Ünvanların elektronlaşdırılması sürətləndirilib 

 

Qulu Xəlilov: «Dövlət orqanlarının yeni ünvan məlumatları

Ünvan Reyestrinin İnformasiya Sistemi inteqrasiya edilir»

 

Son illər Bakıda və ətraf ərazilərdə tikinti-quraşdırma işlərinin sürətlənməsi nəicəsində yeni yaşayış və ictimai-məişət obyektlər inşa olunaraq istifadəyə verilir. Bir çox məkanlarda sənədləşdirilməmiş evlərin tikilməsi də kimsəyə sirr deyil. Bu baxımdan da Bakıda və ətraf ərazilərdə bəzi obyektlərin ünvanlarının və nömrələrinin olmaması çox ciddi problemlər yaratmaqdadır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) poçt sektorunun müdiri Novruz Məmmədov «Həftə içi»nə açıqlamasında bildirir ki, sözügedən problem daha çox poçt şöbələrinin fəaliyyətinə mənfi təsirini göstərir. Onun dediyinə görə, ünvanların və poçt indekslərinin bəlli olmaması ucbatından poçt işçiləri məktubları, paketləri, bağlamaları və digər poçt ödənişlərini lazımi ünvanlara çatdırmaqda çətinlik çəkirlər. Üstəlik, ünvanın axtarılıb tapılması xeyli vaxt itkisinə səbəb olur. Ona görə də bu problemin həlli üçün «Azərpoçt» MMC yeni elektron məlumat bazasını formalaşdıraraq cəmiyyətin istifadəsinə təqdim edib. «Azərpoçt»un «www.azerpost.az» rəsmi internet səhifəsində yerləşdirilmiş «İndeks və ünvanların axtarışı» adlanan bazanın yaradılmasında əsas məqsəd poçt məktubların göndərişində ünvanların və indekslərin düzgün yazılmasını təmin etməkdir: «Çünki əvvəllər bir çox hallarda vətəndaşlar indeksləri səhv yazırdı və bunun nəticəsində də məktublar təyinatı üzrə deyil, başqa yerlərə gedirdi. Bəzən indeks səhv yazılırdı və indeksə görə ünvan dəyişik düşürdü. Beləliklə də məktub 2 gün ərzində ünvanına yetişməli olduğu halda həftələrlə yubanırdı. Bu gün Azərbaycanda dövriyyədə olan məktubların 80-85 faizi hüquqi şəxslər tərəfindən göndərilir. Hüquqi şəxslər də ünvanlar, indekslərlə bağlı dəqiqləşmələr aparmaqda çətinlik çəkirdilər. Doğrudur, müəyyən vaxt itkisi ilə, sorğu-suallarla indeksləri öyrənə bilirdilər. Lakin bəzən bu indekslər də səhv olurdu. Yəni dolayısı ilə yeni yaradılan sistem hər bir insana imkan verir ki, Azərbaycan Respublikası ərazisində hazırda fəaliyyət göstərən poçt filialları üzrə onun yerləşdiyi ünvanlar, onun tabeliyindəki poçt şöbələri, poçt şöbələrinin düzgün indeksləri üzrə zəruri məlumatları əldə edə bilsin və məktubları göndərməmişdən qabaq bu sistemdən dəqiq məlumatlardan istifadə etməklə zərflərin üstünü düzgün doldursun. Zərflər düzgün doldurulduqda da məktublar ünvanı üzrə dəqiq gedir və vaxtında da yetişir».

 

Elektron xəritədə axtarılan

ünvan avtomatik olaraq göstərilir

 

Sözügedən məlumat axtarış sisteminin çox sadə olduğunu önə çəkən nazirlik rəsmisi deyir ki, sözügedən baza «Azərpoçt»un saytında «elektron xidmətlər» bölməsinin aşağısında yerləşdirilib. Bazaya daxil olduqdan sonra Azərbaycanın elektron xəritəsi açılır. Novruz Məmmədovun sözlərinə görə, xəritədə şəhər və küçə üzrə axtarış etmək mümkündür. Yəni əgər göndərdiyiniz ünvanın, küçənin adını bilirsinizsə, bu zaman onu qeyd etməklə indeksi əldə etmək mümkündür.

Yeri gəlmişkən, küçənin adını bilmədiyiniz zaman da belə, indeksi tapmaq olar. Yəni bu bazadakı elektron xəritəni yaxınlaşdırmaqda, küçənin üstünə gəlməklə onun adını öyrənmək mümkündür. Beləliklə, şəhərin adını, küçəni qeyd etdikdən sonra, avtomatik olaraq ünvanlar açılır və «siçan»ı bu ünvan nömrələrinin üzərinə vurmaqla indeksi öyrənmək olur. Eyni zamanda elektron xəritədə avtomatik olaraq axtarılan ünvan göstərilir. Burada əsas məqsəd odur ki, bizim poçt xidmətindən istifadə edən istər hüquqi şəxslər, istərsə də fiziki şəxslər zərfləri göndərişə hazırlayarkən bu məlumatlardan istifadə edərək düzgün ünvanindeksi göstərə bilsinlər.

 

Cəmiyyət maariflənməlidir

 

Sözügedən baza haqqında cəmiyyətin məlumatlandırılmasının vacib olduğunu vurğulayan Novruz Məmmədov onu da əlavə edib ki, «Azərpoçt» bu məlumatı vətəndaşlara tam ödənişsiz formada təqdim edir. Onun dediyinə görə, «Bu xidmət insanlarımızın birbaşa rahatlığına, eyni zamanda poçt işçilərinin rahatlığına xidmət edir: «Yəni istifadəçilər vaxt itirmədən, ora-bura getmədən mənzillərində, öz kabinetlərində əyləşərək indeksi öyrənə bilərlər, həm də vətəndaşlar əvvəlki kimi poçt işçilərinin vaxtını almadan, onlara əlavə sual vermədən istədiyi məlumatı əldə edə bilirlər. Əslində poçt işçisinin birbaşa vəzifəsi deyil ki, hər kəsə göndərdiyi məktub üçün indeksi öyrənib söyləsin. Amma ümumi işin xətrinə müraciət daxil olanda onları izah edirdi. Lakin belə olanda da poçt işçisi əlavə vaxt itirirdi. Amma bu cür baza istifadəyə verildikdən sonra daha istifadəçilərin poçta gəlib indeks öyrənməsinə ehtiyac qalmır. İndi poçt işçisinə şübhəli olan indeksləri də bu bazadan dəqiqləşdirə bilir».

 

1235-ə yaxın küçə və prospektə ünvan təyin edilib

 

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ictimayyətlə əlaqələr sektorunun müdiri Qulu Xəlilov isə bildirir ki, ölkə prezidenti İlham Əliyevin «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nda dəyişikliklər edilməsi barədə» 10 fevral 2012-ci il tarixli, 590 nömrəli fərmanının icrası məqsədilə ötən ilin yanvarın 1-dən etibarən ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri həyata keçirilir. Onun sözlərinə görə, yeni qaydalara əsasən ünvanların verilməsi işlərinə başlanılması üçün Cənubi Koreyanın «SK C&C» Co LTD şirkəti tərəfindən Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sistemi (ÜRİS) yaradılıb. Bu sistem ölkə üzrə ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyini təmin edən vahid məlumat bazasına malik olacaq. Sistem həm də milli məkan məlumatları ilə, yəni daşınmaz əmlakların coğrafi məlumatları və dəqiq koordinatları ilə bağlanmaqla fəaliyyət göstərəcək».

Komitə rəsmisi qeyd edir ki, ötən ilin aprel ayından Bakı şəhərində mövcud olan küçə, prospekt, xiyaban, meydan və digər nəqliyyat infrastrukturu obyektləri üzrə yeni qaydalar əsasında verilmiş ünvanlara uyğun olaraq hazırlanmış ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılıb. 2013-cü ildə Bakı şəhəri üzrə 1235-ə yaxın küçə və prospektə ünvan təyin edilib, 70-ə yaxın küçə və prospektin daxili ünvanları müəyyənləşdirilib. Bakı şəhərinin 405-dən çox küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları komitə ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında qarşılıqlı əməkdaşlıq

çərçivəsində müəyyənləşdirilib və təsdiq edilib: «Bakı şəhərində mövcud küçə və prospektlər üzrə yeni qaydalar əsasında hazırlanmış ünvan lövhələrinin quraşdırılması işləri mərhələlərlə başa çatdıqdan sonra mütəmadi olaraq vətəndaşlara, dövlət təşkilatlarına, hüquqi şəxslərə, həmin ərazidə yaşayan sakinlərə yeni ünvanları barədə ƏMDK tərəfindən müvafiq qaydada ətraflı məlumatlar veriləcək».

 

Komitə aidiyyəti qurumlara müraciət edib

 

Qulu Xəlilov bildirir ki, bu ilin fevralın 25-də ƏMDK dövlət orqanlarına, təşkilatlara, bələdiyyələrə və hüquqi şəxslərə müraciət ünvanlayıb. Həmin müraciətdə qeyd olunub ki, 2014-cü il mart ayının 1-dən etibarən, «Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə” dövlət başçısının 2013-cü il 1 noyabr tarixli, 18 nömrəli fərmanının icrası məqsədiilə ƏMDK tərəfindən hazırlanmış ÜRİS-in ilkin mərhələdə Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov vəNizami rayonları üzrə tətbiqinə başlanılır: «Ona görə də müraciət ünvanlanan şəxslərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabinetinin «Ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsinin təsdiq edilməsi barədə» 24 dekabr 2012-ci il tarixli, 318 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə dövlət orqanlarının malik olduqları informasiya sistemləri ÜRİS ilə inteqrasiya edilməlidir. Qeyd olunanaları nəzərə alaraq, digər dövlət orqanları yeni ünvan məlumatlarını öz informasiya sistemlərini ÜRİS-ə inteqrasiya etməklə əldə edə bilərlər».

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 6 mart.- S.7.