Novruz, sadəcə, təbiət bayramıdır“ 

 

Şakir Albalıyev: "İlaxır çərşənbələrin sıra düzülüşü şərti xarakter daşıyır"

 

Bahar bayramının gəlişinə cəmi 4 həftə qalır. Deməli, bu gün Novruzun ilk ilaxır şərşənbəsi olan "Od çərşənbəsi"dir. Hər dəfə Novruzun gəlişi ərəfəsində Bahar baramının ilaxır çərşənbələri, bu çərşənbələrin hansı ardıcıllıqla düzülüşü, bütövlükdə bayram mərasimlərinin milli adətlərlə və dini ayinlərlə bağlılığı məsələləri ciddi müzakirələrə səbəb olur.

 

Elə Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevlə söhbətimiz də bu barədədir. Folklorşünas-alim "Həftə içi"nə müsahibəsində Novruz bayramı ilə bağlı əsrlərdən süzülüb gələn ayin və mərasimlərin əsl mahiyyətinə də aydınlıq gətirib:

- Belə deyirlər ki, "Novruz" yaradılışla, oyanışla bağlı bir bayramdır. Sizcə, bunun kökü haradan qaynaqlanır?

- Novruz astronomik səciyyə daşıyan və tarixi bəşəriyyətin yaşı ilə ölçülmüş bir bayramdır. Zaman-zaman müxtəlif dünyagörüşlər, ayrı-ayrı xalqlar, eləcə də dini baxımdan bu bayrama müxtəlif cür möhür vurulub. Məsələn, sovet dönəmində bu bayrama sırf dini don geydirməklə onun keçirilməsi yasaq olunurdu. Rəhmətlik Şıxəli Qurbanov siyasi sisteminin qadağalarına baxmayaraq, Novruz bayramının dövlət səviyyəsində keçirilməsinə nail oldu. Lakin məlum olduğu kimi, bunun acı nəticəsini yaşadıq: Şıxəli Qurbanovun həyatına qəsd edildi. Bir faktın da üstündən sükutla keçmək olmaz ki, 1918-20-ci illərdə Novruz bayramına dövlət səviyyəsində diqqətlə yanaşılır, bir sıra mühüm tədbirlərlə yanaşı hətta həbsdə olan insanlar üçün əfv qərarları da verilirdi. Bu günNovruz bayramı ərəfəsində həmin ənənə davam etdirilir. Yəni, ölkə başçısı tərəfindən bayram ərəfəsi əfv olunma fərmanı imzalanır ki, bu da ilk müstəqillik illərindəki ənənələrin davamı kimi başa düşülməlidir. Ümumiyyətlə, Novruz tarixi ziddiyətlər içərisində olan bayramdır. Bir tərəfdən İslam dini bu bayramı özününküləşdirməyə çalışmış və onu Həzrət Əlinin taxta çıxdığı gün kimi insanların şüurlarına yeritmişlər. Bu səbəbdən indiNovruzu el arasında çox vaxt "Həzrət Əli" bayramı kimi tanıyırlar. Digər tərəfdən, mürtəce din xadimləri Novruzu ələ salmaqla onu "topal bayram" adlandırıblar. Burada "topal" şikəst, yeriyə bilməyən deməkdir. Yəni, Novruz bayramı hər il martın 21-də keçirilib, hərəkət edib yerini dəyişməyib. Buna görə də onu hərəkətsiz, topal adlandırıblar. Halbuki dinlə bağlı bayramların hamısı İslam dünyasındakı hicri-qəməri təqviminə uyğun olaraq öz yerlərini miladi, şəmsi təqvimi ilə müqayisədə hər il 10-12 gün arası geriyə çəkilməlidir. Elə bu faktın özü onu təsdiqləyir ki, Novruz bayramı sonradan İslam ideologiyasına oturdulub.

- Bəs, müxtəlif xalıqların və dini dünyagörüşlərin Novruzu bir bayram kimi mənimsəmək istəmələrinin səbəbi nədir?

- Novruz bayramının mahiyyətində bütöv bir dünya gizlənib. Novruz dünyanın şüurundakı modeldir, bu dünyada hər nə desən var - istər mənəvi, istərsə də maddi baxımdan. Novruz insanlara öz adət-ənənələri və mərasimi keyfiyyətləri ilə necə yaşamağın sirrlərini aşılayır. Belə bir mənəvi dünyadan kim qaçar?! Təbii ki, hər xalq, hər din bu bayramı özününkü olmasını arzulayar.

- Sizcə, Novruz bayramı hansı xalqa məxsusdur?

- Amerikalı şumerşunas -alim Samuel Kramerin bir oforistik fikri var: tarix Şumerdən başlayır. Yəni şumerlər kimdirsə, Novruzda onlarındır. Novruz bayramının taleyi dərəcə keşməkeşlərlə üzləşmişdisə, şumerlərin kimliyi məsələsi o dərəcədə dünya alimləri arasında fikir ixtilafına səbəb olub. Unutmayaq ki, elmin bircə yolu var. Elm obyektivliyi sevir, elm həqiqətə söykənməlidir. Nəhayət, üzün məsələlərdən sonra şumerlərin türk olması fikri dünya elmində səsləndirilib. Şumerlər isə prototürklərdir. Bu, dünyada türkə birmənalı münasibətin olmamasından, Qərbin Avropanın türkün qədimliyini, mədəniyyətini danmaq istəyindən irəli gəlir. "Tarix türklərdən başlanır" fikri onu göstərir ki, burada "tarix" deyiləndə bəşəriyyətin, mədəniyyətin, sivilizasiyanın tarixi nəzərdə tutulur. Dünyadan kənarda tarix axtarmaq olmaz. Belə olan halda əgər tarix, bəşər mədəniyyəti türklərdən başlanırsa, dünya tarixinin ən qədim mədəni hadisəsi sayılan Novruz mərasimini dünyanın ən qədim xalqı olan türklərin yaratdığı şübhəsizdir. Axı, Novruz bayramı sadəcə təbiət bayramıdır. Təbiətin oyanışı bayram olmaqla məhdudlaşmır, Novruz təbiətə həm şüurlu baxışın formalaşdığı dövrlərin məhsuludur. Yəni sadəcə bahar fəslinin gəlişi yox, həm bahar obrazlı mifik, poetik fəlsəfi baxışların məcmusu kimi meydanaçıxan mərasim aktıdır. Novruz bayramı özlüyündə bir mərasim kompleksidir. Onu sadəcə Novruzun gəldiyi gün 20-21 mart yaz gecə-gündüzbərabərliyinin təsadüf etdiyi çağla məhdudlaşdırmaq olmaz. Novruza qədər bir sıra mərasimlər var ki, onlar mahiyyətcə bu bayram kompleksinin tərkib hissəsidir. Bunlara aşkar misallar kimi ilaxır çərşənbələri göstərmək olar. Belə demək olarsa, bu çərşənbələr Novruzun gəlişini müşahidə edən obrazlardır. İlaxır çərşənbələrsiz Novruzun gəlişini təsəvvür etmək mümkünsüzdür. Yuxarıda dediyimiz kimi Novruz yaradışla bağlıdır bunun əsasında dörd ünsür dayanır- su,od, torpaq hava. Bu dörd ünsür birləşib kompanent təşkil edir, Novruzu belə demək olarsa, dünyaya gətirirlər. Yeni günün, yeni həyatın yaranması üçün bu dörd ünsürün olması əsas şərtdir.

- İlaxır çərşənbələr barədə fikirlərinizi bilmək yerinə düşərdi...

- Çərşənbələrin sıra ardıcılığı ilə bağlı elmi fikirlər müxtəlifdir. Konkret olaraq xalq arasında hansının əvvəl, hansının sonra gəlməsi barədə dəqiq fikir yoxdur. Mərhum folklorşünas Təhmasib göstərirdi ki, yaradılışın əsasında bu 4 ünsür dayanır. Daha hansının əvvəl və sonra olması haqında iddia etmirdi. Folklor İnstitutunun direktoru, professor Muxtar Kazımoğlu da çərşənbələrin müəyyən sıra ardıcılığı ilə göstərilməsinin əleyhdarıdır. Çünki xalq arasında və yaxud hansısa bir informatorun danışığında bu barədə konkret məlumat verilmir. Deməli, belə olan halda ilaxır çərşənbələri hansısa bir halda müəyyən düzümlə sıralamaq düzgün deyil. Amma burası da var ki, folklorşünaslar xalq adətlərini öyrənməklə bu sahədə müəyyən elmi fikirlər yürütməklə məşğuldur. Bu mənada alimlər içərisində də qruplaşma meydana gəlir. Bəziləri farsca sabiq ifadə kimi dilimizdə işlək olan "abi-atəş", "xakü-bad" tərkibindən tutub çıxış etməklə burada sadalanan ünsürlərin ardıcıllığını əsas götürürlər. Belə olan halda bu cür yanaşma da məntiqə uyğun deyil. Belə ki, ərəb-fars dilindəki izahat birləşmələrin qanunauyğunluğunu nəzərə alanda "abi-atəş" və "xakü-bad" ifadələri dilimizdə olduğu kimi yox, əksinə tənzim olunmalıdır. Yəni Od, Su, Külək və Torpaq sıralanması alınır. Bu cür sıralanmaya əsaslanmaqla da çərşənbələrin sıra ardıcılılığını konkretləşdirmək düzgün deyil. Deməli, çərşənbələrin elmi fikir dövrəsində mövcud olan sıralanması heç də həqiqəti birmənalı şəkildə əks etdirmir. Bir sözlə, ilaxır çərşənbələrin sıra düzülüşü şərti xarakter daşıyır. Bəziləri də "Qurani-Kərim"ə istinad edərək oradakı yaradılış ünsürlərini simvollaşdıran ilaxır çərşənbələrin birincisinin Su çərşənbəsi olduğunu söyləyirlər. Madam ki, çərşənbələrin sıralanması şərtliklər üzərində qurulub, onda heç olmasa, bu şərtliklər də ya elmi baxımdan, ya da birbaşa təbiət qanunauyğunluqları ilə əlaqədar köklü şəkildə əsaslandırılmalıdırlar. Fikrimcə, "Novruz" hər halda, təbiət qanunlarının ictimai şüurdakı inikasıdırsa, onda çərşənçələrin ardıcıllığını rəsmi olaraq aktlaşdırmaq lazım gələrsə, bu prinsipi də göstərməliyik. Elm aləmində necə əks-səda doğuracağını bilmirəm, amma mən çərşənbələrin sıra ardıcılığını belə qurardım: Od, Torpaq, SuYel çərşənbələri. Məlumdur ki, Novruz yaz bayramıdır, özü ilə fəslin gəlişini reallaşdırır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, ildə 4 fəsil varsa, hər fəsil özü bir Novruzdur. Sadəcə xalq Novruz bayramını ildə 4 dəfə yox, ümumiləşdirib bahar fəslinin üzərində qurur. Belə olan halda Novruza qədərki 4 çərşənbənin hər biri həm bir yaradılış ünsürünü, həm də bir fəsli sinvolizə edir. Təbiətdə fəsillərin ardıcılığı necədirsə, çərşənbələrin də ardıcılığı o düzümdə olmalıdır. Yəni yaydan sonra payız, payızdan sonra qış və qışdan sonra yazın gəlişi necə qanunauyğun təbiət hadisələridirsə, elə o fəsilləri rəmzləşdirən ünsürlər də həmin qanunauyğunluqlarla getməlidir. Yay fəsli qızmar günəşi və odu, payız bar-bərəkət yetirən torpağı, qış qarı, buzusuyu, bahar fəsli isə təravətli bahar havasını - yeli və küləyi rəmzləşdirir. Bu fəsil birləşib bütöv bir mövsümü (ili) necə təşkil edirsə, həmin çərşənbələr də o qaydada ardıcıllıqla gələrək ilin təhvilolma anını və baharın gəlişini reallaşdırırlar.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2014.- 25 fevral.- S.7.