müraciət yazdı, biz onu rəhmətlik Rövşən Cavadovla gizlicə çap etdirib küçələrdə yapışdırdıq. Hələ 70-ci illərdən DİN-də 7 nəfərdən ibarət Zabitlər Hərəkatı yaratmışdıq. Sonra tədricən xalq hərəkatı formalaşdı.

- Bəxtiyar Vahabzadəni nə vaxtdan tanıyırdınız?

- Bəxtiyar müəllimi 1972-ci ildən tanıyıram. Bir dəfə BBMİ-də işləyəndə xəbər gəldi ki, Bəxtiyar Vahabzadə tələbələrlə Şıxəli Qurbanovun məzarını ziyarət edəcək, bunun qarşısını almaq lazımdır. Gecə saat 2-də gəldim Bəxtiyar müəllimgilə, rəhmətliklə razılaşdıq ki, o xiyabana təkcə getsin.

- Bəs Elçibəylə ilk dəfə harada, necə tanış oldunuz?

- Elçibəylə ilk dəfə, səhv etmirəmsə, 1972-ci ildə məşhur türk müğənnisi Emel Sayının Bakıdakı konsertində rastlaşmışdıq. DTK bilet satışını yarımçıq dayandırmışdı ki, guya bizdə Türkiyəni heç kəs sevmir. Konsert zalında cəmi 7 nəfər var idi. Onlardan ikisi də Əbülfəz bəy və mən idim. Amma Əbülfəz bəyin ideyaları, düşüncələrini ilk dəfə 1974-cü ildə onun məhkəməsində milis işçisi kimi iştirak edəndə öyrəndim.

- AXC-yə necə oldu, üzv oldunuz?

- Rövşən Cavadovla ikimiz də AXC idarə heyətinin üzvü olan Etibar Məmmədovla dost idik. 1989-cu ildə mən AXC-nin indiki Binəqədi rayon şöbəsinə üzv oldum. Amma Rövşən AXC-yə üzv olmadı. 17 yanvar 1990-cı ildə AXC-nin konfransında mühafizə işini Rövşənlə mən həyata keçirirdik. O vaxt Sumqayıt uşaqları var idi - 30 nəfər, apardım Mərkəzi Univermağa, hər birinə kostyum, köynək və qalstuk aldım. Hətta deyirdilər ki, Etibar “KQB” yaradıb.

- 20 Yanvar qətliamından sonra SSRİ daxili işlər naziri V.Bakatinin əlini geri qaytarıb salam verməmişdiniz.

- O dəhşətli faciənin, səhv etmirəmsə, ertəsi günü mən DİN-in növbətçilərinin hərəsinə 50 manat verib dedim, bütün işçilərə elan edin ki, nazir onları həyətdəki çarhovuzun yanında gözləyir. Milislər toplaşandan sonra müraciət etdim ki, gəlin Azərbaycan DİN-in SSRİ DİN-dən ayrılıb müstəqil olduğunu elan edək. Elə bu dəm Bakatin rəhmətlik nazir Aydın Bəşirovla birgə nazirliyin həyətinə daxil oldu. Bayaqdan mənə qulaq asanlar hamısı geri çəkildi. Bakatin o birilərlə görüşə-görüşə gəldi, əlini mənə də uzatdı. Onun əlini itələdim ki, çək əlini, sənin əlin mənim xalqımın qanına batıb. Soruşdu ki, “ya padlets”(“mən əclafam”). Rusca cavab verdim ki, bəli, sən əclaf və yaramazsan. Nəsə cavab vermək istəyirdi ki, partiya biletimi çıxarıb ağzına soxdum. Yanındakılar avtomatı qaldırdı. Əli ilə işarə etdi ki, silahları endirin. Bakatin özünün bir kitabında bu barədə yazır. Adımı çəkmir, amma hadisəni olduğu kimi təsvir edir. Həmin gecə “Azadlıq” radiosunda da məlumat verildi. İmperiya generalına qarşı o hərəkət mənim qismətimə yazılsa da, bunu bütövlükdə xalqın qəhrəmanlığı hesab edirəm.

- Bəs nə əcəb, o boyda SSRİ-nin naziri sizi yerindəcə həbs etdirmədi?

- Bakatin özü silaha da əl atdı, amma sonra əlini çəkdi. Bəlkə də o, mənim müəyyən nüfuza malik oduğumu görüb və bu həbsimin, yaxud qətlimin onsuz da 20 Yanvar qırğınından sonra sovet hökumətinə qarşı nifrətlə çırpınan xalq arasında böyük əks-səda yaradacağını düşünərək həmin tədbirlərə əl atmadı. Öz kitabında isə belə izah edib ki, iclasda DİN-in çoxluğu məni müdafiə etdiyi üçün ona əhəmiyyət vermədim. Ancaq mənim vurulmağım üçün gizli əmr vermişdi.

- Bunu hiss etdiniz sonra?

- Elə həmin axşam evə gedəndə Tibilisi prospektindəki yanacaqdoldurma məntəqəsinin yanında ehtiyatda olan saqqallı sovet hərbçiləri avtomobilimi saxlatdılar. Həmin vaxt yanımda bir maşın da saxlamışdı. Avtomatlılar diz üstdə çökməyimi əmr etdilər. Mən də onları söyəndə yanımdakı maşından düşən bir yaşlı qadın cəld məni qucaqlayıb oğlunun maşınına oturtdu. O qadının heç kimliyini də bilmədim. Sonra yoldaşlar dedi ki, avtomobillə şəhərə çıxma, nömrəni götürüblər, səni öldürmək əmri verilib. Nazir A.Bəşirov isə məni çağırıb dedi ki, incimə, səni işdə saxlaya bilmərəm, ya həbs edilməlisən, ya da vurulmalısan, 4-5 ay ortalıqda görünmə. Mən də bir 20 nəfər döyüşkən oğlan toplayaraq İstisudan keçib Ermənistanın Sisiyan rayonu ilə sərhəddə partizan dəstəsi yaratdım.

- Partizanlığınız necə keçdi?

- Üç aya yaxın erməni yaraqlıları ilə mübarizə apardıq. Bu, çox böyük əks-səda yaratmışdı, Moskva telekanalları, qəzetləri bu barədə məlumat vermişdi. Bir gün Kəlbəcərin rəisi gəldi ki, təcili buranı tərk edin, ruslar desant atıb sizi vurduracaq. Böyük əziyyətlə Murovu aşıb Gəncə yaxınlığındakı kəndlərdən birinə gəldik. Camaat dedi ki, ermənilər yaxınlıqdakı kilsəyə yığışıb kəndi atırlar. Gecə saat 3-4 radələrində dostlarım Nizami, Hikmət və mən qumbaratanla kilsəni vurub oradakı 3 erməni quldurunu məhv etdik. Ertəsi gün Gəncəyə çatanda uzaqdan gördük ki, 200-ə yaxın adam bizi gözləyir. Elə bildik ki, bizi həbs etmək üçün yığışıblar. Yaxınlaşanda bir də baxdım ki, rəhmətlik qardaşım Zakir də ordadı. Soruşdum ki, bəs nə bildiniz ki, gəlirik. Dedi ki, bütün SSRİ sizdən danışır. Sonra camaat arasında diqqət cəlb etməmək üçün saqqalımı qırxıb, özümü qaydaya salıb Bakıya yola düşdüm.

- Bəs nə yaxşı, işə bərpa etdilər sizi?

- Rəhmətlik nazir Məhəmməd Əsədov məni çağırdı ki, səni işə bərpa etmək istəyirəm. Dedim ki, öz məsləhətinizdi, onsuz da sovet hökuməti dağılır. Rəhmətlik baş prokuror İsmət Qayıbov isə dedi ki, mən nə qədər baş prokuroram, sənə heç kəs cinayət işi-filan qaldıra bilməz. Hətta sanksiya hazırladılar, apardılar, qol çəkmədi. Hər ikisi kommunist rəhbər olsalar da, çox Vətən, millət qeyrətli insanlar idi.

- İsgəndər bəy, belə bir rəy var ki, 1992-ci ilin mayında Şuşa və Laçın hakimiyyətin də, müxalifətin də diqqəti əsasən Bakıya cəmləşdiyindən işğal edildi.

- Bilirsiz, biz Lenindən dahi deyilik. Lenin şər dahisi olsa da, deyirdi: inqilab o vaxt baş verir ki, yuxarılar idarə edə bilmirlər, aşağılar da həyat tərzlərini dəyişmək istəyirlər. 1992-ci ilin mayında artıq həmin şərait yetişmişdi. Və hakimiyyətin dəyişməsi labüd idi. İkincisi də, o zaman AXC-nin əsas döyüşçü qüvvələri Şuşada və Laçında idi. Və heç kəs ordan buraya gəlməmişdi. Əksinə, mənim ətrafımda olan tanıdığımız uşaqlardan çoxu Qarabağa yollanmışdı. Və biz hakimiyyətə gələn kimi işğalın qarşısını almağa çalışdıq. Ağdərəni, Laçının kəndlərini azad etdik.

 

(ardı var)

 

Sultan Laçın

 

Həftə içi.- 2014.- 18 fevral.- S.3.