«Elektron məhkəmə» sistemi yaradılır 

 

Ekspertlər hesab edirlər ki, bu sistemin işə düşməsi

məhkəmə orqanlarında süründürməçiliyin qarşısını alacaq

 

Hazırda Azərbaycanda İKT sektorunun sürətli inkişafı ayrı-ayrı sahələrin bu sektora inteqrasiya məsələsini daha da aktuallaşdırıb. Bu yaxınlarda ölkə prezidenti İlham Əliyev daha bir sahənin elektronlaşdırılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda “Elektron məhkəmə” informasiya sisteminin yaradılması nəzərdə tutulub. Sənəddə Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, “Elektron məhkəmə” informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etmək, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarını müəyyən etmək tapşırılıb.

Eyni zamanda, Nazirlər Kabinetinə sərəncamda göstərilənlərə uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bəs görəsən «Elektron məhkəmə»nin mahiyyəti və gələcəkdə gətirəcəyi yeniliklər nədən ibarətdir?

Məsələyə münasibət açıqlayan Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuata açıqlamasında deyib ki, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” ölkə prezidentinin sərəncamını məhkəmə sistemində inqilabi islahat adlandırmaq olar. Onun sözlərinə görə, yaxın illərdə biz ədalət mühakiməsinin keyfiyyəti və texniki imkanları baxımından tamamilə yeni məhkəmələrin şahidi olacağıq. Nəzərdə tutulan yeniliklər, ideya və prinsiplər məhkəmələrin fəaliyyətinin yeni standartlarını yaradacaq. Ümumilikdə, elektron məhkəmə sisteminin yaradılması “ASAN xidmət”in fəaliyyət prinsiplərinin məhkəmələrin işində də tətbiqinə imkan verəcək. İnformasiya texnologiyalarının tətbiqi insanların məhkəməyə yenidaha rahat üsullarla müraciət etmək imkanını yaratmaqla yanaşı, həm də məhkəmələrdə süründürməçilik, sui-istifadə və digər mənfi halları, vaxt itkisini tamamilə aradan qaldıracaq, ən başlıcası isə məhkəmələrin fəaliyyətini tam şəffaf edəcək: “Çünki yaradılmış telekommunikasiya infrastrukturunun, müxtəlif dövlət xidmətlərinin həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqi təcrübəsinin təhlili göstərir ki, məhkəmə sistemində yeni texnologiyalardan istifadə edilməsi üçün ilkin şərtlər artıq mövcuddurbu prosesi daha da genişləndirmək lazımdır».

 

İstənilən şəxs internet vasitəsilə

məhkəməyə müraciət edə biləcək

 

Sözügedən sənədin gətirəcəyi yeniliklərə toxunan Ramiz Rzayev bildirib ki, bu sərəncamla məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, vaxtilə üçpilləli məhkəmə sisteminin yaradılması üçün yeni Cinayət Prosessual, Mülki-Prosessual məcəllələr və digər fundamental hüquqi sənədlər qəbul edilmişdi. Yeni elektron məhkəmə sisteminin qurulması isə prosessual qanunvericiliyə mühüm dəyişikliklərin edilməsini və normativ-hüquqi bazanın informasiya texnologiyalarının tətbiqinə uyğunlaşdırılmasını şərtləndirir: “İnformasiya sistemi fizikihüquqi şəxslərin məhkəmələrə müraciətlərinin, iddia ərizələrinin, müxtəlif məhkəmə instansiyalarına şikayətlərin elektron formada qəbul edilməsinə şərait yaradacaq. Yəni müraciət edənlərin şəxsən məhkəməyə gəlmək və ya vaxt itkisinə səbəb olan poçt xidmətlərindən istifadə etmək zərurəti aradan qalxacaq. İstənilən şəxs kompüter arxasında ərizəni tərtib edərək düyməni sıxdığı anda sənəd ünvanına çatacaq. Bu, insan hüquqlarının müdafiəsi mexanizmlərinin əhaliyə daha da yaxınlaşması deməkdir”.

Ali Məhkəmənin sədri vurğulayıb ki, sistem məhkəmələrdə baxılan bütün işlər üzrə icraatın elektron qaydada aparılmasını təmin etməlidir. Bunu mülki üzrə nümunə əsasında izah edən Ramiz Rzayev bildirib ki, ilkin mərhələdən, yəni məhkəməyə iddia ərizəsi təqdim olunduğu andan bütün sənədlər elektron qaydada tərtib olunur. Belə ki, bütün prosessual sənədlər elektron formatda yazılır, ifadələr elektron daşıyıcılara qeyd olunur, tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərir və qəbul edir: Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcəkdir. İstənilən halda həmin sənədlər elektron daşıyıcılardan kağıza köçürülə biləcək».

Ali Məhkəmənin sədri onu da deyib ki, yeni sistem həm də prosesin elektron qaydada qeydə alınmasına şərait yaradacaq. Onun fikrincə, bu, proses iştirakçılarına məhkəmə baxışının elektron yazısına istinad etməyə imkan verəcək, baxışın heç bir hissəsinin diqqətdən kənarda qalmasına şərait yaratmayacaq. Məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunmasını qeyri-mümkün edəcək. Bundan başqa, məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron qaydada, yəni elektron poçt, mobil telefonlara göndərilən SMS məlumatlar, digər üsullarla çatdırılması imkanı qərarların və digər prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldıracaq: “Nə bəzi proses iştirakçıları qərarın onlara çatdırılmadığını bəhanə gətirə, nə də bəzi hakimlər sənədlərin göndərilməsində süründürməçiliyə yol verə bilməyəcəklər. Sözsüz ki, bütün yeni texnoloji imkanların məhkəmələrdə təmin edilməsi mürəkkəb və uzunmüddətli prosesdir, müvafiq proqram təminatı hazırlanmalı, məhkəmələr müvafiq texnologiya ilə təmin edilməlidir, mütəmadi treninqlər təşkil olunmalıdır».

 

Vətəndaşların işi xeyli asanlaşacaq

 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev isə “Həftə içi”nə bildirib ki, «Elektron məhkəmə” informasiya sistemi ölkədə müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcək. Onun sözlərinə görə, informasiya sistemi məhkəmədə işlərin təyin olunduğu vaxtlar, proseslərin aparılacağı yermüvafiq hakimlər barədə məlumatların hər bir proses iştirakçısının sərbəst şəkildə əldə edə biləcəyi aşkarsistemli şəkildə çatdırılması üçün elektron cədvəllərin tərtib olunmasına şərait yaradacaq: “Proses iştirakçılarının vaxtlarını səmərəli təşkil etməyə və prosesin vaxtı barədə məlumatlandırılmamaqla əlaqədar yaranan mübahisələrin qarşısını almağa imkan verəcək”.

Yeri gəlmişkən, mövcud qanunvericilik məhkəmələrdə işlərin hakimlər arasında obyektiv əsaslarla və bərabər şəkildə bölünməsini nəzərdə tutsa da, bəzi hallarda insanlar işlərin hakimlərə verilməsində qərəzliliyin olduğundan şikayət edirlər. Yeni sistem isə məhkəməyə daxil olan işlərin hakimlər arasında insan amilini istisna edən şəraitdə, avtomatlaşdırılmış bölgüsünün aparılmasını təmin edəcək. Eyni zamanda, sərəncamda informasiya sistemində hər bir proses iştirakçısı üçün “şəxsi kabinetin yaradılması imkanı nəzərdə tutulub. İnformasiya sistemi daxilində yaradılmış “şəxsi kabinet”lər vasitəsilə həm şəxsin iştirakçısı olduğu məhkəmə prosesinin gedişi və çıxarılan qərarlar barədə olduğu məkandan asılı olmayaraq, operativ məlumat almaq imkanı təmin ediləcək, həm də şəxsi xarakterli məlumatların yayılmasının qarşısı alınacaq.

Bir sözlə, məhkəmə sisteminin İKT yeniliklərinə inteqrasiya etməsi vətəndaşların işini xeyli asanlaşdıracaq.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 19 fevral.- S.6.