Təhlükəsizlik
naminə «ağıllı radar»lar
Müasir texnologiyalara əsaslanan bu radarlar sürücüləri ağıllı olmağa vadar edəcək
Yəqin ki, bu
gün «ağıllı radar»
kəlməsi çoxları üçün
təəccüblü gələr. Çünki
biz adətən bu kəlməni
insanlara şamil etməyə
alışmışıq. Amma 21-ci əsrdə
texnoloji yeniliklərin bir-birini
sürətlə izləməsi leksikonumuza
ağıllı kəlməsi ilə bağlı yeni ifadələrin daxil
olmasına imkan yaradıb. Məsələn,
bu gün texnologi yeniliklər nəticəsində
«ağıllı robort»lar,
«ağıllı ev»lər, «ağıllı avtomobil»lər və
s. icad edilib.
Təbii ki, yeni texnologiyalar insanların işini
asanlaşdırmaqla yanaşı, bəzi xoşagəlməz
hadisələrinin qarşısının alınması
baxımdan da əhəmiyyətli
sayılır. Misal üçün
«ağıllı ev» sistemi
sadəcə bir toxunuşla
dünyanın istənilən nöqtəsindən evin bir çox
işlərini həll edir.
Xatırladaq ki, “ağıllı ev” ən
qabaqcıl texnologiyaların avtomatlaşdırılmış
sistemi olan M2M (Machine to Machine)
vasitəsilə daha rahat
və maraqlı yaşayış tərzi üçün
çoxlu sayda
funksiyaları yerinə yetirməyə imkan
verir. Bu layihə mobil telefon vasitəsilə
məişət proseslərini avtomatlaşdırmaq və bütün evi məsafədən
idarə etməyə şərait yaradır.
“Ağıllı Ev” proqramı istifadəçilərin
təhlükəsizliyi və rahatlığı üçün mənzildəki elektron və məişət
cihazlarını nəzarətdə saxlayır. Bu proqram kommunal
xidmətlərin optimallaşdırılması və
onların məsrəflərini azaltmağa
kömək edir. Hətta,
evdən uzaqda olduqda
belə, elektrik təminatı, qaz və su,
işığı yandırıb və söndürmək,
evdə olmayanda qonaqlar
üçün qapını açmaq, unutduğunuz elektrik cihazları məsafədən
söndürmək (televizordan tutmuş mikrodalğalı sobaya
kimi), təhlükəsizlik sistemini işə salmaq və
s. mümkündür. İsti havada evə gəlməzdən əvvəl kondisioneri yandırmaq, jalüzləri bağlamaq, yeməyi qızdırmaq da olar. Mobil
telefonun bir neçə
düyməsini basmaqla uzaqda
olduqda belə evdə işıqları
söndürmək və ya yandırmaq, pəncərə
və ya qapıları açmaq,
hansısa elektrik cihazını (televizordan tutmuş
mikrodalğalı sobaya kimi)
işə salmaq və s.
mümkündür. Avtomatlaşdırma
elementləri vahid bir platforma əsasında
istifadəçinin ehtiyaclarına
maksimal intellektual formada cavab verir. “Ağıllı Ev”
istənilən halda öz sahibinə gözlənilməz vəziyyət
haqqında mobil rabitə vasitəsilə xəbər verəcək
və bununla da onun əmlakını
qorumuş olacaq. “Ağıllı Ev”i
dünyanın istənilən
nöqtəsində mobil
telefonla idarə etmək mümkündür.
Şərtləri texnologiya diktə
edir
«Ağıllı maşın»lar da ən
müasir texnologiyalarla
təchiz olunub. Bunun nəticəsidir ki, o sahibinə heç bir əziyyət vermir. Yəni, hərəkət zamanı sürətin tənzimlənməsi, ötmə
əməliyyatı zamanı
vəziyyətin dəyərlədirilməsi
(Olar? Olmaz? Hansı sürətlə? və s.), qarşıdan
gələn maşının
sürətinin təyini,
önünə ani olaraq maneə çıxsa ani qərarların verilməsi
(Tormoz? Hərəkət istiqamətini dəyişmək?
və s.), yol işarələrinin və xətlərin tanınması və s. kimi işləri görən ağıllı
bir sistemdir. Belə olan halda daha
rahat və daha təhlükəsiz idarə təmin olunur. Əgər sürücü idarəni itirərsə, yanlış ötmə əməliyyatına girərsə,
bu sistem avtomatik olaraq həmin vəziyyəti düzəltməyə çalışır
və sürücünü
baş verə biləcək qəzadan xilas edir.
Bir sıra ölkələrdə isə
artan yol qəzalarını önləmək
məqsədilə «ağıllı
radar»lar əvəzolunmaz vasitə
sayılır. Çünki bu radarlar sürücüləri
avtomobillərini daha məsuliyyətli idarə
etməyə vadar edir.
Radar- radarlayıcı stansiya,
radaralama üsulu ilə
müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur.
Yəni, obyektlərin yerinin aşkarlanması,
koordinatlarının və hərəkət göstəricilərinin
ölçülməsi kimi
funksiyaları yerinə yetirən qurğu
və ya sistemə müvafiq
olaraq radar
stansiyası və ya radar
sistemi deyilir. Fəzanın
müəyyən edilmiş ərazisində
obyektin mövcudluğuna,
koordinatlarına və hərəkət göstəricilərinə
dair məlumat mənbəyi obyektdən gələn
radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma
xüsusiyyətlərinə görə radar
müşahidəsini üç yerə
bölürlər. Radar müşahidəsinin
I növündə radar tərəfindən
şüalandırılan radarlama
siqnallarının obyektdən əks olunması xassəsindən
istifadə edilir. Müşahidənin
aparılması üçün obyektin əksetdirici qabiliyyətə malik olması zəruridir. Fəzanın elektromaqnit xüsusiyyətlərindən fərqli
olaraq istənilən obyekt
az və ya çox dərəcədə bu
cur xassələrə malikdir.
Bu növ
müşahidənin üstünlüyü
ondan ibarətdir ki, onun köməyi ilə istənilən obyekt haqqında məlumat almaq
mümkündür. Elə buna görə də radarlama
texnikasında bu müşahidə
növündən geniş istifadə edilir.
Dünyada radarlardan ilk dəfə 1936 -1938-ci illərdə Böyük Britaniyada,
ABŞ - da və keçmiş
SSRİ -də istifadə olunub. Son illər yollara nəzarətin
artırılması məqsədilə Azərbaycanda da bu praktika
geniş tətbiq edilir.
Statistikaya görə, indiyədək respublika əhəmiyyətli yollarda
təxminən 4000-ə yaxın radar quraşdırılıb.
Uzaq məsafədən nəzarət
Mövzu ilə bağlı fikirlərini “Həftə
içi”nə bölüşən Baş
Dövlət Yol Polis
İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Kamran
Əliyev bildirib ki, Azərbaycanda
tətbiq olunan yeni texnologiyalar sürücülərin avtomobili sürətlə sürmək istəyini
məhdudlaşdıracaq.
Onun sözlərinə görə,
hazırda Azərbaycanda ən müasir
«ağıllı radar»lar
qurulur. Həmin radar uzaq məsafədən də avtomobilin
orta sürətini müəyyən edəcək.
Tutaq ki, bir yolla daimi
gedən sürücülər stasionar
radarların harada olduğunu
bilir, yolun bir hissəsini yüksək sürətlə gedir, radara çatanda
isə sürəti azaldırlar. Nəticədə radara düşmür və
sonra yüksək sürətə davam edirlər: “Amma yeni quraşdırılacaq qurğular
radardan-radara olan məsafənin
orta sürətini çıxaracaq. Belə
radarlar artıq Bakı-Quba yolunda, Bakının bəzi prospektlərində
quraşdırılıb. Həmin radarlar
tək sürəti yox, digər qayda pozuntularını da
qeydə alır”.
DYP rəsmisi qeyd edib ki,
yeni radarlarda nömrə
oxuyan xüsusi proqram var. Əgər avtomobil axtarışdadırsa, məhkəmə
tərəfindən həbs qoyulubsa, həmin
qurğu vasitəsilə müəyyən
ediləcək. Kamran Əliyev güman edir ki, Azərbaycan yollarında “ağıllı
radarlar”ın və videokameraların
quraşdırılması prosesi tam başa çatandan
sonra yüksək sürət səbəbindən
baş verən yol nəqliyyat
hadisələrinin sayı azalacaq.
Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz də “Həftə
içi”nə açıqlamasında «ağıllı
radar»ların əhəmiyyətinə toxunaraq
deyib ki, bu qurğunu aldatmaq qeyri-mümkündür.
Onun sözlərinə görə, əslində
bu gün texnologi yeniliklərin biri-birini
izləməsi yeni yanaşmaların ortaya çıxmasına imkan
yaradıb: “Yəqin ki, 20 il
bundan Azərbaycanda heç
bir sürücü təsəvvürünə
gətirməzdi ki, onların avtomobili necə idarə etməsinə
hansısa kiçik qurğu
nəzarət edəcək. Hətta bu qurğunun müşahidələri əsasında
onlara cərimə balları yazılacaq, elektron protokollar tərtib
ediləcək. Təbii ki, Azərbaycan
dünyanın bir parçasıdır və
dünyada gedən sürətli inkişafdan ölkəmiz geri
qala bilməz. «Ağıllı radar» da elə bir sistemdir ki,
burada tək sürəti yox,
digər qayda pozuntularını da qeydə almaq mümkündür».
Xatırladaq
ki, Bakı Şəhər Baş Polis İdarəsinin
Baş Dövlət Yol
Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polis
polkovnik-leytenantı Vaqif Əsədov mətbuata
açıqlamasında paytaxt ərazisində
«ağıllı radar»ların 2 prospektdə
quraşdırıldığını deyib: «Düzdür, paytaxt ərazisində surət həddini
ölçən kifayət qədər radar
var. Amma buna baxmayaraq, bəzi
sürücülər həmin radarlara az qalmış surət həddini
aşağı salır, radarı keçdikdən sonra avtomobili yenidən yolda müəyyən edilən surətdən
artıq sürətlə idarə edirlər. Lakin
həmin sürücülər “ağıllı radarları”
aldada bilməyəcəklər. Artıq Tbilisi və Nobel prospektlərində
belə radarlar quraşdırılıb.
“Ağıllı radarlar” asfalt
örtüyünə çəkilən naqil
vasitəsi ilə avtomobilin iki radar arasında məsafəni
hansı müddətə getdiyini müəyyənləşdirərək
orta surət çıxarır. Yaxın
günlərdə “ağıllı radarlar”paytaxtın digər
küçə və prospektlərində də
quraşdırılacaq».
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında
hazırlanıb.
Həftə içi.- 2014.- 6 iyun.- S.6.