Azərbaycanın
pensiya siyasəti
Ölkəmizdəki mövcud pensiya yaşı demoqrafik durumla nə dərəcədə uzlaşır?
Türkiyə hökuməti Soma mədənində baş verən partlayışdan sonra mədən sənayesində çalışanların pensiya yaşını 55-dən 50-yə endirib. Yəni, bu sahədə çalışanların riskli əməklə məşğul olması onlara daha tez pensiyaya çıxmaq imkanı yaradıb. Məlumat üçün bildirək ki, Türkiyədə kişilərin rəsmi pensiya yaşı 60-dır. Amma bu ölkədə kişilər 63 yah 5 ayda pensiyaya çıxırlar. Qadınların rəsmi pensiya yaşı 58 olsa da, hökumət onları 64 yaş 3 ayda təqaüdə göndərir.
Yeri gəlmişkən,
Türkiyəyə qonşu olan Azərbaycanda pensiyaya
çıxma yaşı bu ilin yanvarın 1-dən kişilər
üçün 63, qadınlar üçün 59 yaş 6
aydır. Amma bu hələ son deyil. Çünki Azərbaycanda
2010-cu ilin yanvarın 1-dən qüvvəyə minmiş
“Əmək pensiyaları haqqında” qanuna əlavə və
dəyişikliklərdən sonra qadınların pensiyaya
çıxma yaşı gələn ilin 1 yanvarından 60
yaşa çatdırılacaq.
Beləliklə,
2015-ci ildən Azərbaycanda kişilərin pensiya yaşı
63, qadınlarınkı isə 60 olacaq.Təbii ki, hökumət
bu addımını ölkədə pensiya yaş həddinin
beynəlxalq normalara uyğunlaşdırılması ilə əlaqələndirir.
Lakin ekspertlər hesab edirlər ki, keçmiş sovet ölkələri,
o cümlədən Azərbaycan pensiya ilə bağlı
yaş həddini beynəlxalq standartlara
uyğunlaşdırmağa çalışsalar da,
insanların ömürlərini nəzərə almırlar.
Məsələn, rəsmi statistikaya görə, Azərbaycanda
orta yaş həddi 70 yaşdır və pensiya yaşı
arasında fərq heç 10 il də etmir. Amma inkişaf
etmiş ölkələrdə bu fərq ən azı 15-20
yaşa qədərdir. Tutaq ki, hazırda Yaponiyada orta yaş həddi
83,6, pensiya yaşı kişilərdə 63, qadınlarda
60,5-dir. İsveçrədə orta yaş həddi 82,5,
pensiya həddi 65-64 yaşdır. İtaliyada orta yaş həddi
82-dir, pensiyaya çıxma yaşı isə 65-57-dir. Fransada
orta yaş həddi 81.7 pensiya yaşı isə 60-dır. Ona
görə də inkişaf etmiş ölkələrdə hər
bir dövlət orta yaş həddinə uyğun olaraq pensiya
həddini də mərhələli şəkildə
artırır. Məsələn, 2046-cı ilə qədər
Avropa dövlətlərin pensiya yaş həddini 70-ə qədər
qaldıracaqlar. Bu zaman həmin ölkələrdə orta
yaş həddi 95-dən daha yüksək olması
proqnozlaşdırılır. Hazırda bu ölkələrdə
orta yaş həddi 80-83 civarındadır. Təbii ki,
avropalı tədqiqatçıları əsas narahat edən
məsələ də məhz əhalinin qocalmasıdır.
Azərbaycanda isə, əksinə, ölüm hələ ki
gündən-günə «cavanlaşır».
Bəs, görəsən,
pensiya yaşı hansı kriteriyalar əsasında müəyyənləşdirilir?
Azərbaycanda kimlərin pensiyaya daha tez çıxmaq
şansı var?
Məsələyə
münasibət açıqlayan Nazirlər Kabinetinin qiymət,
iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin
sabiq rəhbəri Oqtay Haqverdiyev «Həftə içi»nə
bildirib ki, pensiya yaşına hər bir ölkə individual
olaraq yanaşa bilər. Onun sözlərinə görə,
bura əhalinin uzun ömürlülüyü, dövlət
büdcəsinin gücü, ölkənin sosial siyasəti və
sair amillər daxildir: «Təbii ki, pensiya yaşını
müəyyənləşdirərkən demoqrafik göstəricinin
nəzərə alınması bu hesablamanın müəyyən
edilməsində ən vacib kriteriyadır. Çünki
bütün dünyada hər bir şəxsin pensiya alma
müddəti 12 il hesablanır. Bu baxılmdan demoqrafik göstərici
qanunvericilikdə müəyyənləşdirilməlidir. Yəni,
biz hansısa ölkəyə baxıb deyə bilmərik ki,
bizdə də pensiya yaşı həmin ölkədəki
kimi olsun. Bu, çox absurd məsələ olar. Digər bir məsələ
real olan faktdır ki, Azərbaycanda insanların yarı faizi
pensiya yaşına çatmamış vəfat edir. Avropa təcrübəsində
bu məsələ şəxslərin xeyirinə həll
olunur. Belə ki, Avropa ölkələrində şəxs
pensiya yaşına çatmamış vəfat edərsə,
bu vəsait onun ailəsinə ödənilir. Azərbaycanda isə
hələlik bu mexanizm işlək deyil».
Əhalisi qocalan ölkələr vəsaitə qanət edirlər
Ekspert onu da qeyd edib
ki, adətən əhalisi qocalan ölkələr pensiya
yaşının artırılması siyasətini həyata
keçirirlər. Oqtay Haqverdiyev hesab edir ki, hansı ölkələrdə
demoqrafik vəziyyət ağırdırsa, əhali
qocalırsa,onda pensiya yaşının qaldırılması
yaxşı nəticə verir: “Ona görə ki, artıq
pensiya verməyə vəsait çatmır və belə olan
halda həmin ölkələr vəziyyətdən
çıxış yolu kimi pensiyanın yaş həddini
atırır. Avropa ölkələrinin əksəriyyətində
vəziyyət bu cürdür. Bizdə elə bir problem yoxdur.
Bizim ümumilikdə götürdükdə xalqımız
nisbətən cavandır. Digər tərəfdən Avropa
ölkələrinin bəzilərində orta ömür
müddəti 75 yaş və ondan yüksək olduğundan
bunun tətbiq edilməsinin əhəmiyyəti var. Bununla
yanaşı həmin ölkələrdə pensiyanı maliyyələşdirən
özəl fondlar da var. Bizim Sosial fond özü bütün
pensiyaları maliyyələşdirə bilmir. Hər il
dövlət büdcəsindən fonda 1 milyard manata yaxın vəsait
köçürülür. Buna görə də pensiya
yaşını artırırlar ki, bəlkə gələcəkdə
Fond dövlətdən dotasiya almasın».
Oqtay Haqverdiyev əlavə
edir ki, bəzi ölkələrin təcrübəsində vətəndaşların
rəsmi pensiya yaşından tez və ya gec pensiyaya
çıxması halları da mövcuddur. Bu isə həmin
ölkənin maddi imkanlarından asılıdır. Onun
fikrincə, maliyyə imkanları yüksək səviyyədə
olan ölkələrdə insanlar daha tez pensiyaya
çıxır: “Məsələn, bir vaxtlar keçmiş
Yuqaslaviyada insanlar 40 yaşında pensiyaya
çıxırdılar. Çünki sovet dövründə
bu ölkə çox zəngin idi. Düzdür, 40
yaşında pensiyaya çıxanların təqaüdü
elə də böyük deyildi. Amma yaş artdıqca pensiya
da artırdı. Bu təcrübədən indi də bəzi
ölkələrdə istifadə edirlər və vətəndaşlar
rəsmi pensiya yaşından daha tez təqaüdə göndərilirlər.
Lakin demoqrafik durumun çətin olduğu, yəni qocalma
prosesinin getdiyi ölkələrdə bu proses əksinədir
və həmin ölkələrdə vətəndaş rəsmi
pensiya yaşından daha gec pensiyaya çıxarılır».
Yeri gəlmişkən,
bunu bəzi ölkələrin pensiya təcrübəsinə
nəzar salmaqla daha aydın görmək mümkündür.
Məsələn, Meksikada kişilərin və
qadınların rəsmi pensiya yaşı 65-dir, amma kişilər
73-də, qadınlar isə 75 yaşında pensiyaya
çıxırlar. Cənubi Koreya kişilərin rəsmi
pensiya yaşı 60-dır, amma 71 yaş 2 ayda pensiyaya
çıxırlar. Qadınlar isə rəmsi pensiya
yaşı 60 olduğu halda, 67,9 yaşda pensiyaya göndərilirlər.
ABŞ-da kişilərin və qadınların rəsmi pensiya
yaşı müvafiq olaraq 65-67 olmasına baxmayaraq kişilər
64,6-da, qadınlar isə 63.9-da pensiyaya çıxırlar.
Avstraliyada kişilərin rəsmi pensiya yaşı 65-dir, amma
64,4-də pensiyaya göndərilirlər. Qadınların rəsmi
pensiya yaşı 63 olsa da, 62,2-də pensiyaya
çıxırlar. Norveçdə kişilərin və
qadınların rəsmi pensiya yaşı 67-dir, amma kişilər
64,2-də, qadınlar isə 63,2-də təqaüdəə
göndərilirlər. İngiltərədə kişilərin
rəsmi pensiya yaşı 65, amma 63,2-də pensiyaya
çıxırlar. Qadınlar isə rəsmi pensiya
yaşından 1 il 9 ay gec, yəni 61,9-da pensiyaya göndərilirlər.
Yunanıstanda kişilərin rəsmi pensiya yaşı
58-dir. Amma bu ölkədə kişilər rəsmi pensiya
yaşından 2 il 4 ay gec, yəni 62,4 yaşda pensiyaya
çıxırlar. Qadınlar isə rəsmi pensiya
yaşı 58 olduğu halda 60,9 yaşda pensiyaya göndərilirlər.
Almaniyada kişilərin rəsmi pensiya yaşı 65,
qadınların isə 58-dir, amma bu ölkədə kişilər
və qadınlar rəsmi pensiya yaşından 2 il 9 ay tez, yəni
kişilər 62,1, qadınlar isə 60,9 yaşda pensiyaya
çıxırlar. İspaniyada kişilərin və
qadınların rəsmi pensiiya yaşı 65-dir, amma bu
ölkələ kişilər 61,4, qadınlar isə 63,1
yaşda pensiyaya göndərilirlər.
Kimlər
pensiyaya daha tez çıxır?
Dövlət Sosial
Müdafiə Fondundan isə Azərbaycanda kimlərin pensiyaya
tez çıxması məsələsinə aydınlıq
gətirilərkən «Həftə içi»nə bildirilib ki,
"Əmək pensiyaları haqqında" qanuna əsasən,
axırıncı iş yerindən asılı olmayaraq
yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində,
həmçinin əmək şəraiti xüsusilə zərərli
və ağır olan işlərdə (istehsalatların,
peşələrin, vəzifələrin və göstəricilərin
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
olunan siyahısı) çalışan sığortaolunanlar
təqaüdə daha tez çıxırlar. Amma bu da müəyyən
şərtlər daxilində mümkündür.
Sözügedən peşə sahibləri olan kişilər 57
yaşına çatdıqda, azı 25 il sığorta
stajına malik olduqda və bu müddətin azı 12 il 6
ayını sadaladığımız işlərdə
çalışdıqda, qadınlar isə 52 yaşına
çatdıqda, azı 20 il sığorta stajına malik
olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə
çalışıbsa, əmək şəraitinə
görə güzəştli şərtlərlə yaşa
görə əmək pensiyası hüququ var. Bundan
başqa, hipovizqanizm xəstəliyinə tutulan şəxslər
(liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar -
kişilər 47, qadınlar 42 yaşına çatdıqda və
həmin şəxslərin azı 5 il sığorta stajı
olduqda, yaşa görə əmək pensiyası hüququ
var.
Qurumdan həmçinin
bu məsələnin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il
tarixli qərarı ilə "Güzəştli şərtlərlə
yaşa görə əmək pensiyası hüququ verən
istehsalatların, peşələrin, vəzifələrin və
göstəricilərin siyahısı" ilə tənzimləndiyi
vurğulanıb.
Sevinc
Həftə
içi.- 2014.- 7-9 iyun.- S.5.