Xocalı üçün nə etmisiniz? 

 

Yəqin yeni rubrikamızın adını oxuyan kimi Səməd Vurğunun məşhur “Komsomol” poeması əsasında çəkilmiş “Yeddi oğul istərəm” filmi yadınıza düşəcək. Hansı məqsəd uğrunda vuruşmalarından asılı olmayaraq o filmdəki 7 oğul elə sovet dövründən bəri qəhrəmanlıq rəmzi kimi tanınıb. Döyüşmək üçün olduğu kimi haqqı demək üçün də cəsarət lazımdı. Biz yazarların da borcu müxtəlif düyünlü situasiya və proseslərdə həqiqəti axtarıb dəyərli oxucularımıza çatdırmaqdı. Bunun üçün isə bizlərə həm də haqqı deyə bilən cəsarətli müsahiblər gərəkdi.

Təzə rubrikamızda günümüz üçün aktual olan elə suallar qoymağa çalışacağıq ki, həqiqətən ona cavab vermək üçün oğul gərək olsun. Ancaq hörmətli xanımlarımız düşünməsin ki, biz yalnız kişilərə meydan verəcəyik. Yeddi müsahibin eyni suala cavab verəcəyi yazımızda şəksiz ki, lider qadınlarımız da iştirak edəcək… Beləliklə, layihəmizə nəinki bu gün, həmişə vacib və aktual olan Xocalı faciəsi mövzusu ilə başlayırıq.“ Xocalı faiciəsi ərəfəsində siz hansı hadisələrin şahidi olmusuz və bir lider, dövlət xadimi, yaxud hərbçi kimi faciənin qarşısının alınması üçün nə edə bilmisiz?” sualını ünvanladığımız müsahiblərimizi “savaş meydanına” dəvət edirik…

 

Xocalı faciəsindən cəmi iki gün sonra spiker seçilmiş, o ərəfədə isə parlamentin ən fəal deputatlarından olmuş Yaqub Məmmədov sualımıza çox qısa cavab verdi:

- Mənim o zaman deputatlıqdan və ATİ-nin rektorluğundan başqa elə bir səlahiyyətim yox idi. Bütün deputatlar kimi Xocalının blokada da olduğunu bilirdik. Amma heç kəs belə bir faciə olacağını gözləmirdi. Faciə baş verənin ertəsi günü rəsmi radio və televiziya orada cəmi iki nəfərin həlak olması barədə məlumat verdi. Əsl həqiəqəti isə yalnız rəhmətlik Çingiz Mustafayevin çəkdiyi kadrlardan öyrəndik. Və fevralın 28-də A. Mütəlllibovun keçirdiyi müşavirədə mən kəskin çıxış etdim...

Faciə ərəfəsində xarici siyasət üzrə dövlət müşaviri olmuş, Vəfa Quluzadə də nədənsə provokativ hesab etdiyi sualımızı yığcam cavablandırdı:

- Bilmək lazımdır ki, Azərbaycan Rusiyanın müstəmləkəsi olub və SSRİ dağılanda Ermənistanı silahlandırıb Azərbaycanı tərksilah edərək başımıza bu faciəni gətirib. Bir sözlə, ermənilərin əli ilə Azərbaycanı dağıtmaq istəyən Rusiya olub. Xocalı faciəsi baş verəndə mən adi bir müşavir idim. Heç prezidentin, güc nazirlərinin gücü çatmırdı bu faciələrinin qarşısını almağa. Azərbaycan özünü yalnız atəşkəsdən sonra toparlamağa başladı. Atəşkəs isə yenicə yaranan silahlı qüvvələrimizdəki Azərbaycan oğullarının qanı hesabına baş tutdu. Ümumiyyətlə, o dövrkü faciələrdə kimisə, nə Vəzirovu, nə Mütəllibovu ittiham etmək düzgün deyil. Çünki onlar Moskva tərəfindən təyin edilmiş adamlar idi. Nə edə bilərdilər? Günahkarlar hamısı oturub Moskvada... Onu da unutmaq olmaz ki, Rusiya Xocalıdan bir neçə ay əvvəl Azərbaycan hakimiyətində olan cəsur, vətənpərvər oğulların hamısını bir vertolyota yığdırıb məhv etdi...

ASDP sədri, sabiq deputat Araz Əlizadə:

- Mən o vaxt deputat idim və əlimdən nə gələrdi? Amma yadımdadır ki, 1992-ci il fevralın 19-dakı müşavirədə prezident A.Mütəllibov qarabağlı, ağdamlı kimi vitse-spiker Tamerlan Qarayevi çox yüksək səlahiyyətlərlə Ağdama göndərdi. Xeyli maliyyə vəsaiti və mümkün olan qədər silah-sursat ayrılıb oraya göndərildi ki, Xocalının müdafiəsi təşkil edilsin. Mən isə xüsusi səlahiyyətlə 366-cı alayın Azərbaycandan çıxarılması məqsədilə Rusiya rəhbərliyi ilə danışıqlar aparılması üçün Moskvaya ezam olundum. Xocalının taleyi bəlkə də onda həll olundu ki, RF prezidenti B.Yeltsin günün ikinci yarısı kefli idi... Günün birinci yarısı o, prezident kimi bu məsələnin müzakirəsinə icazə verdi. Və biz o vaxtkı MDB Silahlı Qüvvələrinin baş komandanı general Y.Şapoşnikovla, onun müavini general P.Qraçovla və general Qromovla görüşüb məsələni ətraflı müzakirə etdik. Həmin alayın Xankəndindən təhlükəsiz şəkildə tərksilah edilib çıxarılması yollarını da razılaşdırdıq. Günün ikinci yarısı alayın çıxarılması haqqında sənədin Ali Baş Komandanın imzalaması məqamı gələndə Yeltsin bir o qədər də normal vəziyyətdə deyildi, odur ki, məsələ sabaha qaldı. Həmin gecə saat 2-3 radələrində general Şapoşnikov mənə zəng etdi ki, bəs Xocalıda belə bir faciə baş verib... Hər halda 366-cı alayın Azərbaycandan çıxarılması barədə qərar qəbul edilmişdi. Və biz güman etməzdik ki, məhz o gecə həmin alaydan Azərbaycana qarşı istifadə edilər. Burada iki fərziyyə var, ya Yeltsinin ətrafındakı ermənipərəst Starovoytova, Burbulis kimi köməkçi və yaxınları ermənilərə bizim danışıqlar barədə xəbər veriblər. İkincisi də, vallah, heç bunu ağlıma gətirmək də istəmirəm: Prezident Aparatından, ya da müxalifətdən kimlərsə ermənilərə məlumat ötürüb...

Soyqırım ərəfəsində Şuşanın hərbi komendantı olmuş sabiq müdafiə naziri Rəhim Qazıyev:

- Fevralın 4-də mən bir dəstə ilə Şuşaya getdim. Ertəsi gün fevralın 4-dən 5-ə keçən gecə elə dəstəmizin içindən mənə qarşı məlum sui-qəsd cəhdi oldu. 8 nəfər həlak oldu, mən də daxil olmaqla 6 nəfər yaralandı. Fevralın 12-də Malıbəyli kəndi işğal edildi. Fevralın 13-də A.Mütəllibovun sərəncamı ilə Şuşanın komendantı təyin olundum. Amma bu səlahiyyəti normal icra etməyim üçün nə hüquqi, nə də texniki baza yox idi. İkincisi də, sərəncamda göstərilirdi ki, 777-ci hərbi hissə istisna olmaqla Suşadakı qalan birləşmələr komendanta tabe etdirilsin. Sanki ölkə rəhbərliyi bilərəkdən ikitirəlik yaradırdı. Xankəndidə yerləşən Rusiyanın 366-cı alayında kifayət qədər peşəkar rus, eləcə də erməni zabitləri vardı. Şuşada isə mənim gizli şəkildə Azərbaycandakı rus hərbçilərindən pulla alıb o vaxtkı hakimiyyətin təqiblərindən gizlənə-gizlənəə gətirdiyim cəmi bir ədəd “qrad” qurğusu var idi. Bir neçə də doludağıdan topumuz var idi. Onlar isə döyüş vəziyyətinə uyğunlaşdırılmamışdı.

Bütün bunlara rəğmən biz fevralın 14-də Xankəndini atəşə tutmağa başladıq. Oradakı əksər obyektləri dağıtdıq. Təsəvvür edin, müstəqil Azərbaycanın ərazisindən Gəncədən rus generalı heç kəsdən çəkinmədən 2 Mİ-24 vertolyotu qaldırıb üstümüzə yönəltdi. Onların atəşi nəticəsinsdə “omon”çuların bir “BTR”-i vuruldu və içərisindəki iki döyüşçü də yaralandı.

Xocalıya hücum etdikləri gecə isə duman olduğu və bayaq dediyim kimi, peşəkar artilleriyaçı olmadığı üçün biz koordinatları müəyyən edib Xankəndini vura bilmədik. Eyni zamanda ayağım yaralı olduğu üçün yeriyə bilmirdim. Belə bir vəziyyətdə mən Şuşada qərargahda oturub camaatı ölümə göndərə bilməzdim. O dövrdə də nizami ordu yox idi, hər dəstə bir siyasi dairəyə xidmət edirdi. İnanın, səmimiliyimə, əgər bizin əlimizdə heç olmasa, bir neçə qumbaratan olsaydı, ən azı, həm Kərkicahan tərəfdən, həm də Ağa körpüsünün yanından Xocalıya tərəf çıxan tankları, maşınları vurdurardım. Bizdə ancaq yüngül atıcı silahlar var idi. Həmin dövrün arxivlərinə, mənim cinayət işlərimə baxın, görün MN Şuşaya bircə dənə silah, ya mərmi göndəribmi? Amma həmin dövrdə Ağdamdakı 3 mindən artıq canlı qüvvə 3 min atıcı silah, 12 tank, 12 PDM-2, 44 “BRDM”, 4 “Qrad”, 49 ədəd “Kristal” və “Alazan” tipli artilleriya qurğusu və s. ilə hərəkətə keçmədi. Bu faktları hazırda yaşayan o vaxt Ağdamın komendantı olmuş Camal Əhmədov da gözəl bilir. Həmin “qrad”ları Abdal-Gülablıya çıxarıb birbaşa Xankəndini vurmaq olardı...

O günlərdə AXC fəalı və parlament üzvü olmuş Ali Məhkəmənin sabiq sədri Tahir Kərimli:

- O dövrdə Qarabağ, xüsusilə, blokada vəziyyətində olan Xocalıdan hamı narahat idi. Bir az əvvəl Naxçıvanikdə gərgin döyüşlər olmuşdu. Bacım oğlu Şahin Seyidli də orada həlak olmuşdu. Hiss olunurdu ki, nəsə olacaq. Faciədən bir az əvvəl Ağdamda - Uzundərədəki keçmiş sovet hərbi bazasında silahların bölüşdürülməsi zamanı orada olub Tamerlan Qarayevlə də görüşmüşdüm.Təxminən 10 gün əvvəl isə cəbhəyə gücümüz çatan yardımlar çatdırmaq məqsədilə Ağdamda olmuşdum, Allahverdi Bağırovla görüşmüşdüm.

Xocalı qırğınını eşidən kimi dərhal Ağdama yollandım. Qərargah kimlərsə tərəfindən gülləbaran edilmişdi, qərargahın rəisi də qaçmışdı. O boyda Qarabağ müharibəsini idarə etməli olan idarə bomboş idi. Artıq meyitlər, yaralılar, qaçqınlar şəhərə gətirilmişdi. Oradakı, məsciddəki, küçələrdəki o dəhşətli mənzərəni gördüyüm üçün çox əsəbi idim. Bakıda isə dövlət televiziyası və radiosu DİN-ə istinadən cəmi iki nəfərin həlak olduğunu xəbər vermişdi. Mən “VÇ” telefonla prezidentə zəng etmək istədim, ancaq cavab olmadı. Daxili işlər naziri Tofiq Kərimova zəng edib onu biabır etdim ki, bu boyda qırğına rəğmən nəyə görə iki nəfərin həlak olması barədə rəsmi məlumat vermisiz, bu faciə sizin səhlənkarlığınız ucbatından baş verib. Nazir telefonu üstə qoydu, mən yenidən zəng edib, ona daha ağır sözlər dedim. Sonra mən orada rastlaşdığım “Qarabağın həcəri” ləqəbli məşhur kişi qeyrətli xanımla birgə Şelliyə yollandıq. Orada gördük ki, rəhmətlik batalyon komandiri “Qatır Məmməd” ləqəbli Yaqub Rzayev oturub oğlu Canpoladın meyidinin qarşısında; elə bir vəziyyətdə idi ki, bıçaq vursan, qanı çıxmazdı. Sonra Şellinin yaxınlığında bir rus zabit də bizi əsəbiləşdirdi. O, sərxoş vəziyyətdə “qrad”dan atəş açırdı, amma mərmilər, hara gəldi, düşür, düşmən hədəflərinə dəymirdi. Bu cür emosional səhnələr gördükdən sonra səngərdən erməni mövqelərinə tərəf qalxıb Allaha yalvardım ki, ya Rəbbi, varsansa, mənə bir güllə dəysin... Yanımdakılar plaşımın ətəyindən dartıb məni aşağı saldılar. Və elə o andan sonra ilk dəfə məhz Xocalı faciəsi baş verən gündən siqaret çəkməyə başladım... O dövrün dərdlərini, xüsusən Xocalı qətliamını unutmaq mümkün deyil...

Xocalı faciəsi ərəfəsində Milli Qəhrəman Şirin Mirzəyevin komandiri olduğu taborda kəşfiyyat dəstəsinin üzvü olmuş Qarabağ qazis Rey Kərimoğlu:

- Artıq bir neçə ay idi ki, Xocalının Azərbaycanın qalan hissəsi ilə əlaqəsi kəsilmişdi. Biz oradan məlumatları əsasən rabitə və gecələr gizli yolla oraya gedib-gələnlər vasitəsilə ilə alırdıq. Komandirimiz Şirin Mirzəyev çox narahat idi. Çünki Əkbər Məmmədovun başçılıq etdiyi kəşfiyyatçı dəstənin gətirdiyi xəbərlər düşmənin hücuma hazırlaşmasından xəbər verirdi. Şirin bəy dərhal MN-ə yazılı məlumat verdi. Fevralın əvvəllərində müdafiə nazirinin müavini Dadaş Rzayevin başçılığı ilə Ağdama bir batalyon göndərlidi. Onların 6-7 PDM-ləri var idi. Ayın ortalarında Xocalının mühasirəsini yarmaq üçün Əsgəran istiqamətində bir əməliiyat keçirməyə cəhd edildi. Ancaq Şirin Mirzəyevin yerli coğrafi şəraiti və düşmən qüvvələrinin dislokasiyasını bilən bir hərbçi kimi təkliflərinnin nəzərə alınmaması səbəbindən həmin əməliiyat uğursuzluqda sonuclandı. Bundan savayı, o vaxt MN tərəfindən Xocalı ilə bağlı heç bir rəsmi əməliyyat planlaşdırılmamışdı. Artıq fevralın 20-də vəziyyyətin kritik həddə çatdığını görən Şirin Mirzəyev Xocalıdan əhalini çıxarmaq üçün plan hazırladı. Batalyonun kəşfiyyat dəstəsi(o cümlədən mən) də daxil olmaqla təcrübəli döyüşçülərdən 25-30 nəfərlik dəstə fevralın 22-si, yaxud 23-ü gizli yollarla Xocalıya girməli idi. Bizə bələdçilik etmək üçün 15 nəfər xocalılı döyüşçü də hazırlanmışdı. Lakin fevralın 24-dək biz onları gözləsək də, nədənsə gəlib çıxmadılar. Biz isə bələdçisiz Xocalıya gedib çıxa bilməzdik. Artıq 25-dən başlayaraq Xocalıdan danışan ratsiyadakı qızlar kömək istəyirdilər. Axşama yaxın isə artıq ağlayır, fəryad edirdilər...Arada bir haradansa araya girən naməlum səs deyirdi:”Panika yaratmayın!..Əsəblərim dözmədiyindən bayıra çıxıb əlacsız vəziyyyətdə siqaret çəkirdim. Birdən içəridən bizim ratsiyaçı qızların səsi eşidildi:”Rey, ay Rey, Xocalıdakı qızların səsi kəsildi... 22 il keçsə də, o qızların imdad diləyən fəryad səsləri qulağımdan getmir...

Faciə ərəfəsində yeni yaradılan tabor komandiri olmuş Xudu Xuduyev:

-1991-ci ilin sonunda mən MN-in sərəncamı ilə Ağdamda hərbi hissə yaratmalı idim. Lakin 1992-ci ilin fevralında hələ də bizim tabor tam təchiz edilməmişdi. Ağdam hərbi komissarlığı hissəni çağırışçı ilə təmin etməli olsa da, cəlb etdikləri gənclərin əksəriyyəti xəstə, döyüşə yararsız vəziyyətdə idi. Döyüşə yararlı gənclərin çoxu Rusiyaya qaçırdılırdı. 300 nəfərlik heyyətin cəmi 90 avtomatı, 2 “BRDM” , 1 “BTR”-i var idi. Həmin hərbi maşınlar isə sınıq-salxaq bir vəziyətdə idi. Biz müdafiə nazirinin müavini general Dadaş Rzayevin əmri ilə Xocavənd ərazisinə təhkim edilmişdik. Lakin bizim bir bölük Xocalının müdafiəsi və sakinlərin xilas olunması üçün ayrılmışdı.

Xocalı faciəsi ərəfəsində bir neçə müəmmalı hadisənin şahidi oldum. Məsələn, o zaman Bakıdan, deyəsən, 3 ədəd “qrad” qurğusu gətirilmişdi və onlar səhv etmirəmsə, Şahbulağın ətəyində Qiyaslı kəndinin yanında qurulub üzü dağlara-daşlara tərəf boş-boşuna atəş açırdı. Biz həmin “qradlar”ı gətirən zabitlərdən soruşduq ki, siz bu sursatı boş-boşuna koordinatsız-filansız düşmən hədəflərinə yönəltmədən niyə atırsız. Bizə əhəmiyyət verən olmadı. Və ən acınacaqlısı və təəccüblüsü odur ki, Xocalı faciəsi ərəfəsində həmin “qrad”lar yoxa çıxdı və faciədən bir az sonra Ağcabədidən tapılıb gətirildi...

O günlər Ağdama AXC-nin xətti ilə hərbi hissələrə paylanmaq məqsədilə silah-sursat gətirilmişdi. Bizim taborda da 200-dən çox döyüşçünün silahı yox idi. Amma həmin silahlardan bizə vermək istəmirdilər. Yalnız İcra Hakimiyyətinin müdaxiləsi ilə zorla 25-30 avtomat ala bldik.

Faciədən bir az əvvəl naməlum qüvvələr tərəfindən keçmiş sovet ordusunun Ağdamdakı istehkamçı batalyonuna hücum edilmiş və Uzundərə deyilən ərazidəki silah-sursat anbarı gözlənilmədən yandırılmışdı. Həmin gecə başda mərhum Rövşən Cavadov olmaqla Xocalıya əməliyyat hazırlanmışdı. Sübh tezdən əməliyyat başlanmalıydı. Səhər məlum oldu ki, “omonçu”lar və bir qrup başqa silahlı qüvvələr Uzundərə bazasını qorumağa cəlb edilib. Fevralın 25-də bizim tabor Xocavənd istiqamətində də hücuma keçməli idi. Amma bayaq dediyim kimi, 30-40 nəfərlilk bölüyümüz Xocalı istiqamətindəki Rövşən Cavadovun başçılıq edəcəyi və əsasən “OMON” qüvvələri və rəhmətlik Şirin Mirzəyevin taborunun iştirak edəcəyi əməliyyatda iştirak etməli idi. 24-ü gecə məlum oldu ki, “Zil-131” hərbi maşınla Xramort kəndi istiqamətində kəşfiyyata gedən qüvvələrimizə ermənilər hücum edib, maşın minaya düşüb. Orada Baxşeyiş kişi, Qarabağ əlili Azər də olub. Həmin hadisəni bəhanə gətirərək bir qrup hərbçi Xocalı əməliyyatında iştirakdan imtina etdilər. Digər bir müəmmalı məsələ: o vaxt şayiə yaymışdılar ki, guya Bərdədə zirehli qatar hazırlanır, ondan da əməliyyatda istifadə ediləcək. Sonradan məlum oldu ki, bu da yalan imiş... O vaxt belə nəticəyə gəldim ki, Fəhmin Hacıyevi də destruktiv iş aparmaq üçün Ağdama göndərib oradakı bütün hərbi qüvvələri ona tabe etdirmişdilər... Bildiyim bir fakt da diqqəti cəlb edəndir ki, Xocalının inzibati rəhbərlərindən çoxu həmin gecə orada olmamışdı. Onu da diqqətinizə çatdırım ki, 1992-ci ildə müəyyən qüvvələr Xocalı hadisələri barədə cinayət işini ört-basdır etmək istəyirdilər. Mən parlamentə, MTN-ə rəsmi raport yazıb tələb etdim ki, cinayət işi davam etdirilsin... Düzdü, bu faciədə əsas rolu Rusiya və onların erməni əlaltıları oynayıb. Amma inşallah, gələcəkdə Xocalı barədə çox faktların üstü açılacaq...

 

Sultan Laçın

 

Həftə içi.- 2014.- 26 fevral.- S.4.