Dünya Xocalı
soyqırımını andı
ABŞ: ABŞ-ın
Hyuston Universitetində Azərbaycan Mərkəzi, BAUER Biznes
Kolleci və ARDNŞ-ın dəstəyi ilə “Geosiyasi
dinamika və Qafqazda beynəlxalq enerji layihələri”
adlı konfrans təşkil olunub. Tədbirin əvvəlində
senator Rodni Ellis adından Xocalı qətliamının 22-ci
ildönümünün anılması haqqında Texas
senatının proklamasiyası təqdim edilib. Həmin qətnamədə
bir çox insan hüquqları təşkilatları tərəfindən
bu vəhşiliklərin pislənildiyi, onun ABŞ-ın bir
sıra ştatı və digər ölkələr tərəfindən
tanındığı qeyd edilir. ABŞ Nümayəndələr
Palatasının üzvü Cin Vunun adından da Xocalı qətliamının
ildönümünə həsr olunmuş sertifikat təqdim
olunub.
Pakistan: Xocalı
soyqırımının 22-ci ildönümü ilə əlaqədar
silsilə tədbirlərin davamı olaraq dünən
Pakistanın Preston Universitetində “Xocalı
soyqırımı - günahsız qurbanlar üçün ədalət
axtarışında” adlı seminar keçirilib. Universitetin
akt zalında Xocalıya ədalətə çağıran
plakatlar, faciəni əks etdirən çoxsaylı fotoşəkillər
yerləşdirilib, universitetdə təhsil alan bir qrup gənc
üzərində “Xocalıya ədalət” sözləri
yazılmış köynəklər geyiniblər. Tədbirdə Pakistanın tanınmış
ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rektor və
professorları, Türkiyənin, Bosniyanın, Orta Asiya
respublikalarının səfirləri, diplomatlar, Pakistanın
nüfuzlu siyasi xadimləri və kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak ediblər. Xocalı
soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra
Xocalı dəhşətlərini əks etdirən sənədli
film nümayiş etdirilib.
Türkiyə: Ankaranın Kızılcahamam rayonunda Azərbaycan səfirliyinin təşəbbüsü ilə inşasına başlanan və hazırda tikinti prosesi davam edən Xocalı muzeyi və “Xocalı” abidəsi ərazisində xatirə tədbiri həyata keçirilib. Tədbirdə Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşqun Ünal, rayonun icra başçısı Mustafa Çit, səfir Faiq Bağırov, millət vəkilləri Qənirə Paşayeva və Arif Rəhimzadə çıxış edərək Xocalı soyqırımı haqqında dəyərli fikirlərini Kızılcahamam rayonu ictimaiyyəti ilə bölüşüblər. Tədbirdə eyni zamanda, inşası davam edən və yaxın zamanda açılışı gözlənilən Xocalı abidəsi və muzey kompleksi haqqında ictimaiyyətə ətraflı məlumat da verilib.
Kolumbiya: «Xocalı
soyqırımının unudulmaması və bir daha təkrarlanmaması
naminə davamlı birgə iş aparılmalıdır”.
Kolumbiya Senatının Xarici Əlaqələr Komitəsinin
üzvü, 2012-ci ilin 28 mart tarixində senatda qəbul
edilmiş Xocalı faciəsini tanıyan qərarın müəllifi
senator Alexandra Moreno Pirakive tərəfindən Azərbaycan səfirliyinə
ünvanlanmış müraciətdə belə deyilir. Müraciətdə Xocalı soyqırımı
qurbanlarının xatirəsi yad edilərək Kolumbiya
Senatı və xalqının Azərbaycanın qardaş
xalqı ilə həmrəyliyi ifadə olunur, Kolumbiya
Konqresinin senat və Nümayəndələr Palatası
üzvlərinin, hər iki palatada müvafiq qərarlar qəbul
etməklə, Azərbaycanın mülki əhalisinin
iztirablarını anladıqları vurğulanaraq, onların təqsirkarları
yekdilliklə qınadıqları diqqətə
çatdırılır.
Misir: Azərbaycanın
Misirdəki səfirliyi Xocalı soyqırımı ilə
bağlı bəyanat yayıb. Misirin “Əl-Yaum əs-Sabe” qəzetində
“Xocalı soyqırımının 22-ci ildönümü” ilə
bağlı Azərbaycan səfirliyinin bəyanatı dərc
edilib. Bəyanatda Xocalı soyqırımı zamanı
insanların kütləvi şəkildə və ən
amansız üsullarla qətlə yetirildiyi, 1275 nəfərin
əsir və 150 nəfərin isə itkin
düşdüyü qeyd edilib. Xocalı
soyqırımının Ermənistan-Azərbaycan
münaqişəsinin ən qəddar həlqəsi olduğu
nəzərə çatdırılaraq, həmin faciənin
Azərbaycana qarşı işğal planlarını həyata
keçirməyə başlamış Ermənistan Silahlı
Qüvvələri tərəfindən törədildiyi və
XXI əsrdə ən ağır beynəlxalq terror cinayətlərindən
biri olduğu xüsusilə qeyd edilmiş,
soyqırımın məqsədi, təfsilatları və nəticələri,
o cümlədən, şahidlərin etirafları öz əksini
tapıb.
Meksika: Meksikanın
İberoamerikano Universitetinin beynəlxalq əlaqələr
fakültəsinin Yaxın Şərq və Qafqaz
Araşdırmaları bölməsində “Xocalıya ədalət!”
kampaniyası çərçivəsində tədbir
keçirilib. Tədbir zamanı səfir İlqar Muxtarov Ermənistanın
Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsinin
nəticələrindən bəhs edən məlumat xarakterli
prezentasiya ilə çıxış edib. İ.Muxtarov Azərbaycan
torpaqlarının işğalı tarixindən
danışıb, Xocalı soyqırımından söz
açaraq Ermənistan tərəfindən törədilmiş
soyqırımın təfərrüatları və nəticələri
barədə məlumat verib. Səfir
vurğulayıb ki, bu günədək Xocalı
soyqırımına görə məsuliyyət
daşıyan şəxslər cəzasız qalıb və
beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda
baş vermiş hadisələrin tanınması Azərbaycan
üçün mühüm əhəmiyyət kəsb etməkdədir.
Tədbir zamanı iştirakçılara səfirlik tərəfindən
ispan dilində hazırlanan sənədli film nümayiş
olunub.
Gürcüstan:
Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı
ilə Xocalı soyqırımı ilə bağlı tədbir
keçirilib. Tədbirdə QMİ-nin
Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı
Əli Əliyev 1992-ci il fevralın 25-dən 26-a keçən
gecə baş verən Xocalı soyqırımı ilə
bağlı tarixi faktları açıqlayıb və bu faciənin
Azərbaycanın müstəqilliyi dövründə ən
ağrılı günlərdən biri olduğunu
bildirib. Tədbirdə QMİ Gürcüstan nümayəndəliyinin
rəhbərinin müavini Ayvaz Mərdanov dindarlar adından
Xocalı soyqırımını törədənləri
pisləyib.
«Bu gün mənim və
minlərlə gürcünün Abxaziyadakı evində erməni
ailəsi yaşayır”. Bu sözləri Xocalı
soyqırımına həsr edilən tədbirdə
çıxışı zamanı tarixçi professor Quram
Marxuliya deyib. Onun sözlərinə görə, Xocalı faciəsi
nəinki Azərbaycan, eləcə də gürcü
xalqının faciəsidir: “Abxaziyada və Sxinvali bölgələrində
müharibə başlayanda Xocalı faciəsi baş verdi.
Çox təəssüf edirəm ki, onda biz bu faciəyə
diqqət yetirə bilməmişik. Amma bu gün gürcülər
yaxşı bilirlər ki, balaca Xocalı şəhərində
erməni quldurları hansı vəhşiliklər törədiblər.
Onlar hər bir əsrdə Xocalı faciəsi törədiblər.
1918-ci ildə on minlərlə azərbaycanlı nəinki
Dağlıq Qarabağda, eləcə də Azərbaycanın
paytaxtı Bakıda öldürülüb. Quba məzarlığı
buna nümunədir. Yeni Xocalı faciəsinin təkrar
olunmaması üçün Azərbaycan və
Gürcüstan həmişə öz tarixi əraziləri
olan Qarabağ və Lori uğrunda mübarizə aparmalı,
Azərbaycan dövlətinin ərazi
bütövlüyünü bərpa etməlidirlər”.
Xorvatiya: Azərbaycanın
Xorvatiyadakı səfirliyi tərəfindən də Xocalı
soyqırımına həsr olunmuş anım tədbiri
keçirilib. Mərasimdə
çıxış edən Azərbaycanın Xorvatiyadakı
səfiri Kamil Xasiyev Xocalı soyqırımının
insanlığa qarşı törədilmiş ən dəhşətli
faciələrlə bir sırada durduğunu qeyd edərək,
faciənin bəşəriyyətə qarşı cinayət
olduğunu bildirib.
Səfirlik tərəfindən
Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar
olaraq xorvat dilində Ermənistan-Azərbaycan münaqişəsinin
müxtəlif aspektlərini özündə əks etdirən
kitab nəşr edilib və Xorvatiya ictimaiyyətə, yerli
kitabxana və universitetlərə paylanıb. Münaqişəyə
dair əsas BMT qətnamələri və Azərbaycanın
BMT-də yaydığı sənədlərdən ibarət
kitabın bir fəsil Xocalı faciəsinə həsr olunub.
Xocalı faciəsi ilə bağlı xorvat və ingilis dillərində
press-reliz yayılıb.
Niderland: Niderlandda fəaliyyət göstərən “Ana vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və digər Azərbaycan diaspor təşkilatları Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar ölkə parlamentinə petisiya ilə müraciət edib. Petisiya parlamentin xarici İşlər üzrə komissiyasının rəhbəri xanım A.Eijsink və komissiyanın digər üzvlərinə ünvanlanıb. Müraciətdə bildirilir ki, 1992-ci ildə törədilmiş Xocalı qətliamı son 200 il ərzində erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və genosid siyasətinin nümunəsi olsa da təəssüf ki, Ermənistan bu cinayətlərə görə beynəlxalq təşkilatlar tərəfindən məsuliyyətə cəlb edilməyib. Azərbaycanın işğal olunmuş əraziləri idarəolunmaz hala gətirilib. Ermənistan insan haqlarının iri miqyasda pozulmasına yol verir”. Petisiya Niderland parlamenti ilə yanaşı, BMT-nin baş katibi və onun uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, ATƏT üzvlərinə, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlara göndərilib.
Serbiya: Dünən Azərbaycanın
Serbiyadakı səfirliyində də Xocalı faciəsini anma
mərasimləri keçirilib. Tədbirə
Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi
və üzvləri, Serbiyada yaşayan Azərbaycan
icmasının üzvləri və təhsil alan azərbaycanlı
tələbələr, Serbiya ictimaiyyəti, KİV və
Belqrad şəhərinin müsəlman icmasının
nümayəndələri qatılıblar. Səfir Eldar Həsənov
tədbirdə çıxış edərək, erməni
millətçilərinin vaxtaşırı dövlətimizə
və xalqımıza qarşı ərazi iddiaları irəli
sürərək həyata keçirdikləri cinayətlərdən
danışıb. Səfirlik tərəfindən
hazırlanmış press-reliz, həmçinin yuxarıda qeyd
olunan bəyanatın mətni, habelə Xocalı sakinlərinin
beynəlxalq təşkilatlara, o cümlədən, Haaqa məhkəməsinə
müraciətləri barədə məlumat Serbiyanın,
Bosniya və Herseqovinanın və Monteneqronun dövlət və
hökumət orqanlarına, parlamentlərinə,
qeyri-hökumət təşkilatlarına, bu ölkələrdə
fəaliyyət göstərən səfirlik və beynəlxalq
təşkilatların nümayəndəliklərinə
göndərilib.
Monteneqro:
Azərbaycanın Monteneqrodakı
diplomatik nümayəndəliyi tərəfindən təşkil
olunan Xocalı faciəsinin anım tədbirində
Podqoritsadakı diplomatik korpusun diplomatları, "Türk Hava
Yolları"nın, "Yunus Əmrə
Vakfı"nın, Monteneqroda yaşan Azərbaycan və
türk icmalarının nümayəndələri iştirak
ediblər. Bununla yanaşı, Monteneqronun "Prva tv"
telekanalında Xocalı soyqırımı haqqında
müsahibə və videomaterial verilib, "Xocalıya ədalət!"
beynəlxalq məlumat və təşviqat kampaniyası
üzrə yerli koordinator müəyyən edilmiş Azərbaycan-Monteneqro
Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin
icraçı direktoru Hanna İzotavanın "Pobejda" qəzetində
Xocalı faciəsi ilə bağlı məqaləsi
yayımlanıb, khojaly.me və xocali.me internet səhifələri
açılıb.
Vüsal Tağıbəyli
Həftə içi.- 2014.- 27 fevral.- S.4.