Onlayn ensiklopediya təkmilləşdiriləcək 

 

Müşfiq Əmirov: «Vikipediya»nın Azərbaycan bölməsinin

inkişafına hər kəs öz köməyini göstərməlidir»

 

Martın 10-da Bakıda keçirilən Azərbaycan vikipediyaçılarının «Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər» mövzusunda I Milli Forumunda Azərbaycan «Vikipediya»sının mövcud vəziyyəti, problemləri və onların həlli yolları müzakirə edilib. Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib ki, bu gün Azərbaycanda tələbələr arasında onlayn ensiklopediyadan istifadənin genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var. Onun sözlərinə görə, Azərbaycanda «Vikipediya» hərəkatı bir qədər gec başlayıb: «Amma ölkəmiz «Vikipediya»ya qoşulduğu ilk vaxtlarda müsəlman ölkələri arasında 5-ci yerdə idi. Lakin bu proses getdikcə zəiflədi».

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, «Vikipediya» hazırda məlumat mənbəyi olmaqla yanaşı, həm də siyasi mübarizə müstəvisidir. Onun sözlərinə görə, «Vikipediya»da bir gün ərzində Azərbaycan dilində orta hesabla 20 məqalə hazırlanır ki, bu da 1 ilə min məqalə deməkdir: «Vikipediyaya elm və təhsil müəssisələri qoşulmalı, universitetlərdə onlayn ensiklopediyanın qrupları yaradılmalıdır. Mətbuatda «Vikipediya» ilə bağlı məlumatlara yer ayrılmalıdır».

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) sektor müdiri İradə Ələkbərova isə deyib ki, hazırda Azərbaycanda «Vikipediya»da 70 min insan qeydiyyatdan keçib. Amma məqalələrin sayının artırılması vacibdir: «Bunun üçün viki-cəmiyyəti fəallaşdırmaq, alimlər və tələbələrin birlikdə fəaliyyətini təmin etmək üçün şərait yaradılmalıdır. Bu mövzuda seminar, simpozium və konfransların keçirilməsi vacibdir».

İTİ-nin sektor müdiri Rasim Mahmudov Azərbaycanda «Vikipediya» fəaliyyətinin zəif olduğunu qeyd edərək gəncləri bu işdə fəal iştirak etməyə dəvət edib: «Vikipediya»da məqalələrin sayı artırmalı, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz töhfələrimizi verməliyik».

 

Onlayn məqalələrdə səhvlər çoxdur

 

Adıçəkilən forumda müzakirə edilən məsələlər barədə fikirlərini «Həftə içi» ilə bölüşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyir ki, bu gün internet məkanında Azərbaycan dilində çoxlu sayda informasiya və xəbər saytları, forumlar, bloqlar fəaliyyət göstərir. Sosial şəbəkələrdə azərbaycanlılar, xüsusilə gənclər kifayət qədər fəal görünür. Bununla belə internet təkcə xəbər saytlarından, forumbloqlardan ibarət deyil. İnternetin həm də bir maarifləndirmək funksiyası var: «Hazırda 285 dildə fəaliyyət göstərən «Vikipediya» saytlarının da məqsədi məhz bu funksiyanı yerinə yetirməkdən ibarətdir. Ona görə də 2004-cü ilin yanvar ayından «az.wikipedia.org» ünvanında Azərbaycan dilində «Vikipediya» - Azərbaycanın açıq onlayn ensiklopediyası fəaliyyətə başlayıb. Orada məqalələr sırf ensiklopedik xarakter daşıyır və heç bir halda onlarda reklama, təbliğata yol verilmir. Azərbaycan dilində olan «Vikipediya» azərbaycandilli internetdə ən böyük onlayn ensiklopediyadır. Azərbaycan «Vikipediya»sındakı məqalələrin sayı dayanmadan artır: «Amma bununla belə sözügedən saytda çoxlu qrammatiksintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də istifadəçilər yalnız birlikdə həll edə bilər. Bu inkişafı daha da sürətləndirmək, alınan nəticələri daha qənaətbəxş etmək mümkündür».

Onun dediyinə görə, «Vikipediya»nın Azərbaycan bölməsində 70 mindən çox istifadəçi qeydiyyatdan keçib. Amma qeydiyyatdan keçən və fəaliyyət göstərən istifadəçilər arasındakı fərq çox böyükdür. Söhbət ondan gedir ki, həmin saytda fəal olan Azərbaycan istifadəçilərinin sayı bir neçə yüz nəfərə çatır.

 

Tərcümələrə xüsusi diqqət yetirilməlidir

 

Nazirlik rəsmisi vurğulayır ki, Azərbaycan dilinin qorunması və onun inkişafında «Vikipediya»nın rolu artıq ənənə halını alıb. Son dövrlərdə ölkəmizdə müxtəlif mövzular üzrə Kütləvi İnformasiya Vasitələrinin Azərbaycanca «Vikipediya»ya tez-tez müraciət etməsi buna əyani nümunədir. Müşfiq Əmirovun sözlərinə görə, dünya dillərindən hər hansı bir sahəyə, istər klassik, istərsə də müasir mövzuların tərcüməçilər tərəfindən tərcümə edilərək, azərbaycanca «Vikipediya» bölməsinə daxil edilməsi uğurla yerinə yetirilir. Amma onun fikrincə, bu tərcümələr zamanı dilimizin inkişafına xüsusi diqqət yetirilməlidir: “Tərcümə zamanı sözlərin qrammatikorfoqrafik cəhətdən düzgün olması, yeni sözlərin əmələ gəlməsi və istifadə edilməsi əsas şərtlərdən biridir. Çünki təhsil sistemində çalışanlar - şagirdlər, tələbələr, müəllimlər, istərsə də elmi işçilər hər hansı axtarış zamanı ilk növbədə digər dillərdə deyil, məhz Azərbaycan dilində axtarışlara başlayır. Axtarış zamanı isə Azərbaycanca «Vikipediya» bölməsinə yönləndirmə birinci sırada durur. Müraciət zamanı dolğun, obyektiv məlumatların əldə edilməsi üçün könüllülərin yaratdığı məqalələrin keyfiyyət və həcm göstəricilərinin yüksək olması əsas şərtlərdən biridir. «Vikipediya» layihələrində hər bir dildən istifadə edənlərin sayına uyğun şəkildə məqalələrin sayı dayanmadan artır. Bu səbəbdən də təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, dünya azərbaycanlılarının birləşdiyi bir məkanın - «Vikipediya» bölməsinin inkişafına hər kəs öz köməkliyini göstərməlidir».

 

Ermənilər məqalələrimizi də nəzarətdə saxlayır

 

Müşfiq Əmirov onu da deyir ki, hər bir Azərbaycan vətəndaşı üçün milli azad ensiklopediya hesab edilən azərbaycanca «Vikipediya» bu gün «Azərbaycan», «Coğrafiya», «Tarix», «Fəlsəfə», «Ədəbiyyat», «Memarlıq», «Tibb», «Kino», «Rəssamlıq» və digər portallarda cəmlənmiş məqalələrlə öz neytrallığı, düzgünlüyü, keyfiyyətliliyi, prinsipiallığı və ciddiliyi ilə artıq güclü nüfuza malikdir. Amma azərbaycanca «Vikipediya»da həll edilməli kifayət qədər problemlər var. Onun sözlərinə görə, «Vikipediya» barədə məlumatın az olması üzündən qeydiyyatdan keçmiş istifadəçilərin bir hissəsi «Viki» texnologiya ilə işləməyi bacarmır, redaktə qaydaları haqqında heç bir anlayışı yoxdur: “Bu cür istifadəçilər qeydiyyatdan keçdikdən sonra qeyri-aktiv olurlar. İstifadəçilərin bir hissəsi isə «Viki» texnologiya ilə işləməyi bacarır, ancaq «Vikipediya»nın qayda-qanunları ilə razılaşmır. Ukrayna, rus, ingilis, fransız, alman dillərində olanVikipediya” bölmələrində azərbaycanlı istifadəçilərin fəaliyyətinin zəif olması üzündən erməni və ermənipərəst istifadəçilər Azərbaycana aid bütün məqalələri nəzarət altında saxlayır, qərəzli və saxta məlumatların saxlanmasına və dezinformasiyanın təbliğinə nail olurlar».

Nazirlik rəsmisi bildirir ki, əvvəlki illərdə AMEA İTİ virtual məkanda vəziyyət və viki-texnologiyanın informasiya axtarışında rolunu analiz edərək belə bir qənaətə gəlmişdi ki, bu sahədə viki-mühit yetərincə deyil, mövcud kontentlər aşağı keyfiyyətli, bəzi hallarda isə həqiqətə uyğun deyil. Azərbaycan haqda obyektiv, operativ, dolğun informasiya, audio-materialların «Vikipediya» ensiklopediyasına daxil edilməsinin dövrün tələbi olmasına diqqət çəkən institutun mütəxəssisləri vəziyyətdən çıxış yolu ola biləcək təklifləri də irəli sürmüşdülər: «Təkliflərə görə, respublikanın dövlət qurumlarında, kitabxanalarda, universitetlərdə, elmi tədqiqat institutlarında və digər təşkilatlarda Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında müxtəlif dəyərli məlumatlar saxlanılır ki, bu kontentlərin «Vikipediya» ensiklopediyasına daxil edilməsi, bu işə isə alim, ziyalı və müxtəlif sahələr üzrə mütəxəssislərin cəlb edilməsi Azərbaycanın dünyada daha yaxından tanınmasına şərait yarada bilər”.

Beləliklə, “Azərbaycanda 2013-cü ilinİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”na “Azərbaycana dair kontentin və “Vikipediyakimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi” bəndi də daxil edildi. Vikipediyada Azərbaycan kontentinin artırılması üçün Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası ilə birgə araşdırmalar aparan keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə hazırda ölkədə “VikiHərəkat” başladı. Bu layihə çərçivəsində “Vikipediyaçının masaüstü kitabçası” çap edildi. Müşfiq Əmirov deyir ki, bu layihənin məqsədi məhz “viki-aləm”də azərbaycanlı istifadəçilərin fəallığının artırılmasıdır. Belə ki, 2004-cü ili cəmi 25 məqalə ilə başa vuran azərbaycanca “Vikipediyada 2013-cü ildə 100 mindən çox məqalə yaradılıb.

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 13 mart.- S.6.