“Yenə də Anarı
dəstəkləyəcəyik”
Elçin Hüseynbəyli: “AYB-ə birbaşa aidiyyəti olan dəyişikliklər qurultayadək reallaşıb”
İyunun 17-də Azərbaycan
Yazıçılar Birliyinin (AYB)
qurultayı keçiriləcək. Qurultay
ərəfəsində qurumun mətbu
orqanlarında kadr dəyişikliyi olub. Belə ki, “Ədəbiyyat”
qəzetinin baş redaktoru
Ayaz Vəfalı tutduğu
vəzifədən azad edilərək, onun yerinə “Ulduz”
jurnalının baş redaktoru,
yazıçı- dramaturq Elçin Hüseynbəyli, müavin
isə şair Adil Cəmil
təyin edilib.
“Ulduz” jurnalına isə baş redaktor şair
Qulu Ağsəs təyin edilib. Bu dəyişiklik artıq
müəyyən nəticələrə gətirib
çıxarmaqdadır. Artıq qəzet tərtibatına və
məzmununa görə xeyli dəyişib, yeni imzalar, ədəbi
mühitdəki polemikalara dair yazılar indi “Ədəbiyyat” qəzetinin
səhifələrində tez-tez görünür. Elçin
Hüseynbəylinin reaktor təyin edildiyi iki ayda redaksiyada da təmir
işləri aparılıb, qəzetin əməkdaşlarının
fəaliyyəti üçün normal şərait
yaradılıb.
“Ədəbiyyat”
qəzetinin baş redaktoru, yazıçı-publisist Elçin
Hüseynbəyli “Həftə içi”nə müsahibəsində
məhz bu dəyişikliklərdən danışıb:
- Açıq şəkildə deyim ki, indiyədək
AYB-nin bir neçə nüfuzlu mətbu orqanu olsa da,
onların içərisində “Ulduz” jurnalı həmişə
seçilib. Bu jurnal öz populyarlığını, ənənəsini
bu gün də qoruyub, saxlayıb. Sevinirəm ki, məndən
sonra “Ulduz” jurnalına Qulu Ağsəs redaktorluq edir. Bu gün
“Ulduz” jurnalı daha gözəl, hətta mən rəhbərlik
etdiyimdən də fərqli çıxır. Çünki
Qulu əsl redaktordur, istedadlı şairdir, jurnalistikanı da
çox gözəl bilir. Biz “Ulduz” jurnalında ən
çox istedadlı gənclərə yer vermişik, əsl
yazarların şeirlərini çap eləməyə
çalışmışıq. Bu gün “Ulduz” jurnalında
gənclərə sərbəstlik verilib. Biz həmişə
“Ulduz”un ənənəsini qoruyub, saxlamışıq.
İndinin özündə də “Ulduz” jurnalı digər mətbu
orqanlarından öz yeniliyi, yeni-yeni layihəsi ilə
seçilir.
- Necə
oldu ki, “Ədəbiyyat” qəzetinə baş redaktor təyin
olundunuz? Məgər sizin üçün “Ulduz” jurnalı əhəmiyyət
kəsb eləmirdi?
- Düşünürdüm ki, “Ulduz”
jurnalına gənc adam redaktor olmalıydı. Ona görə
ki, bu jurnalda gənclərimizə daha çox
üstünlük verilir. Mən bu fürsətdən istifadə
etdim. Ayaz Vəfalı “Ədəbiyyat” qəzetindən getdi.
Anar müəllim məsləhət bildi ki, “Ədəbiyyat”
qəzetinə baş redaktor olum, mən də etiraz etmədim
və katiblik məni qəzetə baş redaktor təyin etdi.
Qəzetə yenilik gətirmişəm. Belə ki, qəzet
dizaynı məzmunu tamamilə dəyişib. Yeni müəlliflər
yazmağa başlayıb. “Ədəbiyyat” qəzetindən kənar
düşmüş söz adamları artıq bu qəzetdə
yazmağa başlayıb. Qəzet və jurnal baş redaktorun
siması olsa da, bu, kollektivin məhsuludur. Qəzet çap
olunmazdan əvvəl hər həftənin önündə
planlaşdırma aparırıq, nömrəyə hansı
material gedəcəksə, əvvəlcədən onu müəyyənləşdiririk.
- Sizə
qədər “Ədəbiyyat” qəzetində siyasi yazılara
daha çox üstünlük verilirdi. Qəzet sanki siyasiləşdirilmişdi.
Sizcə, niyə?
- Axı “Ədəbiyyat” siyasi qəzet deyil.
Keçmişdə siyasi xronikaya, xüsusən də köhnəlmiş
xronikalara geniş yer verərdilər. Siyasi xronikanı icmal
şəklində qəzetin üslubunda vermək
lazımdır. Bu istiqamətdə işimizi davam etdiririk. Biz
“Ədəbiyyat” qəzetində sırf ədəbiyyatla,
yaradıcılıqla bağlı yazılara daha çox
üstünlük veririk.
- Bəs
qəzetin tirajı nə qədərdir, mövcud tiraj oxucu
kütləsinə kifayət edirmi?
- Qəzet hələlik 1000 tirajla çap
olunur. Qəzetin tirajının artırılmasına
çalışacağıq, amma ilk öncə onun internet
saytına daha çox fikir verəcəyik. Çünki əsrimiz
internet, kompüter əsridir. Artıq oxucular elektron
informasiyaya daha çox üstünlük verirlər. Elektron
informasiya ilə qəzet bütün dünyaya yayımlanır,
pəncərəsi bəşəriyyətin üzünə
sərbəst açıla bilir.
-
Yazıçı kimi özünüz AYB-nin növbəti
qurultayından hansı yenilikləri gözləyirsiniz?
- Biz yenə də Anar Rzayevi dəstəkləyəcəyik.
Yəni keçirilən qurultayda ona səs verəcəyik.
Onu da deyim ki, ədəbi mühitə və AYB-ə
birbaşa aidiyyəti olan dəyişikliklər qurultayadək
reallaşıb. Yəni gözlənilən yeniliklər gedib,
kadr islahatları qurultaydan qabaq aparılıb.
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2014.- 10 iyun.- S.7.