Əmək müqavilələri elektronlaşacaq 

 

Elman Babayev: «Bu, müasir texnologiyaların köməyi ilə əmək hüquqlarının təminatında operativliyin artırılmasına təkan verəcək”

 

Məlum olduğu kimi, bir müddət əvvəl ölkə prezidenti İlham Əliyev «Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə» fərman imzalayıb. Həmin fərmanla sözügedən məcəlləyə edilmiş dəyişikliklərə əsasən, işəgötürənlə işçi arasındakı münasibətlərin elektronlaşdırılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev «Həftə içi»nə bildirir ki, əmək müqavilələrinin elektronlaşdırılması bir sıra mühüm və əhəmiyyətli nəticələrin əldə olunması ilə nəticələnəcək. Onun sözlərinə görə, belə bir məsələnin reallaşdırılması ilk növbədə ölkəmizdə işçilərin əmək hüquqlarının təmin edilməsində müasir texnologiyaların köməyi ilə hakimiyyət strukturlarının şəffaflaşmasına, işçilərə qarşı süründürməçilik və sui-istifadə hallarının aradan qaldırılmasına, aşkarlıq və operativliyin artırılmasına gətirib çıxaracaq. Bundan əlavə, işəgötürənlə işçilər arasında əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinə elektron nəzarətin, həmçinin elektron kargüzarlıq və elektron sənəd dövriyyəsinin təmin edilməsi mümkünləşəcək. Bir sözlə, bu sənəd əmək münasibətlərinin «Elektron hökumət» portalına inteqrasiyasına imkan verəcək ki, bunu işəgötürənlə işçi arasında əmək münasibətlərinin leqallaşdırılması sahəsində inqilabi addımlardan biri hesab etmək olar.

Qeyd edək ki, həmin fərmanın tətbiqi ilə əlaqədar dövlət başçısı Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının Əmək Məcəlləsində edilən dəyişikliklərə uyğunlaşdırılmasına dair təkliflərini hazırlamağı və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməyi tapşırıb.

 

Əmək müqaviləsi ilə bağlı yeni qaydalar hazırlanacaq

 

Şöbə müdiri xatırladır ki, ölkə prezidenti ƏƏSMN-ə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin texniki infrastrukturunun yaradılması, habelə bu sistemin fəaliyyəti barədə işəgötürənlərin və işçilərin təlimatlandırılması üçün tədbirləri həyata keçirmək barədə göstəriş verib. Bu baxımdan da müəyyən tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Elman Babayevin sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, nazirlik tərəfindən əmək müqaviləsi bildirişinin formasının və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarının, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasının hazırlanması nəzərdə tutulub. Bundan başqa, qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar da hazırlanacaq. Bütün bunların hazırlanması üçün ƏƏSMN-ə 1 ay vaxt verilib.

Nazirlik rəsmisi vurğulayır ki, Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əmək qanunvericiliyinə işçilərin hüquqlarının təmin edilməsi baxımdan çox mühüm olan yeni bir anlayış daxil edilib. Bu anlayış - əmək müqaviləsi bildirişi adlanır. Elman Babayevin fikrincə, mahiyyətinə görə, bu anlayışı ölkədə əmək münasibətləri sahəsində yeni bir mərhələnin başlanması kimi də qiymətləndirmək olar. Bu anlayış işəgötürənlə işçi arasında əmək münasibətlərinin bundan sonra elektronlaşdırılmasını qaçılmaz edir. Eyni zamanda, əmək münasibətlərində qanuni fəaliyyəti qaçılmaz bir hala gətirir. Belə ki, əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin ƏƏSMN-in elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir: “Yəni ölkə başçısının imzaladığı fərmanla bu anlayışın Əmək Məcəlləsinə daxil edilməsindən sonra əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq».

 

Əmək müqavilələri ilə bağlı monitorinq keçiriləcək

 

Nazirlik rəsmisi bildirir ki, ölkə başçısının fərmanı ilə Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda, 49-cu maddəyə edilmiş dəyişiklik imkan verəcək ki, işçilərlə bağlanmış əmək müqavilələrinin Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsinin monitorinqi aparılsın: «Vacib olan məqamladan biriodur ki, ölkə prezidentinin fərmanına əsasən, indiyədək bağlanmış yazılı əmək müqavilələrinin elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin qeydiyyatdan keçirilməsinin məcburiliyi əksini tapır. Belə ki, bu dəyişikliklərdən sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Müvafiq fərmanla elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub.

Yeri gəlmişkən, bu qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri üzrə əmək müqaviləsi bildirişlərinin ƏƏSMN-in elektron informasiya sistemində qeydiyyata alınması məqsədilə işəgötürənlər tərəfindən həmin elektron informasiya sisteminə daxil edilməsinə 2014-cü ilin 1 iyul tarixinədək vaxt verilib. Bu isə o deməkdir ki, həmin tarixdən etibarən işə götürənlə işçilərin əmək münasibətləri artıq “Elektron hökumət” portalına inteqrasiya olunub və onların əmək münasibətlərinin qanuniliyinə dövlət nəzarət edir.

Prezidentin imzaladığı fərmana uyğun olaraq Əmək Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişiklərə əsasən əmək müqaviləsində göstərilən şərtlər və məlumatların da dairəsi genişləndirilir. Belə ki, bundan sonra müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin pin kodu barədə məlumatların da əlavə edilməsi tələb olunacaq. Eyni zamanda, müqavilədə işəgötürən barədə məlumatlara əlavə olaraq sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin koduya fərdi identifikasiya nömrəsi (FİN) barədə məlumatların da göstərilməsi tələb ediləcək. Göstərilən əlavə məlumatlar əmək müqaviləsi bildirişlərinin işəgötürənlər tərəfindən ƏƏSMN-in elektron informasiya sisteminə daxil edilməsini asanlaşdıracaq.

 

Qeyri-leqal əmək fəaliyyətinin qarşısı alınacaq

 

Elman Babayev əminliklə bildirir ki, Əmək Məcəlləsinə edilən sözügedən dəyişikliklər konkret məqsədlərə nail olunmasını təmin edəcək. İlk növbədə məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasını nəzərdə tutur. Onun dediyinə görə, bundan sonra bütün işəgötürənlərin, eləcə də işçilərin bağladıqları əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsilə real vaxt rejimində ƏƏSMN-in elektron informasiya sistemindən əldə edə biləcəklər: «Bu da öz növbəsində, hər iki tərəfi əmək müqaviləsi ilə üzərində götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur edəcək. Bütövlükdə isə əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən, sosial təminat hüquqlarının müdafiəsinin təminatçısı olacaq. Yəni bu sənəd vasitəsilə işçilərdə göstərilən hüquqların icrasını işəgötürəndən tələb etmək imkanı yaranır. Eyni zamanda, əmək müqaviləsi bildirişləri işəgötürən üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunmasının təminat formasıdır. Bu sənəd vasitəsilə işəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilirlər. Göstərilən dəyişikliklər dövlət nəzarətini həyata keçirən orqanlara elektron nəzarət sisteminin qurulmasına, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində səmərəli fəaliyyətinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına, vətəndaşların layiqli pensiya təminatına gətirib çıxaracaq».

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 22-24 fevral.- S.6.