Ədəbiyyat ictimai çağırışlara cavab vermir
Əli Rza Xələfli: “Əvvəllər “postmodern” adı ilə özünü göstərən ədəbi tüğyançılıq sönüb”
Hikmət Məlikzadə: “İndiki ədəbi güc 30 il əvvəlki çatışmazlığı doldurmaq gücündədir”
Ağacəfər Həsənli: “Boğazdan yuxarı təriflə cəmiyyəti ədəbi çevrədə hər şeyin yaxşı olduğuna inandırmaq mümkün deyil”
“Həftə içi” qəzeti “Ədəbi düşüncə” rubrikasında ölkənin tanınmış ədəbiyyat nümayəndələrinin iştirakı ilə çağdaş ədəbi mühitdəki vəziyyətlə bağlı müsahibələrini davam etdirir. Budəfəki söhbətimizi “Ədəbi reallıq – yeni baxış prizması” mövzusuna həsr etmişik. Həmsöhbətlərimiz Azərbaycan Yazıçılar Birliyinin üzvləri – tanınmış şair, prezident təqaüdçüsü Ağacəfər Həsənli, şair-publisist, prezident təqaüdçüsü Hikmət Məlikzadə və yazıçı-publisist Əli Rza Xələflidir.
- Keçən əsrin 80-ci illərindən bəri çağdaş ədəbiyyatımız bir sıra problemlərlə, çatışmazlıqlarla üzləşib. Ədəbiyyat sanki Azərbaycanın ümumi inkişaf tempindən geridə qalır, ictimai çağırışlara münasibətdə ləngiyir. Bunu nə ilə izah edirsiniz?
Əli Rza Xələfli:
- Söhbət düşüncə axtarışından gedirsə, düşüncənin fikir təlatümlərinin dalğalanmasından danışmalıyıq. Azərbaycanın indiki mənzərəsi qələm adamları tərəfindən kifayət qədər ya dərk olunmur, ya da çətin anlaşılır. Çünki müstəqilliyin 20 illik mərhələsini keçməyimizə baxmayaraq, nə köhnə meyarlar tam aradan qalxmayıb, nə də yeni meyarlar kifayət qədər açılmış deyil. Və yaxud yeni meyarların yeni ədəbi yanaşma düşüncəsi prosesi çox ləng gedir. Beş-on il əvvəl “postmodern” adı ilə özünü göstərən ədəbi tüğyançılıq da sanki sönüb. Çünki həmin ədəbi tüğyan və tüğyançılar özləri də eksperiment hüququndaydılar. Adını nə qoyursan-qoy, hər bir yeni zaman axtarış üçün meyar açır. Əxlaqda, mənəviyyatda, siyasətdə, hətta dinə münasibətdə yeni meyarların yaranması həyat hadisələrinə münasibətdə dəyişməyi tələb edir.
Hikmət Məlikzadə:
- Ötən
əsrin 80-ci ilin ədəbi çək-çevirləri
məndə belə bir təəssürat
yaradır ki, çağdaş
ədəbi tənqid 30 il əvvəlki ədəbi
düşüncəni sağlam tənqidin
hədəf mərkəzi etməlidir. Ədəbiyyatın
çatvermə prosesi isə ya qəbul olunandır, ya da inkara sövqediləndir. Əsas odur ki, bənzətmələrə
müvafiq olaraq biz ədəbiyyatda çatverməyə diqqət
çəkirik. Buna da
güclü və mənasız
axınlar zəmin yaradıb. Diqqət yetirək: son 20 ildir ədəbi
mühitdə nə qədər zəif düşüncə
və yöndəmsiz ədəbi xarakterlər cəmdir. Bu cəmlik üst-üstə qalaqlanıb və
ədəbiyyatın yüklənməsinə, qismən də
çat verməsinə yol
açıb. Bu bəlanı ədəbi
üfüqlərdən götürmək üçün
30-40 il əvvəlin sağlam
tənqidi meydana
çıxmalıdır. Necə olur ki, 60-cılar nəslindən olan
İsa Hüseynov, yaxud Anar ədəbi
mülahizələrini ədəbiyyat meyarlarına
uyğunlaşdıra bilirdilər, lakin indiki ədəbi nəsil bu
məqama qapı aça bilmir?
Bu, təbii ki, sağlam tənqidin olmamasından irəli gəlir.
- Müasir ədəbi tənqidçilər
də həmin mühitdən qidalanmayıbmı? Bəs onlara mane olan nədir?
Hikmət
Məlikzadə:
- İndiki tənqidçilərin bir
qismi o dövrün ədəbi düşüncəsi
ilə fikir formalaşdırıb. Ancaq bu gün onlar
da əməlli-başlı
sosial ədəbi çək-çevirin içində
çabalayırlar. Məsələn,
mənə konkret bir məqam göstərin ki, tənqidçi kimi tanıdığım Məti
Osmanoğlu, Vaqif Yusifli və digərləri son 30 ilin romançılıq, poeziyaçılıq
və yaxud bu sferalarda var-gəl
edən sadə yığınçılıq prosesləri barədə hansısa dəqiq ədəbi mülahizə
yürüdüb. Mən
çox istərdim ki, onların tutalım yazıçı
Əli Əmirlinin, yazıçı Aslan Quliyevin, yazıçı
Natiq Məmmədlinin,
şairlərdən Tahir
Talıblının, Əlizadə
Nurinin, Sabir Sarvanın yaradıcılıqları
barədə sağlam
tənqidi yanaşmalarını
oxuyum. Təəssüf ki, bu, baş vermir. Oxuduqlarım
da sadəcə, xoşhal tərifdir.
Əli Rza Xələfli:
- Bugünün yazıçısı
istər janrına, istərsə də ədəbi meyillərinə
görə 80-ci illərin
yazıçısı deyil.
Demək,
tənqidçi də,
şair və nasir də o deyil. İnsafən daha ədalətli
yanaşsaq, publisistika
haqqında bunu demək olmaz. İstər siyasi, istər ədəbi publisistika dövrlə, zamanla nəfəs ala bilir.
Həyatın qaranlıq tərəfinə
publisistika öz obyektivini yönəldə
bilir. Burada janrın çevikliyini
də etiraf etmək lazımdır.
Sevinirəm ki, Azərbaycan
nağıllarının dəst-xəttindən
imtina edən nəsr formalaşır.
Sovet dövründən
qalma bir xəstəlik var: filankəs böyük yazıçıdır. Əslində, böyüklük ədəbi
dəyəri, yüksəkliyi
ilə ifadə olunur. Hər hansı bir
əsərin səviyyəsi,
düşüncəyə nüfuz gücü yaddaş mexanizminə təsir dairəsi ilə ölçülür.
Ümumi
axın bəzən mənzərəni aydın
görməyə mane olur.
Amma iddialı tənqidçi
mənzərəni kifayət
qədər görməyə
borcludur, ya da iddiasından əl çəkməlidir.
Ağacəfər Həsənli:
- Bu gün kimlərin
yetişdiyini təkcə
zaman bilir. Bəlkə də 100 il sonra
üçün yüksək
ədəbi səviyyəsi
olacaq kimsə yoxdur. Yəni ola bilər
ki, zaman ədəbiyyatımız üçün
yetişdirəcək adamı
hələ tapmayıb.
Bu, o deməkdir ki, ədəbiyyat adlı sarayın damının və digər təchizatlarının
qurulması gələcək
illərin fəhmi ilə əlaqəlidir və hələlik bu sarayın üstü, qapı-pəncərələri
açıqdır. Təəssüf ki, hazırkı ədəbi miqyaslar bu açıqlıq anlamına sirayət etməkdən çox fərdi-iddialı çürük
təfəkkürə uyğunlaşır.
Hətta
üzdə olan qələm sahibləri də aldadıcı manevrli fikri-hissiyyata uymaqla, xalq yazı
fəlsəfəsinin üstündə
yalançı-əks uyğun
çevrə cızıblar.
Bu çevrənin içində
görünən miqdar
bir az
yaradıcılıq, bir
ovuc təkrarçı
ənənə, bir çuval da təməlsiz iddiadır.
Zənnimizcə, bununla ədəbi
əhatədə genişlik
yaratmaq qeyri-mümkündür.
İki əsrdir ədəbiyyatımızın dam hissəsində heç bir səs-küy yoxdursa, bu, fərdi yanaşmaların
aldadıcı təsir
olması faktını
isbatlayır. Yalançı, boğazdan yuxarı təriflə cəmiyyəti
ədəbi çevrədə
hər şeyin yaxşı olduğuna inandırmaq mümkün deyil. Onsuz da «elin gözü tərəzidir».
- Belə çıxır ki, bu gün
ədəbiyyat tamamilə
təhlükə qarşısındadır...
Ağacəfər Həsənli:
- Şübhəsiz,
80-ci illər sovet dönəminin
“qızıl illəri” idi. Bizim ədəbi nəsil də əsasən o dövrdən formalaşmağa
başlayıb. Bu gün ədəbiyyatda
imzaları kifayət qədər tanınan ünlü
ismlər çoxdur - Zəlimxan Yaqub, Aqil Abbas,
Vaqif Cəbrayılzadə, Vaqif Bəhmənli, Adil Cəmil,
Yunis Novruzov, Afaq Məsud, Sultan Mərzili
və başqaları. Bu simalar
məhz sovet hakimiyyətinin meydan suladığı illərdə ədəbi
mühitdə formalaşmağa
başlamış şəxslərdir. Yaxşı ki, ədəbiyyata ötəri nəzərlə
baxanlar, təsadüfən bu sahəyə meyillənənlər qısa zaman kəsiyində sıradan
çıxdılar. Adlarını çəkdiklərim
isə yazıb-yaratmaqda davam edir, ədəbiyyatımızı gözəl
əsərləri ilə zənginləşdirirlər. 70-ci
illərin sonu, 80-ci illərin əvvəllərində
Azərbaycan Yazıçılar İttifaqı artıq
köhnə bürokratik təşkilat deyildi. İmran Qasımov kimi işıqlı yazıçı bu təşkilata rəhbərlik etdiyi illərdə yeni ədəbiyyata
gələnləri ətrafında birləşdirirdi. Elə o vaxtlardan ədəbi orqanlara talantlı yazıçı və
şairlər dəvət olunur və ədəbi
mühitdəki inkişafın istiqamətini də onlar müəyyənləşdirirdilər . İmzalara diqqət edin: Yusif Səmədoğlu, İsi
Məlikzadə, Mövlud
Süleymanlı, Əkrəm Əylisli, Məmməd Oruc, Fikrət Qoca, Ələkbər
Salahzadə, Dilsuz, Seyran
Səxavət və başqaları.
Hikmət Məlikzadə: - İndiki ədəbi güc 30 il əvvəlki
çatışmazlığı doldurmaq
gücündədir. Lakin görünən
miqyas o qədər də
əhatəli deyil…
Ağacəfər Həsənli:
- Ədəbiyyat heç vaxt problem həll etmək gücündə deyil. Sadəcə, böyük
mənada o qlobal məsələlərin
kökündən yanlış olduğu
gördükdə, özünəməxsus şəkildə
onlara obrazlı şəkildə
münasibətini bildirir. Hətta alternativ variant
üzündən müəyyən mənada işıq ucu qoyur. O sosial
problemlər, o böyük
məsələlər və onların həlli yüksək çinli məmurların işidir.
İndi internet, elektron kitablar var və müxtəlif saytlar
yaranıb. Onların sırasında ədəbi saytlar da mövcuddur.
Elə düşüncə sahibləri var
ki, yalnız bu variantdan istifadə edir.
Kağıza və qələmə qarşı elə bil onda ikrah
hissi, allergiya
yaranıb. Ancaq mənim fikrimcə,
yaradıcı adamın göz
yaddaşı var. Həmin o
yaddaş ən primitiv
kağızla çap olunan
kitabı daha tez ram edib götürür,
nəinki kompüterdəkini. Mən də müxtəlif saytlara baxıram, ancaq qələmlə
yazmağı heç nəyə dəyişmirəm.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2014.- 19 fevral.- S.7.