Ərzaq təhlükəsizliyi üzrə informasiya portalı 

 

Ekspertlər bu resursun yaradılmasını istehlakçılar üçün əhəmiyyətli sayırlar

 

Son illər dünyada müasir texnologiyaların inkişaf etməsi ayrı-ayrı sahələrdə vahid informasiya sisteminin formalaşmasına imkan yaradıb. Belə ki, artıq internet istifadəçiləri əksər sahələr üzrə axtardıqları məlumatları vahid mənbədən ala bilirlər.

Qeyd edək ki, Azərbaycanda da son illər popluyarlaşan «E-hökumət» layihəsi müxtəlif sahələr üzrə vahid informasiya bazasının formalaşmasına şərait yaradıb. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlak haqqında Milli Məkan Məlumat Bazası formalaşdırılıb. Həmin sistemin strukturunu daşınmaz əmlakın dövlət reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, ünvan reyestri, daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi üzrə məlumat bazasıtəşkil edir. Bununla bağlı sözügedən komitə müvafiq elektron informasiya resurslarını və sistemlərini də yaradıb. Yəni, bu elektron informasiya resursları və sistemləri E-Hökumətin və Milli Məkan Məlumatları infrastrukturunun özəklərini təşkil edir. Bununla mərkəzi və yerli dövlət orqanları, bələdiyyələr, vətəndaşlar, biznes qurumlarının öz fəaliyyətlərində müvafiq məlumatlara olan istifadəçi ehtiyacları ödənilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən istifadəyə verilən "Şagird-məzun elektron məlumat bazası" da isternet istifadəçiləri üçün əhəmiyyətli sayılır. Bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssislərinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatlar daxil edilib. Sistemdən rayon (şəhər) təhsil şöbələri, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə bilirlər.

Azərbaycanda aqrar sahənin müvafiq göstəricilərini əks etdirən informasiya bazası isə təxminən 1 ildən sonra istifadəyə veriləcək. Bu bazanın əsasını dövlət əhəmiyyətli mühüm tədbir hesab edilən “Kənd təsərrüfatının siyahıyaalınması” formalaşdıracaq. Dövlət Statistika Komitəsindən (DSK) bildirilib ki, aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da bu tədbirin həyata keçirilməsi vacibdir. 2015-ci ildə keçiriləcək “Kənd təsərrüfatı siyahıyaalınması” mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün yaşayış məntəqələrinin ərazisində kənd təsərrüfatı istehsalı ilə məşğul olan müxtəlif təsərrüfat kateqoriyalarını əhatə edəcək: “2015-ci ildə siyahıyaalmanın keçirilməsi qaydalarını, tətbiq olunacaq sənədləri və məlumatların işlənməsi üzrə proqramı sınaqdan keçirmək məqsədilə Nazirlər Kabinetinin “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” qərarına uyğun olaraq, Quba rayonunda 2014-cü il iyunun 1-i vəziyyətinə sınaq siyahıyaalmanın keçirilməsi nəzərdə tutulur. Sınaq siyahıyaalınması maliyyə imkanları nəzərə alınmaqla rayon üzrə 2000 təsərrüfatda keçiriləcək. Siyahıyaalma nəticəsində əldə ediləcək məlumatlar ölkənin kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə, sahə üzrə siyasətin işlənib hazırlanmasına, ərzaq və kənd təsərrüfatı bölməsinə və kənd rayonlarına aid inkişaf planları və layihələrin yoxlanılıb qiymətləndirilməsinə, habelə statistik işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq müvafiq informasiya bazasının yaradılmasına imkan verir”.

Hesab edilir ki, yaradılan informasiya bazası nəticə etibarilə iqtisadiyyatın inkişafına təkan verəcək.

Qeyd edək ki, Azərbaycanda aqrar sahə üzrə daha bir elektron bazanın yaradılması planlaşdırılır. Bu məsələ Kənd Təsərrüfatı NazirliyiBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə “Azərbaycanda Ərzaq və Qidalanma Təhlükəsizliyi üzrə İnformasiya Sisteminin yaradılması”na həsr olunan seminarda müzakirə olunub. Tədbirin məqsədi milli ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən, dövlət, özəl və qeyri-hökumət sektoruna aid olan təşkilatlar arasında qarşılıqlı informasiya mübadiləsi mexanizminin qiymətləndirilməsi, ərzaq təhlükəsizliyi və qidalanma üzrə vahid strategiyanın formalaşdırılmasında aidiyyəti qurumların rolunun artırılması, onlar arasında əlaqələrin gücləndirilməsi imkanlarının müəyyən edilməsindən ibarət olub.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkənin aqrar sektorunda, o cümlədən ərzaq təhlükəsizliyi və qidalanma sahəsində dolğun və etibarlı məlumatların əldə olunması, sistemləşdirilməsi, təhlili və əsaslandırılmış təkliflərin hazırlanması, informasiya bazasının formalaşdırılması, nazirliklə digər dövlət orqanları arasında təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsinin gündəmdə duran mühüm prioritetlərdən olduğunu bildirib. Qeyd olunan məsələlərin həlli məqsədilə FAO tərəfindən təklif edilən və bütünlükdə ölkəni əhatə edəcək Ərzaq və Qidalanma üzrə İnformasiya Sisteminin və Portalının yaradılmasının məqsədəuyğunluğunu vurğulayıb.

Bəs, görəsən, Azərbaycanda yaradılması nəzərdə tutulan Ərzaq və Qidalanma Təhlükəsizliyi üzrə İnformasiya Portalının strukturu hansı məlumatlar əsasında formalaşmalıdır?

Mövzu ilə bağlı fikirlərini «Həftə içi»nə bölüşən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkədə qida təhlükəsizliyin təmin olunması üçün belə bir elektron resursun yaradılması vacibdir. Onun sözlərinə görə, Avropa ölkələrinin əksəriyyətində ərzaq təhlükəsizliyinə nəzarət edilməsi məqsədilə bu cür portallar fəaliyyət göstərir: «Bizdə əsas problem qida təhlükəsizliyi ilə bağlı qanunun olmamasıdır. Avropa İtttifaqına daxil olan ölkələrdə belə bir qanun mövcud olduğundan qidalanma üzrə informasiya resursunu idarə etmək asandır. Hesab edirəm ki, Azərbaycanda ilk növbədə sözügedən qanun qəbul olunmalı, daha sonra isə elektron baza formalaşdırılmalıdır».

Yaradılması nəzərdə tutulan informasiya resursu ilə bağlı təkliflərini də irəli sürən AİB sədri deyib ki, portalda istehlakçı tərəfdən aşkarlanan təhlükəli qidaların geri qaytarılması mexanizmi yerləşdirilməlidir: «Bizdə bununla bağlı konkret bir mexanizm yoxdur. Eyni zamanda, təhlükəli qidaların olması barədə daxil olan məlumatlara operativ reaksiya verə biləcək sistem yaradılmalıdır. Yəni, bu proses elə qurulmalıdır ki, məlumatlar günün 24 saatı ərzində qəbul edilə bilsin. Bundan başqa portalda pulsuzvahid «qaynar xətt» xidməti yaradılmalıdır. Çünki adətən vətəndaş təhlükəli qida ilə qarşılaşanda hansı quruma müraciət edəcəyini bilmir. Müraciət etdiyi qurum isə müxtəlif bəhanələrlə onu digər quruma yönləndirir. Digər tərəfdən portalda istehlakçılar arasında qida zərərlənməsinin qeydiyyatını apara biləcək sistem formalaşdırılmalıdır. Çünki indi vəziyyətdə biz hər hansı zəhərlənmə hadisəsi olduqda ilk növbədə təcili yardıma müraciət edirik. Həkim xəstəni müayinə etdikdən dərhal sonra mədə-bağırsaq sisteminin yuyulmasına qərar verir. Beləliklə də qida zəhərlənməsi ilə bağlı sübut ortadan itir. Amma mən təklif edirəm ki, bu portalda elə bir mexanizm qurulmalıdır ki, zəhərlənmənin dəqiq qeydiyyatı aparıla bilsin».

Ekspert öz açıqlamasında həmçinin qeyd edib ki, sözügedən portalda müstəqil ekspertiza qrupunun fəaliyyət göstərməsi qida təhlükəsizliyinin qorunmasına daha yaxşı tövhə verə bilər: «Bu çox vacib məqamdır. Çünki Azərbaycanda müstəqil ekspertiza qrupu yoxdur. Ona görə də hansısa ərzağın təhlükəsizliyi ilə bağlı rəy verilərkən obyektivlik tam təmin olunmur».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 5 iyun.- S.6.