Dövlət
qurumlarının informasiya
açıqlığı
Osman Gündüz: «Bu sahədə müəyyən irəliləyiş hiss olunsa da, informasiya ombudsmanı səlahiyyətlərinin yerinə yetirilməməsi problemlər yaradıb»
Azərbaycan 2011-ci ildən etibarən Açıq Hökumət Tərəfdaşlığı proqramına qoşulub. Proqramın əsas prioritetləri informasiya açıqlığı, maliyyə şəffaflığı və hesabatlılıqdır. Azərbaycan hökuməti proqrama qoşulmaqla üzərinə yeni texnologiyalardan istifadə etməklə idarəetməni gücləndirmək, dövlət idarəçiliyində ölkə vətəndaşlarının rolunu artırmaq və korrupsiya ilə mübarizə öhdəliyini götürüb.
Sənədin
qəbulu həm də onu zəruri edir ki, Azərbaycanda fəaliyyət
göstərən dövlət qurumları öz
internet saytlarına açıqlanması
məcburi olan informasiyaları yerləşdirsinlər.
Çünki yalnız bu
halda proqramın - şəffaflığın
təmin edilməsi, hesabatlılıq, korrupsiyaya
qarşı mübarizə, vətəndaş nəzarəti kimi,
digər tələblərinə əməl etməkdən
söhbət gedə bilər.
Əslində informasiya açıqlığının təmin
edilməsi ilə bağlı tələb 2005-ci ildə qəbul
edilmiş "İnformasiya
əldə etmək haqqında" qanunda
da nəzərdə tutulub.
Həmin sənəddə vurğulanır ki, məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və
hamı üçün bərabər
şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin
prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən,
həmçinin, ictimai vəzifələrin
yerinə yetirilməsinə vətəndaşlar tərəfindən
nəzarət olunmasına şərait yaratmaqdan
ibarətdir.
Bəs, görəsən,
Azərbaycanda dövlət qurumlarının informasiya
açıqlığı hansı səviyyədədir? Daha çox hansı orqanlar ictimaiyyətə açıq hesab edilir?
Məsələyə
münasibət bildirən “Multimedia” İnformasiya Sistemləri və
Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki,
son dövrlərdə ictimai
informasiyaların rəsmi saytlardan əldə
edilməsi sahəsində xeyli irəliləyişlər
var. Onun sözlərinə
görə, xeyli sayda
dövlət qurumlarında həm informasiya
açıqlığı, həm də elektron
xidmətlərlə bağlı müəyyən uğurlar əldə olunub.
Amma hələ
də açıqlanması məcburi olan
informasiyaların xeyli hissəsinin həm
Mərkəzi, həm də yerli icra orqanlarının saytlarından əldə
edilməsi mümkünsüzdür: «İnformasiya açıqlığı
üzrə ictimai informasiya
subyektlərinin monitorinqi “Multimedia”
İnformasiya Sistemləri və
Texnologiyaları Mərkəzi tərəfindən 2006-cı
ildən başlayaraq sistemli
və müntəzəm olaraq həyata keçirilir. Monitorinqin
aparılmasında əsas məqsəd bu
sahədə vəziyyəti araşdırmaq və bu istiqamətdə hər bir
dövlət qurumu üzrə, eləcə
də ümumiləşmiş tövsiyələr
hazırlamaqdan ibarət olub. Bu ilki informasiya
açıqlığı üzrə reytinq
cədvəli 2013-cü il iyulundan
2014-cü ilin yanvarına qədər olan dövrü əhatə
edir və monitorinqə 74 mərkəzi,
67 yerli icra orqanı daxil edilib».
Vergilər Nazirliyi öndədir
Monitorinqin mərkəzi və yerli
icra qurumlarının saytlarında yerləşdirilən
məlumatlar və elektron xidmətlər
üzərində aparıldığını söyləyən
ekspert bildirib ki, 74 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı 39 faizdir. Ötən il bu rəqəm 33,5faiz olub.
67 yerli icra qurumları üzrə orta
informasiya açıqlığı 14 faizdir. Bu göstərici
ötən il 13,5 faiz
təşkil edib. Yalnız icra orqanları üzrə orta
informasiya açıqlığı 12 faizdir (ötən il 7 faiz). Mərkəzi icra
orqanları arasında ən yuxarı 10 yer
üzrə orta informasiya
açıqlığı 65 faiz (ötənl
59 faiz), ən aşağı 10 yer üzrə informasiya
açıqlığı səviyyəsi isə 16 faiz (ötən il 12 faiz) olub.
İnformasiya açıqlığı üzrə
mərkəzi icra orqanları arasında reytinq cədvəlində ilk
onluqda Vergilər Nazirliyi
(74 faiz), Dövlət Sosial
Müdafiə Fondu (67 faiz),
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (65,5 faiz), Baş Prokurorluq (64 faiz), Daxili İşlər
Nazirliyi (63,5 faiz),
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi (63 faiz), Mərkəzi
Bank (62,5 faiz),
Ədliyyə Nazirliyi (59 faiz)
və Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar Dövlət Agentiliyi qərarlaşıb. Son onluqda
isə Əsir və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla
Əlaqədar Dövlət Komissiyası, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik
Nazirliyi, Dövlət Sığorta Kommersiya Şirkəti, “Azərenerji” ASC, Nazirlər
Kabineti, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti
və Milli Teleradio
Şurası yer alıb.
Şəhər
və rayon icra
orqanlarının informasiya
açıqlığı üzrə ilk
üçlüyə Binəqədi Rayon
İcra Hakimiyyəti (22,5 faiz),
Şirvan Şəhər İcra
Hakimiyyəti (22,2 faiz), Sabunçu
Rayon İcra Hakimiyyəti
(21,7 faiz), son
üçlükdə isə Xızı Rayon
İcra Hakimiyyəti (5,5 faiz),
Qusar Rayon İcra Hakimiyyəti (6 faiz)
və Şuşa
Rayon İcra Hakimiyyəti
(6,5 faiz) qərarlaşıb.
İnformasiya
ombudsmanının
olmaması problem yaradıb
Osman Gündüz qeyd
edib ki, mərkəzi icra orqanları arasında informasiya
açıqlığının səviyyəsinin 39 faiz olmasının günahı informasiya ombudsmanı səlahiyyətlərinin
yerinə yetirilməməsi ilə bağlıdır: “İki ildir ki, yaradılması barədə qərar verilmiş bu qurum fəaliyyət göstərmir. Əslində informasiya açıqlığı ilə
bağlı məsələlərlə bu
qurum məşğul olmalıdır”.
Ekspert onu da
vurğulayıb ki, Multimedia
Mərkəzinin Elektron Xidmətlərin Təşviqi
üzrə İctimai Şura
ilə birgə hazırladığı kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən
xidmətlərin siyahısı da
hazırlanıb. 120 xidmətin daxil olduğu siyahıda 83 xidmət də yer alıb
ki, bu xidmətlər yenidir və hökumət tərəfindən
təsdiq olunmuş xidmətlər
siyahısında yoxdur. Bu
vacib xidmətlərin indiyədək cəmi
18-i Elektron Hökumət Portalına yerləşdirilib.
Bu siyahı Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
Dövlət Agentliyinə təqdim olunacaq.
Osman Gündüz deyib
ki, bir sıra dövlət
qurumlarında hələ də “İnformasiya
əldə edilməsi haqqında” qanunun tələblərinə
müvafiq olaraq informasiya infrastrukturu
formalaşmayıb. İctimai informasiya subyektlərinin informasiya
xidmətlərinin fəaliyyəti qənaətbəxş deyil. Xidmət sektoru ilə İKT sektorunun qarşılıqlı əlaqələri
yetərincə tənzimlənməyib. İmkanları və
resursları zəif olan qurumlarda
rəsmi saytlardan vətəndaşlarla interaktiv əlaqənin qurulmasında, elektron formada ən adi xidmətlərin göstərilməsində
istifadə olunmur, sosial
şəbəkələrə inteqrasiyalar
yoxdur. Dövlət qurumlarına metodiki-informasiya dəstəyi yetərli deyil.
Ekspert hesab edir ki, dövlət orqanlarının Əsasnamələrinə
vətəndaşların informasiya təminatına
cavab verən struktur
bölmələr (vəzifəli şəxslər) və
onların fəaliyyət istiqamətləri haqqında
müddəalar daxil edilməli, informasiya açıqlığı üzərində
dövlət nəzarətini
həyata keçirmək məqsədilə yaradılan yeni xidmətin fəaliyyəti canlandırılmalıdır.
Dövlət qurumlarının, resursları yetərli olmayan qurumlara, xüsusilə
yerli icra orqanlarına
informasiya
açıqlığının təmin edilməsi sahəsində
köməklik göstərilməlidir. Dövlət
qurumlarında qanunvericilikdə nəzərdə tutulduğu qaydada informasiya infrastrukturunun
formalaşdırılması başa
çatdırılmalı və mövcud
müvafiq strukturların fəaliyyəti
təkmilləşdirilməlidir. Dövlət orqanlarında informasiya istehsalı prosesinin
çevik və effektiv
mexanizmləri hazırlanmalıdır. Onun
sözlərinə görə, dövlət qurumunun
büdcəsində informasiya istehsalı
və açıqlanması ilə bağlı xərclər
ayrıca qeyd olunmalıdır.
Qanunvericilikdə nəzərdə tutulduğu
qaydada yalnız keyfiyyətli (aktual, yeni, dolğun,
əhatəli, dəqiq) informasiyaların saytda
yerləşdirilməsinə diqqət yetirilməlidir: “Bundan başqa, sosial əhəmiyyətli və kütləvi
xidmətlərin interaktiv olaraq
elektron formaya
keçirilməsinə diqqət artırılmalıdır. Sosial şəbəkələrə inteqrasiyalar hazırlanmalıdır. Portala inteqrasiya başa çatdırılmalıdır.
Dövlət qurumlarında elektron informasiya istehsalı ilə bağlı, elektron xidmətlərlə, ictimai
informasiyalarla bağlı treninqlər təşkil
olunmalıdır. Elektron xidmətlərin
keyfiyyət göstəriciləri hazırlanmalı və müvafiq dövlət və ictimai
nəzarət sistemi qurulmalıdır”.
Osman Gündüz həm
“İnformasiya əldə etmək
haqqında” qanunla bağlı, həm də
elektron xidmətlərdən istifadənin
gerçəkləşməsi istiqamətində vətəndaşlar
arasında maarifçilik işinin
aparılmasının vacibliyini də qeyd edib. Onun
sözlərinə görə, əldə olunması məhdudlaşdırılan
informasiyaların məhdudlaşdırılmasının əsasları
(siyahı) haqqında normativ sənəd
Layihəsi hazırlanmalı və hökumətə təqdim
olunmalıdır. Həmçinin dövlət
qurumlarının rəsmi saytlarının təhlükəsizliyi
gücləndirilməli, vətəndaşların bu resurslardan
dayanıqlı olaraq istifadəsi təmin
edilməli, rəsmi saytların sosial
servislərə inteqrasiyası gücləndirilməlidir.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 5 mart.-
S.6.