İnformasiya texnologiyalarının xərcləri
artır
Ekspertlər 2020-ci ilədək bu istiqamətdə xərclərin daha da artacağını proqnozlaşdırırlar
2018-ci ildə maliyyə sektorunda
informasiya texnologiyaları (İT) xərcləri
100 milyard dollara çatacaq. Bu barədə “Ovum” şirkətinin
tədqiqatında deyilir. Şirkətin
qiymətləndirməsinə görə, 2013-cü ildə
maliyyə sektorunda İT xərclərinin
artımı 3,7 faiz təşkil edib. 2014-cü ildə bu
göstəricinin 4,8 faizədək yüksələcəyi
gözlənilir. Gələcəkdə xərclər artmaqda davam edəcək və
2014–2017-ci illər ərzində illik orta artım tempi (CAGR) 6,4 faiz olacaq.
Şirkətin tədqiqatında
deyilir ki, əksər
bank və maliyyə şirkətləri
hazırda yekdil fikir nümayiş etdirərək yaxın illərdə
yeni texnologiyalara xərclərin
artacağı ilə razılaşırlar. “Ovum”un maliyyə texnologiyaları şöbəsinin
rəhbəri Deniel Meyonun
fikrincə, banklar platformalarını
yeniləməyi planlaşdırır və buna
görə artıq indidən İT sahəsinə böyük məbləğdə investisiyalar yatırırlar.
Hesabat müəllifləri qeyd
edirlər ki, xərclərin əsas hissəsi
banklara müştərilərlə işi yaxşılaşdırmağa imkan verən texnologiyalara
yönəldiləcək. “Ovum” ekspertlərinin
fikrincə, xərclərin artmasına səbəb olan amillərdən biri banklar tərəfindən aktivlərin idarə
olunması sahəsində yeni
texnologiyaların satın alınması olacaq.
Bank rəhbərləri kapitalı şaxələndirməyə
və artırmağa çalışır və bu məqsədlə İT sahəsinə əlavə
investisiyalar yatırmalı olacaqlar.
Dünyada İT xərclərinin artmasından narahat olan Avropa
İttifaqının (Aİ) Avropa nəzarət
orqanları birgə komitəsi (European Supervisory Authorities Joint Committee) isə
aparıcı şirkətləri İT büdcəsinin səviyyəsini
qorumağa çağırıb. Komitənin
hesabatında göstərilib ki, son 12 ay ərzində
özəl şirkətlərin, xüsusilə maliyyə sektorunun saytlarına kiberhücumların
sayı xeyli artıb. Kibercinayətkarlar
İT sistemlərin boşluqlarından istifadə edərək
istifadəçilərin fərdi məlumatlarını
oğurlayırlar.
Aİ-nin hesabatı bir
neçə tövsiyəni nəzərdə tutur.
Şirkətlərə ilk növbədə
təhlükəsizlik sistemlərinin vəziyyətini mütəmadi
qiymətləndirmək və bu qiymətləndirməni
risk modellərinə daxil
etmək məsləhət görülür.
İkincisi – autsorsinq üçün verilən İT xidmətləri və “bulud” həllərdən istifadəyə -
şirkətlərin kibertəhdidlərlə rastlaşa
biləcəyi yeni sahələrə diqqət
yetirmək tövsiyə edilir. Hesabat müəlliflərinin fikrincə,
İT büdcəsi bu sahələri təhlükəsizlik
sistemlərinin diqqətindən kənarda saxlamamalıdır.
Qeyd edilir ki, Avropanın əksər hökumətləri
şirkətlərin kibercinayətkarlıqla mübarizəyə
hazırlığı üçün mühüm işlər görür.
Məsələn, Böyük Britaniya hökuməti Birləşmiş
Krallığın bankları ilə birgə əməliyyat
təlimi keçirərək bütün
əsas sistemlərə kütləvi kiberhücumları dəf
ediblər.
Bəs, görəsən,
dünyada İT sahəsi üzrə xərclərin
artmasına səbəb nədir? İT sektorunda
xərclərin artması tendensiyası Azərbaycanda da müşahidə olunurmu?
Məsələni «Həftə
içi»nə şərh edən Azərbaycan İnternet
Cəmiyyətinin sədri Qalib Qurbanov deyib ki, dünyada İT xərclərinin
artması normal
qarşılanmalıdır. Onun sözlərinə
görə, hazırda bu sahə sürətlə
inkişaf etdiyindən yeniliklər bir-birini izləməkdədir: «İndi texnologiyalar əsridir.
Yəni, zaman dəyişdikcə
insanların təlabatı da dəyişir.
Əgər 10-15 il bundan
əvvəl insanlar üçün
otura-otura alış-veriş etmək,
hansısa məmurun qəbuluna növbəyə yazılmaq, iş yerini tərk etmədən
harasa sənəd göndərmək xəyal
kimi görsənirdisə, artıq bu reallıqdır. Belə ki,
hazırda internet üzərindən
müxtəlif texnologiyaların həyata keçirilməsi
insanların işini xeyli
asanlaşdırıb. Təbii ki, bu texnologiyaları tətbiq etmək böyük maliyyə vəsaiti tələb etdiyindən
İT sahəsində xərclər ilbəil artır».
Təhlükəsizliyə yönəldilən
vəsaitlər
xərclərin əsasını təşkil edir
Ekspert həmçinin bu
sahədə xərclərin artmasına səbəb olan digər faktorlara toxunaraq vurğulayıb ki,
sistem təhlükəsizliyə yönəldilən
vəsaitlər İT xərclərinin əsas strukturunu
təşkil edir. Qalib
Qurbanov hazırda bütün
dünya kiberhücumlardan
əziyyət çəkdiyini deyir. Onun fikrincə, hətta vəziyyət o həddə çatıb ki,
bəzi xakerlər çox asanlıqla internet üzərindən istədikləri sənədləri
əldə edə bilirlər: “Bu təhlükəni
istər dövlət, istərsə də özəl qurumlar açıq şəkildə hiss edirlər. Buna görə
də hər il sistem
təhlükəsizliyinə yönəldilən vəsaitlərin
həcmi artır».
İT sektorunda
xərclərin artması tendensiyasının Azərbaycanda
müşahidə olunub-olunmadığına aydınlıq gətirən
Qalib Qurbanov deyib ki, ölkəmizdə
bu sahə inkişaf
etdiyindən xərclərin artması tendensiyası
müşahidə olunur. Hazırda Azərbaycanda
«E-Hökumət» layihəsinin həyata keçirildiyini
xatırladaqn ekspert bildirir
ki, həmin layihə çərçivəsində
ayrı-ayrı dövlət qurumları öz
sahələri üzrə vətəndaşlara e-xidmətlər
təklif edirlər: “Sözsüz ki, bu sistemin
qurulması böyük vəsait tələb
edir. Çünki
sözügedən layihənin əsas məqsədi ondan ibarətdir ki,
dövlət qurumları və vətəndaşlar
arasında vahid platforma
yaradılsın. Bunun üçünsə
aidiyyəti qurumların ilk növbədə
İKT sektoruna inteqrasiya
etməsi vacibdir. Təbii ki,
bu məsələni nəzərə alan müvafiq orqanlar İT üzrə xərclərini
artırmaq hesabına müasir sistem qururlar. Hətta mən
deyərdim ki, 2020-ci ilə qədər
ölkəmizdə bu istiqamətdə xərclər
bir qədər də artacaq.
Belə ki, həmin ilə qədər
Azərbaycanda bütün sahələr
üzrə tam şəkildə vətəndaşlara
e-xidmətlərin göstərilməsi nəzərdə tutulur və bu da istər-istəməz xərclərin
artması ilə nəticələnəcək».
Rəqabət varsa, xərc də olacaq
Avropa İttifaqının İT sahəsi
üzrə xərclərin azaldılması barədə
tövsiyyəsinə də toxunan ekspert indiki məqamda bunun mümkün
olmadığını bildirib. Qalib Qurbanov bildirir ki, aparıcı
şirkətlər bu məsələdə
biri-biri ilə rəqabətə giriblər.
Onlar öz sahələri üzrə ən son texnologiyaları tətbiq etməklə həm
də cəmiyyətdə daha yüksək
prestij əldə etməyə
çalışırlar. Çünki
İKT sektoru elə bir
sahədir ki, bu sahədə
insan beyni işləsə
də, ortaya qoyulan hər
bir yenilik təəccübə
səbəb olur. Onun
fikrincə, ayrı-ayrı şirkətlər də İT sahəsində
ən son texnologiyanı tətbiq etməklə
öz nüfuzunu qoruyur: “Tutaq ki, hazırda dünyanın aparıcı
şirkətləri bulud
texnologiyasının imkanlarından istifadə edirlər. Sözsüz ki, bu texnologiyaya keçid şirkətlərə heç də asan başa gəlməyib. Amma
sabah elə bir texnologiya yaradıla bilər ki,
buluddan da səmərəli
olar və şirkətlər dərhal həmin
texnologiyaya maraq
göstərərlər. Yəni, İT sahəsində sabit dayanmaq qeyri-mümkündür və bu
sahə həmişə xərc tələb edəcək».
Xatırladaq ki, IDC analitik şirkətinin
hesabatında deyilir ki,
2014-cü ildə informasiya
texnologiyaları (İT) və servislərin inkişafına xərclərin
artımı valyuta məzənnələrinin
dəyişməsi nəzərə alınmadan 4,1 faiz təşkil edəcək. Hesabatda həmçinin
vurğulanıb ki, ilin
əvvəlindən makroiqtisadi vəziyyətin
pisləşməsi, o cümlədən Ukrayna böhranı və Çində iqtisadi artım tempinin zəifləməsi
biznes və investisiyaların əminliyinə
təsir edən ümumi qeyri-müəyyənlik
hissini möhkəmlədib: «Amma bununla
yanaşı, biznes virtuallaşdırma,
avtomatlaşdırma və SaaS kimi İT həlləri həvəslə tətbiq
edilir, çünki onlar informasiya
texnologiyalarına yatırılan sərmayələrin həcmini
azaltmağa imkan verir və bu, cari iqtisadi durumda
çox mühümdür.
Hazırda istehlakçılar kompüterlərə deyil, adi mobil
telefon funksiyaları ilə təchiz edilmiş ağıllı telefon
və planşetlərə üstünlük
verir. Bundan başqa, bulud həlləri
ənənəvi proqram təminatı,
xidmət və infrastruktur məhsullarını
əvəz edir».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 10
iyun.- S.6.