Qafqaz Albaniyasının tarixi

Azərbaycanın tarixidir

 

"Bu gün bəzən bizim bədnam qonşularımız Qafqaz Albaniyasının, onun kilsəsinin guya başqa mədəniyyətə məxsus olmasına dair xəbərlər yayırlar. Bizim qəti fikrimiz ondan ibarətdir ki, Qafqaz Albaniyasının tarixi Azərbaycanın, Azərbaycan xalqının tarixidir, bizim mədəniyyətimizin ayrılmaz bir hissəsidir". Trend xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

 Nazir qeyd edib ki, Qafqaz Albaniyası irsinin araşdırılması ilə bağlı Azərbaycan alimləri arasında vahid yanaşma yoxdur: "Əfsuslar olsun ki, Azərbaycanda bununla bağlı vahid konsepsiya yoxdur. Müxtəlif alimlər bu mövzuya müxtəlif baxımdan yanaşırlar. Lakin bu, o demək deyil ki, bunlar hamısı bir-biri ilə ziddiyyət təşkil edir. Nə qədər çox yanaşma, təhlil, ideya olsa, o qədər də biz bu böyük mədəniyyətdən daha yaxşı xəbərdar olarıq". Ə.Qarayevin fikrincə, Azərbaycan alimləri baxışlarının müxtəlifliyinə baxmayaraq dərk edirlər ki, bu tarix Azərbaycan xalqına məxsusdur: "Biz heç kəsə onu mənimsəməyə, özəlləşdirməyə imkan verməyəcəyik. Biz beynəlxalq təşkilatlarda da öz sözümüzü deyirik və bunu sübut edirik. Azərbaycan tarixinin, mədəniyyətinin mənimsənilməsinə qəti etirazımızı bildiririk. Bu, bizim qəti mövqeyimizdir, tarixi həqiqətimizdir". Onun sözlərinə görə, Azərbaycan hökuməti həmişə öz tarixinə, mədəniyyətinə böyük diqqətlə yanaşır: "Cənab Prezidentin imzaladığı "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində Azərbaycan tarixinin bütün mərhələlərinin böyük diqqələ öyrənilməsi bizim vəzifə borcumuzdur. Qafqaz Albaniyası dövründə Azərbaycan torpaqlarında və ətraflarda yaradılmış böyük miras, irs bugünkü dövrdə yaşayan Azərbaycan millətinin ayrılmaz tarixidir. Ona görə də onu həssaslıqla təhlil etmək, hansı mədəniyyətə məxsus olduğunu dərk etmək, hansı proseslərin qurbanı olduğu, məhvinin səbəblərini, o dövrdə hökm sürən mədəni, siyasi prosesləri öyrənmək çox önəmlidir".

 

Həftə içi.- 2014.- 11 iyun.- S.8.