Xocalı faciəsi sərgilərdə

  

Pirallahı rayonunda Xocalı soyqırımına həsr edilən

fotostend, kitab və rəsm sərgisi təşkil olunub

 

Dünən Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. "Xocalıya ədalət" başlığı altında təşkil olunan tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, məktəblilər iştirak ediblər.

 

"Həftə içi"nin məlumatına görə, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən tədbirdən əvvəl iştirakçılar foyedə təşkil olunmuş Xocalı soyqırımına həsr edilən fotostend, kitab sərgisi və Pirallahı rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Pirallahı Rayon Kütləvi Kitabxanası tərəfindən təqdim edilmiş və erməni təcavüzündən bəhs edən kitablar bir neçə masa üzərində sərgilənib. 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin Xocalı soyqırımını özündə əks etdirən rəsmləri malbertlər və stendlərdə nümayiş olunub.

Tədbirin əsas hissəsində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Xocalı soyqırımını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirib. 1801-ci ildən başlayaraq Azərbaycanda uzun bir yadelli əsarəti və soyqırımı dövrü başlandığını xatırladan icra başçısının müavini 1828-1829-cu illərdə imzalanmış Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra qısa müddətdə İran və Türkiyədən üst-üstə 200 minədək Qafqazın yerli etnosu olmayan hayın gətirilərək əzəli Azərbaycan torpaqlarında - Qarabağ, İrəvan, Naxçıvan xanlıqlarında zorla məskunlaşdırıldığını deyib. O, 1905-1907-ci illərdə 300-dən çox Azərbaycan kəndinin dağıdılmasını, 100 minə qədər soydaşımızın vəhşicəsinə öldürülməsini, I Dünya müharibəsi illərində Azərbaycanın cənubunda 150 min, Şərqi Anadoluda 200 min soydaşımızın ermənilər tərəfindən qətlə yetirildiyini də söyləyib.

Xocalı qətliamının şahidi olmuş Murad Şükürov isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhərin minlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış yağı düşmənin qəfil və amansız hücumuna məruz qalmasından, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsindən danışıb.

Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı, erməni vəhşiliyini və vandalizmini əks etdirən " qayıq" tamaşasına baxış keçirilib.

 

Qələndər

 

Həftə içi.- 2014.- 26 fevral.- S.8.