“İsmailiyyə” folklor

ansamblı Suraxanıda

 

Misirin Azərbaycandakı səfirliyinin nümayəndələri “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər

 

İyunun 2-dən başlayaraq, Bakıda keçirilən Misir Mədəniyyəti Günləri davam edir. Misir Mədəniyyəti Günləri iyunun 2-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanda start götürüb. İyunun 4-də Misirin Azərbaycandakı səfirliyinin nümayəndələri, “İsmailiyyə” folklor ansamblının üzvləri Mədəniyyət Günləri proqramı çərçivəsində Suraxanı rayonunda olublar.

“Həftə içinin məlumatına görə, qonaqlar əvvəlcə ümummilli liderin şərəfinə Suraxanı rayonunda salınmış Heydər Əliyev parkına baş çəkib, ulu öndərin abidəsini ziyarət ediblər. Səfirliyin nümayəndələri həmçinin Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara məlumat verilib ki, mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi artıq 5 ildir fəaliyyət göstərir. Bu illər ərzində mərkəz rayonun ideoloji mərkəzinə çevrilib. Ötən 5 ildə mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyətləri orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər təşkilatlarla 130-dan yuxarı tədbir keçirilib.

Sonra qonaqlar “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Bildirilib ki, Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuşUNESCO-nunDünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var. Qoruqda aparılmış bərpa və yenidənqurma işlərindən sonra qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Sahəsi 2000 kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Məbədlə həmahəng inşa olunan əsas binada dəmirçi kürəsi, dəmirçi emalatxanası, misçini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur.

Daha sonra Misir Ərəb Respublikasının “İsmailiyyə” folklor ansamblı Heydər Əliyev parkında rayon sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Proqramda rəngarəng Misir xalq rəqsləri, musiqi nömrələri nümayiş olunub.

 

Qələndər

 

Həftə içi.- 2014.- 6 iyun.- S.8.