“Heç vaxt mahnı
satmamışam”
Aybəniz Bəhrəmqızı: “Şeiri şair, mahnını bəstəkar yazmalı və onu cəmiyyətə peşəkar
müğənnilər çatdırmalıdır”
Tanınmış bəstəkar Aybəniz Bəhrəmqızının sənət aləmində özünəməxsus yolu, ifa tərzi var. Onun bir bəstəkar kimi bəstələdiyi mahnılar sevilir. O bəstəkar xoşbəxtdir ki, əsl sənətinin vurğununa, peşəsinin peşəkarlığına çevrilir. Mahnıları dillər əzbəri olan Aybəniz xanım sənət yolundakı bu zirvəni çoxdan fəth edib. Baxmayaraq ki, bəzi hazır mahnıları hələ də geniş auditoriyaya çıxa bilməyib.
Aybəniz Bəhrəmqızı “Həftə içi”nə müsahibəsində bəstəkarlıq sənətinin Azərbaycanda inkişaf meyilləri və bu sahədəki çətinliklərlə yanaşı, özünün sənət yolundan da danışıb:
- Bəstəkar olmaq
mənim uşaqlıq arzum olub. Qara Qarayev, Tofiq Mütəllimov,
Şəfiqə Axundova kimi korifey bəstəkarlarımıza
oxşamaq istəyirdim. Mən bəstəkarlığı
onlardan öyrənirdim. Bir sözlə, onların bəstələdiyi
əsərləri öyrənib, ifa edə-edə bu sənətə
marağım da get-gedə artırdı. Sanki sağlam
duyğular, musiqi dili ilə desək canıma, ruhuma hopurdu.
- Deyəsən,
ilk musiqi təhsilini siz hələ uşaq vaxtlarında
Ağdam “Pioner Evi”nin nəzdində fəaliyyət göstərən
Murad Rzayevin rəhbərlik etdiyi “Qarabağ bülbülləri”
ansamblında almısınız...
- Həqiqətən də uşaqlıq
illərində mənim gözəl səsim olub. O səs məni
vaxtilə “Qarabağ bülbülləri” ansamblına gətirib
çıxartdı və bir solist kimi məni dünyanın
hər yerinə aparıb. Artıq “Qarabağ bülbülləri”ni
dünya tanıyırdı. Bunu da tanıtdıran ulu öndər
Heydər Əliyev olub. Ulu öndərin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə elə bir dövlət tədbirləri
olmazdı ki, orada “Qarabağ bülbülləri” ansamblı
çıxış etməsin. Çünki ulu öndərin
biz balaca “bülbüllər”in səsindən çox xoşu
gələrdi. Hətta o vaxt etdiyimiz ifalar bu gün də
“Qızıl Fond”da saxlanılır. Amma mən musiqi sənətini
seçdim. Hələ 1980-ci ildə Üzeyir Hacıbəyov
adına Orta İxtisas Musiqi Məktəbində 3-cü kursda
təhsil alan vaxtlarında musiqi bəstələməyə,
mahnı yazmağa başladım.
- İlk
musiqini nə vaxt yazmısınız? Ümumiyyətlə,
hansı şairlərin yaradıcılığına daha
çox müraciət etmisiniz?
- İlk bəstəm 1980-ci ildə Əliağa
Kürçaylının sözlərinə
yazdığım “Bağışla məni” mahnısı
olub. Ən çox Əliağa Kürçaylı, Famil
Mehdi, Çingiz Əlioğlu, Həmid Abbas, Məmməd
İsmayıl kimi tanınmış şairlərimizin
yaradıcılığına üstünlük vermişəm.
Bu günədək 200-dən çox mahnı
yazmışam. Mənim mahnılarım bu gün də öz
populyarlığını saxlayır. Tanınmış sənətçilər
onu sevə-sevə ifa edirlər. Hətta ara-sıra, gənc nəsildən
olan şairlərin də ürəyimə yatan şeirlərinə
mahnı bəstələmişəm. Amma elə
mahnılarım var ki, hələ səsləndirilməyib.
Çoxlu sayda mahnılar yazmışam, lakin imkanım
olmadığına görə ifa olunmur.
- Bu barədə
müğənnilərə heç müraciət etmisiniz?
- Bəli, müğənnilərə yetərincə
müraciət etmişəm. Onların arasında, hətta gəlib
mahnılara qulaq asanları da olub. Mahnılarım onların
çox xoşlarına gəlsə də, cavabları bu olur
ki, mahnını aranjman elətdirin, sonra gətirin bizə təqdim
edin. Aranjmana görə də heç kəs bəstəkardan
mahnı alıb oxumur. Çünki deyirlər mahnı
aranjiman olunsun, sonra da biz onu ifa edək. Mənim də maddi
imkanım yoxdur ki, bəstələdiyim mahnıya filan qədər
pul verib, üstəlik onu aranjman da elətdirim. Baxmayaraq ki,
xeyli yaşım var, amma bu gün də səsim yerindədir.
Məcbur olub əksər mahnılarımı özüm
aranjman edib dövlət tədbirlərində, el şənliklərində
oxuyuram.
- Bəzən
deyirlər ki, bəstəkarlar mahnılarını
tanınmış sənət adamlarına və müğənnilərə
baha qiymətlərə satır və bu səbəbdən də
onu alıb oxumurlar. Sizcə bu, nə dərəcədə
doğru yanaşmadı?
- Mən heç vaxt mahnı satmamışam.
Mahnını satmaq üçün yox, onu oxumaq
üçün yazıram. Vətənlə bağlı
mahnılara daha çox önəm verirəm. Çünki
bu gün Qarabağ işğal altındadır, doğma
Ağdamım yağı düşmən tapdağına
çevrilib. Xalqın ruhunu yerindən oynadan və
oğullarımızı döyüşə səsləyən
mahnıları daha çox yazıram. “Bayraq”
mahnısını son vaxtlar yazmışam, bu mahnı
artıq dillərdə əzbər olub. Həmin
mahnının sözləri Mərcan Şahbuzluya məxsusdur.
“Azərbaycan” mahnısını da mən bəstələmişəm.
Bu mahnıya görə mən “Ustad sənətkar” ali media
mükafatına layiq görüldüm.
- Pis
mahnı var, yoxsa?..
- Pis bəstəkar yoxdur, amma zəif şeirlərə
yazılmış mahnılar ola bilər. Mahnını
düzgün ifa edə bilməyən və səsi olmayan
müğənnilər var ki, onlar mahnını oxumurlar,
öldürürlər. Efirlərdə mahnı
qıtlığı da müşahidə olunur. İstər
yaşlı, istərsə də gənc nəsildən olan sənətçilər
retro mahnılara daha çox üz tuturlar. O mahnılara ki,
artıq onların möhürlərini vuran korifey sənətçilərimiz
olub. Mən demirəm retro mahnıları ifa edilməsin, yada
salınmasın. Ancaq müasir Azərbaycan musiqilərinə,
təzə yazılmış mahnılara da yer
ayrılmalıdır. Həyat, dövr bir yerdə qalmır,
daimi inkişafdadır. Hər dövrün, hər zamanın
tələbi var, köhnəliyə qapılıb
oturmamalıyıq, zamanla, dövrlə
ayaqlaşmalıyıq. Digər sahələrdə olduğu
kimi, musiqi sahəsində də böyük təkamül,
inkişaf olub və bu günün özündə də
olacaq. Artıq dövlət tərəfindən milli musiqimizə,
xüsusilə də muğamlarımıza diqqət artıb.
İstər yaşlı, istərsə də gənc
ifaçılara böyük dövlət qayğısı
var. Muğam müsabiqələri yeni istedadlı gənclər
üzə çıxarır. Bu sahədə Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım
Əliyevanın xidmətlərini xüsusi qeyd etmək istərdim.
Amma nədənsə, bəstəkarlar bu qayğılardan kənarda
qalıb. Axı musiqini də, mahnını da bəstəkar
yazır. Mahnı asan yaranmır. Bəstəkar hər vaxt
axtarışlarda olur. Bəzən elə olur ki, bir
mahnını bir neçə ilə yazırsan. Mahnı
yazmaq həm çətin, həm də məsuliyyətlidir.
Hər bəstəçi bəstəkar ola bilməz. Burada bəstəkar
peşəkarlığı tələb olunur. Peşəkar
bəstəkarların yazdıqları mahnı zamandan, dövrdən
asılı olmayaraq həmişə gündəmdə
qalır.
-
Müasir və gənc bəstəkarları peşəkar
sayırsınızmı?
- Belələri çox azdır, barmaqla
göstərmək olar. Peşəkarlıq hər bir sahədə
olmalıdır, xüsusilə də musiqidə.
Çünki bəstəkar axtarışlarda olur, sözə
uyğun mahnı yazır. Sözlə musiqi vəhdət təşkil
etməlidir. Bəzən şeirlərdə elə sözlər
olur ki, musiqiyə düşmür. Məcbursan ona uyğun
başqa bir söz tapasan. İndi dəb düşüb -
müğənnilər özlərini ulduz adlandırır.
Üstəlik mahnını da və onun sözlərini də
özləri yazır. Bu isə musiqimizə kölgə
salır. Şeiri şair, mahnını bəstəkar
yazmalı və onu cəmiyyətə peşəkar
müğənnilər çatdırmalıdır. Bu gün
bəstəkar peşəkarlığı
artırılmalıdır və peşəkar sənətçilər
də diqqət və qayğılardan kənarda
qalmamalıdır. Onların sənətinə xüsusi qiymət
verilməlidir.
- Dövlət dəstəyi məsələsini tez-tez vurğulayırsınız. Sizin sənətdəki fəaliyyətinizə qiymət verilmədiyinə işarə vurursunuz?
- Sənətə
qiyməti xalq verir. Bir müddət əvvəl Nizami Rayon
İcra Hakimiyyətinə sənətimlə bağlı
müraciət etdim. Ona görə ki, mən bu rayonun sakiniyəm.
Nizami Rayon İcra Hakimiyyəti tərəfindən
mahnılarımın aranjmanına 200 manat pul verildi. “Günlər
keçir, ömür gedir” mahnım həmin vəsaitin
hesabına aranjiman edilib və indinin özündə ifa
olunur. Ancaq biz dövlət qayğısından uzaq
düşmüşük. Bu gün özüm
doğulduğum Ağdama həsrət qaldığım kimi,
vətənlə bağlı mahnılarım da dinləyiciyə
həsrətdir. Bəli, əməyim hələlik yetərincə
qiymətləndirilməyib. Ancaq ümid edirəm ki, bu
yaxınlarda zəhmətim dəyərləndiriləcək.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2014.- 22-24 fevral.- S.7.