Məşhur nağıllarımız texnoloji

sistemə uyğunlaşdırılır 

 

Müşfiq Əmirov: «Hazırda 4 milli nağılımız Azərbaycan,

ingilis və fransız dillərində səsləndirilir»

 

Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin (İKT) sürətli inkişafı müxtəlif yaş təbəqələrinə aid şəxslərin, xüsusilə də uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün normal şəraitin yaradılmasını da zəruri edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «Həftə içi»nə bildirir ki, təmsilçisi olduğu qurum digər aidiyyəti dövlət qurumları və təşkilatlarla birlikdə uşaqlar üçün bir sıra layihələr həyata keçirirlər. Onun dediyinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən www.ushaqlar.az saytı yaradılıb. Bu internet portalının tərtib olunmasında məqsəd valideyn və uşaqları faydalı informasiyalarla təmin etmək olub: www.ushaqlar.az saytı 9 əsas bölmədən ibarətdir. Hər bir bölmədə uşaqlarla bağlı qanunvericilik bazası, Azərbaycan uşaqları haqqında statistik göstəricilər, valideyn və uşaqların maarifləndirilməsi üçün materiallar yerləşdirilib».

Müşfiq Əmirov deyir ki, RİTN-in dəstəklədiyi layihələr arasında azyaşlıların maariflənməsi və inkişafına yönəldilmiş interaktiv nağılların hazırlanması da var. Onun sözlərinə görə, Azərbaycanın şifahi xalq ədəbiyyatının bir növü olan nağıllarımız xalqımızın dünyagörüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür: «Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəllərində yazılı şəkildə qeydə alınıb. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür. Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur. Ona görə də biz bu nağılları interaktiv formada hazırlanmasında və uşaqlara çatdırılmasında maraqlıyıq».

 

Nağılları səssiz izləmək də mümkün olacaq

 

Nazirlik rəsmisi xatırladır ki, Kompüter Oyunları Milli Assosiasiyası (KOMA) və Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə «Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar» layihəsi həyata keçirilib. Sözügedən layihə fondun keçirdiyi ikinci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilib və Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin Azərbaycan Respublikasında «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan olunması ilə bağlı təşkil edilən çoxsaylı tədbirlərdən biridir: «Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq azyaşlıların və yeniyetmələrin maariflənməsi və inkişafına yönəldilmiş interaktiv nağıllar hazırlanır. Ərsəyə gətiriləcək interaktiv nağıllar ilk növbədə uşaq və yeniyetmələrdən ibarət auditoriya üçün nəzərdə tutulub. Layihənin gedişatı boyunca dörd Azərbaycan nağılı üç dildə - Azərbaycan, ingilis və fransız dillərində səsləndirilir. Bu da öz növbəsində Azərbaycan mədəni irsinin daha geniş çevrədə və yeni informasiya-kommunikasiya texnologiyaları əsasında təbliğinə imkan verəcək. Animasiyalı interaktiv nağıllarını xüsusi musiqi parçaları müşayiət edəcək. Bununla yanaşı, nağılların hər biri üçün peşəkar rəssamlar tərəfindən animasiyalı rəsmlər hazırlanır».

Müşfiq Əmirov interaktiv nağılların dünyada geniş istifadə olunan, «touch screen» imkanlarını dəstəkləyən iOS və Android platformalarına uyğunlaşdırıldığını da söyləyir. Onun fikrincə, bu, nəticə etibarilə nağılların planşet kompüter və smartfonlar da daxil olmaqla, ən müasir texnologiyalar vasitəsilə izlənilməsini mümkünləşdirir: «Bu layihənin unikallığı, nağılları izləyən uşağın özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss etməsi, istədiyi əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə bilməsidir. Üstəlik, nağılları səssiz izləmək də mümkün olacaq. Belə ki, uşaqlar interaktiv cizgi filminin səsini (nağılın süjetinin gedişatının audio-səslənməsinin dayandırıldıqdan sonra) tam almaqla subtitrlərin köməyilə nağılı özləri oxuya bilərlər. Bu da öz növbəsində balacaların oxumaq, təxəyyüllərini genişləndirmək və ünsiyyət yaratmaq qabiliyyətlərinin inkişafı üçün olduqca önəmlidir. Ən əsası ilə uşaqlarımız kiçik yaşlarından başlayaraq müasir informasiya-kommunikasiya texnologiyaları ilə tanış ola və onlarla işləməyi öyrənə biləcəklər».

 

Bütün nağılları «Play Market»in

köməyilə yükləmək mümkündür

 

Xatırladaq ki, «Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar» layihəsinin ikinci mərhələsi artıq başa çatıb. Bu layihənin ikinci mərhələsi çərçivəsində «Qızıl ilan» və «Təlimli pişik» nağılları ərsəyə gətirilib. Layihənin maliyyələşdirilməsi AGF tərəfindən həyata keçirilib. Layihə çərçivəsində hazırlanmış interaktiv nağıllar azyaşlıların və yeniyetmələrin maariflənməsi və inkişafına yönəldilib. Müşfiq Əmirov qeyd edir ki, interaktiv nağıllar dünyada geniş istifadə olunan “touch screen” imkanlarını dəstəkləyən platformalara uyğun hazırlanıb. Onun sözlərinə görə, nağılların planşet kompüter və smartfonlar da daxil olmaqla, ən müasir texnologiyaların vasitəsilə izlənilməsi mümkündür: “Bu layihənin unikallığı nağılları izləyən uşağın özünü orada baş verən proseslərin iştirakçısı kimi hiss etməsi, istədiyi əşyaya toxuna və ekranda baş verənlərə birbaşa müdaxilə edə bilməsidir. Hazırda layihə çərçivəsində hazırlanmış bütün nağılları «Play Market»in köməyilə https://play.google.com linkinə daxil olub yükləmək mümkündür. Nağılların rəsmi təqdimatı yaxın zamanda olacaq».

Qeyd edək ki, nağılları aşağıda göstərilən ünvanlardan yükləmək olar:

https://play.google.com/store/apps/details?id=air.Cinnagili” – “Cin nağılı”;

https://play.google.com/store/apps/details?id=air.Yoxsulqocailevezir – “Yoxsul qoca ilə vəzir”;

https://play.google.com/store/apps/details?id=air.Bostanciveshahabbas – “Bostançı və Şah Abbas”;

https://play.google.com/store/apps/details?id=air. Qizililan – “Qızıl ilan”;

https://play.google.com/store/apps/details?id=air.Talimlipishik – “Təlimli pişik”;

https://play.google.com/store/apps/details?id=air.Logmanveshagirdi – “Loğman ilə şagirdi”. Digər nağılları isə https://play.google.com/store/search?q=azkoma&c=apps ünvandan yükləmək olar.

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 1-3 mart.- S.6.