Tural Bakuvinin həyatında
dərin iz buraxan hadisələr
Azərbaycanın gənc
bəstəkarlarından olan Tural Bakuvi Hafta.az-a
müsahibəsində həyat və
yaradıcılığı haqqında danışıb.
- Tural Bakuvi kimdir?
- Həyatın əbədi olmadığı bir dünyada bəstələri, sənəti və melodiyaları ilə daim yaddaşlarda yaşamaq istəyən bəstəkardır.
- Bakuvi ləqəbi necə oldu yarandı?
- Tarixdə rast
gəlmək olar ki, tanınmış alim, şair, din xadimi, mütəfəkkir
və.s doğulduqları
və yaxud yaşadıqları yerin adını özlərinə
ləqəb kimi götürüblər. Mən də
doğulduğum və
yaşayıb-yaratdığım yerin adını özümə ləqəb
kimi seçdim, lakin bir qədər
klassik formada. Bakuvi ləqəbi də belə yaranıb. Bakuvilərə də Əbdül
Rəşid Əl Bakuvi, Baba Kufi Bakuvini göstərmək
olar. Onlardan ən dərin
iz buraxanı Seyid Həhya Bakuvidir.
- Həyatında ən dərin iz buraxan
hadisə hansı olub?
- Adətən insanın
həyatında iz buraxan hadisə uşaqlıq dövrünə
aid olur. Neqativlər isə daha dərin iz buraxır.
Şübhəsiz bu hadisələr
məndə də olub. Gəlin buna hadisə
deməyək, dönəm
olsun. Sovet dövründə atam Keşlə Maşınqayırma Zavodunun
rəisi olub. Sovet İttifaqı dağılandan
sonra zavod da fəaliyyətini dayandırdı. Bundan sonra
bizim ailənin həyatında maddi cəhətdən çətin
anlar başladı.
Hətta
həmin dövrdə
yanacaqdoldurma məntəqəsində
işləmişəm. Düşünürəm ki, çətinliklər
məni ayaqda bu qədər möhkəm durmağı
öyrədib. O hadisələr
mənim indi qurmaqda olduğum həyatın bünövrəsini
təşkil edib.
- Bəstəkarlıq sahəsinə
maraq haradan əmələ gəldi?
- 14-15 yaşlarımda
hiss etdim ki, musiqi yazmaq tələbatı
yaranıb. Bundan sonra mahnılar
yazmağa başladım.
İndiki konteksdən baxanda
onları mahnı adlandırmıram. Söz yığını
və not ardıcıllığı
(gülür).
- Ailədə səndən
başqa bu sahəyə maraq göstərən varmı?
- Ailəmizdə musiqi
duyumu hamıda var. Sadəcə, peşəkar
deyil. Böyük qardaşım Vüsal
jurnalistdir. “Lider” televiziyasında işləyir və həm də Azvision.az saytının baş redaktorudur. Babam da qarmon çalmağı və muğam oxumağı bacarıb.
- İlk bəstən
yadındadır?
- Əlbəttə, yadımda qalıb. “Niyə sevdin məni” adlı mahnıydı. Qardaşım Ramal da oxumuşdu.
O vaxt onun 10-11 yaşı var idi. Hətta gedib “Səbuhi”
studiyasında mahnını
yazmışdıq. Sonda qərar
verdik ki, ehtiyac yoxdur. Baxmayaraq ki, həmin dövrdə o tip mahnılar
dəbdə idi.
- İlham pərisinin
gəldiyini necə bilirsən?
- Bilirsiz, bunu təfərrüatı
ilə izah edə bilməyəcəm.
Çünki bu fiziki hal deyil. Məsələn, gecə
uzandığın zaman
hiss edirsən ki, içində mənəvi
bir proses gedir. Onu sən məntiqi
bir yekuna çatdırmalısan. Şairsən şeir yazmalısan, rəssamsan rəsm çəkməlisən, bəstəkarsansa
durub mahnı yazmalısan. Onu yazıb
bitirməyənə kimi
sənə yuxu haramdı. Bu təbii haldı. Bu zaman mahnılar
da tez yazılır.
Elə
mahnılar olur ki, bilirsən ki, bunu yazmalısan. Məsələn, Seyid Yəhya
Bakuvi haqqında olan film. Bunun üçün köklənirəm
həmin dövrə və özümü Şirvanşahlar sarayında
mürid kimi hiss edirəm. Müasir sivilizasiyadan əlaqəmi
kəsirəm. Buna daha çox vaxt lazım olur.
- Bu sahədə hansı mükafatların var?
- 2012-ci ildə Yeni Azərbaycan Partiyasının Xəzər
rayon şöbəsi tərəfindən
“İlin Bəstəkarı”
adına layıq görülmüşəm.
Ondan sonra rəsmi formada ciddi bir
mükafat olmayıb.
- Televiziyaya baxırsan?
- Şübhəsiz ki, mən də
bir ailə başçısı kimi
gündəmi izləmək
üçün baxıram. Amma çox da vaxtım
olmur.
- Hansı verilişləri izləyirsən?
- Vaxt olanda adətən insanın dünya görünüşünü artıran Discovery, National Geographic kanalının verdiyi verilişlərə baxıram.
Bir də idman verilişlərini
izləyirəm. “Neftçi” klubuna azarkeşlik edirəm.
- Bəstəkar olmasaydın
hansı sahədə
çalışardın?
- Düşünürəm ki, yaxşı tarixçi olardım. Mənim ikili ixtisasım var. Musiqiçilik və tarix. Musiqi daha üstün
gəldi deyə bəstəkar oldum.
- Siyasətçi ola bilərdin?
- Ola bilərdim. Amma düşünmürəm
ki, uğur qazana bilərdim. Çünki o bir az insanlardan
ikili standartlarla fəaliyyət göstərməyi
tələb edir. Mən də onu çox
da yaxşı bacarmıram.
- Səni ən çox nə əsəbiləşdirir?
- Məni ən çox əsəbiləşdirən
“küstah” insanlardır.
Haqqsız olduğu halda
özlərini elə
müdafiə edirlər
ki, donub qalırsan. Bir də kiminsə
kimdən sui-istifadə
etməyini sevmirəm.
Təbii
ki, kimsə məndən istifadə etmək istəyəndə
mən onu gözəl görürəm.
- Bəs səni nə sevindirir?
- Məni ən
çox sevindirən qızlarımdır. Bir də
yazdığım mahnım
son nəticə etibarilə
yaxşı oxunursa, hazırlanıbsa bu, məni sevindirir.
- İndiyə kimi
hansı müğənnilərlə
işləmək sənə
xoş olub?
- Mən deyərdim
ki, Nazpəri xanımla işləmək
xoş olub. Flora xanımla indiyə
kimi üç mahnı işləmişik.
Hazırda daha üç
mahnı üzərində
çalışırıq. Flora xanımla işləmək
məsuliyyət tələb
edir. Günay İbrahimli, Ramal
Rəsul, Rövşən
Çibişov, Zaur Əmiraslanovla işləmək
xoş olub. Hazırda Nurlan Əzizbəyli, Orxan Babazadə, Qismət qrupu ilə də işləyirik. Adları bir-bir
sadalasam, uzun olacaq. Tanınanı da var, tanınmayanı da.
- Hazırda hansı iş üzərində çalışırsan?
- Son işimiz Adil
Azayın “Seyid Yəhya Bakuvi” filmi üçün bəstədir. Bunu artıq bitirmişik.
Daha iki film də var ki, yeni
sezondan yayımlanacaq,
onların üzərində
çalışırıq.
Ruslan Bakiroğlu
Həftə
içi.- 2014.- 5 iyun.- S.8.