“Nüvə başlıqlarını Badamdarda-

qəbiristanlıqda gizlətdik”

 

əvvəli ötən sayımızda

 

1994-cü il mayın ortaları. Azərbaycan tarixində ən gərgin dövrlərdən biri... O vaxtkı spiker Rəsul Quliyev Bişkekdə Rusiyanın vasitəçiliyi ilə Ermənistanla atəşkəs sazişinə imza atıb... Keçmiş daxili işlər naziri “Ədalət” qəzeti redaksiyasında bu hadisə ilə bağlı mətbuat konfransı keçirir. Sual verənlər arasında bu sətirlərin müəllifi də var. Sonuncu görüşümüz isə 1995-ci il martın 16-da daxili işlər nazirinin keçmiş müavini Rövşən Cavadovun OMON bazasındakı son mətbuat konfransında oldu...

 

 Ertəsi gün o, həbs edild. Onun uşaqlıq dostu və keçmiş müavini R. Cavadovla hansı məqsədlə görüşməsi barədə, inşallah, gələn yazılarda.

Hələlik “Labirint”də Azərbaycan “bozqurd”larının lideri İsgəndər Həmidovun macəralarla dolu həyat və fəaliyyətinin digər maraqlı məqamlarına işıq salmağa çalışacağıq.

 

- Siz özünüz bir hərəkat lideri kimi Şuşa və Laçının işğalının qarşısını almaq üçün konkret nə iş gördünüz?

- Əlimizdən gələni etmişik. Şuşanın işğalı ərəfəsində Elçibəy məni çağırdı ki, bəs MN-in qərargah rəisi Şahin Musayev müraciət edib ki, Şuşanın müdafiəsi üçün canlı qüvvə çatışmır. İki saatdan sonra 350 nəfərlə MN-in qarşısında idim. Sonra silah-sursatın da çatışmadığı məlum oldu. Hazırkı Qaraçuxur qəsəbəsində rusların hərbi hissəsinə hücum edərək 27 maşın silah-sursat ələ keçirib MN-nə gətirdik. İndiki Texniki Universitetin yataqxanalarının zirzəmilərini silahla doldurmuşduq. Lazım olanda Şuşaya, Laçına göndərirdik. İnanın ki, əgər biz iki-üç ay əvvəl hakimiyyətə gəlmiş olsaydıq, Şuşa və Laçın işğal olunmazdı.

- Yadınızda, nazir olan vaxt, deyəsən, Vaşinqtonda, Klintonun andiçmə mərasimindən sonra suallara cavab verərkən demişdiniz ki, bizim atom bombamız var, İrəvanı alt-üst edərik. Sonradan məlum oldu ki, doğrudan da SSRİ dağılan ərəfədə Azərbaycanda bir neçə nüvə başlığı olub.

- Düzdü, bizdə 4 nüvə başlığı var idi. Amma daşıyıcıları yox idi. Hətta mən Çeçenistan prezidenti Cövhər Dudayevə də müraciət etmişdim ki, bizə raket daşıyıcısı olan təyyarələr versin. Ancaq onlardakı təyyarələrin də daşıyıcıları yox idi. O “bomba” sözünü iki mənada demişdim, ikinci mənada neftimizi nəzərdə tutmuşdum. Yəni demək istəyirdim ki, kim bizə Qarabağı azad etməkdə kömək etsə, neftimizdən ən böyük payı ona verəcəyik. Açığı deyim ki, bəlkə də o daşıyıcıları tapsaydıq, o vaxt cavan idim, beynim qanlı idi, həmin bombalardan ermənilərə qarşı istifadə edərdim. Amma indiki ağlımla eləməzdim.

- Bildiyimə görə, həmin nüvə başlıqları SSRİ Müdafiə Sənayesi Nazirliyinin Bakıdakı gizli hərbiləşmiş “İskra” zavodunda (indiki “Alov” zavodu) və keçmiş Qızıl zavodunda gizlədilirmiş...

- Bəli. Amma o vaxt başlıqları zavoddan gizli şəkildə götürüb Badamdar yaxınlığındakı qəbiristanlıqda köhnə qəbir yerində basdırdıq. Başdaşı, sinədaşı yerində. Heç kəsin ağlına gəlməzdi ki, orada nüvə başlığı basdırılıb. Bəziləri də bayaqkı sözlərimə görə mənə lağ edəndə daha açıb deyə bilmirdim ki, doğrudan, atom bombamız var.

- Maraqlıdır, ABŞ-ın eks-prezidenti B.Klinton 1993-cü ildə niyə məhz sizi öz andiçmə mərasiminə dəvət etmişdi?

- Heç bunun sirrini özüm də bu günə kimi bilmirəm. Bir gün işdən evə gəldim ki, Vaşinqtondan şəxsən mənə Bill Klintonun andiçmə mərasimində iştirak etmək üçün dəvətnamə göndərilib. Prezident Elçibəyə dedim ki, getmək istəmirəm. O da dedi ki, xeyr, bu, bir şansdır, tarixdə ilk dəfədir ki, Azərbaycanın dövlət nümayəndəsi ABŞ prezidentinin andiçmə mərasiminə dəvət olunur. Doğrudan da, nə ondan qabaq, nə də sonra heç kəs ABŞ-dan bu cür tədbirə dəvət almayıb.

- Elə təkcə siz yollandınız Vaşinqtona, müşayiətsiz-filansız?

- Bəli, yalnız mən. Uşaqların anasını da dəvət etmişdilər. Biz tərəfdə də, bilirsən də, arvadı harasa, yad yerə aparmaq adəti yoxdu. Xülasə, getdim, Vaşinqtonda məni qarşılayanlar arasında o vaxtkı səfirimiz Asim Mollazadə də var idi. Məni “Şeraton” otelində yerləşdirdilər. O zaman ABŞ-da iqtisadi məsələlərlə bağlı səfərdə olan keçmiş Bakı meri rəhmətlik Rauf Gülməmmədov və baş nazirin sabiq müavini Abbas Abbasov da gəlib mənimlə görüşdülər. Andiçmə mərasimindən bir gün əvvəl 250 nəfərlik banket verməli idilər. Axşam saat 4 olardı, oteldə dincəlirdim. Birdən qapı döyüldü, 3-4 nəfər bir neçə bağlama ilə içəri daxil oldu ki, siz sabah bu paltarda, bu ayaqqabıda və s. ziyafətdə iştirak etməlisiz. Qaydalara görə qalstuk yox, “kəpənək” taxmalı idim. Etiraz etdim ki, mən “kəpənək” taxmayacam. Dedilər ki, bu, 3 əsrdi, ABŞ-da qəbul olunmuş qaydadı. Cavab verdim ki, siz mənə maraq göstərib dəvət etmisiz, mən özüm gəlməmişəm. Harasa zəng edib danışdılar. Bir yarım saatdan sonra razılaşdılar ki, müstəsna hal kimi yalnız mən qalstukda həmin ziyafətdə iştirak edə bilərəm.

- “SRU”(ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşları sizinlə maraqlandılarmı?

- Bəli. Ertəsi gün andiçmədə iştirak etdim. Sonra Dövlət Departamentində çıxış etdim. “Vaşinqton-post” qəzetinə müsahibə verdim. Dövlət Departamentində Maykl Klark adlı bir nümayəndə mənimlə geniş söhbət elədi. Söhbətə başlayan kimi dedim ki, sən “SRU” əməkdaşısan. Və ona çatdırdım ki, mən bacarsam, dünyanı Azərbaycanın ayağına yıxaram, Azərbaycanı heç kəsin ayağına yıxmaram, ünvanı səhv salmısız. O da dedi, ki, “ayəm sori” (məni bağışlayın). Bir-birimizin əlini sıxıb ayrıldıq.

Bakıya qayıdandan sonra gördüm, bəzi komanda üzvlərində bir qısqanclıq yaranıb ki, Ağ Ev niyə məhz mənimlə maraqlanır. Mən də bütün səfərdə, görüşlərdə baş verənləri prezidentə məruzə etdim. Guya mən birinci şəxs olacaqdım? Mən heç kəsi inandıra bilmədim ki, millətçi adamdan birinci şəxs olmaz – bu ölkənin fəlakəti olar. Millətçi şəxs, sadəcə, böyük təsiredici gücə malik olmalıdır.

- Bəs necə oldu ki, Klinton sizə “bozqurd” salamı verdi?

- Bilirsiz, o vaxt dedilər ki, guya Klinton İsgəndəri “boz qurd” elədi. Əslində, məsələ belə olmuşdu. Banket zamanı Klinton soruşdu ki, sizdə küçədə görüşəndə necə salamlaşırlar. Mən də bizim “boz qurd” işarəsini göstərərək Klintonun əlindən tutub barmaqlarını “boz qurd” şəklində qoydum. Arvadı da maraqla baxırdı. Ertəsi gün andiçmə zamanı Klinton yanımdan keçəndə mənə “boz qurd” işarəsi ilə salam verdi. O yazıq heç bilmirdi ki, o işarə “boz qurd” deməkdi. Azərbaycana qayıdanda isə eşitdim ki, Aqil Abbas yazıb ki, Klinton İsgəndəri “boz qurd” elədi.

- Bildiyimə görə, masonlarda və satanistlərdə qoşa barmaq işarəsi var, özü də onlarda bu, şeytan rəmzidir.

- Onlarda iki bitişik barmaqdı (Sonrakı araşdırmalarımda bir daha dəqiqləşdirdim ki, “bozqurd”la eyni işarədən ABŞ-ın əvvəlki prezidentləri, eyni zamanda, Avropa liderləri və digər tanınmış şəxslər də görüş və çıxışları zamanı istifadə ediblər və edirlər - S.L.). Amma o da qəribədir ki, 1993-cü ildən bəri Klinton hər il Azərbaycanın müstəqilliyi günü telefon açıb məni təbrik edir. Görünür, onun andiçməsində iştirak etmiş o 250 nəfərin hamısına qarşı belə diqqət göstərir. Andiçmədən sonra bizi şəxsi qonaq da çağırmışdı. Biz də sovet prinsiplərinə uyğun rəsmi formada, qalstukda-filanda getmişdik. Klinton da dedi ki, ay cənablar, bir az sərbəst olun. Onda mənə bir kofta da bağışlamışdı. Düzdür, əynimə yekədi, amma saxlayıram.

- 1992-ci ilin iyulunda Astarada “Dədə” ləqəbli birinin dəstəsinə qarşı keçirdiyiniz silahlı əməliyyat haqqınızda və ümumiyyətlə, Elçibəy hökuməti barədə həm də mənfi rəy yaratmışdı.

- Hə. O əməliyyatı hətta İsgəndər Həmidovun talışlara qarşı keçirdiyi əməliyyat kimi qələmə verənlər də oldu. O zaman Həcc ziyarətinə gedib-gələnləri Astaradakı keçid məntəqəsində incidirdilər, soyurdular. O vaxtkı hacıların çoxu yaşayır, şahiddilər. Həmin keçid məntəqəsinə dövlət nəzarət edə bilmirdi. Bir dəstə quldurun əlində idi. Lənkərandan Astaraya gedən bir çörək zavodunun müdirini ağaca bağlayıb güllələmişdilər ki, sən sərhəddi niyə keçirsən. Biz rəsmi əməliyyat hazırladıq. O vaxtkı baş prokuror Murad Babayev də sanksiya verdi ki, silahlı müqavimət göstərən güllələnsin. Özü də əməliyyat günü mən orada olmamışdım, ertəsi günü getdim. Əməliyyata general Rəhim Quliyevlə Rövşən Cavadov rəhbərlik edirdi. Astaranın Şahağacı kəndində iki nəfər İrandan narkotik keçirənlər sərhəddə OMON-çularla atışmışdı. Rəhmətlik Milli Qəhrəman Tahir Həsənovu yaralayandan sonra “məhv etmək” komandası verilmişdi. Həmin müdiri ağaca bağlayıb öldürən Sovet adlı adam qaçmışdı. Sonra məhkəmədə o müdirin 14 yaşlı oğlu Rövşən (hazırda “qanuni oğru” Rövşən Lənkəranski” - S.L.) onu güllələyib öldürdü. Orada heç bir talış söhbəti yox idi, silahlı quldur dəstəsinə qarşı əməliyyat idi. Oxşar əməliyyatlar Bərdədə, Şəkidə, Qusarda da keçirilmişdi.

- İsgəndər bəy, bayaq dediniz ki, hakimiyyətə gələn kimi uğurlu əməliyyatlara başladıq. Düzdü, 1992-ci ilin oktyabrın əvvəlinədək Laçın “dəhlizi”nin şimal və cənub istiqamətlərində 60-a yaxın kənd azad edildi. Artıq Xankəndi-Laçın-Gorus yolu nəzarətə alınmaqda ikən nədənsə qüvvələrimiz geri çəkildi... Niyə belə oldu?

- Gülüstandan, Ağdərədən başlanan uğurlu əməliyyatlar Laçın istiqamətində də davam edirdi. Həmin döyüşlərdə Milli Ordu hissələri ilə bərabər Laçın polisi misilsiz qəhrəmanlıqlar göstərdi. Hətta ermənilərin 37 OMON-çusunu məhv edəndə onların döyüşləri çəkdiyi kameranı da gətirib mənə vermişdilər. Sonradan vəziyyət elə gətirdi ki, bizim hissələr geri çəkildi.

- O döyüşlərdə iştirak edənlərin sözlərinə görə, prezident Elçibəy deyib ki, Laçın “dəhliz”ini bağlamaq olmaz, ABŞ, Avropa bizi qınayar...

- Yox, Elçibəyin elə bir əmri olmamışdı. O vaxt mən alay komandiri Tahir Süleymanovdan da soruşdum, o dedi ki, anlaşılmaz hadisələr baş verdi, bir-birini təkzib edən əmrlər verildi. Və nəticədə ermənilərin uğurlu əks-hücumlarına şərait yarandı. Xüsusən mən 1993-cü ilin yanvarında ABŞ-a gedəndən sonra cəmi bir həftə ərzində vəziyyət bizim ziyanımıza dəyişdi.

- Bəs Kəlbəcərin işğalı ərəfəsində bir güc naziri və bir qarabağlı kimi nələri etmədiyinizə görə peşmansınız?

- O zaman prezidentin göstərişinə əsasən mənim təhkimliyim Tərtərə idi. Az-çox hərbdən başı çıxan adam da bilir ki, Şuşa və Laçın işğal ediləndən sonra ermənilərin strateji əhəmiyyətinə görə Kəlbəcəri də işğal etməsi labüd idi. O dövr üçün mümkün olan hər şeyi etdik. Amma görünür, səriştəsizlik, təcrübəsizlik, bəzən də kimlərinsə qorxaqlığı və s. kimi amillər də digər bölgələr kimi Kəlbəcərin də işğalında da mühüm rol oynadı. Bir ona heyfslənirƏm ki, kaş Elçibəy məni Kəlbəcərə təhkim edəydi. Və bircə şeyə peşmanam, niyə ölüb orada qalmadım. Onsuz da mənim 66 yaşım var, gec tez hamımız öləcəyik. Amma Bakıda yataqda ölməkdənsə, kaş Şuşada, Laçında, Kəlbəcərdə öləydik, qanımız o qayalara, dərələrə axaydı.

- 1993-cü ilin iyununda Kələkiyə getməzdən öncə Elçibəylə sonuncu dəfə nə vaxt görüşdünüz?

- Rəhmətlik Elçibəylə Kələkiyə getməmişdən əvvəl iki dəfə görüşdük. Bir dəfə camaat gəldi, məni qışqıra-qışqıra apardı Prezident Aparatına. Onda hələ Heydər Əliyev Bakıya gəlməmişdi. Orda söhbət elədik, dedim ki, gec olsa da, hakimiyyəti qorumaq olar. O da dedi ki, get gözlə, bəlkə fərmanını verdim. Sonuncu dəfə deyəsən, iyunun 16-da görüşəndə sabiq baş prokuror Eldar Həsənov da orda idi. Dedim ki, yalnız güc göstərməklə çevrilişin qarşısını almaq olar. Amma Kələkiyə gedəcəyi barədə mənə deməmişdi.

- Hakimiyyəti qorumaqla bağlı aranızda konkret nə söhbət oldu?

- Belə söhbət oldu ki, Rövşən Cavadov olur müdafiə naziri, mən də öz postuma qayıdıram. Və həm vətənin ərazi bütövlüyünü qoruyuruq, həm də dövlətçiliyi xilas edirik. Dedi ki, get gözlə. Öpüşüb-görüşüb ayrıldıq.

- 1995-ci il martın 17-də həbs edildiniz. Zindanda başınıza nələr gəldi?

- İki il iki ay MTN-də yatdım. Oradan apardılar “kalon”a. Ora gedən kimi bir gizli məktub aldım. Yazılmışdı ki, sənin yanına əsli Masallıdan olan bir adam salacaqlar, ehtiyatlı ol. Bir gün gördüm, bir yekəpər adam gətirdilər, danışığından bildim ki, deyilən adamdı. Onu məcbur etdim ki, yanıma niyə salındığını desin. O da məndən şikayət elədi. Təzədən mənə üç il də verib Qobustana- qapalı rejimli “kalon”a göndərdilər. 1999-cu ilin yanvarında orada qiyam təşkil olundu və məni də qatmağa cəhd etdilər, alınmadı. Müəyyən qüvvələr orada hamımızı öldürməli və buna “dövlət çevrilişinə cəhd” adı verməli idilər. Mən bunun qarşısını aldım. Sonra məni yenidən ümumi “kalon”a qaytardılar. Orada bir dəfə kameraya ilan buraxmışdılar. Sonra dedilər ki, əfv ərizəsi yaz, dedim, siz yazın, mən sizi əfv edim. Yenidən iki il iş kəsib “qapalıya” göndərdilər. 9 il 7 ay tamam olanda isə buraxdılar. Onu da deyim ki, türmədə olduğum müddətdə bütün keçmiş döyüşçülər, eləcə də “oğru dünyası”nın adamları - hamısı hörmətimi saxlayıblar.

- Həbsdən çıxandan sonra deyəsən, bir müddət “ehtiyatda olan müxalifətçi” kimi yaşadınız?

- Yox, mən heç vaxt “ehtiyat”da olmamışam. Çıxandan sonra siyasi çıxışlarıma görə üç dəfə məni qandallayıb Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıblar. Mən fəallığımı dayandırmadım.

- Amma 60 yaşında siyasətdən getdiyinizi bəyan etsəniz də, sonradan yenə qayıtdınız.

- Bəli , 60 yaşımda dedim, siyasətdən gedirəm. Ancaq dostlarım, silahdaşlarım məcbur etdilər, mən də vəziyyəti nəzərə alıb yenidən qayıtdım.

- Milli Şuranın (MŞ) ilk yığıncaqlarında onun Rusiya proyekti olmasını bildirdiniz, Rüstəm İbrahimbəyovun əleyhinə səs verdiniz. Amma göz qabağındadır ki, sizin hakimiyyətə qarşı radikal çıxışlarınız və ondan sonra bir neçə saatlığa həbs olunmağınız MŞ-nın xalqın müəyyən kəsimi arasında nüfuzunun artmasına səbəb oldu.

- MŞ-nın ilk iclasında çıxış etmişəm və yeganə adamam ki, Rüstəm İbrahimbəyovun əleyhinə səs vermişəm. MŞ yaranmamışdan qabaq da bilirdim ki, bu, Rusiyanın proyektidi. Amma sözündən çıxa bilmədiyim dostlarım dedi ki, gəlin birlikdə orada iştirak edək, xalq da görsün, biz birik, bəlkə nə isə bir iş görə bilək. O məlum çıxışımdan sonra da məni həbs edilməyim MŞ-ya divident gətiribsə, eybi yoxdu, orada da qardaşlarımız var idi. Sonra seçkidə də qələbəmiz baş tutmadı . Heç tutası da deyildi. Bu gün də MŞ-nın öz yolu var, mənim də öz yolum. MŞ-da olanlara da uğurlar arzulayıram.

- Deyəsən, İsa Qəmbər və Pənah Hüseynlə birgə siyasi koalisiya yaratmaq istəyirsiz?

- Biz İsa bəylə də, Pənah bəylə də silahdaşıq, yaxınıq, tez-tez görüşürük. Amma inanın ki, bu günədək aramızda bu barədə bir söhbət olmayıb. Bunu mətbuat haradan çıxarıb – başa düşmürəm. Bax, elə səninlə görüşə İsa bəylə kabinetində söhbət edib gəlirəm. Çay içdik, dünyadakı, Ukraynadakı vəziyyətdən danışdıq, heç buradakı vəziyyət barədə danışmadıq. Amma kaş belə bir koalisiya olaydı...

- İsgəndər bəy, Elçibəy 1990-cı illərdə deyirdi ki, Qarabağa gedən yol Təbrizdən keçir. Siz necə düşünürsüz, bu gün Qarabağa, konkret Kəlbəcərə, Bağlıpəyəyə gedən yol haradan keçir?

- Sözsüz ki, məni yeddi yerə şaqqalasalar da, yenə deyəcəyəm ki, o tay bu tay bir olsun, paytaxtı Təbriz olsun. Bu, mənim bir millətçi şüarımdı. Amma Bağlıpəyəyə də, Kəlbəcərə də, Laçına da, Şuşaya da, Füzuliyə də, Ağdama da... gedən yol bizim mənəviyyatımızdan, kişiliyimizdən keçir.

 

Sultan Laçın

 

Həftə içi.- 2014.- 19 fevral.- S.3.