“Elektron universitet”
sistemi reallaşır
Azərbaycanın bəzi ali məktəblərində
bu tip təhsil sisteminin qurulması yekunlaşmaq üzrədir
Hazırda dünyanın əksər
ölkələrində təhsilin
müxtəlif pillələri
üzrə müasir texnologiyalar tətbiq olunur. Dünya təhsil
sisteminə inteqrasiya edən Azərbaycan da "Boloniya bəyannaməsi"ni imzaladıqdan sonra təhsil sistemini Avropa standartlarına uyğunlaşdırmaq üçün
sistemli iş aparır. Artıq Azərbaycanda da
İKT yeniliklərindən geniş istifadə edilməklə universitetlərdə
elektron təhsilə keçid istiqamətində
müvafiq addımlar atılır.
“Həftə içi”nin məlumatına görə, Azərbaycan Texniki Universitetində (AzTU) qabaqcıl texnologiyaların və idarəetmə üsullarının
tətbiqi ilə bağlı ilkin işlərə bir neçə il bundan əvvəl başlanıb. Ali təhsil
müəssisəsinin rektoru
Havar Məmmədovun sözlərinə görə,
bu işin əsas məqsədi şəffaf və səmərəli təhsil
mühitinin yaradılması,
təhsilin keyfiyyətinin
yüksəldilməsi və
universitetin idarə olunmasının müasir
tələblər səviyyəsində
qurulması olub: «Bunun tərkib hissəsi olaraq E-universitet konsepsiyası hazırlanıb və bütün universiteti əhatə edən dairəvi fibrooptik kabel çəkilib”.
Xatırladaq
ki, həyata keçirilmiş işlərin
bazasında AzTU-da Elektron Təhsil Sisteminin yaradılması layihəsi hazırlanaraq
2010-cu ilin sonlarında
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi
("KOICA") tərəfindən elan edilən beynəlxalq müsabiqəyə
təqdim edilib. Müsabiqədə qalib gələn
"Azərbaycan Texniki
Universiteti Elektron Təhsil Sisteminin yaradılması" layihəsi
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin
maliyyə dəstəyini
qazanıb. Layihənin
əsas məqsədi
Azərbaycan Texniki Universiteti üçün
Koreya Respublikasının
ali təhsil
müəssisələrində istifadə olunan ən son informasiya və kommunikasiya texnologiyaları əsasında
müasir təhsil-idarəetmə
sisteminin yaradılmasına
dəstək verməkdir.
İKT-nin tətbiqinə dair 3 istiqamətdə iş aparılıb
Artıq "Azərbaycan
Texniki Universitetinin Elektron Təhsil Sisteminin yaradılması"
layihəsinin tətbiqinə
start verilib. Havar Məmmədov bildirir ki, universitetdə informasiya və kommunikasiya texnologiyaları
bazasında təhsilin
keyfiyyətini və cəmiyyətə açıqlığını
əhəmiyyətli dərəcədə
yüksəltməyə imkan
verən yeni metodlar yaradılıb: «Universitetimizdə informasiya
və kommunikasiya texnologiyalarının tətbiqinə
dair işlər üç istiqamətdə
aparılıb. Təlim metodologiyaları
və tədris resursları yaradılıb,
yeni texnika və əməliyyat imkanları araşdırılıb,
İKT texnologiyalarını tətbiq edə biləcək mütəxəssislər
hazırlanıb. Bundan əlavə,
universitetimizdə informasiya
və kommunikasiya texnologiyalarının elmi
tədqiqat işlərində,
o cümlədən, virtual laboratoriya, multimedia, modelləşdirmə
və başqa əyani vasitələr kimi istifadə olunması təmin edilib. Digər tərəfdən, informasiya və kommunikasiya texnologiyalarının
tətbiqi təhsil müəssisələrinin kompüterləşdirilməsini
və maddi-texniki bazasının müasirləşdirilməsini
tələb etdiyindən,
bu sahədə əməli işlər universitetimizdə fasiləsiz
həyata keçirilir”.
Rektor
deyib ki, AzTU-nun kompüter şəbəkəsi təhsil-idarəetmə
sisteminin yaradılmasına
tam şərait yaratmaqla
yanaşı, yaxın
perspektivə hesablanaraq
yenidən, ən müasir tələblərə
cavab verəcək səviyyədə qurulub. Universitetin 9 korpusu optik rabitə
xətti ilə dairəvi birləşdirildikdən
sonra İnternetə
100 mb/san sürətlə
çıxış təmin
edilib. Bu internet şəbəkəsinə 600-dən artıq müasir tipli kompüter qoşulub. Həmçinin universitetin bütün
əməkdaşları və
tələbələri internet şəbəkəsinə sərbəst
və məhdudiyyətsiz
çıxış imkanı
əldə ediblər.
AzTU-nun
rektoru vurğulayıb
ki, rəhbərlik etdiyi təhsil müəssisəsində yeni
informasiya texnikası quraşdırılıb. Havar Məmmədovun sözlərinə görə,
layihə üzrə ilkin işlərə başlayarkən ”Elektron universitet”
konsepsiyasının ən
son informasiya texnikası
və texnologiyaları
bazasında işlənib
hazırlanmasını qarşımızda
əsas hədəf kimi qoyulub. Bunun üçün
müasir və texniki imkanlarına görə gələcəyə
hesablanmış IBM serverləri
və avadanlıqları,
şəbəkə avadanlıqları
alınıb. Belə texnikanın
gətirilməsi, nizamlanması,
yeni proqram təminatı ilə təchiz olunması və qurulması bu sahədə böyük beynəlxalq təcrübəyə malik
olan NongShim Data System
(NDS) şirkəti tərəfindən
həyata keçirilib.
Bundan əlavə, bir neçə istiqamət üzrə universitetimizin əməkdaşlarından ibarət
işçi qruplar yaradılıb, onlara Cənubi Koreyanın NDS şirkətinin Seul şəhərindəki tədris
mərkəzində yüksək
səviyyəli treninq
kurslar keçirilib.
Kurslara cəlb edilən əməkdaşlarımıza
nəzəri biliklər
aşılanmaqla yanaşı,
Seulun aparıcı universitetlərində müvafiq
sistemlərin iş prinsipləri praktik cəhətdən əyani
şəkildə göstərilib.
Növbəti dərs ili üçün yenilik
Havar
Məmmədov AzTU-nun
rəsmi portalının
da yenidən qurulduğunu söyləyib. Onun sözlərinə görə, portalın ana səhifəsində xəbərlər, universitetin
bütövlükdə vacib,
aktual informasiyaları,
sosial fəaliyyəti,
xarici əlaqələri
gündəlik işıqlandırılır: ”Universitetimizin portalını fərqləndirən
ən üstün cəhətlərdən hər
bir professor-müəllimin
məxsusi Web-səhifəyə
malik olması və özləri tərəfindən idarə
edilməsidir. Bu səhifənin bölmələrində
müəllimin ümumi,
elmi-nəzəri, praktiki,
pedaqoji fəaliyyəti
və elmi əsərləri haqqında
məlumatlar və materiallar yerləşdirilir.
Bu isə müəllimin
elmi-pedaqoji fəaliyyətinin
tamlılığı haqqında
rəhbərliyin, tələbə
və ümumilikdə
ictimaiyyətin informasiya
əldə etməsinə
imkan yaradır. AzTU-nun rəsmi portalının ana səhifəsindən elektron universitet sistemin əsas və müxtəlif servislərinə giriş
asanlaşır».
Qeyd
edək ki, həyata keçirilən
layihə çərçivəsində
ən vacib məqamlardan biri Azərbaycanda ilk dəfə
olaraq Distant Təhsil Sisteminin yaradılması olub. Müxtəlif proqramları özündə
birləşdirən yeni
təhsil kontentləri
isə 2014-2015-ci tədris
ilindən tələbələrin
istifadəsinə veriləcək.
Bu kontentlər Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən
“Televiziya studiyası”nda
koreyalı mütəxəssislərin
iştirakı ilə,
universitetin mütəxəssisləri
tərəfindən hazırlanıb.
Akademik
Təhsil Sistemi isə 2013-2014-cü tədris
ilində AzTU-ya qəbul olunmuş tələbələrə tətbiq
olunaraq test kimi idarə edilir. Yeni qurulmuş Akademik Təhsil Sistemi vasitəsilə universitetin
əməkdaşları avtomatik
idarəetməyə keçiblər.
Akademik təhsilin əsas komponentlərindən biri
Web-auditoriya sistemidir.
Onun əsasında təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili, müəllimin
pedaqoji fəaliyyətinin
tamlığı təmin
edilir. Web-auditoriya sistemində tələbələrin dərsə
davamiyyəti və tədris növləri üzrə müvəffəqiyyəti
gündəlik qeyd olunur. Bu göstəricilərə
heç bir müdaxilənin mümkün
olmaması, onların
əsasında toplanan
imtahanqabağı balların
obyektivliyini təmin edir. İmtahanların
elektron test sistemi ilə keçirilməsi,
yekun ballar və qazanılmış
kreditlərin də obyektivliyini tam təmin edir. Tələbələr, həmçinin valideynlər, istənilən
vaxt və istənilən yerdən fərdi idendifikator və parolları ilə akademik təhsil sisteminə daxil olub nailiyyətləri
haqqında məlumat əldə edə bilərlər.
Elektron təhsillə bağlı işlər yekunlaşır
Texniki Universitetdə həmçinin elektron sənəd dövriyyəsinin təmin
olunması istiqamətində də işlər başa çatıb. İT-sistemlərinin
təhsil sahəsində tətbiq olunmasının əsas məqsədlərindən
biri isə ənənəvi kağız
sənədləşmələrinin elektron
sənəd dövriyyəsi ilə əvəz olunması, zəruri
sənədlərin səlahiyyətli istifadəçilərə
operativ çatdırılmasının və
universitet xidmətlərinin
asanlaşdırılmasıdır.
Hazırda "Azərbaycan
Texniki Universiteti Elektron Təhsil Sisteminin
yaradılması" layihəsi üzrə işlər tamamlanmaq üzrədir. Universitetin
10 fakültəsinin, 45 kafedrasının və bütün şöbələrinin yüzdən
artıq əməkdaşı treninqlərdən keçərək
sistemin istifadəsinə dair
sınaqlardan uğurlu nəticələr
əldə ediblər. Sistemin test sınaqları
2013/2014-cü tədris ilinin payız
semestrində 1-ci kursda təhsil alan bir neçə qrupunda mənimsəmələrin qeydiyyatı
və qiymətləndirmənin hesablanması üzrə keçirilib və qarşıdan gələn
yaz semestri üçün universitetimizdə təhsil alan bütün 1-ci kurs tələbələrinin tədris
prosesinə tətbiq edilməsi üçün
tövsiyə olunub.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 25 fevral.- S.6.