Baş aşpazımız nə yeyib-içir?

 

Deyəsən, bu söhbətimiz həm maraqlı, həm də “yeməli” olacaq. Budəfəki qonağımızın peşəsi gündəlik dostumuz olan “yemək-içmək”lə bağlıdır, anadolular demiş, o, bu işin uzmanıdı. Fəqət, o, yalnız maddi yeməklərə yox, mənəvi qidalara da həvəslidir. İslami ibadət də edir. Amma onun ibadəti adət etdiyimiz ibadətlərdən fərqlidir. Çünki o, gizli elmlərlə də məşğuldur. Bəziləri düşünür ki, aşpaz kişilər bir az mülayim xasiyyətli olurlar. Amma həmsöhbətimizin sərt üzü də var. Əsl müsəlman-türk kişisinə xas olaraq xanımından-filandan çox danışmağı xoşlamır.

 

“Antrakt”da Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun – baş aşpazımızın dünyasıyla “qidalandıq”.

 

- Tahir bəy, bəlkə martın 14-də - Novruz Bayramı, çərşənbələr ərəfəsində, analarımızın biş-düşünün qızğın çağında doğulduğunuz üçün bu “xörəkşünaslıq” elminə meyillənmisiz?

- Məncə, bunun əlaqəsi yoxdur. Vallah, mən əvvəllər mətbəxə, xörəklərə-filana o qədər də maraq göstərən deyildim. Təsadüfən gəlmişəm bu sənətə.

- Anadan olduğunuz qəsəbənin adının (“Qovlar”) yemək-içməklə bir əlaqəsi yoxdur ki?

- Yox, o, “səmavi”, deməkdir, biz göylərlə əlləşirik də... Tovuzun özü də “tav oğuzlar”- göy türklər sözündəndir.

- Ata-ananız, baba-nənələriniz hansı peşənin sahibi olublar?

- Anam evdar qadındır. Amma istər atam, istər babalarım aşpaz sənəti ilə məşğul olmayıb. Atam ixtisasca inşaatçı idi, həm də Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsini bitirmişdi. Hər iki sahəyə uyğun müxtəlif vəzifələrdə işləmişdi, peşə məktəbində müəllimlik etmişdi. Babam 1936-cı ildə güllələnib, deyilənə görə 8 dil bilirmiş. Ata nənəm daha çox tiblə maraqlanırdı, evdə İbn-Sinanın, digər qədim alimlərin kitabları vardı. Anamın atası dəyirmançı olubdu.

- Deyəsən, toxuculuqdan da başınız çıxır? Toxuculuq fabrikində işləmisiz.

- Yox, orada, sadəcə, fəhlə işləyirdim. Orta məktəbi bitirəndə əsgərliyə qədər vaxt olduğu üçün həmin fabrikdə işlədim.

- Uşaq vaxtı hansısa xörəkdən ötrü ağlamağınız yadınıza gəlmir ki? Yəni tələb etməmisiz ki, tez olun, məsələn, mənə yarpaq dolması bişirin?

- Ümumiyyətlə, mənə ağlamağı tərgitmişdilər, deyirdilər ki, kişi ağlamaz. Ağlayanda da xəlvətcə ağlayardım.

- Uşaqlığınız necə keçib?

- Uşaqlığım çox gözəl keçib. O vaxtlar anamgilin kəndində -Dondarquşunda da olurduq. Orada gözəl yerlər var idi. Quzu otarırdıq. Tovuz çayından tilovla balıq tutmağı öyrənmişdim, çayda çimirdik, özümüzlə apardığımız xörəyi təmiz havada, göy otların üstündə yeyirdik. Qovlarda isə hələ 5 yaşımdan mənə ispanaq əkməyi öyrətmişdilər. Hətta qışda qırov düşəndə də bitirdi. Və mən onları dəstə-dəstə düzəldib bazarda satıb pul qazanırdım. Bizə ayrılmış 1 hektarlıq üzüm sahəsini əkib-becərirdim. Uşaqlıqdan kolxoza 130 faiz plan verirdim. İnəyimizin altını təmizləyirdim. Ağaclara qulluq edirdim. Artıq aşağı siniflərdə oxuyanda calaq etməyi də öyrənmişdim. Qəşəng qızılgüllər əkmişdim həyətimizdə. Orada əkdiyim nar ağaclarının barını bu günədək yeyirik. Bazarlığa da özüm gedirdim, anamı qoymurdum getməyə. Bütün bunlarla bərabər orta məktəbdə də əla oxuyurdum.

- Hərbi xidmətdə olmusuz?

- Əlbəttə, elə şey olar, adam kişi olsun, hərbi xidmətdə olmasın. 1976-78-ci illərdə Almaniyada - Frankfurtda SSRİ-nin Qırmızı Bayraq Ordenli Katovski adına nümunəvi tank alayında xidmət etmişəm. Tank komandiri olmuşam.

- Neçə övladınız var?

- 4 övladım; bir oğlum, bir qızım, bir gəlinim, bir kürəkənim.

- Qızınız, bilirəm ki, peşənizi davam etdirir, yanınızda işləyir. Bəs oğlunuz nə işlə məşğuldur?

- Oğlum stomatoloqdur.

- Yəqin baba da olmusuz?

- Bəli, oğlumdan bir nəvəm var, 3 yaşı var, adı da Tahirdir. Qızımın da bir qızı var, 6 aylıqdı, adı da Əsmərdir. Dünyada yaşamağımın ən böyük ləzzəti, mənim şah əsərim nəvələrimdir.

- Səhər tezdən durmağa çətinlik çəkmirsiz ki?

- Hərdən gecə də oyanıram, düşünüb-daşınıram. Amma adətən 6-da oyanıram.

- Oyanan kimi mədənizə nəsə ötürürsüz?

- Həmişə yox, vaxtaşırı bir xörək qaşığı zeytun yağı içirəm. Bir az keçəndən sonra bir çay qaşığı duru balla çiçək tozunun qarışığını qəbul edirəm. Bu, gün boyu insana gözəl enerji verir və bədəni gümrah saxlayır. Daha sonra üzümü qırxıram, duş qəbul edirəm. Və səhər yeməyi yeyib işə gedirəm.

- Yerli zeytun yağlarından istifadə edirsinizmi?

- Fərqi yoxdur, yerli yağdan da istifadə edirəm. Əksinə, yerli daha yaxşıdır. Amma gərək banka tünd şüşədən olar ki, işıq düşüb oksidləşmə aparmasın.

- Səhər idmanı edirsiz?

- Yüngül hərəkətlər edirəm. Düzü, hərəkət etməyə, piyada gəzməyə vaxt qalmır. Bütün günü avtomobildə, kabinetdə. Hərdən vaxt olur. Vaxt olanda daha çox meditasiyaya üstünlük verirəm. Bir də aylarla arzulayıram ki, vaxt olsaydı, bir az çox yatardım.

- Zəhmət olmasa, səhər, günorta, axşam menyunuzu qısaca təsvir edərsizmi?

- Səhər yeməyini möhkəm yeyirəm. Mütləq bal qəbul edirəm. Kərə yağı, pendir öz yerində. Hərdən qaymaq, amma daha çox xama yeyirəm. Həftədə iki-üç dəfə bir kənd yumurtası. Olanda kənddən gətirilmiş qaymaqlı camış qatığına yuxanı ovub yaxşıca doğramac edirəm. Bir də çay. Daha çox yaşıl çaydan istifadə edirəm.

- Deyəsən, azərbaycanlıların səhər yeməyinin əsas atributu olan şirin çayı unutmusuz?

- Şirin çay yox, balla çay içirəm. Günorta yeməyi çalışıram ki, çox da ağır olmasın. Çünki sonra işləmək üçün qan beyində qalsın, mədəyə getməsin. Axşam saat 7-8 arasında isə möhkəm yeyirəm. Ət xörəyi də, balıq da yeyirəm. Saat 11-də, uzağı 12-nin yarısı isə yatıram..

- Yeri gəlmişkən, bəziləri sizi “Azərsun”un yağlarını reklam etdiyinizə görə tənqid edirlər. Özünüz evdə hansı yağlardan istifadə edirsiz?

- Yox, niyə tənqid edirlər. Mənim mövqeyim ondan ibarətdir ki, keyfiyyətli yerli məhsullardan daha çox istifadə edək. Evdə adətən kərə yağı işlədirik. Amma şirniyyat-filan hazırlayanda xanım “Azərsun”un məhsullarından, “Sana”dan, marqarindən də istifadə edir. Hər məhsulun öz işlənmə yeri var.

- Konkret hara istehsalı olan kərə yağından istifadə edirsiz?

- Made in Tovuz. Rayondakı qohumların, dostların inəklərinin nehrə yağından. Xaricdən gələn yağların çoxu elə marqarindi, kərə yağı adı altında satırlar. Amma “Supersun” yağına bilirik ki, bir az kərə yağı qatırlar.

- Bitki yağlarından hansı məsləhətlidir?

- Bitki yağları gözəldi. Amma daimi eyni yağdan istifadə etmək düzgün deyil. Məsələn, bir neçə gün qarğıdalı yağı işlədirsənsə, sonra keçməlisən günəbaxan yağına və s. Həm də bitki yağına gərək işıq dəyməsin, istilik vurmasın.

- Bayaq dediniz, yaşıl çay içirəm. Digər içkilərdən hansına üstünlük verirsiz?

- Kəkotu çayı da içirəm, ayran, şərbəst və s.

- Kofedən istifadə edirsiz?

- Kofedən, demək olar ki, istifadə etmirəm. Kofe mütləq gərək İran xurması ilə içilsin. Məndən olsa, kişilərə kofeni qadağan edərdim. Bunu mən demirəm, İbn-Sina yazıbdır.

- Spirtli içki qəbul edirsiz?

- Çox nadir hallarda. Çünki birincisi, avtomobilimi həmişə özüm sürürəm. İkincisi də, dini etiqadım var. Amma xaricdə, yarışlarda-filanda, hərdən rəmzi mənada badəni qaldırıb qoymağa və ya texnoloq kimi dadına baxmağa məcbur oluram.

- Geyimlərinizi hansı xüsusiyyətlərə görə seçirsiz?

- Daha çox təbii materiallara üstünlük verirəm. Bir də çalışıram ki, səliqəli geyinim. Mənim üçün geyimin o qədər də əhəmiyyəti yoxdur. Paltarlarımı adətən xanımım və qızım alır. Özüm nadir hallarda bəlkə xaricdən bir kostyum alam. Dükanları gəzməyi də sevmirəm.

- Kostyum, yaxud ayaqqabı alanda hansı firmaya üstünlük verirsiz?

- Firmaya o qədər də fərq qoymuram. Əsas odur ki, keyfiyyətli olsun. Məsələn, indi geyindiyim ayaqqabı elə tikilib ki, altında sanki ventilyasiya sistemi var, havası mütəmadi dəyişir. Deyəsən, Türkiyə istehsalıdır.

- İşarası fasilələrdə yorğunluğunuzu necə çıxarırsız?

- İşarası yalnız günorta fasilə edirik, vaxt olmur. Bizim 16 nəfərlik kollektiv bəlkə də bir institutun işini görür. Hətta mən və bir neçə işçi şənbə-bazar da işləyirik. Çox nadir hallarda istirahət günləri evdə oluram...

- Öz çəki və boyunuzdan razısınızmı?

- Çəkim demək olar ki, həmişə 70 kq olur, boyum isə 1,68 m-dir. Bəlkə də bir az balaca olsaydım, daha yaxşı olardı, parça az gedərdi.

- Evdə qulluqçu saxlamırsız ki?

- Mən ailəmin həm quluyam, həm də ağası. Hesab edirəm ki, ailənin yemək-içməyinin də, təmizliyinin də öz üzvləri tərəfindən təmin edilməsi daha doğrudur. Öz xanımının, qızının bişirdiyi, verdiyi xörək daha dadlı olur. Bir qadın öz kişisi üçün yemək bişirib onu gözləmirsə, ona ailə demək olmaz. Düzdür, hərdən birlikdə gedib restoranda-filanda oturmaq olar. Amma ailə mühiti başqa şeydi.

- İndiki toylardan, deyəsən, qaçırsız?

- Bilirsiz, nəmər göndərmək daha rahatdı. Amma dostlar-tanışlar bəzən şikayət edirlər ki, sənin pulun yox, özün lazımsan bizə. Bizdə bir şöhrətpərəstlik var da. Guya toya nə qədər çox tanınmış adam gəlsə, bəylə gəlin bir o qədər xoşbəxt olacaq.

- Yerli telekanallara baxırsız heç?

- Hərdən-birdən yarıgözlə baxıram. Bəzi verilişlər normaldı. Məsələn, bir dəfə “ATV” bizimlə birgə ermənilərə qarşı bir mətbəx verilişi aparırdı. “Xəzər”də Aynur xanımın rayonlarımızın mətbəxi barədə çəkdiyi verilişi də dəstəkləyirik. Bunlardan savayı biz telekanallarımızda heç bir mətbəx verilişinə rəy verməmişik və orada aşpaz adı ilə iştirak edən şəxsləri dəstəkləmirik. Bir neçə dəfə bunun əleyhinə çıxmışıq. Bir neçə verilişin dayandırılmasına nail omuşuq. Birini məhkəməyə verdik. Amma bir daha qətiyyətlə deyirəm ki, həmin verilişlər Azərbaycan milli mətbəxini məhv edir.

- Siz də işlə əlaqədar kompüterdən, telefondan və s. mütəmadi yararlanırsız. Bəs onların zərərli təsirlərindən qorunmaq üçün nə edirsiz?

- Çalışıram, mümkün qədər az işlədim, uzaq məsafədə olum. Özü də sadə texnikadan istifadə edirəm. Çox funksiyalı telefonlar işlətmirəm, avtomobildə gedə-gedə telefonla çox nadir hallarda danışıram, çünki gedə-gedə danışanda onun zərəri on dəfədən çox artır. Kompüterdən çox istifadə edənlərə məsləhət görərdim ki, yanlarına kaktus qoysunlar, çoxlu maye, xüsusən yaşıl çay, süd-qatıq qəbul etsinlər.

- Bədii mütaliəyə vaxt ayıra bilirsiz?

- Daimi olaraq həm bədii, həm də elmi ədəbiyyatdan faydalanıram. Azərbaycan mətbəxini dəqiq araşdırmaq üçün klassiklərimizə Nizamiyə, Füzuliyə, Arif Ərdəbliyə, Sabirə, Mirzə Əli Möcüzə və s. müraciət edirəm. Eyni zamanda, müasir dövrlə də maraqlanıram. Paralel olaraq bir neçə kitab mütaliə edirəm.

Son vaxtlar Vaqif Bəhmənlini, bir də dostumuz Firudin Gilar Bəgin “Batini Quran” kitabını oxuyuram. Eyni zamanda şamanizmlə, sufizmlə, xatxa-yoqa ilə maraqlanıram.

- Şənbə-bazar gəzməyə, saunaya-filana getmək imkanınız olur?

- Çalışıram vaxt tapım, nəvəmi gəzdirim. Sauna-filan yaxşı şeydi, di gəl ki, nəvəmin də bir baba haqqı var, onu tapdalaya bilmərəm. Amma xaricdə oteldə qalanda imkan olan kimi gedirəm saunaya, trenajorlarda idmanla məşğul oluram. Bunlar hamısı sağlamlıq üçün lazımdır.

- Yayda istirahətə, müalicəyə hara gedirsiz?

- Son 23 ildə bircə dəfə Naftalanda yüngülvari müalicə almışam, vəssalam. Başqa heç yerə istirahətə, ya müalicəyə getməmişəm. İşimdən zövq aldığım üçün elə işlədikcə dincəlirəm.

- Dediniz inanclıyam. Amma deyəsən, sizin ibadət adi islami ibadətdən fərqlidir?

- Mənim ibadətim islami ibadətdir, amma hamının gördüyü ibadət kimi deyil. Bircə onu deyə bilərəm ki, Qurani-Kərimdə də göstərilib, Peyğəmbərimizin meracı zamanı Allah-Təala gündə 50 dəfə namaz buyurub, sonra insanların edə bilməyəcəklərini nəzərə alıb onu 5-ə endirib. Və həmin namazlar da Muhəmməd əleyhissəlamın görünən namazları şəklində qılınıb bu günədək. Batini Quran var, bir də zahiri. Daha dərinə getməyək, sadəcə, bir işarət verdim.

- Tahir bəy, illərdir ki, yüzlərlə reseptlərlə xörəklər bişirtdirirsiz və həmin reseptlər çox vaxt uğurlu olur, beynəlxalq yarışlarda qalib gəlirsiz. Bəs Qiyamət günü hansısa əməlinizin səhv “reseptin”ə görə Yaradana necə cavab verəcəyinizdən qorxmursuz ki?

- Yox, qorxmuram. Həm inanclıyam, həm də mənim (istəmirəm bunu o qədər də ucadan söyləyim) məşğul olduğum gizli elmlər göstərir ki, biz istədiyimiz yerə çatacağıq. Hər bir insan kimi mənim də səhvlərim, günahlarım var. Demirəm ki, ali dərəcəli möminəm. Amma hesab edirəm ki, Axirətdəki o miyan-tərəzidə gördüyüm yaxşı işlər daha ağır çəkili olacaq. Və o da var ki, Peyğəmbərimizin buyurduğu kimi, alimin mürəkkəbi şəhidin qanından və bir saatlıq elm 60 illik ibadətdən üstündür.

- Amma bu şərtlə ki, həmin elm Allah rizası üçün istifadə edilə.

- Təbii ki.

 

Sultan Laçın

 

Həftə içi.- 2014.- 28 fevral.- S.3.