“Müharibə məni
ədəbiyyatdan ayırdı”
Vaqif İsaqoğlu:
“Mənim bu kitablarımdakı hər
bir
söz və sətir qanlı səngərlərin
yadigarıdır”
İndiki orta
nəsil onu istedadlı və ən məhsuldar
ədəbiyyatçı kimi tanısa da, gənclərin əksəriyyəti belə
bir yaradıcı şəxsdən demək
olar xəbərsizdir. Səbəb təkcə
ədəbi mühitdəki soyuqluq, bədii
yaradıcılığa münasibətinin öləziməsində
deyil, həm də onun
özünün uzun
müddət ədəbiyyatdan uzaq
düşməsindədir.
Çünki o, ədəbi və ictimai
titulları ilə daha çox tanınanların əksəriyyətindən
fərqli addım atdı: Qarabağda müharibə
başlayanda əyninə hərbi forma geyinib bir əlində
qələm, digərində silah soyuq səngərlərə
üz tutdu, vətən uğrunda igidliklə döyüşən
vətən oğullarının döyüş sücaətindən
reportajlar hazırlayırdı...
Söhbət tanınmış şair, 47
kitabın müəllifi Vaqif İsaqoğludan gedir. Həm də AYB-in və
AJB-nin üzvü,
“Qızıl qələm” mükafatı laureatı, “Həsən
bəy Zərdabi” və “Məməd Araz”
diplomunun daşıyıcılardan olan şair Vaqif İsaqoğlu “Ədəbi
düşüncə” rubrikasının qonağıdır. Müsahibimiz söhbətə
yaradıcılığının ilk illərindən
başlayır:
- Orta
məktəbdə oxuduğum illərdən
ədəbiyyata, poeziyaya böyük
həvəsim vardı. Hələ 8-ci sinifdə məktəbimizin
“Günəş” adlı divar qəzetinə
redaktor təyin olunmuşdum.
Vaqif Məxbub imzası ilə satirik məqalələr və şeirlər
yazırdım. “Məxbub” sözünün
mənası dost, yoldaş
deməkdir. Məktəbdə əlaçı olduğum üçün
bütün müəllim və
şagirdlərin dostu idim.
Ona görə də bu
imza ilə çıxış etdim. Həmin illərdə Tovuz
rayonunun “Həqiqət” qəzetində
kiçikhəcmli məqalələrim və şeirlərim çap olnurdı. 1974-cü ildə, 8-ci
sinifdə oxuyarkən bizi rayon
Komsomol Komitəsinə aparıb komsomola keçirirdilər. Elə həmin ərəfədə
“Komsomolçu” başlığı
altında məqalə yazdım. Rayon qəzetində
çap olunan ilk məqaləm də məhz “Komsomolçu” olub. Dəqiq
xatırlayıram, həmin məqalədən 2 manat 70 qəpik qonorar
aldım və bu pulla
həyətimizdə alma ağacı əkdim.
Bir neçə ildən sonra
həmin alma ağacı bar
verdi. Hər il atam bu ağacın meyvəsini
aparıb bazarda satardı. Çünki
ailəmiz böyük olub,
7 nəfərlik külfəti atam çətinliklə
dolandırardı. Aradan illər keçəndən
sonra alma ağacı qurudu. Artıq o
ağacın yerində cavan bir alma ağacı böyüyür.
- Əlaçı şagird olduğunuzu deyirsiniz. Ancaq deyəsən, Köhnə Qala kənd orta məktəbində təhsil alan zaman sizi məktəbdən qovmaq istəyirmişlər. Bu nə ilə bağlı idi?
- Bəli, o vaxt 8-ci sinifdə oxuyurdum, artıq özümü
gənc hesab edirdim.
Ədəbiyyatın, həyatın nə olduğunu
anlamağa başlayırdım. O vaxtlar qorxunun nə olduğunu bilmirdim,
içimizdə həmişə haqq-ədalət
axtarırdım. “Günəş” adlı divar
qəzetində də ən çox haqqa və ədalətə yer
ayırırdım. Amma bir
qış sinif otaqları
qızdırılmırdı, pəncərələrinin
sınan şüşələrini düzəltmirdilər, tabaşir çatışmırdı, müəllimlər
hərdən dərsə gecikirdi. Mən
isə məktəbdəki bu
nöqsanları divar qəzetində satira atəşinə tuturdum.
Bu səbəbdən məni məktəbdən
uzaqlaşdırmaq istəyirdilər. Orta
məktəbi əla qiymətlərlə bitirsəm də, tale üzümə gülmədi. Ona görə ki, indiki Bakı Dövlət Universitetinin
filologiya fakültəsinə sənəd
verdim, “konkurs”a düşdüm. Amma atamın pulu
olsaydı, elə həmin il tələbə
adına layiq görülərdim. Halbuki həmin
il tərcümeyi-halını yaza bilməyənlər və məndən
aşağı nəticə göstərənlər ali məktəbə daxil oldular. 1983-cü ildə isə Azərbaycan
Dövlət Universitetinin filologiya
fakültəsində əla qiymətlərlə oxuyurdum, “Lenin” təqaüdçüsü
idim. Yaxşı oxuduğuma,
həm də yaradıcılığıma görə məni
Moskva Dövlət Universitetinin
jurnalistika fakültəsində təhsil almağa göndərdilər. Oranı bitirib “Azərnəşr”də fəaliyyətə
başladım.
- Mətbuat və ədəbiyyat yaxın sahələr olsa da, fərqli sahələrdir. Bu iki sahəni yaradıcılığınızda necə uyğunlaşdıra bildiniz?
- Mən ədəbiyyata
jurnalistikadan çox əvvəl
gəlmişəm. Mənim mətbuatdakı fəaliyyətim
də əsasən, ədəbi mühitlə bağlı olub. Mənim fəaliyyətimin, necə deyərlər,
onurğa sütunu ədəbi
düşüncədir. Ona görə də
ədəbiyyata çox erkən, hələ
8-9-cu sinifdən gəlmişəm. O illərdə “Azərbaycan
gəncləri”, “Azərbaycan pioneri” qəzetlərində,
“Pioner”,“Göyərçin” “Elm və həyat”,
“Azərbaycan qadını” jurnalarında hekayə və
şeirlərim çap olunurdu.
- “Boz qurd” kitabınız o dövrlərdə ən oxunan əsərlərdən sayılırdı. Bu kitab həm də böyük əks-səda doğurmuşdu. İndi niyə gündəmdə deyilsiniz?
- Ona görə ki, Qarabağ müharibəsi mənim də həyatını
dəyişdi, uzun müddət ədəbiyyatdan,
yaradıcılıqdan uzaq düşdüm. Yəni müharibə məni
ədəbiyyatdan ayırdı və 1991-ci ildən 2003-cü
illərdə mayor rütbəli zabit kimi Müdafiə
Nazirliyində çalışdım. Qarabağla
yanaşı doğulduğum Tovuz rayonun da
başı üzərini qara buludlar almışdı. İndi
özlərini fədakar adlandıran və efirlərdə “mənəm-mənəm”
deyib sinəsinə döyən bəzi yazarlar kimi
şan-şöhrət dalınca qaçmadım. Mən
şan-şöhrəti cəbhə bölgəsində
yağı düşmənlə döyüşən igidlərimizdə,
qəhrəmancasına şəhid olan
oğulların torpağa tökülən
qanında axtarırdım. Günlərim cəbhə bölgəsində
keçdiyinə görə ədəbiyyata vaxt
ayıra bilmədim. Amma Qarabağ mövzusu,
döyüşlərlə bağlı silsilə
yazılarım mətbuatda dərc olunardı. Hətta “Qarabağda izim qaldı”,
“Anama deyin ki...”, “Ömür də bir nəğmədir”, “Döyüşə
gedən ana”, “Alın yazısı”, “Tovuz harayı” kitablarım işıq üzü gördü. Mənim
bu kitablarımdakı hər bir söz və sətir
qanlı səngərlərin yadigarıdır. 1993-cü ildə
“Qoy ədalət zəfər
çalsın” devizi altında
keçirilən respublika müsabiqəsində
1-ci yerə layiq görüldüm.
- Orta nəsil ədəbiyyatçılar layiq olduqları pillədə yer tuta bilməmələrindən şikayətlənir. Bunu necə izah edərdiniz?
- Ədəbiyyat ilk növbədə bəxt və tale məsələsidir. Tanınmaq və məşhur
olmaq üçün
bəxt və tale önəmli rol oynayır. Yaxşı maddi
imkanın olmalıdır ki, gündəmdə
qala biləsən. Bu gün istedadlı qələm adamları,
istedadsız və imkanlı qələm adamlarının
kölgəsi altında qalır. Amma “Ney səsiyəm”, “Aman
ayrılıq” kimi bir
neçə gündəmdə olan
mahnıların sözləri mənə məxsusdur. O ki qaldı sualın ikinci
hissəsinə, mən indiyədək yaşadığım
55 illik ömür tarixini özüm
yazmışam. Bu illər ərzində nəyi
düz, nəyi səhv etmişəmsə,
o ancaq mənim işimdir. Ona görə
də nə gileylənməyə, nə də fəxr etməyə
lüzum görmürəm.
- Azərbaycanda çağdaş ədəbi mühiti necə dəyərləndirirsiniz?
- Azərbaycanda vaxtilə
formalaşan ədəbi mühit
çoxdan dağılıb.
Dağılmayan nə qalıb ki?! Kitabxanalar dağılıb, insanlar
arasında dostluq münasibətləri
qırılıb, ədəbiyyata, yaradıcılığa
münasibət də çox dəyişib.
Qısası, Avropa ənənələri
həyatımıza daxil olduqca
dəyərlər də, formalaşmış ədəbi mühit də, hətta cəmiyyəti tərbiyələndirən
yaradıcı insanların düşüncə tərzi də
dəyişir. Son 22-23 ildə
dağılan təkcə Qarabağ kəndləri
deyil ki! Qısa
müddət ərzində 1000 illik mədəni
sərvətimiz dağılıb. Belə şəraitdə
həyatın axarı ilə getmək üçün
gərək şərəf və vicdanı unudasan.
Əsl ədəbiyyat isə şərəfə və vicdana, haqq-ədalətə xidmət etməlidir.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2014.- 1-3 mart.- S.7.