Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması 

 

Əməkhaqqı artımı yüksək təhsil uğrunda rəqabətdə qazanılan nailiyyətlərdən keçir

 

Hər dəfə yeni dərs ili ərəfəsində orta məktəblərdə çalışan müəllimlər daha gərgin və qayğılı olur. Səbəb çox sadə olduğu qədər də ciddi və əhəmiyyətlidir: dərs ilinin əvvəli müəllimlər üçün həm də maliyyə ilinin başlanğıcıdır.

Müəllimin il ərzində nə qədər maaş alacağı dərs ilinin ilk ayında təqdiq olunan dərs yükünün bölgüsündən asılıdır. Görünür, elə bu səbəbdən hər dəfə dərs ilinin başlanğıcında qocalı-cavanlı əksər müəllimləri bir sual daha çox düşündürür: bu il dərs saatı nə qədər olacaq?

Bu sualın cavabı Azərbaycan müəlliminin orta məktəbdə dərs deməsi müqabilində alacağı əməkhaqqının məbləğini hesablamaq üçün olduqca vacibdir. Çünki mövcud qanunvericiliyə görə, müəllimlərin il ərzində nə qədər maaş alacağı onun həftəlik dərs yükündən aslıdır. Həm də hazırkı vəziyyətdə təhsil işçiləri Azərbaycanda ən aşağı maaş alan təbəqdir. Baxmayaraq ki, yeni qəbul edilmiş “Təhsil haqqında” qanuna əsasən, müəllimlərə diferensial əməkhaqqı da hesablanmalıdır. Bu, müəllimlərin həvəsləndirilməsi üçün büdcədənkənar vəsaitlər hesabına maliyyələşməni nəzərdə tutur. Amma “Təhsil haqqında” qanunun 2009-cu ildən tətbiq olunmasına baxmayaraq, hələ ki, bu növ əməkhaqqı Azərbaycanın təhsil sistemində reallaşmayıb.

Yeri gəlmişkən, 1992-ci ildə qəbul edilmiş qanunda belə bir şərt vardı ki, pedaqoji işçilərin orta aylıq maaşı ölkə üzrə orta aylıq əməkhaqqından aşağı ola bilməz. Həmin maddə 5 il əvvəl qüvvəyə minmiş yeni qanunda 0 da əksini tapıb. Üstəlik Nazirlər Kabinetinin 2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılıb. Prezident İlham Əliyev 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da müəllimlərin maddi rifahının yaxşılaşdırlması üçün yeni hədəflər müəyyən edilib. Nəzərə alsaq ki, müəllimlərin maddi təminatının yaxşılaşdırılması həm də təhsilin keyfiyyətinin yüksəldilməsi üçün vacib amillərdəndir, onda bu hədəflərə necə nail olunacağı aidiyyəti dövlət qurumlarını ilə yanaşı çəmiyyəti də cüddi düşündürür.

 

Strateji hədəflər bəllidir

 

Bəs, Azərbaycanda ən az əməkhaqqı alan müəllimləri ölkənin heç olmasa, ortabab təbəqəsinə necə çevirməli? Necə etməli ki, müəllimlər həm yüksək məvaciblə təmin olunsun, həm də onların cəmiyyətdəki əvvəlki nüfuzu bərpa edilsin?

Bəri başdan deyək ki, Azərbaycanda təhsil müəssisələrində çalışan işçilərin maaşı sonuncu dəfə 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Hazırda Azərbaycan müəllimi il ərzində orta hesabla 2500-3000 manat arası maaş alır. Bu isə əksər ölkələrlə müqayisədə xeyli azdır. Məsələn, Avropanın ən kiçik ölkələrindən olan Lüksemburqda müəllimlər stajından asılı olaraq ildə 50-98 min avro, Belçikada 30- 50 min avro, Almaniyada 35-58 min avro qazanır. Azərbaycana qonşu olan qardaş Türkiyədə isə bu göstərici 12-18 min avro, Rusiyada 7-25 min dollardır. Maraqlıdır ki, MDB ölkələri arasında iqtisadi imkanlarına görə bir-birinə yaxın olan Belarus, Qazaxıstan, Özbəkistan, Gürcüstan kimi respublikalarda da təhsil işçilərinin orta illik məvacibləri Azərbaycandakından əhəmiyyətli dərəcədə yüksəkdir.

Azərbaycan müəllimlərinin həm qonşu respublikalar, həm də Avropa ölkələri ilə müqayisədə aşağı məvacib alması əməkhaqqı verilməsi hökumət strukturlarını da qayğılandırır. Elə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflərdən biri də müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması istiqamətində addımların atılmasıdır. Sənəddə qeyd edilib ki, əsas məsələlərdən biri təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılmasıdır. Strategiyada həmçinin müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının adambaşına düşən Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması hədəflənib.

 

Maddi motivasiya: nəzəriyyədən təcrübəyə

 

Nəzərə alsaq ki, motivasiya insan münasibətlərinə istiqamət verən ən önəmli faktorlardan biridir, onda müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması həm də təhsilin keyfiyyətinin yüksəldilməsini stimullaşdırar. Çünki istənilən sahədə hər hansı fəaliyyət insanın istəkli olması, işi mənimsəməsi və yetərincə səy göstərməsindən asılıdır. Bu istəyi yaradan insanın motivasiya səviyyəsidir. Elmi idarəetmə məktəbinin banisi Frederik Teylorun nəzəriyyəsinə görə iqtisadi üsullarla və həvəsləndirmə yolu ilə istənilən sahədə məhsuldarlığı artırmaq menecerliyin əsas şərtidir. Fərdi işçiyə yönəlmiş maddi həvəsləndirmə bu sistemin əsasını təşkil edir. Teylorun fikrincə, idarəetmədə əsas qrup yox, insandır. O, insanı tapşırıqları icraedən amil kimi təsəvvür edir və əməyin sərt bölünməsinin tərəfdarıdır.

Bu nəzəriyyənin Azərbaycan şəraitində tətbiq etməyin yolları isə müxtəlifdir. Buraya müəllimlərə dövlət qulluqusu statusunun verilməsindən tutmuş fərdi keyfiyyət göstəriçilərinə əsaslanan mükafatlandırma sisteminin tətbiqinədək bir neçə mühüm istiqamət daxildir. Məsələn, ekspertlərin fikrincə, müəllimlərin maddi motivasiyasını yaxşılaşdırmağın bir yolu da hazırda tətbiq olunanİlin müəllimi” müsabiqəsinin təşkilinin təkmilləşdirilməsindən ibarətdir. Mütəxəssislər hesab edirlər ki, bu müsabiqənin təşkili prosesində şəffaflığın artırılması yolu ilə müəllimlərin həmin müsabiqəyə marağını artırmaq olar. Bu isə nəticə etibarilə həm müəllimlərin həm öz peşəsinə, təhsildə yeni texnologiyaları və qabaqcıl təcrübəyə daha ciddi yanaşmasına, həm də özünün maddi təminatını yaxşılaşmasına şərait yarada bilər.

Təhsil sahəsində bir neçə səs-küylü tədqiqatların müəllifi, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş hədəfləri müsbət dəyərləndirir. O, müəllimlərin illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiyalaşdırmaqla 1,8-2 dəfəyədək artırılmasını da mümkün sayır. İqtisadçı ekspertin sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrdə müəllimlərin orta aylıq maaşı 3000-4000 dollar arasında dəyişir. Şərqi Avropa ölkələrində isə bu göstərici 1500-2000 dollardır: “Avropa ölkələrində adambaşına ÜDM orta hesabla 30-40 min dollar, müəllimlərin isə orta aylıq maaşı 3000, orta illik 35-40 min dollar arasındadır. Yəni həmin ölkələrdə faktiki olaraq adambaşına düşən ÜDM-lə müəllimin illik əməkhaqqısı bərabər, yəni 100 faizi qədər olur. Azərbaycanda isə ÜDM-in adambaşına düşən həcmi təxminən 7 min, aylıq əməkhaqqı maksimum 250 dollardır. Bu isə illik təxminən 3000 dollar edir. Deməli, əgər inkişaf etmiş ölkələrdə müəllimin əməkhaqqısı adambaşına düşən ÜDM-in həcmi qədərdirsə, bizdə ÜDM-in 50 faizindən də aşağıdır. Hökumət bu nisbəti inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz üzərinə öhdəlik götürüb. Bu, dolayısı ilə müəllimlərin maaşının artırılması deməkdir. Sadəcə, bu göstərici nisbəti hədəf göstəricisidir, hökumət üzərinə hədəf qoyub ki, ÜDM artdıqca müəllimlərin maaşı da ona uyğun artacaq”.

 

Beynəlxalq təcrübə nə deyir?

 

İnkişaf etmiş ölkələrdə müəllimlərin necə motivasiya olunmasına gəlincə, Rövşən Ağayev deyir ki, bu motivasiyalar müxtəlif ola bilər. Onun sözlərinə görə, beynəlxalq təcrübədə təhsil işçilərinin maddi motivasiyasının yaxşılaşdırılması üçün bir neçə üsul daha geniş yayılıb. Belə ki, bir çox ölkələrdə müəllimlərin minimum əməkhaqqısı ölkə üzrə qitisadiyyatın əməkhaqqısından ayrı götürülür. Bu halda müəllimlər üçün minimum əməkhaqqı sistemi iqtisadiyyat üzrə əməkhaqqının minimum səviyyəsindən yüksək olur. Başqa sözlə, həmin ölkələrdə müəllimlərin maaşı birinci dərəcəli götürür: “Azərbaycanda isə birinci dərəcəli müəllimin maaşı iqtisadiyyat üzrə minimum əməkhaqqı ilə eyni səviyyədədir. Halbuki bir çox ölkələrdə müəllimlər üçün daha yüksək əməkhaqqı hesablanır”.

Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması üçün növbəti addım əməkhaqqının nəticəyə görə hesablanmasıdır. Yəni müəllimin maaşı onun əməyinin keyfiyyətinə uyğun şəkildə müəyyənləşdirilir. Tutaq ki, 30 il riyaziyyat müəllimi kimi çalışan iki nəfəri götürək. Hər ikisi ali təhsilli müəllimdir, onların təhsil göstəriciləri də eynidir. Ancaq birinin dərs dediyi sinfdən hər il bir necə şagird ali məktəbə daxi olur, digərində isə heç biri tələbə qadını qazana bilmir. Yaxud, bir müəllimin dərs dediyi şagirdlər müntəzəm olaraq beynəlxalq və ölkədaxili fənn olimpiadalarında yüksək nəticələr göstərir, digərininki isə uğur qazanmır. Beynəlxalq təcrübəyə əsasən, bu halda şagirdləri həm fənn olimpiadalarında, həm də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən müəllimə daha yüksək maaş verilir.

 

Bərabər imkanlarla rəqabət meydanına

 

Əməyin nəticəsinə görə qiymətləndirmə sistemini həm də ədalət prinsiplərinin qorunması kimi dəyərləndirən Rövşən Ağayev deyir ki, hazırda Azərbaycanda müəllimlərə tətbiq olunan əməkhaqqının məbləği staja, diplomun aliya orta ixtisas dərəcəsinə görə eynidir: Halbuki əməyin nəticəsinə görə müəllimlərin fərqləndirilməməsi həm ədalətsizlik, həm də nəticə etibarilə təhsil işçisinin öz işinə, peşəsinə marağını stimullaşdırmır. İnkişaf etmiş ölkələrdə isə yüksək səviyyəli təhsil həm də müəllimlərin maaşının onların əməyinin nəticəsinə görə müəyyən edilməsinin nəticəsidir”.

Başqa bir yol da əməyinin nəticəsi yüksək olan müəllimlər üçün mükafatların təsis olunmasıdır. Söhbət hazırda Azərbaycanda tətbiq olunanİlin müəllimi” müsabiqəsində verilən birdəfəlik mükafatlardan deyil, daimi mükafatlardan gedir. Belə ki, müəllimlər hər hansı müsabiqədə iştirak etmədən onun əməyinin nəticəsi qiymətləndirilir və il ərzində ya onun əməkhaqqısına hansısa əmsallar tətbiq olunur, yaxud da mükafat şəklində əlavə maaş verilir.

Nəhayət, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi də təhsil işçilərinin maddi motivasiyasının yaxşılaşdırılmasına zəmin yarada bilər. Xatırladaq ki, ölkə başçısı hələ 2011-ci il aprelin 20-də “Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə” sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Ancaq hələ ki, sözügedən konsepsiyanın hazırlanması tam başa çatdırılmayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunmasından sonra bu məsələ yenidən aktuallaşıb və hazırda aidiyyəti qurumlar sözügedən sənəd üzərində işləyir. Təhsil Nazirliyindən verilən məlumata görə, üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan hədəflərə nail olmaq üçün müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi də nəzərdə tutulub.

 

Elxan Salahov

 

P.S. Yazı Təhsil Nazirliyi ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Həftə içi.- 2014.- 7 mart.- S.5.